Modern.az

Müğənni Eldəniz Məmmədov: “Bahalı maşınla toy yiyəsinə yaxşı qiymət deyə bilirəm” - MÜSAHİBƏ

Müğənni Eldəniz Məmmədov: “Bahalı maşınla toy yiyəsinə yaxşı qiymət deyə bilirəm” - MÜSAHİBƏ

5 Avqust 2013, 11:11

Eldəniz Məmmədov son illər Azərbaycanda keçirilən musiqi yarışmalarının Azərbaycana bəxş etdiyi güclü səslərdəndir. Amma sənətçi səhnəyə muğam və xalq mahnılarının ifaçısı kimi gəlsə də,  indi oxuduqları daha çox “toy tutmağa” hesablanıb. Hər halda bu subyektiv qənaətdir və müzakirə oluna bilər. Müğənni özü də Modern.az-a müsahibəsində bunu danmayıb və yerli sənətçillərin yeganə qazanc yerinin toy olduğunu bildirir.

- Yeni diskim işıq üzü görməlidir, bir-iki mahnı qalıb.

- Diskddə nələr olacaq?

- Oxunmamış təsniflərdir. Məsələn, “Bönövşə” musiqisi var, bəstəkarı Adil Bəbirovdu. Onu bir dəfə Şövkət Ələkbərova oxuyub, ikinci ifaçısı mənəm.

-Şövkət xanım korifeydir. Ondan sonra bu mahnını oxumaq böyük məsuliyyətdir.

- Ondan sonra bu mahnını ifa etmək əlbəttə böyük məsuliyyətdir.  Dinləyənlər qiymət verəcəklər. Əhsən Dadaşovun “Zabul” təsnifi var. Onu da heç kim oxumayıb, mən oxumuşam. Oxumalı yaxşı musiqi çoxdur.

- Yəni bunlar “toy tutmağa” hesablanmış musiqilər deyil.

- Diskdə ritmik musiqilər də var. Elə də çox toy musiqiləri oxumuram. “Dağlar” mahnısı  oxumuşam və toylarda çox populyardır. Bu, Bəhram Nəsibovun musiqisidir.  Onu yeni aranjimanda ifa etdim.

- Yaşlı sənətkarlar deyirlər ki, “indi cavanlar təsniflər, dəstgahlar oxumurlar”. Niyə dəstgah oxumursunuz?

- Düzdür, fikrimdə belə bir şey var və onların iradı ilə razıyam. Muğam mərkəzində bizim silsilə muğam konsertlərimiz oldu. Biz orda “Bayatı şiraz” muğamını dəstgah şəklində oxuduq. Filarmoniyada Füzulidən olan xanəndələrin konsertində “Şur” muğamını ifa elədik, dəstgah şəklində. Ola bilsin ki, cavanların yadlarından çıxdığına görə dəstgahı tam oxumurlar. Bəlkə də vaxtları olmur.

- Siz nə klassik xanəndəsiniz, nə də estrada müğənnisi. Amma mənim fikrimcə, yetərincə uğurlu muğam ifaçısı ola bilərdiniz.  Bəlkə daha çox toylara getməyə görə bu yolu seçdiniz?

- Konservatoriyanı 2000-ci ildə bitirmişəm. Bu il magistraturaya sənəd verdim, qəbul ola bilmədim. Muğamları 2-3 ay təkrarlasam, hamısı yadıma düşəcək. Ondan sonra bunların hamısını yazdıracağam. Konservatoriyaya girmək istəyimin məqsədi də budur.

- Sizin müəlliminiz kim olub?

- İslam Rzayev.

- Demək istədiyim odur ki, təhsiliniz muğamdır, amma bir az şou-biznesə meyllənmisiniz.

- Şou proqrama getmirəm. Azərbaycanda toydan başqa qazanc yeri yoxdur.

- Özünüz hardasa dərs deyirsiniz?

- Hə, musiqi məktəbində adım gedir.

- Özünüz də gedirsiniz?

- Yox dərs demirəm, adım gedir.

- Ordan nə qədər əməkhaqqı aldığınızdan xəbəriniz var?

- Elə belə xırda-xuruşdur. Bu ildən ola bilsin ki, başqa musiqi məktəbinə keçdim. Amma bu dəfə gedib dərs deyəcəm. Elə bir məktəbdir ki, getməliyəm. Bir də fikrim var ki, magistraturaya girəndən sonra muğamla daha ciddi məşğul  olum.

- Estrada ifaçılarından  kimi bəyənirsiniz?

- Elton, Elnur yaxşı oxuyur, Abbas əladır. Elçin Cəfərov yaxşı oxuyur.

- Bir neçə il öncə müsahibələrinizin birində demişdiniz ki, “bahalı maşınla toy danışmağa gedəndə, istədiyim qiyməti deyə bilirəm”.

- Vallah hardasa köməklik edir.

- Nə mənada?

- Köhnə maşınla gedib toy danışanda dediyin qiymətə razılaşmırlar. Amma təzə maşınla gedəndə razılaşırlar.

- Məsələn, VAZ 2107 ilə getsəniz nə qədər qonorara razılaşarlar?

- “07” ilə getsən, heç 2000 də desəm, razılaşmazlar. Xarici maşınla 4000-4500 manat deyirsən, razılaşırlar.

- İndiki maşınınız hansı modeldir?

- “ML AMG”

- Bu maşınla normal qiymət deyəndə razılaşırlar?

- Bəli.

- Belə çıxır ki, camaat müğənninin maşınına görə toya çağırır?

- Xeyr. Səni öz toyunda görmək istəyirsə, deməli sənətini bilir ki, çağırır.

- Siz özünüz də əslində ucuz getmirsiniz. 4000 manat az məbləğ deyil.

- Vallah azdır. O biriləri gedib sənin oxuduğunun iki fazini oxumurlar, amma 8-10 min manat alırlar. Şadlıq evlərinin inzibatçıları toy yiyəsinə nə deyirsə, toy yiyəsi onu qəbul edir. İnandırım ki, 10 min manata toya gedənlərin hamısına adminstratorlar kömək edir. Məsələn, 10 minə gedir, 2 minini də verir adminstratora.

- Onlar titullu müğənnilərdir?

- Elə ara mahnıları oxuyanlardır.

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?