Modern.az

Qabil və Bəxtiyar Vahabzadə

Qabil və Bəxtiyar Vahabzadə

Ədəbi̇yyat

12 Avqust 2013, 12:21

Mən ona Bəxtiyar əmi deyə müraciət edirdim. Qonşu idik. Hüsü Hacıyev  küçəsi, ev 19-da – 5-ci mərtəbədə onlar, 4-cü mərtəbədə isə biz yaşayırdıq. Sonralar – Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 5-ci kursunda oxuyanda diplom rəhbərim olmuşdu. Mövzum isə “İsmayıl Şıxlının tənqidi yaradıcılığı” idi. O da bizim 3-cü mərtəbədə yaşayan qonşumuz, həm də kirvəm idi. Diplom komissiyasının sədri isə 5-ci mərtəbədəki qonşumuz  şair, professor Qasım Qasımzadə idi. Ümumi rəhbərimiz, kafedra müdiri isə  qonşumuz İsa Hüseynovun bacanağı – professor Cəlal Abdullayev.  Bunları sadalamaqda məqsədim var.

 Bir dəfə atamla Bəxtiyar əmi həyətdə söhbət edirdilər. Yaxınlaşıb dedim:

 - Papa, Bəxtiyar əmiyə sözüm var.

Peşman oldum yaxınlaşmağıma. Düşdü atamın üstünə ki, “Qabil, bu nə deməkdir, “Papa” nədir? Sənin oğlun belə deyəndən sonra, onda başqalarından nə gözləyək”.
 Atam da zarafata salıb “Papa rus sözü deyil a, uşaq fransızca danışır”.
Nə isə dedim ki, “Bəxtiyar əmi bəs Sizə gəlmək istəyirəm”. 
Atam da, o da çox təəccübləndilər ki, bu nə rəsmiyyətdir, gəlirsən gəl də. Ya görəsən nə olub? Dedim ki, “Bəxtiyar əmi  diplom rəhbərimsən, mövzum da filan. Hardan başlayım, nə yazım? İlk dəfədir, ona görə bilmirəm. Bunu öyrənmək istəyirəm”.
Dedi ki, “ A bala, get yaz”. Özləri isə söhbətlərinə davam etdilər. Nəsə cavab məni açmadı. Durdum durduğum yerdə. Gördülər ki, getməmişəm, durub gözümü döyürəm, bu dəfə atam dilləndi. “Sənə deyir ki, get yaz da...”.
Sonradan bu sözlərin mənasını başa düşdüm. Yəni ki, atan şair Qabil, diplom rəhbərin Bəxtiyar Vahabzadə, mövzun İsmayıl Şıxlı, komissiya sədri Qasım Qasımzadə, kafedra müdirin professor Cəlal Abdullayev.  Day svetoforun bütün işıqları yaşıldır. Səni kimdir ki, diplom müdafiəsində incidən. Nə yazsan keçəcək. 
                         
Hüsü Haciyev 19

Qeyd etdiyim kimi, bizim həyət canlı muzey idi. Görkəmli şəxsiyyətlərin əksəriyyəti burada yaşayırdılar. 1976-cı ildə  Azərbaycan Dövlət mükafatına həyətimizdən 4 namizəd var idi. Qabil, Bəxtiyar Vahabzadə, İsa Hüseynov və bəstəkar  Xəyyam Mirzəzadə. Qaydalara görə üç yazıçıdan  yalnız biri bu mükafata layiq görüləcəkdi. Mərkəzi Komitənin birinci katibi də ədəbiyyatı çox gözəl bilən, yazıçıları yaxşı tanıyan Heydər Əliyev  idi. Namizədlərin hamısı güclü və layiqli  idi. Bu da seçimi çətinləşdirirdi. 
Necə deyərlər yüksək mükafat iki dostu, qonşunu, ədəbiyyata bir gündə qədəm qoyan iki şairi rəqib etmişdi. Yaxşı ki, bu rəqabəti Heydər Əliyev özünəməxsus müdrikliklə həll etdi. Dörd laureat yerindən savayı xüsusi olaraq Qabil və Bəxtiyar Vahabzadə üçün Moskvadan əlavə  iki laureat yeri də ayırmağa  nail oldu.
1976-cı ildə Azərbaycan tarixində müstəsna olaraq  Dövlət mükafatına 4 yox, 6 nəfər sahib oldu.  
           
Heydər Əliyev, Bəxtiyar və Qabil

Bəxtiyar Vahabzadə böyük şair olmaqla, həm də böyük ictimai xadim idi. Müstəqilliyimiz tarixində onun oynadığı rolu qeyd etsək, bir məqaləyə sığmaz.  Müstəqillik isə onun həyatında 1991-ci ildə yox, 1944-cü ildə başlanmışdı. Qələmiylə  dilimizin, xalqımızın, milli qanımızın  qorunmasında istisna xidmətləri olmuşdu. Mən bunlardan yalnız bir məqamı  qeyd etmək istiyərdim. 1991-ci ilin noyabr ayı idi. Heydər Əliyev Azərbaycan Ali Sovetinin deputatı kimi tarixi çıxışını etdikdən sonra ona qarşı hücmlar başlandı. Atam özünə yer tapa bilmirdi. Heydər Əliyev boyda şəxsiyyətə bu cür münasibətdən hiddətlənmişdi. Səhəri günü Bəxtiyar Vahabzadənin Məclisdəki çıxışı ürəyimizdən tikan çıxartdı. Bu vətəndaş şairin vətəndaş mövqeyi idi.  Günorta atama zəng elədi. “Heydər Əliyevə dayaq olmalıyıq” dedi. O vaxtadək atam müxtəlif yazılarda bu böyük şəxsiyyətin müdafiəsinə qalxmışdı. Harada görürdüsə ona böyük hörmət və ehtiramla yanaşırdı, söhbətləşirdilər. Lakin  harada yaşadığını bilmirdi. Bəxtiyar əmi onun qardaşı Cəlal Əliyevgildə yaşadığını söylədi. Telefon nömrəsini verdi. Atam əvvəl Cəlal müəllimlə, sonra isə Heydər Əliyevlə danışdı. Ürəyini boşaltdı. Xatirələri yada saldılar. Bəxtiyara halal olsun dedilər. Sonra isə atam   “Ömür həbləri” kitabına 16 misralıq Avtoqraf yazdı. Və mən Cəlal müəllimgilə gedərək  onu təqdim etdim.
                             
Məsləhətdir, aç, oxu,
Sən bu kitabı, Heydər!
Çox suala tapacaqsan da
Cavabı, Heydər!
Görəcəksən quruluş –
Zay quruluşdur, a kişi,
Yandırır həm şişi o,
Həm də kababı, Heydər!
Üstünə kim bu saat
Qalxdı, xoruzlandısa da,
Xoruzun uçmağa
Hardaydı ki, tabı, Heydər!
Hansı namərdin olub
Vicdanı, abrı-həyası,
Mərdə-mərdanəyə xas
Vicdan əzabı, Heydər!

10.11.1991

Bir əlyazmanın tarixçəsi
                       
Günlərin bir günü atam sevincək evə gəldi. Dedi ki,  Nizami muzeyindən gəlirəm. 1944-cü ildə mənim Bəxtiyaya, onun isə mənə yazdığı şeri tapıblar, surətin çıxarıb mənə verdilər. Oxudu. 60 il əvvəl yazdıqlarına belə qiymət verdi: “Uşaq olmuşuq e... Heç 18 yaşında da adam belə şey yazar?” 18 yaşlı şairlərin yazdığını 69 ildən sonra Sizə də təqdim edirəm:

QABİLDƏN BƏXTİYAR VAHABZADƏYƏ

Sənlə dost oldum əzəldən, dili-canım Bəxtiyar!
Etibarın var imiş, ey mehribanım Bəxtiyar!

Xeyli vaxtdır mən səninlə şad olub gün sürmüşəm,
O zamandan xoş keçir, bil, hər bir anım, Bəxtiyar!

Bəd günümdə ruhumu sən güldürüb, şad eylədin,
Qurban olsun qoy sənə bir quru canım, Bəxtiyar!

Mən də insan oğluyam, bil ki, itirməm haqq-sayı,
Çün buna yol verməyir dili-suzanım, Bəxtiyar!

Çoxlarıyla dostluğu mən axıra çatdırmadım,
Amma sənlə qaynayır hər ləhzə qanım, Bəxtiyar!

Görməsəm bir gün səni, gülməz üzüm o gün mənim,
Böylədir xasiyyətim, namü-nişanım, Bəxtiyar!

Qabila! Ölsən də sən, gər başdaşın daim yaşar,
Söyləyər daş da dilindən: “Mehribanım Bəxtiyar”                     

                                                                                 20.09.1944.

BƏXTİYAR VAHABZADƏDƏN QABİLƏ

Hökmü zamanın etdi zəbun, xar məni, Qabil!
Gördükcə cahan adlı bu qəmxanəni, Qabil!

Bax, bax! Bu səbəbdən dəxi bir ləhzə unutma,
Olduqda peşiman, meyi, meyxanəni, Qabil!

Dünya dolaşıq tük üzərində qərar almış,
Çəkdikdə qırılmazmı ona şanəni, Qabil!

“İşrətdən uzaqlaş!” sənə kim söyləsə hərgah,
Sayma bu kimi boş, çürük əfsanəni, Qabil!

Bir iş eləmək istəsən, öz könlünü dindir,
Söylətmə dedim hər dəli-divanəni, Qabil!

Sən Bəxtiyarın da sözünə uyma, o, bəlkə,

İstər bu gün atəşlərə yaxsın səni, Qabil!

                                                           22.09.1944.
           
 Qasım əmi, Bəxtiyar əmi
             
Əsl sənətkarlar həm də uşaq kimidirlər. Xırda bir şeydən inciyə, həyəcanlana bilər, bir sözün üstündə  hətta dava da eləyərlər. Günlərin bir günü şair Qasım Qasımzadəylə Bəxtiyar Vahabzadənin arası sərin imiş. Atam Qasım Qasımzadənin 60 illik yubileyindən – xoş fürsətdən istifadə edib onları barışdırmaq üçün 24 iyun 1983-cü ildə  hər ikisinə məktub yazır:

                                               Ömrün xəzanında üşüyür ürək,-
                                               Ona sərinlik yox, hərarət gərək.
                                               Köhnə xatirələr qoy düşsün yada,-
                                               Ömrə vəfa varmı, deyin dünyada?!

                                               Bu yaşda “gizlən-qaç” zarafat deyil,
                                               Görün nə söyləyir sizlərə Qabil:
                                               Sındırın şeytanın belini bu gün,
                                               Ay Qasım, Bəxtiyar, gəlin öpüşün!

                                               Köhnə can-ciyərlər, verin əl-ələ!
                                               Kövrək kitabıma siz qulaq asın!
                                               Küsünün müddəti bu gündən belə
                                               Bircə saniyə də uzadılmasın!

Məktubun nəticəsi çox yaxşı olub. Yubiley ziyafətində dostlar yanaşı oturublar.

Qabil də, Bəxtiyar Vahabzadə də əsl şair idilər.  Biri avqustun 12-də, o biri isə avqustun 16-da anadan olub.  Onların ikisi də əqidə sahibləriydi. İkisi də dilimizin sadiq keşikçiləri idi. İkisi də  millətini, xalqını çox istəyirdi. İkisi də sağlığında qiymətlərini alan insanlar idi. Həm dövlət təltifləri baxımından, həm də xalqın sevgisi ilə zəngin idilər. Bu gün ikisi də Haqq dünyasındadır.

Hər ikisi Fəxri Xiyabanda uyuyur. Bütün sənətkarlarımızın ruhuna böyük ehtiramla

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu