Modern.az

“Mənim 5-6 kişinin yanında hörmətim var, səsim açılsa da, daha oxumaram” - MÜSAHİBƏ

“Mənim 5-6 kişinin yanında hörmətim var, səsim açılsa da, daha oxumaram” - MÜSAHİBƏ

9 Avqust 2013, 18:51

/file/articles/
25 ildən artıqdır səsinin tutulması səbəbindən səhnəmizdən uzaq düşsə də, zamanında oxuduğu gözəl nəğmələri indiyədək sevilən böyük sənətkarımız Akif İslamzadənin 65 yaşı tamam oldu. 1948-ci ildə Bakıda anadan olun Akif bəy İqtisad İnstitutunda iqtisadçı mühasib ixtisası üzrə təhsil alsa da, sonradan əvəzolunmaz ifası onu sənətə gətirib. Unudulmaz sənətkarımız Sara Qədimovanın ocağında boya-başa çatan, ifaçılığa 1972-ci ildən başlayan A.İslamzadə “Sarı gəlin”, “Bu gecə”, “Qaragilə”, “Ala gözlüm” kimi onlarla gözəl musiqi əsərlərinə təkrarolunmaz, ecazkar səsi ilə öz möhürünü vurub. Ancaq kaş ki, əslində bir nəfərin yox, Azərbaycan mədəniyyətinin faciəsi olan o hadisə baş verməyəydi...Görün ötən onilliklərdə nə qədər gözəl mahnılar yazılardı...Üstəlik, Akif bəy və onun kimilərin olmadığı səhnədə özünü “ulduz” adlandıran nə qədər səsdən, mədəniyyətdən, əxlaqdan kasadlar meydan sulamaqdadır...

Bir neçə il əvvəl AXCP-dən istefa verəndən sonra onu dəfələrlə söhbətə çəkmək istədim, alınmadı, nəsə deməyə lüzum görmədi. Ad günü, özü də yubiley yaşı yaxşı bir bəhanə oldu. Ancaq bu dəfə də Bakıdan kənarda olması “tet-a-tet” görüşümüzə imkan vermədi. Lakin hər halda onu danışdıra bildik.
Modern.az saytı Akif İslamzadənin “Yeni Müsavat”a mmüsahibəsini təqdim edir.

- Akif bəy, sizi təbrik edirik. 65 yaşı necə keçirdiniz?

- Təşəkkür edirəm. Ancaq sizi inandırım ki, 60 yaşımda, yubileyimdə də evdə 4-5 nəfər oturmuşduq. Bu ocağın adamları, əzizləri məni güclə apardılar ad günü keçirtməyə. Özü də Ramazan bayramı kimi əziz bayram olan yerdə ad günü keçirməyə nə ehtiyac var? Ad günüdür də... Adi günlərdən bir az fərqlidir ki, sənə qarşı daha diqqətli olurlar, çoxdan eşitmədiyin səsləri eşidirsən, vəssalam. Bundan başqa fərq görmürəm.

- Arzuladığınız səslərin hamısını  eşitdinizmi bu yaşda?

- Təbii, zəng edib təbrik edənlər  çox oldu. Amma insanları da qınamaq olmur. Kiminsə yadındadır, kiminsə yadında deyil. Əvvəllər belə idi ki, televiziya və radioda deyilirdi, adamlar eşidirdi, zəng edirdi. Bu dəfə isə bayramla üst-üstə düşdü. Durub deyəsən ki, Akif İslamzadənin, ya qeyrisinin ad günüdür, bu, heç kim düzgün də deyil. Belə əziz bayram olan yerdə başqa məsələlərdən danışmağın yeri də yoxdur.

- Son vaxtlar nədənsə efirdə sizin ifa etdiyiniz mahnılara az yer verilir. Bunun səbəbi nə ola bilər?

- Vallah o, məndən asılı olan məsələ  deyil. Mən heç vaxt heç kəsə “ver, ya vermə”  deməmişəm. Ona görə də səbəbini deyə bilmərəm. Əvvəllər, bizim vaxtımızda da belə şey olub. Tutaq ki, kiminsə tanış-bilişi, dost-aşnası vardı, yaxşı bir əsər yazırdı, filankəs gəlib deyirdi ki, radio-televiziyaya verməyin. İndi də həmin toplumdur, bir az da korlanıb. Mən dəqiq demirəm ha, bəlkə də heç belə deyil. Amma sizin sözünüzün qüvvəti, mən öz-özümə fikirləşirəm, bəlkə belə hallar da var.

- Elə bu ad gününüzün təsadüf etdiyi bayram günündə retro mahnılarını verirdilər. Sizi yenə bu sırada görmədik...

- Verirlər də sağ olsunlar, vermirlər də. Nə deyim.

- Bir vaxtlar siz siyasətlə məşğul idiniz, partiya rəhbərliyində təmsil olunurdunuz, onda sizə qarşı ayrıseçkilik mövcud reallıqlardan başadüşülən idi. Artıq kənara çəkilmisiniz, indi nə baş verir?

- Hər halda mənim siyasətlə məşğul olmağım vətəndaşlıq mövqeyindən başqa bir şey deyildi. Mən AXCP Rəyasət Heyətinin üzvü olmuşam, özü də Elçibəyin təkidi ilə. Biz Elçibəyin siyahısında gedən adamlar olmuşuq. Mən bu gün də bununla fəxr edirəm. Amma öz siyasi anlayışımdan, vətəndaş mövqeyimdən kənara çəkilməmişəm. Siyasi partiyadan ona görə kənarlaşmışam ki, biz bacarmadıq, cavanlar gəlsin, bəlkə kiminsə yerini tuturuq.

- Ancaq o zaman bu addımınız suallar doğurdu, heç gedişinizin səbəbini açıb-ağartmadınız da...

- Təbii ki, sözün içindən söz çıxacaq. Bir söz deyəcəksən, sonra kontekstdən çıxarılacaq, dediyinə başqa bir məna verəcəklər, sən cavab verəcəksən, başqası nəsə  deyəcək. Üstəlik də məni televiziyaya buraxmırlar. Yeri gəlmişkən, bu günlərdə mənə ATV-dən zəng etdilər ki, bir psixoterapevt var, o deyir Akif İslamzadənin səsini açacağıq. Əvvəla, bu, qeyri-mümkündür. Əgər bu, mümkündürsə, ancaq cərrahi yolla mümkündür, psixoterapevtlik iş deyil. İkincisi də bunu televiziya vasitəsilə niyə edirlər? Lap tutalım möcüzə oldu, səs açıldı, Akif İslamzadə təzədən oxuyar?

- Oxumazsınız?

- Əlbəttə oxumaram. Mənim 5-6 kişinin yanında hörmətim var, deyirsiniz indikilərlə yanaşı adım çəkilsin? Təbii ki, ədəb-ərkanlıları da var, amma çox azdır. Mən istəmərəm bu gün incəsənətdə o 99 faiz insanlar ki, var – istər arvadlı, istər kişisi – onlarla bir yerdə adım çəkilsin. İstəmərəm bunu! Lap möcüzə də olsa, səsim açılsa, bir də oxumaram!

- Amma könül istərdi ki, “Sarı gəlin”i, “Qaragilə”ni yaşınızın bu çağında təkrarən sizin ifanızda eşidək...

- Bu gün “mənəm-mənəm” deyən varsa, kim özünə  inanırsa, bacarırsa, götürsünlər – heç indiyə  qədər belə söz deməmişəm – mənim 7 saatdan artıq səs yazım var, götürsün mənim  repetuarımdan bir dənə  mahnı oxusun. Özlərinə güvənirlərsə, oxusunlar. İstəyir qadını, istəyir kişisi.

- Sizcə, incəsənət aləmi niyə bu günə düşdü?

- Hər şey bir-biri ilə bağlıdır. Guya başqa sahələr yaxşıdır? Əgər cəmiyyət çökürsə, demək bütün sahələrdə  çöküntü var. Televiziyada-filanda incəsənət adı ilə  camaatın başını qatırlar. İncəsənət pisdirsə, demək cəmiyyət, toplum özü də onun günündədir. Bir də ki, belə vəziyyətdə toplumu idarə etmək asandır, bu, birmənalıdır. Cəmiyyət nə qədər əxlaqsız, primitiv olsa, onu idarə etmək o qədər asandır.

- Akif bəy, bütün bunları bilə-bilər, görə-görə bir kənarda, o odanızda susur və dözürsünüz. Bu, çətin deyilmi?

- Mənim özümün proqnozum var. Bilirəm bu cəmiyyət hara gedir və hansı illərdə nələr olacaq. İl yarım bundan əvvəl məni bir verilişə çağırmışdılar, “Nərdivan”a, ancaq sonradan fikirlərimi montaj elədilər. Hansı ki, mən orda gözlənilən hadisələri demişdim. Demişdim ki, Ərəbistan yarımadasında baş verənlərdən sonra Türkiyəyə keçəcəklər, sonra başlayacaq Türküstan. İndi Azərbaycanda 2013-cü ilin seçkilərini gözləyirlər. Yəni seçkilər olsun, cəmiyyətdə bir az da konflikt dərinləşsin. Ondan sonra Azərbaycanda, Qazaxıstanda, Türkmənistanda da hadisələr başlayacaq.   

- Amma bu gün Azərbaycan cəmiyyəti çox sakit görünür, heç seçki ab-havası da hiss olunmur...

- Elə bu cür sakitlik Misirdə  də var idi. 32 il hakimiyyətdə olmuş rejimi devirdilər.

- Rüstəm İbrahimbəyov, Milli Şura, prezident seçkilərinə müxalifətin hazırlıqları ilə bağlı proseslər barədə nə deyə bilərsiniz?

- Mən deyə bilmərəm ki, müxalifətin gücü yoxdur, ya bacarıqsızdır. Stalin demişdi ki, seçkilərin fərqi yoxdur, əsas qutunun başında kimin durmasıdır. Onu da deyə bilmərəm ki, müasir gənclik müxalifətin elektoratıdır. Amma bu gənclik iqtidarın da deyil. Bu qədər imkanları, əlində televiziya, qəzetlər ola-ola bugünki gənclik iqtidarın elektoratı deyil. Mənim proqnozuma görə 2015-16-cı ildə bu ölkədə bir dənə tarap-turup düşsün ki. Mən elə bir vəziyyətin yaranmasının ümumiyyətlə, əleyhinəyəm. Mən o fikirdəyəm ki, belə vəziyyətdənsə, gəlin monarxiya quraq. Sosializmdə yaşadıq, bu millətə bir faydası olmadı, son 20 ildə adı demokratiya olan bir rejimdə yaşadıq, yenə fayda görmədik. Elə isə gəlin monarxiya quraq. O da pis şey deyil. Bütün konstitusiyalı monarxiyalı ölkələrdə inkişaf var, hamısı təmin olunub. Qərbi Avropada İtaliya, Fransanı, Almaniyanı çıxmaq şərtilə hamısında monarxiyadır. Pis şeydirsə, niyə orda var? Gedib BMT-dən icazə almalıyıq ki, hansı quruluşda yaşamalıyıq? Elə isə bir təşəbbüs qrupu yaratsınlar, referendum yolu ilə monarxiyanın bərpa olunduğunu elan etsinlər. İlk baxışda normal görünmür. Amma monarxiyaya keçid olsa, görün nə qədər problemlər avtomatik öz-özünə həll olunar. Korrupsiyanın miqdarı bu qədər olmaz. Dövlət başçısı da hərc-mərcliyə, qarşıdurmaya sərf etdiyi bu qədər enerjini millətin sağlamlığına və biliyinə, təhsilə, səhiyyəyə sərf eləyər. Mən bir dəfə tələbələrdən soruşdum ki, müəllimlərinizin arasında sizə “siz” deyə müraciət edən varmı. Dedilər bir dənə müəllim var. Tələbəyə də “sən” deyərlər? Nə hazırlayırıq, kütlə?!

- Necə bilirsiniz, bu seçkilərdə  müxalifət ziyalı namizəd variantına üstünlük verməklə  düzgün yol seçdi?

- Düzgün olmağına düzgündür, amma fərqi yoxdur. Bu, nəticəyə təsir etməyəcək. Sənin 1 milyonluq sərvətin varsa, 1 milyonluq da hakimiyyətin olmalıdır. Əllərindəki hakimiyyəti saxlamaq üçün əllərində hökmən hakimiyyət olmalıdır.

- Müxalifət liderləri arasında seçki ilində  belə ixtilafın davam etməsinin başlıca səbəbini siz necə  izah edərdiniz?

- O olacaq. Müxalifətin içərisində ixtilafın əsas səbəbkarlarından  biri orada müxalifət görüntüsü yaradanlardır. Müxtəlif qüvvələrin adamları da var, ora salıblar. Bu, “O olmasın, bu olsun” filminə bənzəyir. Allah Üzeyir bəyə rəhmət eləsin, görün bu milləti necə tanıyıb: bəyimiz Rüstəm bəy fırıldaqçıdır, Məşədi İbada torba tikir, pulunu alır, qızını da vermir. Məşədi İbad din adamıdır, içki olan süfrədə oturmur, amma ölümə fitva verir. Biz də indiyəcən 1 abbasını gözləyirik. Vəssalam.

 - Akif bəy, bir vaxtlar məktəb yaratmaq niyyətiniz vardı. Hazırda məşğuliyyətiniz nədən ibarətdir?

- Özümün bəzi sandıq ədəbiyyatım, yazılarım var. Çünki mən özüm olmayandan sonra o işlərlə heç kəs məşğul olmayacaq, özümün lent yazılarımı nəzərdə tuturam. Hələ ki, onları hazırlamaqla məşğulam. Biz hələlik siyasi proseslərə tamaşa edirik. Amma bizim dövlətçiliyimizlə bağlı hansısa xətəri hiss eləsək, yenə əvvəlki kimi gedib birinci sırada dayanacağıq.

- Amma daha partiyalardan birdəfəlik ayrılıbsınız?

- Qismət olsa, mən deyənlər olsa, bəlkə  qoşulam. Mən ömrümün axırına kimi, son nəfəciməcən vətəndaş mövqeyindən çıxış edəcəyəm. Azərbaycanın müstəqilliyini arzulayanlar şəhid oldular, bu günü görmədilər. Biz o günü 70-ci illərdən gözləyirdik, dünən çıxmamışıq ortalığa. Mən Elçibəylə 1971-ci ildən tanışam. Bu gün zəngin insanlarımız var, Allah başacan eləsin. Elə bizim davamız bu idi ki, müstəqil ölkəmizdə zəngin insanlar olsun. Bu millət o qədər kasıbçılıq çəkib ki. O başqa məsələdir ki, varlı adam bundan çox olmalıdır.

- Müstəqilliyini uzun illər gözlədiyiniz Azərbaycana baxanda sevinə bilirsinizmi?  

- Mən bundan artığını gözləyirəm, bundan artığını istəyirəm. Elçibəy deyirdi ki, elə  yol qoymuşuq ki, bunlar o yoldan çıxa bilməyəcəklər, səbrli olun. Doğrudan da baxıb görürük ki, bir az gecikməklə, bir az primitiv üsulla gəlib çıxırlar həmin yola.

- Ad gününüzdə keçmiş sədriniz Əli Kərimlidən, digər liderlərdən təbriklər gəldimi?

- Yox. Yəqin yadlarında deyil. 60 yaşım olanda hamısı zəng edib təbrik etmişdilər. Salaməleykümümüz, dostluğumuz yerində qalır. İstər İsa Qəmbər, istər Əli bəylə münasibətlər həmişəki kimidir.

- Adətən, ad günü, yubileylərini qeyd edənlər yüksək dövlət mükafatları, orden, medallarla təltiflənir. Sizin belə bir gözləntniz varmı?

 - Mənim fikrimdən elə bir şey keçmir. İstəmərəm də  mənim adım bunlarla bir yerdə çəkilsin. Başqa ad lazım deyil. Akif İslamzadə adı mənə bəs edir.

 Elşad PAŞASOY    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi