Modern.az

Müğənnilərin xeyriyyəçilikdən yayınmaqları: “Yekə kişisiz, məni narahat etməyin” - SİYAHI

Müğənnilərin xeyriyyəçilikdən yayınmaqları: “Yekə kişisiz, məni narahat etməyin” - SİYAHI

6 Avqust 2013, 12:57

 

Geridə qalmaqda olan Ramazan ayı boyunca telekanallarda sənət adamlarının iftar süfrəsi açması, uşaq evlərində konsert verməsi geninə-boluna işıqlandırıldı. Hətta bu məsələyə o qədər həssas yanaşılırdı ki, hansısa müğənninin valideyn himayəsindən məhrum olmuş körpələrə apardığı bir torba şirniyyat da kameranın “gözündən” yayınmırdı. Təbii ki, bütün bunlar çox gözəldi. Necə deyərlər əl tutmaq Əlidən qalıb. Amma görək Əlidən qalan bu adət-ənənə gerçəkdənmi davam etdirilir, yoxsa kameranın gücünə?

Təbii ki, bunu öyrənmək üçün özümüzü jurnalist kimi təqdim edə bilməzdik. Sənət adamlarına müraciət edərək hər hansı uşaq evindən bir uşağı bir həftəlik himayəsinə götürüb, götürə bilməyəcəyini soruşduq. Alternativ variant isə həmin bir həftə ərzində uşağın istirahət mərkəzlərindən birinə göndərilməsi idi. Qısaca desək, sənət adamı ya uşağa bir həftəlik hamilik etməli, ya da onun bir həfətlik istirahətini təşkil etməliydi. Bir daha qeyd edək ki, özümüzü jurnalist kimi yox, uşaq hüquqlarının müdafiəçisi qismində təqdim etmişik.    

Tanınmış müğənni Tacir Şahmalıoğlu:“Hə, niyə saxlamıram ki? Niyə qalmır ki? Uşaqdır, yoxsa böyükddür?”.
Sənətçiyə xatırladırıq ki, bir həftə evində saxlayacağı şəxs uşaqdır. Cavabı belə olur:
“Hə, lap yaxşı saxlayaram. Nə vaxt lazım olsa, mənə zəng vurun. O bir həftə ərzində öz uşağımı necə saxlayıram, onu da elə saxlayacağam”.   

Əməkdar artist Elza Seyidcahanın telefonuna isə bacısı cavab verdi. Hərçənd ki, səs dəstəyi götürən şəxsin Elza Seyidcahanın özü olduğunu deyirdi: “Uzağı bir saata zəng vurun, Elza xanım özü sizə cavab verəcək”. Deyilən vaxtda bir neçə dəfə zəng vursaq da...   

Son zamanlar ibadətlə məşğul odluğunu deyən müğənni Xuraman Şuşalının məsələyə reaksiyası belə oldu:
“İndi saxlaya bilmərəm, anam naxoşdur. Uşaqlarıma özüm baxıram. Yaxşı kampaniyadır və istərdim iştirak edim. İndi oruc tutram “uspet” eliyə bilmirəm”.

“Onda həmin uşağın istirahət mərkəzlərindən birində bir həftəlik istirahətini təşkil edə bilərsinizmi” sualından sonra aldığımız cavab: - Uşağım ağlayır e...

Nə vaxt olacaq? - Bir həftəyə. 

- Bir həftəyə mənə zəng vurun. O vaxta kimi Ramazan da çıxacaq. Zəng edin danışarıq.   

Son zamanlar sərt açıqlamaları ilə diqqət çəkən xalq artisti Bilal Əliyev isə sualımızı dinləyəndən sonra: “Başın xarab olub? İndi mən gəlib evimdə adam saxlamalıyam? Mən xarici ölkəyə gedirəm, yol üstündəyəm, Azərbaycanı təbliğ edəcəyəm. Kimə himayəlik eləmək lazımdır özüm çox əla bilirəm. Yekə kişisiz ala... Hər şey üçün adamı narahat etməyin”. Təxminən 10 dəqiqədən sonra sənətçi özü redaksiyaya zəng vurur:
“Gedin dövlətə müraciət edin. Dövlət bütün övladlara qayğı  göstərir. Belə kampaniyalar nəyə lazımdır? Mən gedib qanuni pulumu qazanıb vergi verirəm və özüm də bilirəm ki, kimə qayğı  göstərmək lazımdır. Dediklərimin hamısını qeyd elə.  Mən birbaşa Əflatun müəllimin yanına qalxacam, ondan sonra da cənab prezidentin. Sizdən xahiş edirəm qapı-qapı düşüb kiməsə müraciət etməyin ki, kiməsə kömək eləmək lazımdır. Kömək eləmək üçün qanunlar, qaydalar, dövlət var”.  

Əməkdar artist Almaz Ələsgərova isə təklifimizi dinləyəndən sonra dedi: - Mən diş həkimindəyəm sonra zəng vurarsan danışarıq.

- Təklifimizə “yox” deyirsiniz?
- İndi heç nə başa düşmədim. Çünki doktor başımın üstündədir.

- Uşaq evindən bir uşağı bir həftə götürüb saxlaya bilərsiniz? 

-Mənim vaxtım yoxdur.

- Onda bir həftəlik istirahət xərcini çəkərsiniz?

- Ayın 7-də Şağandakı uşaq evində iftar süfrəsi açacağam. Mən və musiqiçilərim olacağıq. 

- Orda başqa müğənni olacaq?

- Ancaq öz tələbələrim olacaq.

- Uşaqla bağlı cavabınız nədir?

- Hansı suala? 

- Yəni dediyim uşağı sizin himayənizə verə bilərik bir həftəlik?

- Mən məşğulam e, danışa bilmirəm.   

Tanımış müğənni Könül Kərimova isə bildirdi ki, valideyn himayəsindənm məhrum olmuş uşaqlarla üzbəüz gəlmək istəmir

-Yox e nəsə başqa şey fikirləşərəm. Mən onlarla üz-üzə gəlsəm, dünyam dağılacaq. O uşağa öyrəşsəm sonra ayrıla bilmərəm e (kövrəlir). Mən elə verilişlərə baxanda ölürəm. Bir dəfə təsadüfən Yaşıl Teatrdakı konsertdə o cür uşaqları gördüm, bir həftə özümə gələ bilmədim. Orda nə qədər uşaq olacaq?

- Bir nəfər. 

- Hara göndərim ki onu?

- Məsləhət sizindir. 

- Tək hara göndərmək olar ki onu. 

- O bizim nəzarətimizdə olacaq. Sadəcə maliyyə tərəfini siz həll edəcəksiniz. 

- Özüm baxsam ondan yaxşıdır.

- Hə, bu daha böyük savabdır.

- Ay dədə...

- Hansı uşaq evidir bu? 

- Hansındansa götürüləcək.

- Qoy mən bir şey fikirləşim özüm sənə zəng vuracam. Eləsəm də sizin əlinizlə edəcəyəm. Amma o uşaqlarla qarşılaşmaq istəmirəm.

Hər halda Könül xanım əlaqə nömrəmizi götürdü...


Əməkdar artist Gülyaz Məmmədova isə bildirdi ki, iştirak elədiyi layihəyə görə belə məsuliyyətə qol qoya bilməz. 

- Mən avqustun 15-nə qədər elə bir layihədəyəm ki, mümkün deyil. Belə uşaqlara böyük hörmətim  var.

- Bir həftəlik harasa göndərməyiniz mümkündür?

- Hələ yox. 

- Bu uşağı 1 həftəlik harasa göndərmək maksimum 200 manat edir.

- Bildim, amma mən başqa bir işə yardım etmişəm. 

- Hansı işə?

- Açıqlamaq istəmirəm. Amma bir ailədir. 200 manata hamının gücü çatmalıdır. Xahiş edirəm məni sonrakı siyahıya salın.  

Mənzərəni özünüz gördünüz. Durumu şərh etmək isə sizin ixtiyarınızdadır. Həqiqət olan bir şey var ki, kameranın gücünə alınan bir torba konfet hələ xeyriyyəçilik deyil.

 

İntiqam Valehoğlu

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər