Modern.az

““Torbamızı” tikənlər möhkəm tikib...” - MÜSAHİBƏ

““Torbamızı” tikənlər möhkəm tikib...” - MÜSAHİBƏ

Ədəbi̇yyat

3 Avqust 2013, 09:23

Zahid Sarıtorpaq:  “İlk dəfədi bildirirəm, Sabir mənə ata tərəfdən, Hadi isə ana tərəfdən qohumdu”

Modern.az saytı ədəbi xadimlərlə silsilə müsahibələrini davam etdirir. Bu dəfəki qonağımız orijinal üslubu ilə seçilən, müasir şeirin nümayəndəsi Zahid Sarıtorpaqdır.   

- Torpağın, atmosferin qatları olduğu kimi, sözün də qatları var. Amma bunlar məna qatlarıdı. Modern Azərbaycan sözü də məna qatlarına sahibdirmi? Yoxsa, o yalnız bir təbəqədən ibarətdir?

– Təbii, sözün də qatları var. Şeir misralarında pillə-pillə dikələn sözü hər kəs nəfəsi çatdığı, qalxa biləcəyi mərtəbəyəcən duya, qavraya bilir. "Üfürülmüş çırağın ruhu" adlı şeirlər kitabıma "Müəllifdən" başlığı altında yazdığım kiçik yazıda belə bir yer var: "Hər şey sözdən başlayır – qulu olduğumuz, əsiri olduğumuz, gündə neçə yol cəllad kötüyü önünə gətirilirmiş kimi qolları bağlı önünə gətirildiyimiz, diz çöküb fərmanını dinlədiyimiz sözdən...". Bu, uca söz haqda mənim ədəbi kriteriyamdı desəm, bilmirəm, doğru anlaşılarmı? O ki qaldı modern Azərbaycan sözünün məna qatlarına sahib olub-olmamağına, təbii, burda bir xeyli nüanslar var: öncə, bu gün olduqca ilginc şeirlər yazan, sözü öz sanbalında duymaq, yazmaq və yaşamaq qabiliyyəti olan  şairlərimizlə yanaşı, küfrə güclü meyilli, modern fikri amorf deyim tərzində söyləməyi üstün hesab edən yazarlarımız bəs deyincədi.  Bu halın yaxşı, ya pis olmasını araşdırmaq mənim görəvim deyil,  amma bu açıdan deyərdim ki, modern söz də çoxçalarlıdı.

- Zahid Sarıtorpaq şeirlərində neçə qat  var? Oxucu bu mərtəbələrin neçəsini qalxa bilir?

– Şeirlərimdə neçə qat olduğunu, ümumiyyətlə, hansısa qatlar olub-olmadığını mən yox, oxucu bilər. Bircə onu deyə bilərəm, həmişə ədəbiyyatın içində olsam da, dərin iddiam olmayıb, heç vaxt, heç bir qrupbazlığa qol qoymamışam, hər cür dəstəbazlara nifrət etmişəm, yaradıcılığımla məşğul olmuşam. Bu üzdən alnım açıqdı, şükür, heç kimin yanında gözükölgəli deyiləm, eləcə də sözün... Bütün bunları da bilənlər bilir. Onu da deyim, bu ruhda tərbiyə olunmağıma sözə sayğım, sevgim səbəb olub. Bir şeirimdə dediyim kimi: 

"...arını gül ömrünə bal kimi ölümlə yazan söz
aşiqi "ol!" əmrinə gül kimi ömürlə yazan söz
batil ömrümüzü candan
dar ağacından asırmış kimi
uf demədən asan söz
can-can
can söz..." 

Yəni mənim ölümüm-qalımım da sözdü. Söz – nəfsi parçalayan qılıncdı, insanın içini arındırıb-təmizləyən silahdı. Söz – kəsilmiş başımızı hələ də çiynimizdə saxlayan, ölü canımızla hələ də cəlladımızın üzünə gülməyə güc verən ilahi diqtədi... Təbii ki, hər şair ona bir cür yanaşır.

- Fikrinizcə, müasir Azərbaycan sözünün ən şair insanları kimlərdi?

– Bilirsiniz, belə götürəndə, sözə könül vermiş hər kəsin öz ampluasına uyğun gələn, sevdiyi, qəbul etdiyi, bəyəndiyi imzalar var. Ədəbiyyatımız üçün yaradıcılıqları bu gün xüsusi önəm daşıyan yaşlı və orta nəsil şairlərimizin imzalarını çox böyük sayğıyla qoyuram bir kənara, onların yaradıcılığını mətbuat və informasiya vasitələri vaxtaşırı işıqlandırır, siz də gözəl tanıyırsınız. Bu gün hər bir yaşlı nəsil təmsilçisi bədii sözümüzə öz əsərləriylə təkan verən gənc şairlərimizdən danışsa daha yaxşı, daha düzgün olar. Onların adlarını çəkməklə, yaradıcı könüllərinə ruh verməyi mən də özümə borc bilirəm. Heç tərəddüd etmədən Qismətin, Məmməd Əbülfəzoğlunun Fərid Hüseynin, Elmar Şahmarın, Şəhriyar Del Geraninin, Könül Həsənqulunun, Rəbiqə Nazimqızının, Esmira Məhiqızının, Fəridə Məmmədovanın, Türkan Zamanovanın, Sara Selcanın, Ramil Əhmədin, Elvin Bakiroğlunun, Emin Pirinin, Cavidan, Səxavət Sahil, Mahir Mehdi, Seyid Ramin, Elçin Aslangilin, Namiq Rəssamın, Mətləb Muxtarovun şeirlərini qürurla oxuyur və təqdir edirəm. Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin son dərəcə istedadlı tələbələrinin, Yazıçılar Birliyindəki Gənc Ədiblər Məktəbinin, Çölçülər ədəbi birliyinin, AYO-lu gənclərin yaradıcılığını daim izləyir və uğurlarına sevinirəm.  Bizdə həmişə şeir də, sözün, siz demiş, ən şair insanları da olub. Amma nəfəsləri haracan çatıb, hansı mərtəbəyəcən yetib – bu həm tale işi, həm də ayrı söhbətin mövzusudur... Kimlərinsə klassik anlamda desək, öz yaradıcılığında seyri-süluka, vəhdəti-vücuda, riyazətə münasibəti necədi və ya postmoderni necə həzm edir – bu ayrı məsələdi, daha doğrusu, hər kəsin öz seçimi, öz sorunudu. Belə demək mümkünsə, "ədəbi lövhü-məhfuzda" kimin haqda nə yazıldığını Uca Yaradandan başqa kimsə bilmir, çox güman...

- Dövlətin  “şair övladı” olub sözün şair övladı olmayanlar  sizin üçün ədəbiyyatın dəyərini azaltmadılar ki ?

– Klassik ədəbiyyatda, orta çağ dönəmində dövlətin "şair övladlarının" ayrı missiyası vardı. Onlar öz qüdrətli sözləriylə, yeri gələndə mədhləriylə, ithaflarıyla dövlət başçılarını yönləndirə, maarifləndirə, ruhlandıra bilirdilər. İndi heç bilmirəm, dövlətin "şair övladları" varmı? Varsa da, onları oxumuram, çünki, dönəm ayrıdı. İndi daha çox yarınmaq və yaltaqlanmaq uğrunda yarış gedir. Belə prinsiplər üstə deyilən saxta sözün mənim yanımda bir qəpiklik qiyməti yoxdu.

- Sarıtorpaqdan gələn misralar modern ədəbiyyatın qara çamurlarında  itib-batmadı ki?

– Mən modern ədəbiyyatda öz "cütçüsünü", "ilxıçısını", "köçünü", öz yiyəsini gözləyən geniş, xam və münbit çöllər, tarlalar görürəm, nəinki qara çamurlar...

- İrfan nədir? 

– Min illərlə yol gələn bir elm, bir struktur, ariflər tapınağı və bir Allah sirridi ki, oraya hər baş vuran nəsə mənimsəyər, amma bu zaman nələri itirib, nələri tapdığını bilməz... Çoxları elə bilir mən irfan-təsəvvüf şairiyəm, yox, səmimi deyirəm, o yükü heç vaxt üstümə götürə bilmərəm, gücüm çatmaz sadəcə...

- Şeirlərinizin mahiyyətində təsəvvüf elementləri də var.  Bəs bu haradan qaynaqlanır?

– Bunları deməyim bəlkə də artıqdı. Çünki, Elmin bəy, siz özünüz bu sahəni tədqiq etmiş bir qələm sahibisiniz, və nəyin nə olduğunu gözəl bilirsiz. Məncə, təsəvvüf, sufizim İslamda qədim, oturuşmuş və çox mükəmməl bir var olma tərzi, bir cərəyan, bir energetikadı. Bəzi hallarda onu antik neoplatonizmə də bənzədirlər. Təsəvvüf öz növbəsində böyük ustadlar yetirib. Mənim şeirlərimdə irfan-təsəvvüf elementlərinin olmasını başqaları da söyləyir. Bu isə içimin ruhaniyyətindən doğan bir şeylərdi yəqin. Bilincli şəkildə o missiyanı heç vaxt öz üzərimə götürmərəm və belə bir fikrim də heç vaxt olmayıb. Mən sadəcə şeirimi yazıram. Yeri gəlmişkən, böyük Azərbaycan filosofu Eynəlqüzat Miyanəçini daha geniş tədqiq etmənizi arzulardım. Onun son dərəcə güclü risalələri, traktatları var. Eləcə də, böyük sufi  Şeyx Səfiyə müraciət etsəydiniz gözəl olardı. Onun haqında yazılmış və günümüzə qədər gəlib çıxmış "Qara kitab" çox mükəmməl bir əsərdi.

- Bir az yerə enək... İrfan-təsəvvüf mövzusunu dəyişib AYB-dən danışaq. Mövzu dəyişikliyi sizi səmadan başqa bir yerə atmadı ki?

– Qətiyyən. İrfan, təsəvvüf ruh tərzimizdisə, AYB həyatımızdakı bir gerçəkdi. Artıq iyirmi dörd ildən yuxarıdı ki, o qurumun üzvüyəm. Təkcə hörmətli Anar sədr seçiləndə o qurumun qurultayına dəvət almışam. Başqa heç vaxt bu Bbrliyin nə bir tədbirlərinə, nə bir yubileylərinə çağırılmışam. Bu üzdən bu qurumun mənim üçün ancaq sosial bir təşkilata çevrildiyini artıq qəbul edirəm. Hərdənbir iştirak etdiyim yeganə olaraq ənənəvi Sabir günləridi ki, oraya da qurum tərəfindən dəvət almadan özüm getmişəm (bu il heç ora da gedə bilmədim), çünki buna böyük şairin həmyerlisi və qohumu kimi haqq edirəm. Yyeri gəlmişkən, ilk dəfədi mətbuata bildirirəm, Sabir mənə ata tərəfdən, Hadi isə ana tərəfdən qohumdu və bununla təbii ki, qürur duyuram.
AYB ilə bağlı baş verənlərə görə xəcalət çəkənlərdən biri də mənəm. 1989-cu ildə ev növbəsinə ərizə-sənəd verdiyim halda, onları it-bata saldılar və 2006-cı ildə qürbətdən qayıdıb müraciət etsəm də, məni ev növbəsinə bərpa etmədilər ki, növbə dayandırılıb. Amma məndən sonra növbəyə bir neçə nəfər götürüldüyünü bilirəm. O növbədə texniki işçilər bir yana, dəyərli yazarlarla, şairlərlə yanaşı, üstündə "şair" adı daşıyan elə adam tanıyıram ki, nəinki ədəbiyyat faktı deyil, həm də hər şirkət rəhbərinə bir mədhnamə həsr etməklə "ömür sürür"... Orada da bunu gözəl bilirlər, o adamın Bakıda evi olmasaydı yenə də dərdyarıydı.  Amma Zahid Sarıtorpaq növbədə birinci olmalıykən, öz abırına qısılması, həyasızlığı bacarmaması və bu üzdən haqqını tələb edə bilməməsi ucbatından bu gün də kirayədə yaşayır, yazır və yaradır, həm də Allahına şükranlar edir, həm də ev növbəsində olanları səmimi qəlbdən təbrik edir və artıq beş ildi hörmətli Anarla şəxsən görüşməyə, problemiylə bağlı izahat almağa ona icazə də vermirlər. Görəsən, bu görüş baş tutmuş olsa, baş verən bu ədalətsizliyə görə, kimin kimdən utanacağından qorxurlarmı? Bu sayğısızlıq nə deməkdi? Biz birlik üzvüyük, yoxsa, necə deyərlər, ayrılıq üzvüyük? Ya bir-birimizi görməməzlik üzvüyük? Nə isə... Bircə onu bilirəm, "torbamızı" tikənlər möhkəm tikib, hörmətli Anarınsa bütün bunlardan guya  ki, "xəbəri yoxdu". İndi deyəcəklər ki, Zahid Sarıtorpaq boyda ağsaqqal birisi də başladı giley-güzara. Yaxşı, cavanlar gileylənməsin, yaşlılar ağzına su alıb sussun, bəs kim dillənsin, a söz yiyələri, hə? Yazarlar qurumu itirə-itirə gedir axı. Oraya gələndə, adamın dörd bir yanında qrafomanlar kütləsi həyasızcasına hırıldaşır. Oraya gələndə, ciddi deyirəm, adamı movzaley xofu basır artıq. Adamın hər şeydən sidqi sıyrılır sadəcə...  Belə olmaz axı, ya ciddi şəkildə birlik olmalıdı, ya ayrılıq.

- Sonda zəhmət olmasa özünüzə bir sual verin...

– Bütün zamanların ən diri, ən aktual, ən çətin sualını ünvanlayıram özümə: "Sən bu dünyada nə görüb-götürdün, nə öyrəndin və nə bilirsən, Zahid Sarıtorpaq?" Cavab: "Heç nə, heç nə, yenə də heç nə... Allah haqqı, heç nə...".

Elmin Nuri                   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi