Modern.az

"Qız səhər-səhər döşək ağını yuyub ipdən asdı” – Azərbaycan ədəbiyyatında erotika problemi

"Qız səhər-səhər döşək ağını yuyub ipdən asdı” – Azərbaycan ədəbiyyatında erotika problemi

14 Avqust 2013, 17:12

Erotik səhnələrlə, açıq-saçıq təsvirlərlə dolu olan “Bozun əlli çaları” əsəri müəllifinə 1 ildə 95 milyon dollar qazandırıb. İngilis yazar Erika Lenord Ceyms bir əsərə görə nüfuzlu “Forbes” jurnalının siyahısında birinci pilləni tutub.

Postmodern yazıçılar əslində çoxdan “part” və seksə xüsusi bir mədəni hadisə kimi yanaşaraq pornoqrafik səhnələri incə detalına qədər təsvir etməkdən yayınmır. Erotik təfərrüatlar müasir Azərbaycan ədəbiyyatından da yan ötməyib. Bir vaxtlar Anarı “Ağ liman”dakı çimərlik səhnəsinə görə topa tutan tənqidçilər indi “senzuradan kənar təsvirlər”i normal sayır. 

Modern.az-a açıqlama verən ədəbiyyat adamları bu meyar dəyişmələrini səbəblərini çözür:   

Tofiq Abdin (şair, publisist): “70-ci illərdə bir povestim çap olundu – “Adlerdə körpü var”. Ona bir ön söz yazmışdım və dediyiniz məsələyə toxunmuşdum. Bunun bir sənətkarlıq tərəfi də var. Mən həmin ön sözdə İsmayıl Şıxlının “Ayrılan yollar” əsərindən bir nümunə də göstərmişdim. İsmayıl Şıxlının o əsərində belə bir yer var; “İmran qızı qucaqlayıb çəmənliyə yıxdı. Qız dillənmədi...”  Burda hər şey həll olunur. Mənim “Adlerdə körpü var” povestində qızla oğlanın münasibətini əks etdirəcək bir yer var: Təsvirlər gedir və sonda deyirəm ki, qız səhər-səhər döşək ağını yuyub ipdən asdı.

Deməli, bu qız bakirəliyini itirdi. Bu cür yollar da var idi. Əslində ən açıq-saçıq səhnələr elə Şərq ədəbiyyatında olub. “Kəlilə və Dimnə”dəki kimi erotik səhnələr Qərb ədəbiyyatında yoxdur. Qərb ədəbiyyatına Hüqo və Şekspirdən bəri baxsaq görərik ki, Şərq ədəbiyyatında açıq-saçıq səhnələr daha çox olub. Amma Azərbaycan ədəbiyyatlnda niyə olamyıb, bu tamam ayrı bir mövzudur. Birincisi, ona görə ki Azərbaycan ədəbiyyatında bunun ənənəsi olmayıb. Klassiklərimizdən, “Dədə Qorqud”dan bu yana baxsaq, görərik erotik səhnələr yoxdur. Azərbaycan ədəbiyyatında mentalitetdən qıraqda insanların özünün içərisində etik məqamlar var. Amma 80-ci illərdə Allahverdi Eminov “Payıza  doğru “ əsərində pornoqrafik elementlər detallarına qədər göstərilib. Amma yenə də Erenburqun sözü olmasın, Qərb də hər şeyi Şərqdən götürüb”.

Məti Osmanoğlu (Yeni dövr Azərbaycan ədəbiyyatı tədqiqatçısı): “Mən sovet vaxtı uzun müddət mətbuatda çalışmışam və erotika ilə, açıq-saçıq səhnələrlə bağlı senzuranın hansısa konkret bir tələb, qadağa qoyduğu yadıma gəlmir. Ola bilsin, kino üçün belə bir çərçivə var idi, ancaq mətbuat, xüsusilə bədii ədəbiyyat üçün belə bir problemin olduğunu xatırlaya bilmirəm. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində dini mətnlər ixtisar olunduğu halda, kifayət qədər açıq-saçıq təsvir olunan erotik səhnələr bütün təfərrüatları ilə saxlanılırdı. O vaxt Covanni Bokkaçio, Molla Pənah Vaqif kütləvi tirajla nəşr olunurdu. Sovet ədəbiyyatının klassik nümunəsi olan və dilimizə də tərcümə edilmiş “Sakit Don”da (M. Şoloxov) nə qədər desən erotik səhnələr var. F.Fellininin, B.Bertaluççinin filmlərinə heç bir yasaq qoyulmamışdı. Ancaq bu da bir həqiqətdir ki, o vaxt Azərbaycan ədəbiyyatı erotika məsələsinə çox ehtiyatla yanaşırdı. Görünür, burada ictimai tərbiyənin rolu güclü idi.

Cəmiyyətin özündə buna qarşı ciddi müqavimət var idi və ona görə də bədii əsərlərdə erotik səhnələrin verilməsinə hər hansı ehtiyac olmurdu. Əlbəttə, bunun ideologiyadan gələn ifrat və eybəcər təzahürləri də olurdu. Yadıma “perestoroyka”nın ilk dövrlərində sovet və Amerika televiziyaları arasında qurulan “Telekörpü” düşür. Yüksək peşəkarlıqla hazırlanan proqramın gedişində məktəblilər arasında müxtəlif mövzular müzakirə edilir, söhbətə telefonla tamaşaçılar da qatıla bilirdilər.

Seks mövzusu müzakirə olunanda bir qadın studiyada bu mövzunun müzakirə olunmasına qəti etirazını bildirmişdi və bəyan etdi ki,. “SSRİ-də seks yoxdur”. Sonradan bu ifadə sovet mətbuatında zərb-məsələ çevrildi. Bəlkə indi baş verən əndazəsizlik, ədəbiyyatımızdakı “seksual inqilab” (bu inqilab indi kinoya da keçir) sovet vaxtının “boşluğunu doldurmaq” ehtiyacından yaranır? Hər halda, indiki açıq-saçıqlıq da ədəbiyyata və sənətə təzə heç nə gətirmir: əksər hallarda buna populyarlaşma vasitəsi kimi yanaşılır.

Düzgün olmayan isə budur ki, biz məsələyə çox vaxt ifratçılıq mövqeyindən yanaşırıq: ya heç olmaz, ya da hər şey olmalıdır! Əgər erotika həqiqi sənətə xidmət edirsə, bədii əsərdəki həyat reallıqlarının məntiqindən doğursa, ona qarşı çıxmağın mənası yoxdur: o həyatın ayrılmaz hissəsidir. Ancaq mən bir insan kimi “epatay əxlaqını” – diqqət cəlb etmək üçün insanın özünü “ortaya qoymağını” heç cür qəbul edə bilmirəm...

 

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir