Modern.az

Xalq artisti Ağaxan Abdullayev: “Xahiş edirəm belə suallarla məni çox zilə çəkmə...” - MÜSAHİBƏ

Xalq artisti Ağaxan Abdullayev: “Xahiş edirəm belə suallarla məni çox zilə çəkmə...” - MÜSAHİBƏ

10 Avqust 2013, 10:24

Xalq artisti, məşhur muğam ifaçısı Ağaxan Abdullayev Modern.az saytının suallarını cavablandırıb.

- İki-üç il əvvəl xəstələndiyimə görə sənətimdə fasilə yarandı. Şükür Allaha, indi yaxşıyam. İnşallah bundan sonra oxumağa başlayacağam.

- Səhhətinizdəki problem nə ilə bağlı idi?

- Burnumdakı qaymorit bir az bərkimişdi.

- Yəqin ki, məclislərə də getmirdiniz.

- Getmirdim, indi başlamışam. Amma evdə oturaq həyat keçirmirdim, gəzib dolanırdım. Sadəcə burnumdakı tutqunluq bir az problem yaradırdı. İndi məclislərə də gedirəm.

- Konsert vermək fikriniz var?

-Hələ ki yox.

- Muğam müsabiqəsi başladı. Mənim şəxsi qənaətimə görə ilk gündə gənc ifaçıları həddən artıq tənqid etdiniz...

- Yox, orda tənqid yoxdur. Sadəcə gənc ifaçılara düz yol göstərildi, heç kimi tənqid etmədik. Çünki onların hamısı Azərbaycanımızın övladlarıdır. Biz də istəyirik ki, onlar yaxşı oxusunlar. Sadəcə uşaqların ifasında buraxdıqları səhvləri özlərinə başa salırdıq.

- Həmin ifaçılar ayrı-ayı bölgələrdən seçiliblər. Seçimlərdə iştirak etmisiniz?

- Bəli.

- İfaçılardan hansını daha çox bəyənirsiniz?

- Biz sənətkarlar o seçimi aparanda əsas fikrimiz keyfiyyətli ifaçıları seçmək idi. Əgər məsləhətdirsə, seçirdik, məsləhət deyildisə, seçmirdik. Mənim xoşuma gəlir, sənin xoşuna gəlir söhbəti yoxdur.

- O ifaçılar yekdilliklə seçilib?

- Bəli.

- Yedi nəfər münsifsiniz. Məsələn dörd münsif bəyənib, üçü bəyənməyəndə necə olurdu?

- Yenə deyirəm, məsləhətləşirdik. Bəyənməyənə də sual verilir ki, “sən onu niyə bəyənmirsən?” Səsinin diapazonu, şirinliyi, ritmi varsa niyə bəynmirsən? O da öz fikrini deyir və bu dörd nəfər də onu başa salır ki, bəlkə sən diqqətlə qulaq asmadın, bir daha qulaq asaq.

- Yəqin ki, Əlibaba Məmmədov əsas söz sahibi olan münsifdir.

- Əlibaba müəllim hamımızın ağsaqqalıdır, gözəl muğam bilicisidir, şeiriyyatın, qəzəliyyatın bilicisidir. O gözəl mahnıların, təsniflərin ifaçısıdır, bizim hamımızdan başdadır. Onu bir ağsaqqal kimi sənətdə ən böyük bilirəm.

- Bayaq da bu barədə sual verdim. Bu dəfə belə soruşum: seçdiyiniz ifaçılar arasında ürəyinizə və ifanıza yaxın olan kimsə var?

- Hələ orda bəyənmək söhbəti yoxdur. Bu ifaçıların səsləri hələ bişməyib. Amma səsləri var. Hələ ki bir-birinə nisbətən azacıq fərq var.

- İndi bütün telemüsabiqələrdə SMS əsas söz sahibidir. Bu müsabiqə isə SMS-siz keçirilir. Sizcə ədalətli seçim üçün hansı daha uğurlu variantdır?

- SMS-lə seçilənlər tamam fərqlidirlər. Amma ustad sənətkarın əli ilə seçilənlər ən yüksəkdədirlər. Çünki onu sənətkar seçir. SMS-lə pul, qohum seçir, yaxşı ifaçı qalır kənarda. Bizim seçim daha ədalətlidir. Çünki sənətkar yaxşısını seçir.

- Nə vaxtsa SMS-lə olan yarışmada münsif olmusunuz?

- Elə bu müsabiqə ilk dəfə SMS-lə idi. Başda bizim muğamımızın dayağı olan, muğam ifaçılarına qiymət verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə belə bir yarışın keçirilməsinə qərar verildi. Allah Mehriban xanıma cansağlığı versin. Ondan sonra gördülər ki, SMS-lə yaxşı sənətkarlar kənarda qala bilərlər.

- İlk yarışmada yaxşı ifaçılar kənarda qaldılar?

- Bu ürək ağrısıdır bizim kimi sənətkarlar üçün. İlk müsabiqədə Bəyimxanım kimim istedadlı bir qız müsabiqəni tez tərk etdi.

- Sizin bir tələbəniz var idi-Vəfa Orucova. O da müsabiqəni tez tərk elədi. Hətta muğam biliciləri onun geniş perspektivinin olduğunu deyirdilər. Son zamanlar elə bil görünmür.

- Vəfa həmin müsabiqədə səs yığa bilmədi. Çünki imkanı olmadı. Amma beynəlxalq müsabiqədə SMS-siz ikinci yeri tutdu. Birinci yeri Təyyar Bayramov tutmuşdu.

- Bilirəm ki, həm də pedaqoqsunuz və indiyə kimi yüzlərlə tələbəniz olub. Sizcə onlardan hansısa Ağaxan Abdullayev olacaq?

- Allah bizim keçmiş sənətkarlarımıza rəhmət eləsin. Xan Şuşinski. Seyid Şuşinski, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Mütəllim kimi sənətkarlardan gəlib? Yəni hərəsinin öz yeri var. Alim Qasımov, Arif Babayevdən də gəlməyib.

- Deməli indi yüksək şərait yaradılsa da, o cür sənətkarlar yetişmir. Sanki cılızlaşma gedir.

- Hər dövrün özünə uyğun öz ifaçısı gəlir.

- İndiki gənclərdən o yeri tuta biləcək kimlər var?

- İndiki gənclərdən gözəl səsləri olanlar var.

- Kimlər?

- Ad çəkmək istmirəm. Birini deyərəm, o biri yadımdan çıxar. Onlar gələcəkdə böyük sənətkarlar olacaqlar.

- Estrada ifaçılarını dinləyirsiniz?

- Yaxşı oxuyanların hamısına qulaq asıram.

- Məsələn?

- İndi yadıma düşmür.

- Məsələn Brilyant Dadaşovaya qulaq asırsınız?

- Brilyant Dadaşova özünü təsdiqləmiş sənətkardır. O öz sözünü deyib, xalq arasında sevilir. Söhbət gənclərdən gedir.

- Gənclərdən ən məşhuru Röyadır. Onu bəyənirsiniz?

-Röyaya qulaq asıram. Çox da bəyənirəm. İndi də ona qulaq asıram. İfa tərzini də bəyənirəm.

- Abbas Bağırovu necə, bəyənirsiniz?

- Xahiş edirəm məni çox zilə çəkmə. Abbas yaxşı ifaçıların sırasındadır. Mənim yaxşıların hamısına hörmətim var, hamısını da dinləyirəm.

İntiqam Valehoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir