Modern.az

Hələ də şeyx nəsrullahlar ölü “dirildir”, məmmədhəsən əmilər isə onlara inanır...

Hələ də şeyx nəsrullahlar ölü “dirildir”, məmmədhəsən əmilər isə onlara inanır...

1 Avqust 2013, 14:45

Ələmdar Cabbarlı

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətimizdə dini dəyərlərə münasibət dəyişməyə başladı. Vaxtilə “Allahsızlar Cəmiyyəti” fəaliyyət göstərən ölkədə məscidlər tikildi, ildən-ilə müqəddəs Həcc ziyarətinə gedənlərin sayı artdı, gənc nəsil arasında İslama üz tutanların cərgəsi gündən-günə genişləndi. Əlbəttə ki, bütün bunlar sevindirici faktlardır. Amma təəssüf ki, cəmiyyətimizdə xurafat hələ də öz sözünü deyir, əsl dinlə mövhumatın sərhədləri çoxları tərəfindən hələ də müəyyənləşdirilmir. Əsrin əvvəllərində görkəmli ziyalılarımızın – Üzeyir bəyin, Mirzə Cəlilin, Sabirin, Haqverdiyevin mübarizə apardıqları xurafat XXI əsrdə - kompyüter, informasiya əsrində də at oynadır. Yenə də Şeyx Nəsrullahlar ölü “dirildir”, fala baxır, bəxt yazır və yenə də Məmmədhəsən əmilər, Zeynəblər onlara inanır. Bu gün yenə də kimlərisə televiziya ekranlarında, qəzetlərdə falçı (müasir adı ekstrasensdir) kimi təbliğ edir, onların piarını aparırlar. Ola bilsin ki, bu işləri müəyyən qüvvələr məqsədli şəkildə edirlər, bəs insanlarımıza nə gəlib? Niyə Allahın kəlamlarına deyil, fırıldaqçıların hoqqabazlıqlarına inanırlar? Niyə öyrənmirlər ki, insanlara ən doğru yolu bəyan edən “Qurani-Kərim” bu barədə nə deyir. “Qurani- Kərim”-in nazil olunduğu  müqəddəs Ramazan günlərində məncə bu barədə düşünməyə dəyər.

Bu gün ali təhsilli falçılar, diplomlu fırıldaqçılar qeybi bildiklərini və insanları bəlalardan xilas edə biləcək gücləri olduğunu bəyan edirlər. “Qurani-Kərim” isə deyir ki, belə bir bacarığı Allah heç sevimli Peyğəmbərinə verməmişdir. Müqəddəs kitabın “Əl-Əraf” surəsinin 188-ci ayəsində Məhəmməd Peyğəmbərə xitabla deyilir: De ki, “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmzadı...”.  Əgər Allah bu qabiliyyəti sevimli Peyğəmbərinə verməmişdirsə, bu fırıldaqçılara necə verə bilər?

“Ən-Nəhl” surəsinin 77-ci ayəsində yazılır: “Göylərin və yerin qeybini bimək ancaq Allaha məxsusdur”. “...ancaq Allaha məxsusdur” ifadəsi bu məsələyə birmənalı şəkildə nöqtə qoyur və bu məsələdə heç kəsə şans tanınmadığını sübut edir. Ekstrasens yoldaşlar bu ayəni üstələyə biləcək bir dəlil gətirə bilərlərmi?  “Əl-Ənkəbut” surəsində Rəbbimiz buyurur: “Möcüzələr ancaq Allahın əlindədir”. Bundan sonradamı Məmmədhəsən əmilərimiz kimdənsə möcüzə gözləyir? Yazıqlar olsun.

Bu gün ruhları çağırdıqlarını, onlarla söhbət etdiklərini deyənlərlə işimiz yoxdur – zatən bu şirkə görə böyük günah içindədirlər – bəs onlara inanan zavallılar “Əl-İsra” surəsindəki 85-ci ayədən xəbərdardırlarmı?. Bilirlərmi ki, bu imkan heç Məhəmməd Peyğəmbərdə olmayıb. “Əl-İsra” surəsindəki 85-ci ayə: “(Ya Məhəmməd) Səndən ruh haqqında soruşarlar. De ki, ruh Rəbbimin əmrindədir”. İndi bunlar Rəbbin əmrində olanlaramı əl uzadırlar? Qeybi bilmək şansını Allah nəinki bəşər övladına heç mələklərinə də, bir sözlə heç bir məxluqa verməmişdir. “Ən-Nəml” surəsinin 65-ci ayəsində deyilir: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz”.  

Allah sizə rəhmət eləsin, dirilər!

Yuxunuz şirin olsun...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir