Modern.az

Kəmalə Abıyeva: “Ədəbiyyata səviyyəsiz qəhrəmanlar gətirib, ədəbiyyatı zibilləyirlər” - MÜSAHİBƏ

Kəmalə Abıyeva: “Ədəbiyyata səviyyəsiz qəhrəmanlar gətirib, ədəbiyyatı zibilləyirlər” - MÜSAHİBƏ

6 Avqust 2013, 11:59

“Özümə söz vermişəm: nə qədər ki, Qəşəm Nəcəfzadə poeziyaya baxır, orda çap olunmaram”

Modern.az saytı ədəbi xadimlərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki müsahibimiz şeirlərinə mahnılar yazılan lirik şairə Kəmalə Abıyevadır.

“Mən lap balaca olanda...”

- Şeirlərinizdə sanki musiqi gizlənib və bəstəkar da o musiqini üzə çıxararaq mahnıya çevirir. Sizcə bəstəkarlar şeirlərinizdə gizlənən musiqini yaxşı dinləyə biliblərmi?

- Əslində hər kəs içində bir az rəssam, bir az bəstəkar, bir az şairdi. Ya da hər adamın içində bir rəssam, şair, bəstəkar, heykəltəraş var. Məsələn, gözəl bir mənzərəni görəndə çəkmək istəyirsən. Məndə bu alınmır qətiyyən şəkil çəkə bilmirəm. Gözəl çəkə bilənlər rəssam olur. Deməli, bu sahəyə istedadı var. Amma çoxları uşaqlıqdan şeir yazır. Şair kimi tanınmayanların da şeir dəftərləri var. Mən də belə idim. Həm özümün, həm də sevdiyim şeirləri, əsərlərdən müəyyən fikirləri yazardım. Həm də onları musiqiylə oxumağı sevərdim. Mən lap balaca olanda mənzilimiz də balaca idi. Mənzilimiz də mənimlə böyüyürdü. Yəni musiqi təhsili ala bilməməyimin səbəbi oldu bu. İkiotaqlı mənzilimiz olanda piano aldıq. Bir az özüm öyrəndim ifa etməyi. Söz yazır, bəstələyir, oxuyurdum. Deməyim odur ki, musiqini çox sevmişəm, lap çox. Hətta tələbə olanda ali məktəblər arasında keçirilən yarışın qalibi olmuşam. Anam oxumağıma qəti etiraz edib. Çox sözəbaxan olmuşam. Həm də arzularım uğrunda mübariz olmamışam o qədər də. Bəlkə ondandı ki, bəstəkarlar şeirlərimdəki musiqini eşidirlər. Əslində hansı üslubda yazılmasından asılı olmayaraq, şeirin öz musiqisi olmalıdı. Bəziləri deyir mən mahnı üçün şeir yazmıram. Ya mənim şeirlərim mahnı üçün deyil. Amma şeir mahnıya çevrilməyibsə, bu o demək deyil ki, o quru, cansığıcı olmalıdı. O qədər şeirlər var ki, oxuyanda elə bil musiqi eşidirsən. Sözlərimə yazılan bütün mahnılar sevilir. İlk dəfə dinləyən belə, musiqiylə şeirin vəhdətini duyur. Məncə istənilən şeirin musiqisini eşitməyəndə mahnı uğurlu alınmır. O qədər deyirik ki, heyf bu sözlərdən, ya heyf bu musiqidən.

“Mənə çox yaxın olan iki nəfərdən elə ağlasığmaz hərəkət gördüm ki...”

- Bu dünyanı nağıl bilmək bir şairə üçün yeganə çıxış yoludur?

- Bu dünyanı nağıl bilmək məncə müəyyən dərəcədə hər kəs üçün çıxış yoludur. Nağılların sonu yaxşı olur axı. Düşünürəm ki, insanlar həyatda mücadilə etdikcə, əzab-əziyyət çəkdikcə nağılları uydurublar. Axı ağrını-acını, əzabı yaradan kimlərdi-elə insanlar. Nağıllardakı divlər, təpəgözlər... Sonda bunların olmayacağına ümiddi nağılların sonu. Çoxdan yazılmış bir şerim var "Mənə nağıl danış". Bir-neçə bəndini deyim:

Mənə nağıl danış, inanım sənə,
Qorxmayım ay ana, təpəgözlərdən.
İnanım Xeyirin qələbəsinə,
Bilim qurtaracaq dünyanı şərdən.
Mənə nağıl danış, ay ana,de ki,
Ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın
Nə qədər qorxulu olsa da belə...

Nağıllarla bağlı bir fikir də deyim: bir dəfə Aqil Abbasın xalq nağıllarımızla bağlı bir fikrini eşitdim. Dedi ki, mən istəmirəm uşaqlar Məlikməmmədi tanısınlar, qardaş qardaşın ipini kəsir, quyuya salır. Bir az düşündüm o vaxt: niyə uşaqlara belə nağıllar danışmalıyıq doğrudan? Amma adamın ipini elə başqa adam kəsir. Burda lap sonuncu həddi veriblər-qardaş. Buna inanmaq istəmir adam. Amma mənə çox doğma olan, yaxın olan iki nəfərdən elə ağlasığmaz hərəkət gördüm ki, Məlikməmmədin qardaşlarını da ötdülər. Bəlkə də elə uşaqlara təpəgözlərin varlığını deməlisən. Düzdü, indi nəvəmə danışdığım nağıllarda hətta canavar da nənəni yemir, dost olur, amma uşağı canavarın yeyə bilməsinə də hazırlamaq lazımdı. Qızıma yazmışdım həyatın, insanların yaman üzünü gördükcə yaşadıqlarını hiss edib: 

Ay boyuna qurban bağışla məni,
Sənə namərdlərdən söhbət açmadım.
Gözəl duyğularla böyütdüm səni,
Yamandan, yalandan heç danışmadım.
Həyatın dolaşıq bu yollarında
Üz-üzə gəlirsən indi yalanla.
Yolunda hər şeyə hazır olsam da
Qoruya bilmirəm səni yalandan...

- Məncə, siz şeirlərinizi qələmlə yazmaq əvəzinə fırça ilə çəkirsiniz... Yanılmıram ki?

- Bu sualı bir bir oxucumun sözlərilə cavablandırmaq istəyirəm. Şəbnəm - məncə şeirlər iki cür yazılır: qələmlə bir də ürəklə. Kəmalə Abiyeva ürəklə yazır - demişdi. Siz deyirsiz fırçayla. Əslində çox gözəl deyimdi. Sən duyduqlarının, yaşadıqlarının, anladıqlarının, demək istədiklərinin şəklini çəkirsən - şeir budu. Nə gözəl həqiqət dediniz mənə. Hər ikinizə təşəkkür. Bundan böyük qiymət yoxdu ki.

- Modern Azərbaycan ədəbiyyatı sözün yeni mərhələsinə qalxa bilirmi?

- Çox çalışır, çox səy göstərir, maraqlı imzalar, istedadlı gənclər də çoxdu, fərqi yoxdu şeir, ya nəsr - Aysel , Sahilə, Dilqəm, Fərid,  Şəhriyar,  Ziba Xəlil, Alik ... Var imzalar və məncə Nobeli məhz onlardan biri gətirəcək Azərbaycana..

“Ədəbiyyatı zibilləyirlər...

- Ümumiyyətlə, çağdaş ədəbiyyatımız sözün üzünü qara etməyib ki ?

- Sözlər o qədər çoxalıb hansını deyim bilmirəm.
Sözlər sanki yoxa çıxıb bircə söz tapa bilmirəm.

Bununla kifayətlənə bilərdim. Amma indiki cavan yazanlar arasında elələri var ki, adam doğurdan söz tapmır. Baxırsan şeirləri, məsələn Ramiz Rövşənin, Vaqif Səmədoğlunun fikirləridir. Özünü dahi hesab edir. Əslində gördüyün işdə iddia olmalıdı - amma işinə görə. Səməd Vurğunu, Rəsul Rzanı bəyənməyən nə edə bilər ki, poeziyada? Bəzi oxucular razılaşmaya bilər ki, hərənin öz münasibəti var. Bilmirəm. Mən bəlkə fərqli düşünürəm. Səməd Vurğun partiyaya şeir yazıb - bu o deməkdi ki, o pisdir? Necə yazıb? Nə qədər istedadla yazılıb? Məsələn, bir gözəl parçadan dərzi elə yöndəmsiz paltar tikə bilər ki. Bir başqası adi çitdən gözəl bir paltar tikə bilər. Bu da dərzinin istedadıdı. Düşünmələri bu qədərdi. Ancaq mənim oxucularım biləcək nə dediyimi. Qoy bu "dahi"lər o qədər sadə, o qədər yatımlı, o qədər musiqili, o qədər yaddaqalan elə o üslubda bir “Azərbaycan” şeiri yazsınlar. Sözləri hamı bilir, amma hamı Səməd Vurğun olmur. O ki,  qaldı onların nəsrinə - ədəbiyyatı çirkləndirirlər. Bunların müsbət, ziyalı qəhrəmanı elə söyüşlə danışır. Üzr istəyirəm, gecəni nə etdiyini gəlib başqalarına danışır. Mən bilmirəm hansı cəmiyyətdə, hansı ölkədə belə tiplər var. Biri 5-6 gəncin yaşlı bir qadına görə növbəyə durmasından yazır. Hardadı o özünə hörmət edənlər? Bunlar öz yaşam tərzlərini ədəbiyyata gətirirlər. Özü də əsaslandırırlar ki, biz hamı üçün yazmırıq. Yəni bu tip yeniyetmələr var təbii ki. Amma unudurlar ki, belə tiplər ümumiyyətlə kitab oxumur. Deməli heç kim üçün yazmırlar. Səməd Vurğunu bəyənməmək, ədəbiyyata mənasız, səviyyəsiz qəhrəmanlar gətirmək ədəbiyyatı zibilləməkdir. Elə sözün üzünü qara etməkdi. Mən müəlliməm həm də. Siz də az-çox bilirsiniz məzunlarımın münasibətini, məsələn biri yazıb: “İllər keçsə də siz mənim qəlbimin sultanı olacaqsız”. İdeal, əvəzsiz insan yazanlar da çoxdu. Düşünməyin ki, özümü tərif üçün deyirəm. Məqsədim daha böyükdür. Səbəb NİYƏsidir. Niyə belə düşünürlər? Mən onlara ilk növbədə özünə hörmət və özünə inam öyrədirəm. Özünə hörmət - bu bilirsiz nədir? İçini kirlənməyə qoymamaq, oturduğun kətili, mindiyin avtobusu sevmək, hörmət etmək. O ki qaldı vətən, torpaq, insanlar ola. Yəni cəmiyyətə - həyata təmiz, hörmət dolu, sevgi dolu insanlar vermək lazımdı. Bir yazını da oxuyanda sərsəmlikdən başqa bir şey yoxdusa - ədəbiyyat deyil. Fikirləşməyin mən onları oxuyuram. Bir kitabdan 3-5 səhifə. Sonra mənimçün yazar yoxdu belə imzada. Heç onların adını da çəkmək istəməzdim. Əslində inanın adları yadımda deyil. Sadəcə sizin suala dəqiq cavab vermək üçün nəsə öyrənə bilərdim, istəmədim. Oxusalar, biləcəklər, amma onlar bizi bəyənmirlər axı. Bəzi nisbətən yaşlı nəslin onlara güzəşt etməsi, nəsə sözlərinə cavab verməsi. Mən unutmuşam onları..

- Hazırda kimləri oxuyursuz? Həm dünya, həm yerli ədəbiyyatdan...

- Bu gün kimi oxuyuram? Əslində imkanım daxilində oxuyuram. Deyim ki, mən əlifbanı öyrənəndən mütaliə edirəm - 2-ci sinifdən. O qədər kitab oxuyurdum ki. Heç o yaşda anlamırdım, amma oxuyurdum, həm də kitab yığırdım. Sonralar o kitabları bir də oxuyurdum. Başqasından alıb oxuduğum bəyəndiyim kitabı mütləq əldə etməliydim mənim olsun deyə. Bütün yazıçılarımızı oxumuşam - İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Əfqan, Salam Qədirzadə, İsa Hüseynov, Fərman Kərimzadə.... Mövlud Süleymanlını sevə-sevə oxuyuram. Sonra Kamran Nəzirli, Elçin Hüseynbəyli, Yeganə Kərimzadə, Flora xanımı. Esmira Fuad nə yazsa onu. İndicə Orxan Fikrətoğlunun "Ölü mətn"ini oxumağa başlamışam. Afaq Məsudu, Anarı, Aqil Abbası oxumağı sevirəm. İradə Tuncayın yazılarını sevirəm. Xarici ədəbiyyatda Vitor Hüqonu, Balzakı, Drayzeri çox oxuyardım. "Ovod"u dəfələrlə oxumuşam. Son vaxtlarda Kunderanı, Voolfu, Elif Şəfəqi oxumuşam. Bir də Cemal Süreyanın "Sevda sözləri"ni. Daha nə qədər oxuyum ki. İnternetdə də maraqlı yazıları, mətbuatı, ədəbiyyatdakı  şou qalmaqalları arada izləyirəm. Bunlar hamısı nəsr oldu deyəsən. Ən çox şeir oxuyuram axı. Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Vaqif İbrahim, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Səlim Babullaoğlu, Salam Sarvan, Əjdər, Əbülfət, Ağacəfər... Hamısını oxuyuram. 80-ci illərin uşaqlarını daha çox oxuyuram. Aman nə yaxşı unutmadım - Vaqif Səmədoğlu və Yusif Səmədoğlu. Ən çox isə bilirsiniz kimi oxuyuram Aysel Əlizadəni. Nəsrini, şeirlərini, publisitikasını, hamısını da çox bəyənirəm.

- AYB ilə münasibətləriniz necədir?

- Gəlin bütöv deyək: Azərbaycan Yazıçılar Birliyi. Görün nə gözəl səslənir. Azərbaycanda yazarlar var və onların birliyi var. Mən də o birliyin üzvüyəm. Özü də üzv olmaqda gecikmişəm. 8 ildi oranın üzviyəm. Orda mənim sevdiyim, hörmət etdiyim insanlar da var, sevmədiyim, tanımadıqlarım da. Nə olsun? Məgər işlədiyim yerdə yoxdu? Yaxud, təhsildə o qədər narazı olduğum məsələlər var ki... İndi neynəyim, müəllimliyi atım? Mən yaxşı müəllim olum, təhsilə kömək edim - belə düşünürəm. Şagirdlərimə yaxşı nəsə verə bilirəmsə, onunla məşğul olum. Bu da birlikdi. Niyə olmasın, başa düşmürəm. Düzdür, fəaliyyətindən narazıyam. Mən istərdim ki, onun varlığı cəmiyyətdə hər an hiss olunsun. İndi bu narazı olanlar da, mən də özümüz heç nə eləmirik axı. Müəyyən bir təkliflə, tədbirlər planıyla, nə bilim hansısa maraqlı fikirlə kim gedib ki, ona yox deyiblər?

“Hamı birdən ölməlidi ki?..”

- Üzvlərin sayı çoxdu? Buna münasibətiniz?

- Niyə çoxdu? AYB 75 illiyini qeyd elədi. Qurum yaranandan 20 üzvü olubsa, 1500 çox deyil. İlə 20 nəfər. Dünyasını dəyişənlər olur, yeni üzvlər də olur. Hamı birdən ölməlidi ki?.. O ki qaldı zəif, ya yaxşı yazıçı məsələsinə, bu birlikdi - Yazıçılar Birliyi. Bəlkə yazarlar birliyi olardı? Yəni dahi, ya güclü yazıçılar qurumu deyil axı. Həm də indi çox deyirlər bu fikri: heç bir birlik gözəl yazıçı yetişdirmir. Və orda hansısa zəif yazıçının olmağı heç kimin istedadına mane olmur. Məncə, AYB-yə münasibətimi bilmək üçün yetər.

- Bir ara uzun müddət çap olunmadınız. Kimdən incimişdiz: sözdən, ya sözü incidənlərdən?

- Mən elə indi də az çap olunuram. 90-cı illərə qədər kifayət qədər çap olunurdum. 80-cilərin işi bir az ağır oldu. Əsas dövrü çətin keçdi - yenidənqurma, quruluşun dəyişməsi, Qarabağ dərdi. O dönəmdə heç çap haqqında düşünmürdüm. Necə deyim, hər şey mənasız gəlirdi Azərbaycan dərdi yanında. 10 ilə yaxın belə keçdi. Bir az sözlərimə yazılan mahnıların təsiri oldu. İlk kitabım da 99-da çıxıb. Sovet dövründə bütün mətbuatda, bütün almanaxlarda yazılarım olardı. İndi bir-neçə dəfə "Ədalət"ə, "525"ə şeirlər vermişəm, çap ediblər nə vaxt müraciət etmişəmsə.

““Ədəbiyyat” qəzetinə heç getmirəm”

- Bəs AYB-nin mətbuu orqanları? Onlara da şeirlər təqdim etmisiniz?

- Hə, bax qoy bu haqda deyim. “Ədəbiyyat” qəzetinə heç getmirəm. Orda mənim şeirlərimi Nəriman Həsənzadə verərdi. O ki qaldı "Azərbaycan" jurnalına, özümə söz vermişəm: nə qədər ki, Qəşəm Nəcəfzadə poeziyaya baxır, orda çap olunmaram. Bax Anar müəllimin qınaq səbəblərindən biridi bu adam. Bilmirəm niyə onu çıxarmır? Səbəbini soruşun. Bir dəfə şeirlərimi təqdim elədim, özü də ona deyil, Vaqif Yusifliyə. Bir müddət keçdi. Maraqlandım. Gördüm Vaqif müəllim nəsə cavab verməyə çətinlik çəkir. Demə, Qəşəm nəsə xətt qoyub, razılıq verməyib. İstədim bir gedim deyim: sən kimsən? Birinci gərək məndən ötə olasan bunun üçün. İkinci,  AYB-nin üzvüyəm, burda çap olunmaq, hər bir üzvün, Nəcəfzadə bəyənməsə də haqqıdı. Bax,çoxları Anar müəllimi məhz,  bununla bağlı qınayır. Mən də özümü niyə bunu tələb etmədiyim üçün qınayıram. Amma bilirsiniz Yusif Səmədoğlunu heç unutmuram. Bu jurnalda baş redaktor olub, şeirlərimi də o verib. Böyük söz adamı, böyük insan. O qədər böyük şəxsiyyətdən sonra jurnalda kiməsə şeir aparmaq mənə qəribə gəlir. O vaxt  “Kommunist” qəzeti var idi. Hər imzanı verməzdilər, ən yüksək qonorar da o qəzetin idi. Poeziya bölməsinə Gözəl yazıçımız Əfqan baxırdı. Hər poeziya səhifəsində çap olunurdum. Eləcə də başqa mətbularda. Qoy indi də çap olunmasın.

- Yeri gəlmişkən, bu gün Azərbaycan ədəbiyyatında sözü incidənlərə kimləri misal çəkə bilərsiniz?

- Bu haqda bir az danışdım. Qabaqki nəslin nümayəndələrindən heç nə demək istəmirəm. Məktəb yaşlarımda çoxunu sevə-sevə oxumuşam. Düzdü, sonralar oxuyanda zəif hesab elədiyim əsərlər də olub. Amma olsun.

“Elə mahnı mətnlərim var ki...”

- Hazırda bizdə  hər hansı ədəbiyyat nümayəndəsi tanına-tanına, məşhurlaşa-məşhurlaşa yaradıcılıq potensialı azalır, zəifləyir. Bəlkə siz məhz, buna görə reklama çox önəm vermirsiniz?

- Yaradıcılıq potensialı haqqında konkret nəsə deyə bilmərəm. Ən məşhur yazıların da nəsə zəif yazıları ola bilər. Əslində hər yazıçını məşhur edən hansısa bir əsəri olur. Və hər kəsin potensialı azala bilər. Məncə bunun məşhurluqla yox, yazarın məşhurluğa münasibətiylə əlaqəsi var. Həm də istedad elə bir şeydi ki, o azala bilməz. Özü də indi bizdə bu dəqiqə məşhur olanlar bəyəm ən istedadlılardı? Ya da potensialı çox olanlardı? Yox! Daha çox özünü reklam etmək imkanı olanlardı. Bu da ciddi məşhurluq deyil. Mən məşhur olmaqdan çox, yadda qalmağın, sevilməyin tərəfdarıyam yazı adamı kimi, həm də elə insan kimi. O da məşhurluğumdan çoxdu.

Bir də ki, elə mahnı mətnlərim var ki, bu saat özünü reklamla məşğul olanların onlarla kitabından daha çox yaddaşlardadı. Deyəsən, özümü təriflədim...

- Mümkünsə sonda özünüz özünüzə bir sual verin. Cavabını deməsəniz də olar.

- İnsan hər gün özünə çoxlu suallar verir. Bu həm də yaşadıqlarından asılı olur. Amma belə ciddi sual... Çoxlu yarımçıq yazılarım var, xeyli. Hər gün özümdən soruşuram: Niyə az yazırsan? Niyə bunları bitirmirsən? Amma dəqiq cavabım yoxdu həqiqətən. Bunun nə cavabı ola bilər ki? Bəhanələrdi hamısı. Tənbələm yəqin. İddialı deyiləm bəlkə. Hər işdə iddia da lazımdı.
Olar mən də sual verim, amma sizə yox,  Binəqədi rayonunun icra başçısına.

- Buyurun.

- Anamın, mənim çəkdiyimiz zəhmətlə əldə etdiyim, mənimlə böyüyən mənzilim var. Prezidentimizin də bu abadlaşdırma işlərində əhalinin rahatlığını nəzərə alaraq çox da böyük olmayan artımları sökməmək haqqında sərəncamı, göstərişi var. İndi siz bunu nəzərə almırsınız. Dünyanın heç bir ölkəsində heyvanlar üçün belə, istifadə olunmayan nəsə plastikizalyator rolunu oynayan maddə ilə evimizi,  yenə heyvanlara belə, tədbiq olunmayan qara şüşələrlə pəncərələrimizin üstünü örtürsünüz. İnsanı havadan, gün işığından məhrum edirsiniz, pulsuz olduğu üçün yəqin. Hansı qərarla, hansı sərəncamla mənim rahatlığımı pozduğunuzu bilmək istədiyim məktuba cavab vermirsiniz. Yaxşı, olsun. Deyin, bütün bayramlarımız - Yeni il, 8 mart, Novruz, Respublika günü, Ordu, Müstəqillik, Qurtuluş  hamısı zibil içində keçib. Növbəti bayramları, ən azından prezident seçkilərini də belə qarşılayacağıq? Bəlkə mətbuata cavab verəsiniz?  

Elmin Nuri 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir