Modern.az

Vasif Məhərrəmli: “Bunlardan yazın e... Yoxsa ki, “sual verirlər it saxlayırsan, pişik?”” - MÜSAHİBƏ

Vasif Məhərrəmli: “Bunlardan yazın e... Yoxsa ki, “sual verirlər it saxlayırsan, pişik?”” - MÜSAHİBƏ

Mədəni̇yyət

7 Avqust 2013, 11:46

Tanınmış müğənni Vasif Məhərəmli Modern.az saytının suallarını cavablandırıb.

- Yaradıcılıqla məşğulam, yeni mahnılar yazdırıram. Tənbəllik etməsək, payızda bir-iki klip çəkməliyik.

- “Sənsizlik”dən sonra elə də yaddaqalan mahnınız yoxdur...

- Mahnılar çoxdur, o tutarda yoxdur. İndi Tunarın  bir bəstəsini oxuyacağam.

- Səhv etmirəmsə, “Sənsizlik” də Tunarın bəstəsi idi. Tunarla davamlı əməkdaşlıq planınız var?

- Əlbəttə. İndi bir mahnı var, amma payıza saxlamışıq.

- Sizin həm də geniş vokal imkanlarınız var. Nə vaxtsa klassik əsərlər oxumağı düşünürsünüz?

- Mən elə klassik janrı bitirmişəm də.

- Amma sizi daha çox estrada ifaçısı kimi tanıyırlar.

- Elədir. Televiziya konserti formasında klassik üslubda nəsə hazırlamaq fikrim var. Rəşid Behbudovun repertuarından yalnız onun oxuduğu mahnıları ifa etmək istəyirəm. Əslində məni tanıdan “Bakılı qız” mahnısı da klassik üslubda idi. İndi dövran dəyişdi, biz də ayaqlaşmağa məcbur olduq.

- İnsanların tələbatına uyğun oxuyursunuz...

- Ancaq, ancaq.

- Amma bir məsələ var. Yaşlı sənətkarlar deyirlər ki, “tamaşaçı zövqünün ardınca getsək, Üzeyir Mehdizadə səviyyəsinə düşürük”.

- Niyə elə düşünürsünüz? Tahir Əkbərdən, Nailə Mirməmmədlidən, Asif Kərimovdan mahnılarım var.  “Görüş” filmindən oxuduğum mahnı da klassik üslubdadır. Daha nə etməliyik ki?

- Mətbuatda yazılırdı ki, ailə həyatı qurandan sonra bir müddət rayonda yaşayacaqsınız.

- Elə bir şey yoxdur. Toydan iki gün sonra Bakıya gəlmişəm. Yerim-yurdum, işim gücüm, qeydiyyatım Bakıyadır.

- Bu yay istirahət edə bildiniz?

- Getdik də, gəldik də.

- Ölkədən kənara?

- Həm kənarda, həm də ölkədə istirahət elədik.

- Peşəkar ifaçı kimi fikrinizi bilmək maraqlıdır. Gənc ifaçılardan güclü səslər kimlərdir?

- Özüm də orucam, kimisə yadıma salmaq istəmirəm. Heç ehtiyacım da yoxdur. Kiməsə qulaq assam, desəniz cavab verərəm.

- Bir ay oruc tutdunuz?

- Bir ay olmasa da vətəndə olduğum müddəti tutdum. İlk dəfə deyil oruc tuturam.

- Məsələn Rüfət Axundovun səsi ilə bağlı ikili fikirlər var. Bəziləri deyir ki, boğuq səsdir, bəziləri qeyri-adi olduğunu düşünür.

- Rüfət dostumuzdur, indi mən nə deyim? Özü də Rüfət gənc deyil ki, yaşı qırxı keçib.

- Rüfətin 32-33 yaşı var. Sizi bir çox hallarda jurnalistlərlə sərt rəftarda qınayırlar. Niyə belə düşünürlər haqqınızda?

- Tamamilə səhvdir bu fikir. Kim deyir bunu? Mən sizə bir söz deyim də. Belə suallar olanda istər-istəməz əsəbiləşirəm. Mən demirəm ki, bu fikri özünüzdən çıxarırsınız. Amma maraqlıdır ki, bunu hansı mənbədən eşitmisiniz?

- Həmkarlar arasında olan söhbətdir.

- Mən bunu eşidəndə mediadan iyrənirəm, müsahibə vermək istəmirəm (əsəbi şəkildə danışır-İ.V).  Fikrim budur ki, gələcəkdə mediaya müsahibə verməyim.

- Bu haqda heç yerdə yazılmayıb. Sadəcə həmkarlar arasında olan söhbətdir.

- Bilirsiniz niyə? Çünki  mənə çox zəng edirlər, amma müsahibə vermirəm.

- Niyə?

- İstəmirəm.

- Amma istənilən sənətçini cəmiyyətə media, mətbuat tanıdır.

- Ona mən bir söz demirəm ki. Amma elə məqamlar olur ki, istəmirəm. Ona görə də gedib pisləyirlər. Bir insanı xalq sevirsə, onu kim nə qədər pisləyir pisləsin, xeyri olmayacaq.

- Amma xalq sizi medianın vasitəsiylə tanıyır.

- Mən kifayət qədər yaxşı adamam, insanlara əl tuturam, xeyriyyəçiyəm. Niyə yazırlar ki, ay damımızdan pişik keçib, nə bilim nə. Belə şeylər lazım deyil. O gün gedib Gəncədəki uşaq evində qurban kəsmişəm, uşaqlarla görüşmüşəm, söhbətləşmişəm. Bunlardan yazın e. Ayda bir dəfə Bakı kəndlərindəki uşaq evlərinə qurban kəsib paylayıram. Yoxsa ki, “sual verirlər it saxlayırsan, pişik?”.

- Mən sizə itdən pişikdən sual vermədim.

- Məsələn dedim, sizi demirəm.

- “Məsələn”ə qalsa, o qədər pis müğənnilər var ki... Şəxsən mən bunları bilmirdim. Demədiyiniz halda bilə də bilməzdim.

- Belə şeyləri işıqlandırmağı sevmirəm. Heç görmüsünüzmü ki, zurna-balaban götürüb uşaq evinə gedəm?

- Sizcə xeyriyyəni reklam etmək doğrudur?

- Xeyr. Məni qazanı efirə göstərdiyimi görmüsünüz? Bir dəfə uşaq evinə getmişdim. Xanım müğənnilərdən biri özüylə bir qazan yemək  gətirib. Orda da işçilərə deyir ki, “burda sizin yeməkləriniz varsa, onu da gətirin qoyun çəkəndə görsünlər ki, mən gətirmişəm”.

- Deyəsən söhbət Rəqsanədən gedir..

- Yox, onu deyə bilmərəm. O deyildi.

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır