Modern.az

Fikrət Qoca Yazıçılar Birliyinin filiallarını qınayanlara cavab verdi, Vaqif Bayatlı bu haqda danışdı

Fikrət Qoca Yazıçılar Birliyinin filiallarını qınayanlara cavab verdi, Vaqif Bayatlı bu haqda danışdı

31 İyul 2013, 14:00


Azərbaycan Yazıçılar Birliyinin (AYB) 14 bölgədə filialı fəaliyyət göstərir. Bundan əlavə Gürcüstanda, Türkiyə və Rusiyada da təmsilçiləri var. Qurumdan Modern.az-a verilən məlumata görə, İstanbul filialının rəhbəri – İrfan Çiftçi, Moskva nümayəndəliyinin rəhbəri isə – Tofiq Məliklidir. Hazırda Birlik öz filiallarının sayını artırmaq fikrindədir. Amma indinin özündə də mövcud bölmələrin fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini tənqid edənlər çoxluqdadır. Ədəbi mühit bəzi bölgələrdəki filialların heç rəhbərləri də tanımır. Filial üzvlərinin yazılarını da “mətbuatda görmüşəm” deyən tapılmır

Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca və tanınmış şair Vaqif Bayatlı Odər AYB filialları haqda səslənən iradlara öz rəylərini bildirir.

Fikrət Qoca: “Filiallar normal fəaliyyət göstərir. Qəzetlər, jurnallar buraxır, ədəbi görüşlər keçirirlər. Gördükləri işlər barədə də vaxtaşırı hesabat verirlər. On dörd filialımız var. Qurultaydan qabaq onların hamısının hesabatı dinlənəcək və qiymətləndiriləcək. Yaradıcılıq cəhətdən filialların olması çox yaxşıdır. Bir yerə cəm olub yazılan əsərləri müzakirə edirlər, yaxşı əsərləri qiymətləndirirlər. Bu seçilən yazılar sonradan populyar qəzetlərdə, jurnallarda dərc olunur”.

Vaqif Bayatlı Odər: “Bölgələrdə yaradıcılıq filiallarının olması çox yaxşıdır. Bəzən paytaxtdan da, xarici ölkələrdən də ora baş çəkirlər. Onların olması çox yaxşı bir şeydir. Hazırda o filialların necə fəaliyyət göstərməsindən xəbərsizəm. Amma inanıram ki, boş dayanmırlar. Yaradıcılıqla da təbii ki, məşğul olurlar. Çünki bölgələrdə də maraqlı şairlər var. Öz həmyaşıdlarımdan da onların içində. Bu dəqiqə konkret adlar çəkə bilməyəcək. Ola bilsin çoxu yadıma düşməz. Bölgədə yaşayan şairlər dedikdə öncə yadıma düşən böyük şair Musa Yaqubdur. Düzdür, gah Bakıda, gah da İsmayıllıda olur. Zahid Sarıtorpaq da onun kimi. O da həm bölgədə, yəni Şamaxıda və paytaxt Bakıda olur. Vaxtilə bölgədə fəaliyyət göstərən şair Mahir Mehdini də unutmaq olmaz. Bundan əlavə Qazax filialının rəhbəri Barat Vüsal və Ağdam  filialının təsisçisi, eləcə də sədri olan Ənvər Əhmədi də deyə bilərik. Quba və Sumqayıt filiallarının sədrləri də yaxşı şairlərdir. Lakin təəssüflər olsun ki, adlarını xatırlamıram”.

Elmin Nuri

P.S. Modern.az AYB-nin hər bir filialı barədə  ayrı-ayrılıqda yazı və müsahibələrini sizlərə təqdim edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır