Modern.az

Zahid Oruc olmağın gözəlliyi

Zahid Oruc olmağın gözəlliyi

12 Aprel 2010, 19:35

Milli Məclisin deputatı

Sərlövhəyə ilk reaksiyanı təxmin edirəm. Əslində mən özüm də şəxsi xarakteristika təqdimatı etmirəm. Toxunacağım mətləblər hər şeyi aydınlaşdıracaq. Doğrusu, "murdar"lara heç zaman əhəmiyyət verməmişəm. Yox, düşünməyin ki, bir siyasət adamı kimisə aşağılayır. Qətiyyən,xaraktercə  yüksək mənəvi prinsiplərlə yaşayan  bir insan üçün belə leksion arzuolunmazdır. Lakin əgər birisinin elektron adı elə belədirsə, (murdar81@..) onu başqa nə adla çağırmaq olar? İnsan təhtəlşüurunda nəyi yaşayırsa, onu qeyri- ixtiyari biruzə verir.

  Avropa Məhkəməsinin qərarı ətrafında spekulyasiyalar ediləcəyi gün kimi aydın idi. Əvvala, ölkəiçi ictimai fikirdə bu quruma etimadlı bir münasibət mövcuddur və avtomatik belə çıxırdı ki, yəqin bu instansiyada fövqaladə addım atılıb, Azərbaycan cəzalandırılıb və hər kəs də bunu müqəddəs ayə kimi nəzərə almalıdır. Son illər sıraları hədsiz tamam seyrəlmiş müxalif qüvvələrin hüquqşünas defisti özünü 2009-cu il Konstitusiya dəyişiklikləri zamanı qabarıq göstərmişdi. İndi də oxşar hadisə baş verdi. Əlbəttə,bizim yanaşmamız həmin qərarı seçkilərin nəticəsi kimi qələmə verənlərlə tam əkslik təşkil edir. Onların Avropadan MSK-lıq tələb etməsilə işimiz yox. Lakin qərarın mahiyyəti budur ki, beynəlxalq statuslu bu qurum sayır ki, vətəndaş Azərbaycan məhkəmə orqanına iddia ilə müraciət edirsə, onun baxılması konkret prosedurdan keçərək qiymətləndirilməli , araşdırma hüquqi tələblərə uyğun aparılmalıdır. Yəni, iddiaçının müraciətinın təkcə rəsmi nəticələrə istinad edilərək rədd olunması doğru sayılmır. Sadə xalq dilinə çevirsək Avropa Məhkəməsi bu qərarla hesab edir ki, şikayətçinin iddiası əsaslandırılmış qaydada rədd edilməli idi. Buradan çıxan nəticə o olub ki, bu seçki hüququnun pozulmasıdır və müvafiq Konvensiya müddəasının tələblərinə əməl olunmayıb. Diqqətli oxucu aydın görür ki, burada seçkilərin necə keçirilməsindən, onun yekunlarına münasibətdən söhbət açılmır və başqa cür də ola bilməzdi. Əgər seçkilərdən bəhs edilsəydi, hər şey üzə çıxardı və bəlli olardı ki,həyatının böyük bir hissəsini və enerjisini təmsil etdiyi bölgənin insanlarına xərcləyən Zahid Oruc üçün bu qələbə halallıqdan yoğrulub. Birincisi ona görə ki,siyasəti şər işi sayanlardan fərqli olaraq hər zaman böyük Yaradanın xeyir- duasını öz üzərimdə hiss etməyə çalışmışam. Bəlkə də elə bu səbəbdən ilahi qüvvənin müəyyənləşdirdiyi bir "yol xəritəsi" var ki, onu gedərkən qazandığım fərdi uğurlar ictimai səciyyə daşıyıb, milli məzmun kəsb edib və təkcə özümü sevindirməyib. İkincisi, 2005-ci ildə hakim partiyanın seçki namizədlərinin siyahısı elan olunarkən 15 dairə boş saxlanılıb və bunlardan 2-si də Bərdə bölgəsi idi. Bunun sadə mənası ondan ibarətdir ki, həmin seçki yarışında iqtidar partiyası bizə siyasi dəstək verir və hər hansı YAP üzvünün bu rəqabətdə bizim səslərimizi bölməsini istəmir. Deməli,Yeni Azərbaycan Partiyasının yerli resursları bütün qanuni vasitələrlə bizə dəstək vermiş oldu. Ən başlıcası, mənim təmsil etdiyim platforma Ulu Öndərin adı ilə bağlı olan siyasi kursu özündə ehtiva edirdi ki, bu amil həlledici rol oynayırdı. Hakimiyyətiçi “narazı”ların qidalandırdığı müxalifətlə müqayisədə mənim müdafiə etdiyim siyasi ideallar Azərbaycanın mənafelərini təmin etmək baxımından sınaqdan çıxmışdı və mən bütün seçki boyu bu siyasi üsluba dayanaraq insanları ölkəmizin sabit gələcəyinə, sosial-iqtisadi inkişafına səs verməyə çağırırdım. Mənim liderimin İlham Əliyev kimi bir siyasət adamı olması müqabilində özünü mənə rəqib kimi aparanların vahid siyasi xətti, komandaları və liderləri mövcud deyildi. Müxalifətin seçki nəticələri onların ideyalarına deyil, yalnız ayrı-ayrı təmsilçilərinin fərdi keyfiyyətlərinə görə müəyyənləşdi.

 Üçüncüsü isə şəxsi kimlik amilidir. Mən ötən dövrdə seçici qarşısındakı ideallara sadiq qalmışdım. Çoxsaylı tərəfdarlarımla birlikdə qatıldığım bu mübarizədə baxın necə də sadə formullar seçilmişdi: "İstər demokrat ol, istər kommunist. Əsas xalqa xidmətçi ol". "Deputat fiziki çəkisini yox, mənəvi-siyasi çəkisini artırmalıdır". "Əməkçinin zəhmət haqqı alın təri qurumamış verilməlidir". "Ziyalı müharibə edən vətəndaşını gərək yad ayaqlara verməsin" və s. Hamısı sadə bir mətləbi ifadə edirdi: Sizin üçün əlçatan olacağam, əyləşdiyim kreslonu və tribunanı milli mənafelərə xidmət etdirəcəyəm, təkcə qanun istehsalçısı kimi yox, həm də sizlərə mənəvi dayaq olaraq fəaliyyət aparacağam. İndi həmin günləri vərəqləyəndə Bərdədə kəndbəkənd keçirdiyim yüzlərlə görüşləri, irili-xırdalı problemlərin həllini xatırlayıram. Qələm üzərində qəhrəman olmağa nə var? Vətənpərvərlik ağ kağız üzərində hər gün köşə yazıları ilə insanlara çamur atmaqdan ibarət deyil. Əsl həyat bir kimsəsizin yanında olmaq, onun qayğısını mümkün qədər daşımaq, sənə ümid bilib müraciət edən yüzlərlə insanın yükünü çəkmək, on dəfələrlə yaxşılıq etsən də yenə özünü narazı aparanlara dözmək, gələcək ideallara insanları inandırmaqdan ibarətdir. Paralel şəkildə gərək elə siyasi formada olasan ki, daimi təşəbbüslərlə medianın sərt tələbkar çağırışlarına cavab verə biləsən. Bunu statistika ilə ölçəndə belə bir mənzərə alınır: Ölkənin Baş naziri ilə 5 dəfə görüşərək Bərdənin mavi yanacaqla və su ilə təminatına dair dəstək istəyirsən. Bu azmış kimi qarantiyaları möhkəmləndirmək üçün daha mühüm bir hakimiyyət adamının yanında olub da bu problemlərin dəf olunmasında kömək umursan. Ardınca bu sahəyə rəhbərlik edən şəxsləri o bölgəyə dəvət edirsən. Yerindəcə tanışlıq və rayonun ağır məcburi-köçkün şəraiti qərarlara təsir göstərir. Nəhayət, bu son illər Bərdənin 16 kəndinin qazlaşması mümkün olur. 40-a dək artezian quyusu vurulur. Hər birinin başa gəldiyi aralıq mərhələlərdə sən də müxtəlif bariyerləri aşırsan. Nə qədər insanla danışmalı, kimisə nəyəsə inandırmalı, hər döngəni keçdikcə özün də iştirakçı olmalısan. Çünki sözün həqiqi mənasında köhnə Azərbaycan ömrünü qurtarıb, tamam yeni Azərbaycan qurulur. Nə qədər əlil, şəhid ailəsi, ehtiyaclı insanların əlinin harasa çatmasında rol oynamalısan. Bəzən işləməyən su nasoslarının, xarab olmuş transformatorlarının təmirinə qarışmalısan, bəzənsə, məhkəmə orqanı kimi iki çəkişən tərəfin ədalət tərəzisini düzəltməlisən. Bəli,müasir dövrün millət vəkilinin obrazı və missiyası bax belədir. Əlbəttə ki,məhz millətin vəkili üçün.Və bir də görürsən ki, sən insanlara çox doğmalaşmısan və arada yüksək etibar və ünsiyyət mühiti formalaşıb. Bax bütün bunlar 2005-ci ildə Zahid Orucun halal qələbəsini təmin edib və orada seçkiləri müşahidə edən ATƏT rəsmilərinin və çoxsaylı müşahidəçilərin müsbət rəyini qazanıb. Seçkilərdən bir gün sonra müxalif namizədlər və onların təmsilçiləri Dairə Komissiyasında nədən saxtakarlığa gedilmədiyini təəccüblə qarşılayaraq hər şeyin normal olduğunu bəyan ediblər, heç bir pozuntu faktı təqdim edə bilməyiblər və məğlubiyyətləri ilə barışıblar. Çünki ötən dövr ərzində Bərdə insanın yanında olmayan yalnız təbliğat dövründə 10-12 kənddə məhdud saylı insanlarla görüş keçirənlər uğura necə ümid bəsləyə bilərdi? Obyektivlik naminə deyim ki, indi şikayətçi olan AXCP funksioneri o vaxt etik bir davranış göstərirdi və siyasi tənha vəziyyətində qalmış liderinin nümayiş etdirdiyi davakarlıqdan fərqli xarakter sərgiləyirdi. Narıncı rəngi narazıların simvoluna çevirənlər ona adekvat da səs aldılar. 2100 seçici onlara etimad etmişdi və bu rəqəm rəsmi sənədlərdə olduğu kimi də əksini tapdı. Sonra hamı Bakıya döndü və hər şey burada başlandı. "Azadlıq bloku"nun ölkə üzrə seçkilərin nəticələrini tamımaması ona səbəb oldu ki, hər bir namizədlərinə şikayət məktubları yazaraq pozuntu faktları tapmağı apşırdılar. Halbuki,"Azadlıq bloku"nun seçki qərargahında toplanmış məlumatlarda 50-yə qədər dairədə seçkilərin nəticələrinə şübhə üçün heç bir əsasın olmadığını onların rəhbərləri kuluar söhbətlərində dəfələrələ bizə bildiriblər.Onların etirafı Konstitusiya Məhkəməsinin qərarı ilə müqayisədə önəmli olmasa da axı öz həqiqətləri ilə yaşayanlar mənim halal qələbəmdən yetərincə məlumatlıdırlar.Amma ətraflarındakı insanları siyasi girovluqda saxlamaq və hakimiyyətlə barışmaz mübarizəyə cəlb etmək üçün o məlumatları gizli saxlamaq görünür daha gərəklidir.

 Bu vasitə ilə 2010-cu ilin seçki mübarizəsində Avropa qurumlarını Azərbaycan üzərində bir dəyənəyə çevirmək mümkün deyil. Hakimiyyət uğrunda mübarizənin taleyini xarici təşkilatlar müəyyənləşdirmir. Belə eksperimenti bir dəfə yaşamışıq. Geosiyasi inqilabın son nümunəsi olan Qırğızıstan dövlətçiliyi indi 2 milyard dolların hesabından asılı qalıb. Elə isə demokrat olmaq üçün müxtəlif simvollara və libaslara bürünərək rəngini dəyişməkdənsə, sabit bir platforma ilə insanların qarşısına çıxın. Kabinet və protokol müxalifətçiliyindən, demokratiya desantı olmaqdan sizi yalnız bu xilas edə bilər.

 Müxtəlif miflərlə özlərini əvəzsiz lider statusunda aparanları siyasi debata çağırdım. Onların təzədən qayıtdığı jurnalistika sənətində belə ultimatumla iqtidar rəsmilərini savaşa çağırdıqlarını yəqin bilirsiniz. Mənsə demokratik seçkilərdə və siyasi mübarizələrdə dəfələrlə məğlub etdiyim funksionerlərindən fərqli olaraq müxalif rəhbərləri ideya savaşına dəvət etdim. Hesab edin ki, bu seçkilərə start siqnalıdır.

    P.S.Elnur Astanbəyli, mənim xidməti maşınım yoxdur, bağ evinə də malik deyiləm. Haram pulların üstündə oturmamışam. Bərdədə 1 kvmetr yerə sahib olmaq üçün mandatımı xərcləmədim, bir insana təmənnalı xidmət göstərmədim. Ən yüksək qiymətlərlə orta və ali məktəb, daha sonra aspirantura, elmi iş. Sonra Heydər Əliyev siyasi yoluna bağlılıq, millətə fədakarlıqla xidmət, gündəlik çalışmalar, kitablar və zəhmət. Görürsüz Zahid Oruc olmaq nə qədər gözəldir? Etiraf edin ki,sən və səni kimiləri ön cəbhədə istismar edənlərin üzərində mənəvi-siyasi qələbəmiz sizləri rahatsız edir. Yəqin bu yazıdan sonra bütün cəbhəboyu hücum əmri veriləcək. İçinizdəki şeytanı öldürün. Bu yazını sizlərə diqqət və əhəmiyyət kimi qəbul etməyin.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar