Modern.az

Biz elə danışmamışdıq.... Mərhum Zərdüşt Şəfiyə ithaf

 Biz elə danışmamışdıq.... Mərhum Zərdüşt Şəfiyə ithaf

3 Avqust 2013, 17:30

 Məni kim unudub yol ayrıcında....

-         Zərdüşt, Cahangir müəllim sənin barəndə çox heyranlıqla danışdı. “525-ci qəzet”-dəki yazın çox xoşuna gəlmişdi.

-         Doğurdan? Nnə yaxşı... Həqiqətən çox sevindim.

-         Elə,, biz özümüz də o  yazını müzakirə etdik. Mənim də xoşuma gəldi. Ordakı yazıçı obrazını çox gözəl təsvir etmisən.

-         Siz məni lap utandırmısız ki... Xahiş edirəm, uşaqlara və müəllimə mənim təşəkkürümü çatdır.

Ədəbi cameədə  gənclər arasında  “qızaranlar” az idi. Kimi tərifləyirdilərsə başlarını dik tutub, bu hərəkətləriylə sanki  “elə belə də olmalıdır”! mesajını ötürürdülər.  Amma istisnalar da var idi. Yəni qızaranlar da tapılırdı. Onların biri də bu gün ölümünün bir ili tamam olan mərhum Zərdüşt Şəfi idi. Bu “qızarma” ilə o – “Nə danışırsan mən ki.... ” demək istəsə də , başqaları tərindən böyüyürdü. Bu “qızarma” Zərdüştün başqalarına ötürdüyü böyüklük mesajı idi. Və... qızara-qızara , utana-utana böyüyürdü Zərdüşt.

Yuxarıdakı dialoq “Aktyorlar evinin” qabağında onunla mənim aramda  olmuşdu. Dərsdə Zərdüştün  bir yazısını müzakirə etdik. Müəllimimiz Cahangir Məmmədli ağızdolusu o yazıdan danışırdı. Zəng vurulandan sonra kafedraya getdik. Orda da bu mövzu davam etdi. Zərdüştə deyəndə isə çox böyük təvazökarlıqla qarşıladı. Söhbəti  həmən dəyişdi.

-İstəsən bu  həftə ərzində, görüşüb çay içək..

- Nolar ki, sadəcə vaxtı dəqiqləşdirib görüşərik... 

Elə Zərdüştlə son görüşümüz orda oldu.. Həmin həftə Zərdüşütlə görüşə bilmədik. O biri həftə də qaldı.. Nə isə belə-belə uzandı.. Və...  mən hərbiyə yollandım...   Qayıdanda isə...

                                                                                          Mən ölümə gedən adamam adam.. 

-İstəyirsən bir şeir deyim. Nəsə ürəyim doludur...

-Yaxşı şeirdisə de...

- Yaxşı şeirdi amma bilmirəm mən necə deyə biləcəm..

-.....

-         Kim unudub məni yol ayrıcında-
gəlsin qucaqlasın,
gəlsin aparsın…
Bu ömrü yolundan çıxarar qəza-
gəlsin qabaqlasın,
gəlsin saxlasın…
Mən ölümə gedən adamam, adam-
yadlara doğmayam,
doğmaya yadam…
Bir göyərçin gəlib, əlimə qonub
Əlimdə bir yuva salıb göyərçin,
Uçub getməyəcək, mənim olacaq,
Sevinib, əlimdə qalıb göyərçin,
yellədə bilmərəm əlimi daha-
əllərim göyərçin yuvalarıdı-
qatarlar aparsa əzizlərimi…
Üzündə əl izim qalıbsa, gülnar,
məndə əl qalmayıb,
sil izlərimi…
Bağışla ömrümü,
uzun gecədi-
Bir say ulduzları, bax gör neçədi?
Bildir Günəşimə, səs sal Ayıma,
Bir gecə qısqanıb məni dənizə
ölüm at ömrümə-
zəhər çayıma…
Mən o gün biləcəm-
O gəlib bizə…
Mən o gün dönəcəm düz kəndimizə…

-         Daha niyə kövrəlirsən ki.....

-         Heeeç, Zərdüşt tez getdi... 

-         .......

Hərbidən qayıdıb boşluğun içində yuvarlanərkən  Bakı Dövlət Universitetinin tələbələr arasında “Pepsi “ adlanan açıq bufetində öz-özümlə qurduğum dialoqdan... 

Amma o həqiqətən də ölümü ilə də gənc yazarlara çox şey öyrətdi. “Bu gün həyat var,  sabah yoxdu. Sözə xəyanət etməməyin , bu günün Sözünü sabaha saxlamamaq dərsini öyrətdi.

Bu gün ölümündən bir il ötür.. İstəyirəm şeirlərindən sizə də oxuyum.

Özümdən çıxmışam,

mən yoxam daha,

ruhumun həmdəmi,

üfüq xəttimsən-

mən sənə gəlirəm, özümdən keçib!

 

Sənə çatmaq çətin

ələ keçməzsən,

neyləsəm-

əlimdə bir boşluq qalar!

 

Uzanar, qıvrılar, yollar dolanar,

zaman susar qumda ayaq səsindən,

ancaq bu bədəni tanıyan bilər-

neyləsəm, qan iyi gələr nəfsimdən,

ağlayar içimdə əlacsız ruhum-

neyləsə, üzümdə bir şeytan gülər...

 

Yalnzliq olarsa əzab çəkdiyim

oxuyar dodaqlar səssiz duasın-

la ilahə illəllah- deyə bitər təkliyim...

***

Əlini uzat,

bu ağ kağıza

barmaqlarından axacaq sətir-sətir sözlər...

Sən heç şeir yazdınmı?

Gözlərin susur,

kipriklərinə tökülmüş

alın yazının qalıqları

danışacaq indi-

Sən heç qar olu byağdınmı?

Uzaqda üfüq xəttində

qıp qırmızı bir od parçası var,

neçə min ildi yanır-

kimisevir

heç kim bilmir,

bilməyəcək...

Sən heç şair sevdinmi?

Vallah,  şeirləri oxuyub vaxtınızı almaq fikrim yox idi. Biz danışmışdıq ki çay içə-içə Zərdüştün şeirlərini müzakirə edək.   Amma alınmadı..

-Zərdüşt biz axı belə danışmamışdıq...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır