Modern.az

Ümid Çırağı - I yazı

Ümid Çırağı  - I yazı

13 Avqust 2013, 09:52


...Səmimi etirafımı qəbul edin, boynuma alım ki, bu mövzuda, dərdli-ələmli bir səpkidə yazmaq çox çətindir mənim üçün. Əzablıdır... Bəlkə, bu yazıda fikirlərimə bələdçilik edən minlərlə insanın taleyi ilə birgə, öz taleyim də var, ona görə?!.

Onların hüquqi statusunu müəyyənləşdirən "qaçqın" və "məcburi köçkün" kəlmələri, əslində, mənim də siyasi taleyimin başlanğıcıdır.

Zamanın amansız bir vədəsində yuvasından perik düşmüş bu insanlarla bir arada keçirdiyim illər, onların yaşantılarından, məşəqqətlərindən, dərd və nisgilindən, gözləntilərindən yaddaşıma hopmuş epizodlar, cild-cild romanlara mövzu ola bilər.

Hələliksə o talelərin salnaməsinə uğurlu bir başlanğıc axtarışındayam, nədən yazacağımı illərdən bəri niyyət etsəm də, necə yazacağım qaranlıq kimi qarşımdakı ağ vərəqlərin üzərinə çöküb.

...Bir an düşüncələrimdə şölələnən kənd çırağının işığı xəyalımı öz ardınca alıb aparır. Bu işıq günlərin birində Naxçıvanda keçirdiyimiz unudulmaz gecənin nurunu bir an belə azaltmayıb...

Həmin gecə böyük dövlətçilik ustadı Heydər Əliyevin əfsanəvi şəxsiyyətini bütün əzəməti ilə gözlərimiz önündə əks etdirən fitili közərən çıraq indi o gecədən başlayıb davam edən bütöv bir tarixə işıq salır.

İndi o Çıraq bütöv həyatımızı, Azərbaycanımızı işıqlandırır...

Ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müddətcə o qədər də uzun olmayan bu zamana sığdıra bildikləri möhtəşəm işlər, xoş əməllər bu işıqda kino lenti kimi birər-birər gözlərimin önündən keçir...

...Və qeyri-ixtiyari düşünürəm ki, bu YAZI da yaddaşımda nur saçan o çırağın şöləsi kimi iki parçadan, iki yarpaqdan ibarət olmalıdır...

***

...93-cü ilin isti yay günlərindən birində, təsadüfən, kimsə dəhşətli bir hadisə danışmışdı və həmin hadisəni dinləyərkən elə bilmişdim ki, o an dünyada məndən kədərli adam yoxdur...

Onda Azərbaycanın üzləşdiyi vətəndaş müharibəsi təhlükəsinin ən gərgin məqamları idi. Gücü ancaq evindəki qiymətdə ağır, vəzndə yüngül nələrisə götürüb nisbətən təhlükəsiz bir yerə pənah gətirməyə çatan və bununla da qaçqınlıq taleyinə məhkum edilən soydaşlarımız sapı üzülmüş danələr kimi Vətənin müxtəlif səmtlərinə səpələnirdilər...

Baş verənlər hamını şaşırmışdı, hadisələrin sürətli gözlənilməzliyi insanların onlarla necə davranacaqları sualını getdikcə çətinləşdirirdi...

Belə məqamlarda həmişə kara gələn minillik adət-ənənələr də indi hər kəs üçün tamam yeni olan çıxılmaz vəziyyətə müvafiq deyildi.

Adət-ənənələr bizə gələn "qonağı" hörmətlə qarşılayıb layiqincə ağırlamağı öyrətmişdi və insanlar buna dayanaraq, sayları gündən-günə artan qaçqın ailələrini isti qarşılayırdılar, amma hər kəsin də içində yurd yerinə mümkün qədər tez getmək istəyi, qayğısı vardı... Şuşanın Qala qapısından Qala dərəsinə, Laçının Güləbirtindən Lolabağırlısına, Xocalının Əsgəranından Şuşasına, Xocavəndin Muğanlısından Tuğuna, Kəlbəcərin Çərəkdarından Zəyliyinə, Ağdamın Qərvəndindən Əhmədavarına, Qubadlının Zilanlısından Basaratına, Zəngilanın Zərnəlisindən Baş Ağalısına, Cəbrayılın Cocuq Mərcanlısından Qumlağına, Füzulinin Mirzənağılısından Zərgər Dilağardasına kimi hamının içində bu istək vardı...

Nə etməli, yaşam tərzi belə diktə edirdi...

Biz adət-ənənələr içində bir-birimizə qarşı dözümlü olmağa, səbr göstərməyə, son tikəmizi də ehtiyacı olan yaxınlarımıza güzəştə getməyə öyrənmişdik, amma indi bəzən ailə üzvlərini ölkənin müxtəlif səmtlərindən bir-bir tapıb aylar sonra bir yerə toplamağa müyəssər olan ailə başçılarında səbr, dözüm qalmamışdı, hər kəs öz canının, öz başının hayındaydı.

700 min məcburi köçkün...

İlk vaxtlar əlacsızlıqdan onlar ağlagələn, əlyetən, daldalanması mümkün olan hər yerdə məskunlaşırdılar... 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, fermalarda, yeraltı qazmalarda, dəmiryolları üzərindəki yük vaqonlarında, ictimai və alayarımçıq binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus tikililərdə, uşaq bağçalarında, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində, turist bazalarında, qohum evlərində, kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən daldanacaqlarda... Respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində...

Kim harada gəldi - daldalanmaq və gecələmək lazım idi...

...Və o çətin günlərin birində kimdənsə eşidəndə ki, bərəkətli olduğu qədər də yayı isti Muğan çöllərində məskunlaşmağa gələn məcburi köçkün ailələri, öz barxanasını altına yığmaq üçün kölgəli bir ağac üstündə bir-biri ilə mübahisəyə qalxır, bir an dünyanın qopduğunu, göydə günəşin söndüyünü və işıqla birgə özümün də Yer üzünü tərk etdiyimi düşünmüşdüm...

Çünki mən o ellərin başqa günlərini görmüşdüm, qart çay daşlarından tikilmiş, qonaq-qarası bir gün də əskik olmayan altlı-üstlü, cağlı-tağlı evlərdə, imarətlərdə qurulan büsatlara şahid olmuşdum, yay vaxtı sərin yaylaqlarda, diş göynədən bulaqlar üstündə suyu göz yaşı kimi dumduru, içindəki balıqlar sudan az qala birbaşa süfrəyə atılan dağ çaylarının qırağında açılan məclislərdə çörək kəsmişdim, min cür nemətli: bulama, kətəməz, pendir, nehrə yağı və ayranı, ağızkəsməs qayçı qatıq dolu süfrələr görmüşdüm, qəlbləri də o dağların geniş sinəsi kimi açıq olan, saf olan insanların qələbəliyinə qarışmışdım və o günləri yaşamış adamların indi kölgəsinə sığınmaq üçün bir ağacın üstündə bir-biri ilə öcəşməsi mənim üçün həqiqətən dünyanın sonu demək idi.

Amma elə o an içimdə işaran Ümid Çırağı ürəyimə söykək olub, dünyamı dağılmaqdan saxlamışdı...

93-cü ilin isti yay günlərində içimdəki dünyanı qoruyub ən son ümidimin ardınca özümü də ölməyə qoymayan o işıq böyük dövlətçilik ustadının - Heydər Əliyevin hakimiyyətə qayıdışı idi...

...Bu xatirələrin içərisində şəhid atası İsgəndər kişi yadıma düşür. Qubadlılı el ağsaqqalı. Rahat mənzilində qonağı olduğum İsgəndər kişi. Və onun emosional danışığı, təəssüratlarımdakı isti, ərkyana sözlər...

"Yadındamı, qardaşoğlu, - mənə deyir və çayından bir qurtum içib çoşğun səsi ilə davam edir, - o vaxt hərc-mərclik tüğyan edəndə Naxçıvana, Heydər Əliyev yoldaşa teleqram vurmuşdum ki, a kişi, gəl dövlətə sahib çıx, camaatı bu fəlakətdən xilas elə, bunu başqa kimsə bacaran deyil..."

Bu ucaboylu kişi ömrünün bu əlamətdar anını şövqlə yada saldıqca, sözlərin hərarətindən az qala sinəsi alışıb körüklənir, iri, ala gözləri şölələnir.

...Düşünürəm ki, o zaman Heydər Əliyevin adı tək mənim yox, mənim kimi milyonlarla Azərbaycan insanının içindəki dünyanı dağılmağa qoymamışdı...

***

Rəqəmlər talelərə qarşı bəzən o qədər etinasız olur ki...

Ömürlüyü ilə az qala bütöv bir dünya yaratmış insanların başdaşları üzərindəki cəmi səkkiz rəqəmlik tarixləri oxuyunca, onların həyatdan köçməsi barədə iki, üç sətirlik xəbərləri dinləyincə, dünyada baş verən və yüzminlərlə insanın həyatı bahasına başa gələn müharibələr, təbii fəlakətlər, qəzalar haqqında statistik məlumatlarla tanış olunca xüsusən tez-tez fikirləşirəm bunu...

Masamın üzərində isə yenə rəqəmlərdir... Yeni tarixin rəqəmləri...

Bayaqdan gözlərimi onlara zilləyib fikrimdə dağı arana, aranı dağa daşıyıram...

Bu rəqəmlər Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrini xatırladır. Ermənilərin min fitnə-fəsadla 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə doğma yurdlarından didərgin saldıqları milyonlarla azərbaycanlının məşəqqətləri var bu rəqəmlərdə...

Rəqəmlərin əks olunduğu sətirlərin arxasından sınıq talelər boylanır, sətirlər o ağrı-acılara qucaq açmış insanların yaşantıları kimi keçir gözlərimin önündən. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdyi son etnik təmizləmə siyasəti nəticəsində, tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlının son nəfərinədək öz doğma yurdlarından zorla qovulması, Azərbaycana pənah gətirməsi faktını oxuyuram.

1988-ci ildən Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ən məhsuldar torpaqlarının ümumi sahəsinə, dağıdılmış 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, yolların, körpülərin, kommunikasiya xətlərinin, muzeylərin, rəsm qalereyalarının, kitabxanaların, yandırılmış kitabların, misilsiz əlyazma nümunələrinin ürək dağlayan statistikasına təkrar diqqət yetirirəm. Münaqişənin bir də bu rəqəmlərlə rəsmini cızmağa çalışıram...

Kiçik yazı masasının üzərindəki bir parça kağıza səpələnmiş, adidən-adi, qupquru rəqəmlər... Yox, yox, belə deyil, çox hüznlü və üzüntülüdür bu rəqəmlər...

Rəqəmlərin o biri üzündən qaraörpəkli Nazilə Tağıyevanın hüznlü surəti, əyilmiş qəddi tarixin xəcalətli portreti kimi boylanır, olub-keçənlərin günahsız insanların həyatında açdığı izlər Ağdamın Gülablı kəndindən olan dörd uşaq anasının cavankən solmuş çöhrəsindəki dərin qırışlarda rəqəmlərdən daha aydın dillə ifadə olunur: "92-də kəndimiz alınan gün ermənilər yoldaşımı öldürdülər, dörd balamla başımı götürüb qaçdım. Uşaqlardan böyüyünün o vaxt cəmi 11 yaşı vardı. Qızımın həmin gün atasının cənazəsinin üstündə çəkdiyi nalə hələ qulaqlarımdadır. Hər gün eşidirəm o naləni... Hər gün..." - səsi qırılır Nazilə ananın, örpəyinin ucu ilə nəmli gözlərini qurulayır: "Həmin il balaca qızım birinci sinfə gedirdi, uşaq nisgildən darıxmasın deyə mən də onunla məktəbə gedib dərs bitənə qədər sinifdə əyləşirdim, başım nələr çəkdi mənim, ay qardaş, nələr çəkdi!.."

Hər birini minlərlə ananın hüznlü çöhrəsində oxumadıqca, hər biri birər-birər başına gəlməyincə, kim deyər ki, masa üzərindəki kağızlara səpələnmiş rəqəmlər, sadəcə, bir-birinin böyrünə qısılmış qrafik işarələr deyil, onlar qədər komanın yıxılmasıdır, onlar qədər ailənin faciəsidir, onlar qədər insanın ağrı-acılarıdır...

Amma biz o quru rəqəmlərin nakam taleyinin hər birini yaşamışıq axı... Yaşlı gözlərimizlə, dərdli ürəyimizlə...

Hər birinin sızıltısını qəlbimizdə hiss etmişik, ərşə çəkilən, qatıb-qarışdırdığımız yuxular qürub çağınadək uzanıb gedib...

***

...İkimizik. Süfrədə çaya da əl vu

rmuruq. Şuşa şəhər 19 nömrəli məktəbin direktoru, əməkdar müəllim Rəfail Məmmədov indi Bərdədə məskunlaşıb. Köhnə xatirələr çözələnir...

"...Evimiz Şuşada Meydan bulağı tərəfdə idi, Yuxarı Gövhərağa məscidinin yanında... Küçələrə ağ daşlar döşənmişdi. Yağış yağanda ağappaq ağarırdı. Hamısı indiyəcən bir-bir yadımdadır. Adam ürəyinin döyüntüsünü necə duyar, bax, mən də o daşları elə hiss edirəm... Üstlərində o qədər addımlamışdım ki... Hərdən məsafəni, vaxtı da onlarla ölçürdüm. İndi də yol gedəndə elə bilirəm, o daşların üstündə yeriyirəm... Tez-tez yuxuma girir o daşlar..."

Ömrün ixtiyar çağlarını yaşayan ziyalı Şuşanın küçələrinə döşənmiş ağ daşlar haqqında doğma övladları kimi danışır, doluxsunmuş ala gözlərindən ürəyimə tökülən nisgildən için-için qovruluram, onun qubarlı xatirələrində ağaran daşlar bir-bir mənim də ürəyimin qan gətirən yollarına səpələnir. Və elə bil ki, ürəyimin də, ayaqlarımın da, yazacağım sözlərimin də ritminə uyğun düzmüşlər bu daşları...

Görəsən, kim deyir, insanın xatirələrini əlindən almaq olmaz?! Əgər bir zamanlar o xatirələrin yaşandığı ünvanlara doğru aparan yollar üzünə bağlanıbsa, əgər o xatirələrdən sətir-sətir keçən cığırları indi ot basıbsa, bu xatirələrin qəsb olunması deyilmi?!

Kəndimizi sübhün bu vədəsində xəyalən ev-ev, küçə-küçə, çəpər-çəpər dolaşıb, yaddaşımın içində yoxa çıxmaq, unutduğum o səsi yaddaşımın içində aramaq istəyirəm. Amma artıq yaddaşımda da yoxdur o səs, ömrümün böyük hissəsini keçirdiyim paytaxtın səs-küyündə itib gedib, heç əzəldən yoxmuş elə bil...

Yoxsa xatirələrin itirilməsi birinci səsləri unutmaqdan başlayır?!

İnsanın xatirələrini qəsb eləmək dünyanın ən dəhşətli cinayətidir!..

Erməni qəsbkarlarının boynunda torpaqlarımızın işğalı, bizə qarşı törədilmiş soyqırımılar, 20 min azərbaycanlının qətlə yetirilməsi, 100 min soydaşımızın yaralanması, 50 min nəfərin əlil olması, minlərlə vətəndaşımızın əsir alınaraq min bir zülmə-işgəncəyə məruz qoyulması və daha neçə-neçə bəşəri cinayətlərlə yanaşı, bir də bizim itirilmiş xatirələrimizin günahı var...

İnşallah, biz bunun cəzasını günahkarlarına çəkdirəcəyik!..

***

Doğma, qətiyyətli kəlmələr yaddaşımda böyük dövlət adamının - Heydər Əliyevin müqəddəs vəsiyyəti kimi eşidilir: "Ermənistanın işğalçı qüvvələri heç vaxt düşünməsinlər ki, hər şey belə qalacaqdır. Yox! Bizim Azərbaycan rayonlarından zorla çıxarılmış soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar... Qarabağ məsələsi bizim əsas problemimizdir, ağrılı problemimizdir, ürək ağrımızdır..."

Bizi bu missiyaya hazırlamaq üçün ulu öndər hər şeyi etdi, pərən-pərən düşmüş çaşqın cəmiyyəti toparladı, ayaq üstə qaldırdı, yol göstərdi, istiqamət verdi, qaçqın və məcburi köçkünlərin problemlərini ölkənin bir nömrəli problemi adlandırdı və həmin problemlərin həllini Azərbaycan dövlətinin gündəlik qayğısına çevirdi, beynəlxalq toplantılarda, yerli tədbirlərdə hər zaman dilə gətirdi, var səsi ilə hayqırdı...

Şahidi olduğum məqamları yada salınca, indi düşünürəm ki, Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə olan münasibəti təkcə bir dövlət adamının öz vətəndaşlarının xüsusi diqqətə möhtac kəsiminə qayğısı deyildi, əslində, bu, bir ATAnın öz qayğı və köməyə ehtiyacı olan övladına şəfqəti, həssaslığı, ona verdiyi isti sevgisi və dəstəyi idi...

Heydər Əliyev Azərbaycan vətəndaşlarının Vətən, torpaq dərdinə öz dərdi kimi yanaşırdı, bu acıları öz acıları kimi qəbul edirdi...

Heydər Əliyev doğma ocaqlarını tərk edərkən ən qiymətli əşya kimi kitab-dəftərlərini götürən, ən şəraitsiz yerlərdə də təhsilinə davam edən, parta əvəzi palçıq döşəmələrin, o da olmayanda dizlərinin üstündə yazıb-oxuyan məcburi köçkün uşaqlarının ali məktəblərdə təhsil alıb gələcəkdə bir tikə çörək yiyəsi olmalarından ötrü əsl ata qayğısı ilə onların hər il təhsil haqlarından azad edilməsi ənənəsinin əsasını qoydu...

Onların ərzaqla təminatını dövlət öz üzərinə götürdü, məcburi köçkünlər tərəfindən istifadə edilən kommunal xidmətlərə görə ödənişlərin dövlət tərəfindən ödənilməsi təmin olundu, vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirildi.

Beynəlxalq konfranslarda, qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüşdə, çadır düşərgələrinə səfərlərində, qaçqınlar üçün yeni salınmış qəsəbələrin açılışında Heydər Əliyevin söylədiyi ümid dolu kəlmələri xatırlayıram. Belə görüşlərin birində qəsəbədə sac üstündə təzə yayılmış isti kənd yuxasını qərib ellərimizin itirilməmiş bərəkəti, halallığı, dadı-tamı kimi məmnunluqla dadmasını yada salıram, 1999-cu ilin 19 mart günü Novruz bayramı qabağı Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış 4 məcburi köçkün gəncin toy mərasimi yadıma düşür, Heydər Əliyevin həmin toyda verdiyi ATA xeyir-duası səmimiyyəti ilə qəlbimi isidir.

Çadır şəhərciyində məskunlaşmış vətəndaşlarımızın bütün yaşananlara rəğmən bədbinliyə qapılmaması, insanların ruhi sağlamlığı, ağır dərdin, qəmin içində belə öz sevinclərini, məhəbbətlərini yaşamağa güc tapması, oğul evləndirib, qız köçürməsi ümummilli lideri çox mütəəssir etmişdi onda, qəlbi açılmışdı və dörd gəncin ən xoşbəxt dəqiqələrinin fərəhini paylaşan qəlb əfsanəvi ömrün unudulmaz xatirələrinə də bələdçilik edirdi: "Mən həyatımda demək olar, heç bir toyda olmamışam. Mənim həyatım belə gətiribdir. Bəlkə də gənc yaşlarımda toyda olmuşam, amma sonra dövlət işləri ilə məşğul olduğuma görə toy mərasimlərinə getməyə imkan tapmamışam. Bu gün sizə bildirmək istəyirəm ki, hətta mənim oğlum da, qızım da ailə qurarkən mən onlara toy edə bilmədim. Yəni, ona görə yox ki, imkanım yox idi. Ancaq mənim iş şəraitim elə idi ki, hesab edirdim, onlar elə toysuz da öz ailələrini qurub xoşbəxt ola bilərlər. Mən bu gün sevinclə deyə bilərəm ki, toy edə bilmədimsə də, onlar gözəl ailə qurublar, mənim nəvələrim var, xoşbəxt yaşayırlar..."

Ulu öndər ömür-gün yoldaşı, gözəl insan Zərifə xanımla nikah mərasimi barədə xatirələrini də bölüşmüşdü o toyda və indi həmin o qənimət cümlələri böyük şəxsiyyətin doğma səsində, nurlu gözlərindəki mehribanlığın, səmimiyyətin, təmiz çöhrəsindəki təbəssümün işığında oxuyunca bu təbəssümdən mənə də pay düşür: "Mərhum həyat yoldaşım Zərifə xanımla biz iki-üç il idi ki, evlənmək istəyirdik. Amma o vaxt şəraitimiz yox idi. ...Mənim evim yox idi. Ona görə də biz iki il gözləməli olduq ki, mən ev alım. Mən sonra ikiotaqlı ev aldım. Demək, evlənmək mümkün idi. O vaxt bir siyasi məsələ də var idi, onu bu gün burada deməyin yeri yoxdur. O zaman - 1950-ci ilin əvvəllərində totalitar rejimin ən qatı vaxtı idi. Bir sıra dairələr bəzi siyasi səbəblərə görə bizim evlənməyimizə razılıq vermirdi. Ona görə də biz müəyyən vaxt gözlədik. 1953-cü ildə Stalin öldü, ondan sonra ölkədə siyasi vəziyyət dəyişdi və 1954-cü ildə mən evləndim.

Ancaq nə təhər evləndim? Biz Bakıda şəhəri gəzirdik. O vaxt Voroşilov küçəsi var idi, indi həmin küçə Yusif Məmmədəliyevin adını daşıyır. Gəlib gördük ki, orada bir ZAQS şöbəsi var. Biz həmin ZAQS-a getdik. Nə şahid, nə də başqa iştirakçı var idi. Heç kəs yox idi. ZAQS-da bir qadın oturmuşdu, ona dedik ki, biz kəbin kəsdirmək istəyirik. Bildirdi ki, yaxşı, gəlin oturun. Heç üzük də yox idi. Biz oturduq. Buradakı kimi belə təntənəli nitqlər olmadı. Həmin qadın bizdən soruşdu ki, ailə qurmağa razısınız? Dedik ki, bəli. Bildirdi ki, buraya imza atın, biz də imza atdıq. Bizim kəbin kağızımızı verdilər. Soruşdum ki, nə edək? O vaxt "Nizami" kinoteatrının yanında bir mağaza var idi, orada yaxşı konfet satırdılar. Yadınızdadır ki, o zaman "Mişka" konfeti var idi, amma baha idi. Biz həmin mağazaya getdik, bir kiloqram "Mişka" konfeti aldım. Sonra oradan piyada dəniz kənarına gəldik. Zərifə xanımın ailəsi orada yaşayırdı. Biz onların evinə gəldik, Zərifə xanımın anasına və qohumlarına dedik ki, artıq kəbin kəsdirmişik. Bildirdim ki, bir kiloqram "Mişka" konfeti gətirmişəm ki, ağzımızı şirin edək..."

Həmin toyda Heydər Əliyevin verdiyi xeyir-dua qloballaşma adlı zaman selində ailə institutu kimi ən vacib dəyərin itirilməməsi, minillik ənənələr üzərində qorunması, ən qiymətli miras tək nəsillərə əmanət edilməsi üçün tarixin gələcək hər bir dövründə bütün Azərbaycan gəncliyinə ünvanlanmış müdrik ATA NƏSİHƏTİ kimi həmişə xatırlanmalıdır: "Arzu edərdim ki, həyatınızda birinci növbədə bir-birinizlə səmimi olasınız, bir-birinizə daim yardım edəsiniz. Mənim ən əsas tövsiyəm odur ki, bir-birinizi sevin, bir-birinizə sədaqətli olun, valideynlərinizi unutmayın, torpağımıza, ölkəmizə, dövlətimizə sədaqətli olun..."

Yəqin Azərbaycanda mənim kimi çoxları ulu öndəri ilk dəfə o toyda qol qaldırıb rəqs edən görürdü. Yaxşı xatırlayıram ki, onda Heydər Əliyev ömrünün ahıl çağlarında övlad toyunda bütün ağrı-acılarını, dərdlərini unudub ürəklə qol qaldıran atalar misalı yeni bir həyatın başlanğıcında olan dörd gənclə üzbəüz ağırləngər qollarını qaldırıb süzürdü, isti sözləri ilə, üzündəki fərəhlə, ilıq təbəssümlə onlara və onların timsalında bütün Azərbaycan gənclərinə xeyir-dua verirdi, pis günün ömrünün az olacağına bizləri inandırırdı...

***

Pis günün ömrü gerçəkdən uzun sürmədi... Problemlərin həlli yönündə görülən işlər öz bəhrəsini verdi. Azərbaycandakı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin operativ həlli və vahid mərkəzdən idarə olunması məqsədilə 1998-ci ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edildi, Nazirlər Kabinetinin Aparatının strukturundakı müvafiq şöbənin fəaliyyəti təkmilləşdi, iş sahəsi genişləndirildi. 1999-cu il 6 dekabr tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradıldı, bu sahədə müvafiq hüquqi baza formalaşdırıldı. Peşəkar təsərrüfatçı, o problemin birbaşa içində olan səriştəli kadrlar irəli çəkildi.

1998-ci ilin 17 sentyabrında "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı"nı imzalayan Heydər Əliyev özünəməxsus qətiyyətlə çadır düşərgələrinin ləğvi ideyasını irəli sürdü və buna doğru ardıcıl addımlar atdı, 2001-ci ildə Dövlət Neft Fondunun ilk vəsaitləri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi.

Və ulu öndərin əzmi ilə 2003-cü ilə qədər Azərbaycandakı 12 çadır düşərgəsindən 5-i zamanın torpağın bağrında açdığı ağrılı yara kimi sağalıb izini itirdi...

...Ulu öndərin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri əks etdirən, hələ işıq üzü görməmiş sənədli film. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iş otağında birgə seyr edirik. Helikopterdən çəkilmiş kadrlar ikimizin də yurd həsrətini qubarlandırıb. Min bir əziyyət, zəhmət hesabına başa gəlmiş o kadrlara həyəcanlı və kövrək nəzərlərlə baxırıq...

Mənsə, tez-tez dəyişən kadrları seyr etdikcə, düşünürəm, onda dövlətimiz indiki qədər varlı deyildi, ölkədə həll ediləsi xeyli problem üst-üstə qalaqlanmışdı və dövlət rəhbərliyi əsas səbəbləri malliyyə çatışmazlığına gedib çıxan bu problemlərin eyni vaxtda həllinə çalışırdı. Heydər Əliyevin bu qədər çətinlikləri aradan qaldırmağa necə imkan tapmasına, qaçqın və məcburi köçkünlərin ehtiyaclarını qarşılamasına, üstəlik 5 çadır düşərgəsinin on minlərlə sakinini yeni mənzillərə köçürməyi necə çatdırmasına təəccüblənə bilmirəm, çünki Heydər Əliyevlə rəhbərlik etdiyi xalq arasında əbədi sevgi vardı və bu sevgi bəzən mümkünsüzü də mümkün edirdi...

İllər öncə YAP-ın qurultayında Əli Həsənovun möhtəşəm çıxışını xatırlayıram və o çıxışdakı bir məqamı dönə-dönə vurğulayıram: "Bütün xalq deyir ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Biz isə deyirik ki, Qarabağsız vƏ ƏliyevlƏrsiz AzƏrbaycan ola bilmƏz!.."

Şuşa mövzusu hər birimizin dilinin əzəl mübtədasıdır!..

"Heydər Əliyev Şuşaya Vaqifin məqbərəsinin açılışına gəlmişdi, 82-ci ilin yanvarı idi, səhv eləmirəmsə..." - Xoş xatirələr bayaqdan söhbət etdiyim şuşalı Rəfail müəllimin gözlərindəki kədəri, nisgili bir anlıq silir - "Möhkəmcə qar yağmışdı. Xan Qızı bulağının yanından keçəndə maşının təkəri sürüşdü, camaat kişini maşınqarışıq qucaqlarına alıb, Bazarbaşı meydanına qədər apardı. Heydər Əliyev maşından düşdü, camaatla görüşdü, bu sevgidən, hörmətdən elə təsirlənmişdi ki... Dağ boyda zəhmli kişini ilk dəfə idi ki, lap yaxından görürdüm. Necə mehriban idi, necə səmimi idi... Bax, əsl rəhbərin sadəliyi və əsl rəhbərə xalq sevgisi belə olar..."

Bu insanlara yeni mənzillərində qonaq olduqca, çay süfrəsi arxasında söhbətlərini dinlədikcə, bir anlıq mənə elə gəlir ki, Heydər Əliyev onların həyatında, sadəcə, ölkəyə rəhbərlik edən, onların qayğılarını üzərinə götürən dövlət görəvlisi olmayıb, bu insanların hər birini adbaad tanıyıb, onlarla görüşüb, ülfət qurub, çünki həmsöhbəti olduğum bu kəslərin hər birinin Heydər Əliyevlə bağlı şirin bir xatirəsi, həyatın hansısa unudulmaz anını surətində əbədiləşdirmiş xoş bir fotosu var...

"...Bax, bu yoldaş Heydər Əliyevdir, bu da ki, mən... görürsənmi?!." Füzuli rayonunun Qadan kəndindən olan şəhid anası Nigar ana qürurla ailə albomunun ilk səhifəsindəki fotonu nişan verib alnına dağılmış ağ pərakəndə saçlarını kəlağayısının altına toplayır... "39 təvəllüdəm, qəhrəman anayam, dörd qız, altı oğul böyütmüşəm. 6 kişinin qızı var ey evimdə! Qaçaqaçda evimizdəki cer-cehiz 2 "KamAz"a sığmadı. Alxanlı kəndində çaxır zavodumuz vardı. Fələyin gözü tökülsün, kefi kök, damağı çağ yaşayırdıq. O vaxtlar Heydər Əliyev rayona gələndə ailəlikcə getmişdik qarşılamağa. Sonralar bu zəhirmar qaçqınlıq dövründə görüşəndə dedim, yoldaş Əliyev, mənə döşümdəki bu qızıl ulduzu sən vermisən. Güldü, bax, budey, bu şəkli çəkdirdik..."

Sonra söhbətimiz qarşımızda dəm alan samovar kimi tüstülənir. Qəhərimiz də çayımız kimi qaynayır... "İki bacıyıq, hərəmiz torpağa bir oğul qurban vermişik. Eh, ay oğul, - deyir, - Əzrayılın payı çox, ürəyimdə dağı çox..." Səsi quyuda batırmış kimi lellənir. Nigar ana yenə də özünü tox tutur. Köhnə kənd arvadları kimi, abırlı, müdrik və sağlam canı yerindədir - "Yenə indiki günümüzə şükür. Hər qapıya bir şəhid gəlirdi. O dövr hara, indiki hara, indi qızıl al başına, gəz..."

Bu halal zəhmət adamlarında olan sevgi tükənmək bilmir.

Əməkdar müəllim Rəhim Rəhimov da Heydər Əliyevlə görüşüb. 1973-cü ildə, əlaçı tələbələrin ümumrespublika toplantısında...

Hər çətinliyə qatlaşmış Rəhim müəllim əsassız hakimiyyət iddialarından əl çəkməyənlərin ünvanına duzlu atmacasından da qalmır, deyir ki, əgər Heydər Əliyevin ucaltdırıb açılışını etdiyi binaların qırmızı lentlərini bir yerə toplamaq mümkün olsaydı, belə bir tarixi şəxsiyyətin qədrini bilməyənlərin hərəsinə yaxşı bir donluq çıxardı...

Doğulduğu Cəbrayıl rayonunun Sirik kəndinin yolları dərin gözlərindən keçən bu nurlu, enlibilək kişidə əsl dağ adamının cizgiləri var. Nəzərlərini sonsuzluğa dikərək qızının kənddəki bağlı-bağatlı həyətində əkdiyi "XARIBÜLBÜL" çiçəyindən danışır: "...Hər dəfə ermənilər "Qrad" atmağa başlayanda qızım gülün üstünə vedrə çevirirdi ki, ona bir zədə dəyməsin. İndi yaşadığımız evin həyətində də xarıbülbül bitirmişik ki, təsəllimizi ondan alaq..."

...Söhbət boyu ən çox bu insanların gözlərinə diqqət yetirirəm, gözlərindəki yurd nisgili onları birləşdirən ORTAQ TALEDİR...

Bu nisgilin arxasında şölələnən işığı da görməmək mümkün deyil.

Heydər Əliyevin inkişafa, sabitliyə, quruculuğa doğru aparan yolda ESTAFET misalı öz layiqli siyasi davamçısına - cənab İlham Əliyevə əmanət etdiyi ÜMİD ÇIRAĞININ işığı...

Qaçqınlıq və məcburi köçkünlük taleyini bölüşən və illərin məşəqqətli anlarından sonra indi rahat mənzillərə köçüb yaşayan həmvətənlərimin gün-güzaranları haqqında söhbət açacağım növbəti, ikinci yazımda da elə bu ÇIRAĞIN nuruna güvənirəm...

İmamverdi İsmayılov,

Milli Məclisin deputatı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir