Modern.az

Ümid çırağı – II hisssə

Ümid çırağı – II hisssə

14 Avqust 2013, 09:57

...Yazımız da yolumuz kimi davam edir...

...Yolumuz məcburi köçkünlər üçün zövqlə və müasir standartlara uyğun tikilmiş yeni qəsəbələrə sarıdır...

Yenicə çəkilmiş geniş və hamar şosedə sürətlə şütüyən avtomobilin çarxları zaman kimi irəliyə doğru hərəkət edir və mən vaxtın içindən keçən düşüncələrimlə birgə, dünyada əsl xoşbəxtlik haqqında duyğularla qanadlanıram.

...Məncə, dünyada ən böyük xoşbəxtlik düsturlarından biri ATANIN OĞULA Güvəni, OĞULUN bu Güvəni doğrultmasıdır, ATA qarşısında alnıaçıqlığıdır...

Zaman-zaman dünya ədəbiyyatının misilsiz nümunələri üçün də bəşəri suala çevrilmiş bu qarşılıqlı münasibət ATALAR və OĞULLAR timsalında ümumən həyatın öz normal ahəngində davam etməsidir, irsin varisliyidir, inkişaf xəttinin qırılmazlığıdır...

...Maşınımız irəliyə doğru hərəkət etdikcə, düşüncələrim içində şölələnən ÇIRAQ pəncərənin o üzündən ildırım sürəti ilə bir-birini əvəzləyərək, bu ahəngi, tənasübü əks etdirən həyat mənzərələrinə işıq salır.

Baxdıqca, BÖYÜK ATA-nın - ulu öndər Heydər Əliyevin güvənini görürəm, illərdir bu güvəni hər addımı ilə doğruldan Prezident İlham Əliyevin ATA və onun müqəddəs əmanəti - MÜSTƏQİL AZƏRBAYCAN qarşısındakı alnıaçıq, üzüağ, nəcib əməllərinə şahid oluram...

Cənab İlham Əliyev, 2003-cü ilin 1 oktyabrında prezidentliyə namizəd kimi, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrin sakinləri ilə görüş keçirərkən qətiyyətlə bildirdi:

"...Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq!.."

Dövlətə rəhbərlik missiyasını üzərinə götürmək üçün vətəndaşların səsinə üz tutan liderin ilk görüşünü kimlərlə, hansı əhali qrupları ilə keçirməsi çox önəmlidir.

Cənab İlham Əliyev də prezidentliyə namizəd olaraq ilk görüşünü məcburi köçkünlərlə keçirdi!

Bununla da onlara ümid verdi, Heydər Əliyevin ölkəyə rəhbərlik dövründə olduğu kimi, Azərbaycanın yeni inkişaf dönəmində də rayonlarımızın işğaldan azad edilməsinin, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinin dövlət üçün bir nömrəli məsələ olacağını anlatdı...

...Və prezident seçkisi günü hamılıqla əziz Atanın - Heydər Əliyevin yadigarına, Onun dövlətçilik ocağının mühafizinə - cənab İlham Əliyevə etimad göstərən qaçqınlar və məcburi köçkünlər seçki ərəfəsində verilmiş bəyanatların seçkidəki qələbədən sonra zaman-zaman sözdən əmələ çevrildiyini gördülər.

Prezident verdiyi sözü tutdu, dövlət rəhbərinin bu problemə yanaşması ard-arda imzalanan proqram və sərəncamlarda öz ifadəsini tapdı, 2006-cı ildə Bərdədəki 3, Ağcabədidəki 1 çadır düşərgəsi,  2007-ci ilin dekabrında Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır şəhərciyi ləğv edildi, beləliklə, ölkədə, həqiqətən, bir dənə də olsun çadır şəhərciyi qalmadı, Prezidentin tapşırığı vaxtından da hələ bir il əvvəl yerinə yetirildi...

2003-2013-ci illərdə salınmış onlarla qəsəbədə 129 min nəfərdən çox məcburi köçkünə hər cür rahatlığı olan fərdi evlər verildi, yüzlərlə orta məktəbi, musiqi məktəbi, uşaq bağçası, tibb müəssisəsi, klubu, rabitə evi, ən müasir tələblərə uyğun sosial infrastrukturu ilə birgə...

Bu işlər sayəsində hal-hazıradək Azərbaycanda məcburi köçkünlər üçün salınmış qəsəbələrin sayı 82-yə çatdırıldı, çadırlarda, torpaq daxmalarda, yataqxana hücrələrində ömür çürüdən 33 min ailə, 159 min nəfərədək məcburi köçkün zillətdən qurtuldu, yeni bir  həyatın başlanğıcına qədəm qoydu.

Ümumiyyətlə, 2001-2013-cü illərdə  33 min ailə  və 159 min  nəfər qaçqın və məcburi köçkünün  mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 

Azərbaycan Prezidenti məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ulu öndərin irəli sürdüyü prinsiplərə də müqəddəs vəsiyyət kimi sadiq qaldı, dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin miqdarı 3 dəfə artırıldı, onların ərzaqla təminatını, məcburi köçkünlər tərəfindən istifadə edilən kommunal xidmətlərə görə ödənişlərin təmin olunmasını, vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan məcburi  köçkünlərə orta aylıq əməkhaqqının ödənilməsini dövlət yenə də öz üzərinə götürdü, onların məşğulluğunun artırılmasından, yoxsulluğunun azaldılmasından, qaçqın və məcburi köçkünlərin də sahibkarlıq fəaliyyətinə cəlb olunmasından ötrü ardıcıl addımlar atıldı... 

Münaqişənin  ilk illərində, iqtisadi imkanlarımızın məhdud olduğu dövrdə  Azərbaycanda  fəaliyyət göstərən  beynəlxalq  humanitar təşkilatların fəaliyyəti olmasaydı ölkəmiz humanitar böhranla  üz-üzə qalardı.

Uzaqgörən ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2010-cu ildə imzaladığı sərəncamla Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov yenidən həmin komissiyanın sədri təyin edildi və indi əminliklə qeyd etməliyik ki, komissiya ölkəmizdə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq maliyyə qurumlarının, donor ölkələrin, beynəlxalq və yerli humanitar təşkilatların bu sahədəki fəaliyyətləri üçün  sərbəst və şəffaf şərait yaratmışdır. 

"Allah dadlarına yetsin, o vaxt humanitar təşkilatlar bizə çox kömək elədilər, rəhmətlik kişiyə görə. Heydər Əliyevə bütün dünyanın  hörməti vardı da, adı olan yerdə hamı əlindən gələn köməyi göstərirdi. Yaman ağır günlər yaşadıq onda. İndi, şükür Allaha, Azərbaycanın nə qədər desən, imkanı var, nə lazımdırsa, dövlətimiz özü edir..."

Kəlbəcərdən qəlbi dağ qürurlu Şəfi müəllim... Əsl dağ kişisi, iri ala gözlərindən insanlara məhəbbət duyulur. Xırdalanda dövlət tərəfindən verilmiş üçotaqlı rahat mənzildə məskunlaşıb. Qızının əri Qarabağ döyüşlərində göstərdiyi igidliklərə görə medal alıb. Onlar indi də cəbhə bölgəsində yaşayırlar. Nəvələrinin o bölgədə doğulub, böyüməsi ilə əməlli-başlı qürur duyur, kişi deyir: "Allaha şükür ki, şəhərə gəlməyib elə oradaca qaldılar. Yurdun, ocağın havasında böyüməyin özgə bir ləzzəti var..."

vvv

Bu illər ərzində Azərbaycan Prezidentinin ən çox ünsiyyətdə olduğu əhali təbəqəsi məhz qaçqın və məcburi köçkünlər oldu, 2003-2013-cü illərdə onlarla bağlı 30 toplantıya qatıldı, yeni salınmış qəsəbələrdə 25 dəfə bu insanların görüşünə gəldi, yeni mənzillərində xanımıyla onlara qonaq oldu, bir stəkan çaylarını içdi, hər gəlişində də bir aləm sevinc-fərəh gətirdi, unudulmaz xatirələr bəxş elədi, sadəliyi, səmimiliyi, təvazökarlığı ilə insanların qəlbində ucaldıqca ucaldı...

"...Qəsəbəyə gələndə, Prezidentlə çay süfrəsi arxasında görüşümüz oldu...". Birinci yazımın qəhrəmanlarından olan cəbrayıllı Rəhim müəllim belə görüşlərin hansındasa telekameraların nəzərindən yayınmış maraqlı detala gözlərindəki işıqlı təbəssümlə şahidlik edir: "Prezidentimizin gəlişinə hazırlaşırdıq. Prezidentimiz gəldi, hamı ürəkdən alqışladı. Axırda çay süfrəsi arxasında yığışmışdıq. Günəşli bir gün idi, stolun qoyulduğu yerə gün düşürdü. Birdən İlham müəllim ayağa qalxıb stolun bir kənarından yapışdı, xoşbəxtlikdən mən də lap yaxında. Mənə dedi ki, bura gün düşür, gəl bunun yerini dəyişib, kölgəyə çəkək..."

Rəhim müəllim danışdıqca, çalışır ki, heç bir detalı unutmasın: "Mühafizəçilər tez tökülüşüb gəldilər, amma Prezident onlara imkan vermədi, özümüz dəyişəcəyik dedi, stolu götürüb kölgəli yerə qoyduq. Mən onda bir daha anladım ki, sadəlik insan üçün ən böyük gözəllikdir. Allah onu qorusun!.."

50 yaş ömrün ən əlamətdar məqamıdır, insan bu anı ona ən doğma insanlarla bir yerdə olur.

Azərbaycan Prezidenti 50 yaşını ömür-gün yoldaşı Mehriban xanım Əliyeva ilə birgə Ağcabədi rayonunda məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirdi və yeganə bəzəyi, təmtərağı, hədiyyəsi doqquz milyonluq böyük bir ailənin sevgisindən ibarət olan bu doğum günü öz məzmunu, təlqin etdiyi dəyərlər etibarilə dünyanın ən gözəl yubiley törəni kimi qəlblərə yazıldı...

Həmin tədbirdə məcburi köçkünlər adından çıxış edən Əmirxan ZEYNALOV dövlət başçısına minnətdarlıq edərək demişdi:

- Cənab Prezident, Siz bu gün bizi çox sevindirirsiniz. Bizə ürək-dirək verirsiniz. Biz bilirik ki, Sizin bu gün əziz gününüz, ad gününüzdür. Əlli yaşınız tamam olur. Həmin günü Siz ailənizlə, övladlarınızla, gözəl nəvələrinizlə bir yerdə keçirə bilərdiniz. Amma görün Siz nə qədər həssas, nə qədər qədirbilənsiniz ki, köçkünlərin vəziyyətini nəzərə alırsınız, onların qəlbini sevindirirsiniz, onlara fərəh, sevinc bəxş edirsiniz...

Möhtərəm Prezidentimiz İlham ƏLİYEV isə cavabında bildirmişdi:

- Xoş sözlərinizə görə minnətdaram. Mən demək istəyirəm ki, adətən, öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il  belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz...

Yer üzündəki hər bir azərbaycanlını özünə ailə üzvü qədər doğma bilən və onların xoşbəxtliyi üçün çalışan Prezidentlə, öz ictimai fəaliyyəti, nur saçan əməlləri ilə cənab İlham Əliyevin haqq işinə kömək göstərən, rəhbəri olduğu Heydər Əliyev Fondunun layihələri misalında, Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərin problemlərinin dünyaya çatdırılmasında, bu problemlərin həllində Ona ən böyük dəstəyi verən Mehriban xanım Əliyevanın həmin gün Ağcabədidə məcburi köçkünlərlə görüşlərini lentə almış fotoqraflar, bəlkə özləri də fərqinə varmadan Sevginin, SadƏliyin, BirgƏliyin və ƏbƏdi MƏhƏbbƏtin - xalqa məhəbbətin və xalq məhəbbətinin portretlərini çəkdilər...

...Qara, kösöy çöhrəsindəki təbəssümlə və sanki bir-bir toxunmuş kimi sıx qıvrım saçları ilə xoş aura yaradan bu ucaboy kişi - Əmirxan Zeynalov indi, necə deyərlər, "məşhuri-cahandır", tanımayan yoxdur. Bu kişi ilə haqq-salamım, ərkli münasibətim var. Duzlu-baməzə zarafatımız, şən söhbətimiz tez-tez olur. Yeni Azərbaycan Partiyasının 5-ci qurultayında yaddaqalan bir çıxışı olmuşdu, hamı heyran idi. Mənə deyir ki, hələ vaxt çatmadı, sözlərimin çoxunu deyə bilmədim, ürəyimdə qaldı.

"...Partiyamızın sonuncu qurultayında bizim problemlərimizlə bağlı olan belə bir cəfakeş qurumun rəhbərinin, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun YAP sədrinin müavini seçilməsindən məmnun qalmışıq. Çox fərəhlənirik. Bu, cənab İlham Əliyevin, Onun sədri olduğu partiyanın Qarabağ camaatına olan daha bir diqqətidir, inamıdır, güvənidir. Bu, həm də bizim elata, el-obaya olan böyük etimaddır. Bilirsiniz, bu, həm də bizim camaatın dövlət və dövlətçilik qarşısında məsuliyyətini birə-beş artırır. Allah Prezidentimizi həmişə güvənc yeri eləsin!.."

Sağollaşıb ayrılırıq, bir neçə gündən sonra telefonuma zəng gəlir. Əmirxan müəllimin hay-küylü, ərkyana, doğma səsini eşidirəm: "Buralara bir də havaxt yolun düşəcək, a müəllim, vaxt tap gəl ey, yaxşı səbət balım var, yazıçı adamsan, əslində, səninçün çox maraqlı olacaq. Günün günorta çağı, əlində çıraq axtarsan, heç harada tapa bilməzsən. Səbət balı sən gördüyün ballardan deyil ha, tamam başqa dadı-ləzzəti var. Prezidentimiz 50 yaşını bizimlə bir yerdə keçirəndə, səbət balının, nehrə yağının sərgisini də təşkil eləmişdik. Böyründə də təndir çörəyi... Gəl sən də gör ləzzətini..."

vvv

Yeni salınmış qəsəbələrin pərgarla kağız üzərində çəkilmiş kimi səliqəli, planlı, abad küçələrində dolaşıram. Hansı məkanlarda yerləşməsi, buralarda məskunlaşmış insanların rayon, kənd mənsubiyyəti fərq etmir məncə, bu qəsəbələr də, onların bütün sakinləri də işğal edilmiş cənnət məkanlardan uzaqlıq gerçəyində, doğma yurdlara qayıdış intizarında və çox tezliklə, bu qəsəbələrdən oralara doğru Böyük Köçün başlanacağı ümidində birləşirlər...

Bu insanlar illər ərzində itirmədikləri və qiymətli miras kimi nəslin körpə davamçılarına da ötürdükləri şirin Qarabağ ləhcəsində danışırlar.

Yenicə köçürülmüş şəhərcikdəki evlərdən birinin açıq pəncərəsindən zil zəngulə gəlir qulaqlarıma... Qərib yurdun uşaqlarından kimsə muğam oxuyur. Torpağın yeddi qatından çıxan bulaq suyu kimi - saf, şirin səsi eşitdikcə, hörmətli Mehriban xanımın illər əvvəl dünyanın ən yüksək tribunalarından böyük vətəndaş yanğısı ilə səsləndirdiyi kəlmələri xatırlayıram: "Balaca muğam ifaçılarını, adətən, "Qarabağ bülbülləri" adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir".

Açıq pəncərədən süzülən o təmiz səs bir an kövrəldir məni, ayaq saxlayıb, bütün ruhumla dağ suyu kimi ürəyimə çəkirəm, şükür Sənə, İlahi, deməli, səs hələ itməyib, deməli, gözlərim önündə açılan quruculuq mənzərəsi, bu qəsəbələrdə yaradılmış şərait, tikilmiş musiqi məktəbləri, mədəniyyət evləri balaca muğam ifaçılarını da öz ətrafında toplayan yuvaya çevrilib həm də... Çox tezliklə, bu yuvalardan Qarabağ dağlarına yeni "Qarabağ bülbülləri"nin pərvazlanacağına, səsin öz məkanına, aid olduğu yerə qovuşacağına çox ümidlənirəm.  

Bu qəsəbələrdə gənc nəslin təlim-tərbiyəsi, yeniləşən dünyanın hərtərəfli biliklərə malik sakinləri kimi yetişməsi, bu məkanlarda insan kapitalının formalaşması üçün ən müasir tələblərə uyğun təhsil infrastrukturu qurulub. Heydər Əliyev Fondu da inşa etdirdiyi məktəblərlə, həyata keçirdiyi humanitar layihələrlə bu sahədə öz köməyini əsirgəmir.     

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün sadə azərbaycanlıların həyatına gətirdiyi dəhşətli faciələrin dünyaya çatdırılması yönündə də işlər davam etdirilir, Azərbaycanda və xaricdə müntəzəm tədbirlər düzənlənir, bu məqsədlə nəşr edilmiş kitablar, bukletlər, qısametrajlı filmlər dünyada yayılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün Heydər Əliyev Fondu ilə birgə aksiyalar sistemli şəkildə davam etdirilir.  

Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bağlı 8 dildə 10 dəqiqəlik qısametrajlı film çəkilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iki dildə internet səhifəsi tərtib edilib, ərazisi işğal olunmuş rayonlar haqqında da internet səhifələri hazırlanıb.  

Bu, Qarabağ adı olan yerdə mövqeyindən bir addım da geri çəkilməyən dövlət rəhbərinin tutduğu xətdir...

Torpaq, Vətən məsələsində Ən Böyük Vətənpərvərə - Azərbaycan Prezidenti İlham Əliyevə bənzəmək istəyən, Ondan öyrənən hər bir vətəndaşımızın özünə borc bildiyi vəzifələrdir.

İllərini darısqal hücrələrdə keçirib, bir çətən külfətin gecəsini-gündüzünü, qayğılarını, bütün dünyasını balaca bir otağa sığdıran, bu balaca otağa gəlin gətirib, buradan qız köçürmək əzabına qatlaşan insanlar indi xeyli rahatdırlar, qəsəbələrə doğru aparan yollardan başlanmış, ailə üzvlərinin sayına uyğun onlara verilmiş iki, üç, dörd, beşotaqlı mənzillərin şəraitinə qədər hər şey burada normal yaşayış üçün bütün imkanların yaradıldığından xəbər verir.

"Sağ olsun Prezidentimizi, mənə Binəqədidə üçotaqlı mənzil bağışladı. Evlər abadan, otaqlar geniş. Lap içində at min çap. Nəvələrim bütün günü içəridə dağkeçisi kimi atlanıb düşürlər..." - bunu Ramiz Cahangirov deyir və belə bir şəraiti yaratmış dövlət rəhbərinə təkrar-təkrar dil-ağız edir, dualar söyləyir. Özü  Xocavənd rayonunun Nərimanlı kəndindəndir, daha düzünü desəm, məşhur Tuğ kəndində doğulub, evləri Azıx mağarasının cəmi 3 kilometrliyində imiş.

"Atam Bəşir müəllim o vaxt hay-küy qaldırdı, alimləri Azıx mağarasına cəlb elədi ki, tariximiz araşdırılsın. İndi baxırsan ki, yeməyə bir tikə çörəyimiz, yaşamağa evimiz var, amma ürəkdəki yara sağalmır. Atam ölüm ayağında vəsiyyət elədi ki, geriyə, yurda qayıdanda sümüklərimi gətirib Tuğda basdırarsınız, onda ruhum şad olacaq... İki oğlum var, ikisi də zabitdir. Oğullarım Vətən uğrunda ölməyə hər an hazırdırlar..." Danışır və yol çəkən gözlərindən elə bil ildırım çaxır Ramiz kişinin... 

"Allah saxlasın!.." - bu da həmin anda və həmin məqamdaca mənim dilimdən çıxan duamdır... 

Buralarda insanlar mənim o torpaqların işğaldan əvvəlki xoşbəxt günlərindən xatırladığım nikbin əhvala yenidən dönüşüblər, hansı qapını döysən, ürəklə üzünə açılacaq, qonaq yanında daha darısqallıqdan, şəraitsizlikdən sıxılan olmayacaq, geniş, işıqlı mənzillərin Allah qonağı üçün məxsusi bəzədilmiş ən gözəl, ən səliqə-sahmanlı otağında kasıbın olanından məclis qurulacaq, söz-sözü çəkəcək, söhbət-söhbəti... Min illərin qatından yoğrulub gəlmiş adət-ənənələr isə... min şükür ki, yenə də davam edir...

Onlarla söhbətdən mən də doymuram, bu insanların gözündə inamın, ümidin necə pöhrələndiyini görürəm... 

Ağdamın Gülablı kəndi alınan gün həyat yoldaşını itirəndən sonra saçının birini ağ, birini qara hörüb dörd körpə qız balasını min bir zillətlə böyüdən, birinci yazımızın qəhrəmanlarından Nazilə bacımızın da baxışları indi əvvəlki qədər kədərli, nisgilli görünmür. Məni xoş ovqatla qonaq dəvət edir. "Buyurun, içəri keçin", - deyir. - "Sağ olsun Prezidentimizi, bax gördüyünüz bu dörd otaqlı evi pay verdi mənə, içində də hər dəsgahı. İlham müəllim Mehriban xanımla evimdə qonaq da oldu. Bir-bir qızlarımla maraqlandılar. O qədər xoş anlar idi ki, indi də təsirindəyik. Allahım haqqı, elə bilirəm, bu iki əziz qonağın, Prezidentlə xanımının xoş nəfəsi qalıb evimizdə", - deyir həmsöhbətim və danışdıqca qəlbi atlanır. - "Qəribədir ki, yeni yurdda Gülablını daha tez-tez xatırlayıram, köhnə yurd hər gün yadıma düşür, inşallah, bir gün ora da qayıdacağıq. Evdarlığı, torpağa bağlılığı qızlarıma da öyrətmişəm ki, sabah ərə gedib ev-ocaq sahibi olanda üzümü ağ eləsinlər. Sağollaşanda bunu Mehriban xanım da mənə dönə-dönə tövsiyə elədi..."

Allah bütün arzularımızı göyərtsin, əziz bacım!..

Binəqədi qəsəbəsində görüşdüyüm, ədəb-ərkanlı, utancaq təbəssümlü bir cavan oğlan diqqətimi çəkir. Tərəddüdlü nəzərləri ilə nəsə demək istəyir, adətən ağır bir sınağı adlatmış insanlarda olur belə ürkək gözlər, söhbətə çəkincə müşahidələrimdə yanılmadığımı görürəm, Zəngilan rayonundan Təhmasib adlı bu cavan oğlanın, bir neçə ay əvvəl evi yanıb, danışdıqca böyüyən gözlərindəki tərəddüd, təşviş daha da artır, elə bil bu gözlərlə indi də yanan evindən qalxan alov dilimlərinə baxır. 2 övladı yanan evin içində qalıbmış Təhmasibin. "Birini özüm çıxardım, o birini polis... Allah dadına yetsin Prezidentimizin, kömək göstərdi, qardaşıma da, mənə də əl tutub həyan oldular..."

Bu da Qubadlı rayonundan Əyyub Bədəlov... Yaşı ötsə də, gözlərinin nuru yerindədir. Keçdiyi uzun həyat yolunun dolanbacları üzündəki qırışlara çevrilsə də, rəngi-ruhu dağ çiçəkləri kimi... Özü də, göz dəyməsin, şivərək və qıvraq...

"Bütün var-dövlətimi işğal olunmuş yurd yerində itirəndən sonra, yatsam, yuxuma da girməzdi ki, yenidən belə bir evim olacaq. Bundan sonra təzədən necə ev-eşik qura bilərdim?! Allah Prezidentimizin özünü, ömür-gün yoldaşını, balalarını min budaq eləsin, bir mənzil mənə verdi, birini də oğluma. Elə mənim kimilərinin duaları onlara bəsdir..."

Ortaboylu, yaşı ötsə də, gənclik şuxluğunu, səliqəsini saxlamış kişini tez-tez barmaqları ilə geriyə daraqladığı dağınıq gümüşü saçlarından tanıyıram.

Uzun illər Zəngilan rayonunda partiya-sovet orqanlarında çalışmış Xuduş müəllim... Abşeronun yaraşıqlı, gül-çiçəkli, təbii duz havalı Masazır qəsəbəsində görüşürük. Burada zəngilanlı məcburi köçkünlər üçün tikilmiş qəsəbənin açılışında, söz alıb çıxış etmək istəyərkən, həyəcanlandığından fikirlərini tam ifadə edə bilməməsindən təəssüflənsə də, kefini pozmur, məcburi köçkünlərin həyatının yaxşılaşdırılması üçün etdiyi hər şeyə görə Prezidentimizə təşəkkürünü çatdırmağı məndən köhnə dost kimi dönə-dönə xahiş edir: "Əvvəla deyim ki, biz zəngilanlılar Heydər Əliyevə çox borcluyuq. O olmasaydı, köçəköç vaxtı Araz çayında boğulub qırılardıq. Sonralar kim harada sığınacaq tapırdı, orada da qalırdı. Həmin anlardaca, ağlımıza gətirməzdik ki, belə mənzillərimiz olacaq. Amma indi, şükür Allahın kəramətinə ki, belə evlərimiz var. Prezidentimiz bunları bizim üçün qurub-yaratdı. İnşallah, Böyük Tanrının köməyi ilə, Prezidentimiz rayonlarımızı da tezliklə azad edəcək. O qərib yurdlarımız da, onun xeyir-duasıyla, bax beləcə, abad olacaq!.."

Nə gözəl, hər kəsdə ümid, inam, ruh yüksəkliyi!..

Ömrünün bu çağında çox qıvraq görünən Hacı Azad kişinin başındakı şivrək quzu dərisindən papağı, uzun kəlbətin barmaqlarında müqəddəs yerin nişanəsi olan üzük, muncuqları səf kimi düzülmüş sür təsbehi onun sal divar əzəmətinə, sərv qamətinə bir tamlıq gətirir.

"...Özün həmişə görmüsən də, müəllim, mən də, bütün camaatımız da hər yığıncaqda, xeyir-şər məclisində, harada olur-olsun, Prezidentimizin gördüyü işlərdən ürək dolusu danışırıq, onu necə əzizləyirik... Onun gördüyü işləri, keçirdiyi görüşləri diqqətlə izləyirik, bizim üçün çəkdiyi zəhmətə görə həmişə minnətdarlıq edirik. O kişi bizim bu problemli həyat tərzimizdə əməlli-başlı dönüş, səliqə-sahman yaratdı. Qoy Böyük Tanrının əli kürəyində olsun onun həmişə!.."

Həqiqət belədir! İllər əvvəl belə deyildi...

Amma hər yolum düşdüyündə el arasında "Qaçqınkom" kimi tanınan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəhlizlərində üzləşdiyim ürək dağlayan mənzərəni, dərdini götürüb bu binaya üz tutmuş biçarə insanların səs-küyünü, vay-şivənini xatırlayıram... 

Daha belə deyil, o dəhlizlərə işgüzar bir sükut çöküb indi, dəhlizlərə açılan qapıların o biri üzündə - iş otaqlarında hər kəs öz cari işləri, təsərrüfat qayğıları ilə məşğuldur. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qayğı və diqqəti nəticəsində əmələ gələn nikbin ruh, quruculuq şövqü bu ali dövlət orqanında da gördüyüm mühitə çox uyğun gəlir.

Qarşıda isə həyata keçiriləsi layihələr, planlar və görüləsi işlər çoxdur... Və bu arzular həyata keçdikcə, hər bir qaçqının, hər bir məcburi köçkünün yeni evində, yeni mənzilində ÜMİD ÇIRAĞI yanır, qəlbində ÜMİD ÇIRAĞI şölələnir...

...Dəftərçəmə köçürdüyüm bu isti sözlər, xoş duyğular, əzəmətli və ərkli səslər, sanki, dünyanı başına götürüb gedir...

Gəzib dolaşdığım yerlərdən bir ürək dolusu təəssüratla geri dönəndə artıq qaş qaralmışdı... Qəlbimi xoş duyğular bürüyür, inam dolu bir sabah gözləntisi var içimdə...

Bir an geriyə çevrilib yeni qəsəbələrin qaranlıq içində ulduz kəhkəşanına çevrilmiş işıqlarına göz gəzdirirəm.

Qəsəbənin işıqları o insanların ümidi kimi şölələnir...

Şuşanın Qala qapısından Qala dərəsinə, Laçının Güləbirtindən Lolabağırlısına, Xocalının Əsgəranından Şuşasına, Xocavəndin Muğanlısından Tuğuna, Kəlbəcərin Çərəkdarından Zəyliyinə, Ağdamın Qərvəndindən Əhmədavarına, Qubadlının Zilanlısından Basaratına, Zəngilanın Zərnəlisindən Baş Ağalısına, Cəbrayılın Cocuq Mərcanlısından Qumlağına, Füzulinin Mirzənağılısından Zərgər Dilağardasına qədər...

Ulu öndərin yandırdığı, Azərbaycan Prezidenti İlham Əliyevin daha da alovlandırdığı ÜMİD ÇIRAĞININ işığında bizi bax bu ellərə aparan Yolların süd kimi ağappaq ağardığını görürəm...

İmamverdi İSMAYILOV,

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir