Modern.az

Fırtışqulunun arvadı və məşuqəsi

Fırtışqulunun arvadı və məşuqəsi

16 Avqust 2013, 23:05

Fırtışqulunun üç oğlu var. Məktəbə gedirlər.  Arvadı Tükəzban da evdar qadındır.  Evdar deyil e... Elə bil ayağından evə zəncirləyiblər. Heç yana çıxa bilmir. Balaca üç oltaqlı mənzildə yaşamalarına baxmayaraq ev işləri qurtarmır ki, qurtarmır. Uşağın birin məktəbə səhər növbəsində yola salır. Başlayır o biriləriylə məşğul olmağa. Səhər yeməyi qurtaran kimi, günortaya hazırlıq görür. Evləri yığışdırır. Günorta məktəbdən uşağın biri gəlir, o biri ikisi gedir.   Televizor da ki daim açıq olur. Bütün günü də türk seriallarına baxır. Ordakıların da bədbəxt həyatı lap üzür onu. Özünü aparır qoyur onların yerinə. “Mənim də üç oğlum var. Birdən gələcəkdə içib sərxoş olarlar, gedib qonşu Fatmaxanımı zorlayarlar a... Deyərlər ki...əşşi  nə fərqi? Olmasın Fatmagül, olsun 50 yaşlı “staraya deva” Fatmaxanım”. Seriallara baxdıqca hamısının içində özünü görür. “Bıy-bıy bu ləçər Fərhundəyə bax a. Allah göstərməsin adama belə gəlin qismət ola. Saçın yolub verərəm küləyə”. Yox. Bir anlıq fikrə gedir. Birdən o mənim saçımı yoldu. Onda nə olacaq? Beləcə seriallar girib onun həyatına. Bu həyatda əri Fırtışquluya da yer var. Məşuq-məşuqə səhnələrini göstərəndə gözünü ekrandan çəkmir. Əli Kapitanla Karolini görəndə bir anlıq özünü Cəmilənin yerinə qoyur. O saat Fırtışqulu yadına düşür. Həmən telefonu götürüb zəng edir:

-         Ədə, hansı cəhənnəmdəsən?

-         Quşçuluq sexində.

-         Orda neyləyirsən?

-         Kəsilmiş toyuqları qablaşdırıram.

-         Neyləyirsən?

-         Neyləyəcəyəm. Toyuğun   ayaqlarını carpazlaşdırıb  yarılmış qarnına soxuram. İşim bundan ibarətdir.

-         O nə qadın səsləridir gəlir?

-         Ay arvad, seximizin fərələridir.

-         Sənin beçə boyunu yerə soxum,- deyib dəstəyi asır yerinə.

Beləcə hər gün. Bilirdi ki, əri onu ələ salır. Amma qadın səsi gəlməyinə gəlirdi. Əri o sexdə işləyən yeganə kişi idi. Maaşdan əlavə əlinə gündəlik toyuq içalatı, brak toyuqlar da keçirdi. Tükəzbanın  gündəlik bişirdiyi yeməklər də əsasən buna uyğun olurdu.

Bir dəfə Fırtışqulu evə gələndə neyləsə yaxşıdır?  Qapı açılar-açılmaz özü başlayır qaqqıldamağa, uşaqlar da ki, xoruz kimi banlamağa: “quq-quli-qu” Beləcə qollarını  dirsəkdən yığıb yellədərək  5 dəqiqə yorğun Fırtışquluya xoruz-toyuq konserti verirlər. O da:

-         Nə olub? İşdə də qaqqıldayırlar. İndi də evdə başlamısınız?

-         Neyləyək?  O qədər toyuq əti yemişik ki, genimiz dəyişib. Axı biz də qonşular kimi kabab yeyib mələmək istəyirik, xaşlama dadıb mouldamağa möhtacıq.

-         Bircə bu qalmışdı. Səsinizdən bütün bina köçər.

-         Yaxşı... Mən razı. Onda balıq al. Çınqırımız da çıxmayacaq. İçalatı da pis olmaz. Qara kürünü deyirəm e.

Nə isə Fırtışqulu evə dincəlməyə yox, “konsertə” gəlirdi.

İşlədiyi sexdə qadınlar çox idi. Əksəriyyəti də  dul, ərindən boşananlar. Hərdən ona göz-qaş da edirdilər. Amma o başını aşağı salıb öz işiylə məşğul olurdu. Yəni ki, ütülmüş  toyuqları qaba qoyub ayaqlarını çarpazlaşdıraraq  qarınlarına soxmaqla.

Rəhmətlik nənəsi ona yaxşı tərbiyə vermişdi. Demişdi ki, “ay bala, həmişə bar verən ağacın altında yat. O biri ağaclar sərinlikdən başqa bir şey vermir”. Bu misalı  Tükəzbana da demişdi. O da cavabında  “Ədə, mənə nə minnət qoyursan? Mənim də rəhmətlik bibim də deyirdi ki, xoruz harda dənləyir dənləsin, amma səhər hökmən evindən “banlamalıdır””. Fırtışqulu da yanıb tökülürdü ki, mən buna ağac, özü də barverən ağac deyirəm. Bu isə mənə xoruz.

Yorğun Fırtışqulu evə girən kimi, sərilirdi divana ki, “çay ver!” Yarım saatdan sonra çay gəlirdi. Amma ona çay demək mümkünsə. Soyuq, sidiy rəngində  bir şey. Arvad üstəlik onu yandırıb tökürdü də - “Fırtışqulu, başın üçün bu dəqiqə  dəmləmişəm”. Yemək istəməyinə ehtiyac qalmırdı. Beləcə divanda mürgüləyirdi. Yaxşı ki, işdə günorta yeməyi verirdilər. Yoxsa çətin ki, ayaq üstə dura biləydi.

 Öz-özünə fikirləşirdi ki, görəsən bütün arvadlar Tükəzban kimidir? Axı neyləsin ki, o varlı, imkanlı deyil. Hələ bu işi güc-bəla tapıb. Köhnə uşaqlıq yoldaşının tapşırığı ilə. Necə olsa maaşı var, günorta yeməyi var. Bayramlarda mükafat, hədiyyə verirlər. Xüsusi avtobuslarla aparıb gətirirlər. Bəs bundan  başqa nə olmalıdır axı? Oğurluq, rüşvət almaq da əlindən gəlmir. Gəlsə də... kimdir axı ona rüşvət verən, oğurluğa aparan? Bəlkə ayaqlarını  yarılmış dallarına  dürtdüyü beçələrin ahı tutub onu. Necə olsa kişi xeylağıdırlar axı?

 Beləcə Fırtışqulu bu cür fikirlərlə hər gecə “barverən ağac”ının altında  yatır,    səhər isə evindən  “banlayırdı”.

MƏŞUQƏ

Məşuqə sözünü kitablarda oxumuş, kinolarda görmüşdü. Çox da cəzbedici görünməmişdi ona. Bir növ arvadın qır-saqqız  forması təsiri bağışlamışdı.

İşdən çıxanda avtobusda iş yoldaşlarıyla birlikdə gəlirdi. Onlara tərəf  gözünün ucuyla da baxmırdı. İş yoldaşları da adını “arvaddanqorxan”, bəzən də “impotent” qoyub dolayırdılar. Günlərin bir günü isə sürücü təsadüfən əyləci bərk basdı. Qadınlardan biri müvazinətini saxlaya bilməyib yapışdı Fırtışquluya. Dodağına sürtdüyü qıpqırmızı pomada yaxıldı  köynəyinə. Fırtışqulunun rəngi qaçdı, başladı titrəməyə. İş yoldaşı Vilyura bunu gördü.

Qonşuluqda yaşayırdı.Əri də ölmüşdü. Uşağı da yox idi. Sonsuz idi.   Yol boyu “Fırtışqulu narahat olma. Bir pis iş görməmisən ki... arvad sənə nəsə deyə?” Amma Vilyura hardan biləydi ki, Tükəzban onun üstündən gələn toyuq iyini hər axşam fransız ətiri kimi ona sırımaq istəyir. Və buna nail olur da. O ki qalsın ağ köynəkdəki  pamada izi ola.

Bunu görən Vilyura “Bəlkə bizə  gedək. İki dəqiqəyə atım paltaryuyan maşına eləsin ağappaq. Ütülüyüm verim”. Fırtışqulu naəlac qalıb razılıq verdi.

Evə girdilər. Köynəyini soyunub Vilyuraya verdi. Kresloya əyləşdi.

-         Suyumuz gəlir. İstəyirsən yaxalan.

-         Yox! Sağ olun.

Vilyura tez çay dəmlədi. Podnosda ortalığa gətirdi. Yanında limonu, şokolad konfeti, kişmişli keksi. Çayın ətri otağa yayıldı.

-         Berqamotlu deyirlər e....onun ətridir?

-         Yox. Berqamot nədir ki... limonun bir növüdür də. Qurudulmuş, üyüdülmüş formada . Hazır təzə Lənkəran limonu var da.  Kəkotu atmışam çaya.

İçirdim. Elə bil ki, çay damağıma yapışırdı. Ləzzətini hiss edirdim. Vilyura paltarını dəyişib xalat geyinmişdi. Üstündən qəşəng ətir iyi gəlirdi, bozbaş iyi yox.  Birdən ayağa durdu. Hamama girdi. Əlində ləyən yanıma gəlib döşəməyə qoydu. Corablarımı çıxarmağa başladı.

-         Neyləyirsən?

-         Mənim ərim işdən gələndə belə edirdim. Ayaqlarını suya qoyan kimi bütün yorğunluğu çıxırdı.

Nədənsə bir anlıq mənə də maraqlı gəldi. Vilyura corablarımı çıxartdı. Şalvarımın balaqlarını çırmaladı. Ayaqlarımı suya qoydu. Vilyura eləcə ləyənin yanında oturdu. Xalatının ətəkləri dartıldığından ayaqları aydın görsənirdi. Sinəsini hələ demirəm.  İsti su ayaqlarımı ağuşuna aldıqca içdiyim pürrəngi çay da sinəmə yayılırdı.  Vilyura əlini ləyənə saldı. Barmaqlarıyla ayaqlarımı sığallamağa başladı. Ayaq barmaqlarımı bir-bir ovcunda sıxırdı. Hər sıxdıqca da ruhum bədənimdən çıxırdı. Köynək də, evdəkilər də yaddan çıxmışdı. Vilyura su gətirib ayaqlarımı yaxaladı . Təmiz dəsmalla quruladı. Bir stəkan da çay gətirdi. Yemək çəkdi. Birgə şam elədik. Mən içməyən adam çaxır içdim. İşıqı da yandırmırdı. İki şam alışdırmışdı. İlahi, şam işığında insan sifəti necə gözəl görükərmiş. Vilyura heç nə danışmırdı, deyinmirdi, Tükəzban kimi “qaqqıldamırdı”. Televizoru açıb seriala baxmırdı. Maqnitafonda insanın dincəldən lirik musiqi qoymuşdu. Sadəcə kirimişcə  gözlərimə baxırdı. Həsrətlə mənə baxırdı. Bu baxışlardakı nə idi? Bilmirdim. Başa düşməyə çalışırdım. Amma başa düşə bilmirdim. Yeməyimizi bitirdik. Köynək də o vaxta yuyuldu. Vilyura tezcə ütülədi. Hətta bir-iki düyməsini bərkitdi də.  Corablarımı geyindirdi. Ayaqqabımı mazlayıb, parıldatdı. Şalvarımı şotkaladı. Qapıdan çıxanda sağollaşmaq, minnətdarlıq əlaməti olaraq əlimi ona uzatdım. O da. Amma əlini əlimdən ayıra bilmirdi. Arvadım Tükəzbandan görmədiyimi Vilyuradan görmüşdüm. Nənəmin və arvadımın bibisinin dediklərinin mənasını başa düşmüşdüm. Çünki Vilyura yavaş-yavaş məşuqəmə çevrilirdi.

“Bar verən ağacın altında yat. O birilər sərinlik verəndir”. Nənəm düz deyirdi. Bar verən ağac uşaqlarımın anası -  arvad idi. Sərinlik verən, arvadımla mənim aramda yavaş-yavaş sərinlik toxumları səpən isə  məşuqə, heç vaxt uşağı olmayan, dul- tənha qalmış Vilyura.  O ki qaldı arvadımın bibisinin “Xoruz harda dənləyir dənləsin, amma səhər hökmən evindən banlamalıdır” fikrinə... bunu da dərindən  anlayırdım.

O gündən evə gec gəlirdim. Yolüstü Vilyuragilə gedirdim. Əlbəttə ki “köynəyimi yudurtmağa”. Vilyura artıq məni çimizdirirdi. Sığallayırdı. “Can, can” deyirdi. Çay gətiridi, şam işığında yemək yeyirdik. İşə bir gedib, bir gəlirdik. Gecəni isə... Ondan ayrılanda ağlayırdı. “Getmə” deyirdi. Gecələr tək qalmaqdan qorxurdu. Məni itirməkdən qorxurdu. Tükəzbanın isə itirmək qorxusu yox idi. Onun əriydim. Üç uşağının atasıydım. Öhdəliklərim vardı. Bilirdiki, hara getsəm də əvvəl-axır evə qayıdacağam. Bircə “Hansı cəhənnəmdəydin?” deyirdi. Sonra isə  başlayırdı seriallarına baxmağa.

Arvadın rəhmətlik, cənnətməkan bibisi demişkən “qıraqda dimdikləşirdim, səhərlər  isə evimdən “banlayırdım”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir