Modern.az

Milli ruha və insan mənəviyyatına keşiyin 88 yaşı- Bəxtiyar Vahabzadə

 Milli ruha və insan mənəviyyatına  keşiyin  88 yaşı- Bəxtiyar Vahabzadə

Ədəbi̇yyat

16 Avqust 2013, 13:18

Bu gün Bəxtiyar Vahabzadənin 88 yaşı tamam olur. 2009-cu ildə dünyasını dəyişsə də, ruhən həmişə insan mənəviyyatı, vətən təəssübkeşliyi kimi mənəvi dəyərlərinə indi də keşik çəkməkdədir. Xalq şairi B. Vahabzadə təkcə Azərbaycanda deyil, bütün türk dünyası, Turan ellərinin ən sevilən şairlərindən idi. Hətta ölümünə yaxın, xəstə ikən ona baş çəkən türkiyəli qonaqlar şairin hər dəfə Türkiyə adı çəkiləndə ağladığını kövrək bir xatirə kimi nəql edirlər. 70-dən çox şeir kitabının müəllifi olan Bəxtiyar Vahabzadə insan və zaman, insan və etiqad, düşüncə və bəşəriyyət, köklər-budaqlar, atalar-oğullar kimi  dünyəvi mövzulara ölümsüz rənglər qatıb. 

Modern.az saytı böyük şairin şeirlərindən bir neçəsini sizlərə təqdim edir:

 

Qocalmır 

Qocaldır insanı, qocaldır zaman;

Ürəyin atəşi, közü qocalmır.

Dağları, daşları qocaldan zaman,

Bilmirəm, bəs niyə özü qocalmır?

Getdi baharımız, yer qışa qaldı.

Düzlər qara qaldı, yağışa qaldı.

Bizimki bir quru baxışa qaldı,

Neyləyək arzunun gözü qocalmır.

Bəxtiyar, düşünək biz dərin-dərin.

Xəyallar möhtəşəm, arzular şirin.

Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır.

 

Dünyanın

Baş çıxarmaq həm çətindir, həm asan

İblisindən, mələyindən dünyanın.

Adəm satdı bir buğdaya cənnəti,

Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,

Yaşamadım bir sevdamı yarımçıq.

Əzab adlı dəyirmandan narın çıx,

Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün bir mələyən cüyürdüm,

O təpədən bu təpəyə yüyürdüm.

Niyə qorxum kəfənindən?

Nə gördüm

Beşiyindən, bələyindən dünyanın?

Biz özümüz özümüzdən öc aldıq

Keçən günə gələn günü bac aldıq

Ömrümüzün yarısında qocaldıq

Şilləsindən, kötəyindən dünyanın.

Könül üzgün, xəyal küskün, dərbədər

Özün söylə zülm olarmı bu qədər?

Arxasınca palaz kimi sürüdər

Bərk yapışsam ətəyindən dünyanın.

Könül düşdü min arzumun izinə

Biləmmədik əyrisi nə, düzü nə?

İndi kəfən toxuyuruq özünə

Öz gülündən, çiçəyindən dünyanın.

 

Bilə-bildiyin qədər

Çal dünyadan xoş günü

Çala bildiyin qədər.

Verəcəksən, unutma

Ala bildiyin qədər.

Quzu kimi mələrsən,

Min-min arzu dilərsən.

Sən boşala bilərsən

Dola bildiyin qədər.

İdrak yolu qorxulu

Gülündən çoxdur kolu.

Gedəcəksən bu yolu

Gələ bildiyin qədər.

Nəyə gərək gileylər

Bu çabalar, bu səylər

Bildiklərin bəs eylər

Elə bildiyin qədər.

Bu dünyanın min donu

Min rəngi, min oyunu.

Dərk edərsən sən onu

Bilə bildiyin qədər.

Sevinc dağına çıxsan

Sanma dərddən uzaqsan.

Bir gün ağlayacaqsan

Gülə bildiyin qədər

 

Millətim

Niyə bu günə düşdün 
Ay mənim məmləkətim?
Özümə düşmən olub
Aşıb-daşan sərvətim.

Bir vaxt sən də xan idin,
Vaxta hökmüran idin,
Dövlətlər quran idin,
İndi sənə nə oldu
A qullaşan millətim?

Daşından da zər bitər,
Yeddi arxana yetər.
Dilənçidən beşbetər
Yoxsullaşan millətim.

Namusuyla, arıyla,
Keçdiyi yollarıyla,
Böyük oğullarıyla
Oğullaşan millətim.

Savaş hünərləriylə,
Qəhrəman ərləriylə,
Böyük zəfərləriylə
Nağıllaşan millətim.

Dəmir qıran dişiylə,
İgidlik vərdişiylə,
Öz şanlı keçmişiylə
"Sağollaşan" millətim.

 

 

Vicdan şahidliyi

Hərdən əzab satar, qəm alar məni, 
Mənim bu dünyada çox xatam olub.
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.

Səhvimə, xatama hamıdan qabaq

Şahid də, hakim də vicdandır ancaq.
Belə bir məqamda vəkil lal olur,
Haqq kəsir, yalansa payimal olur.
Şahidim, vəkilim, hakimim də mən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!
Vicdan şahidliyi! Bir hökmdar tək
Özünə çəkdiyin öz sinə dağın.
Vicdan şahidliyi! Özünü görmək,
Özünün özünə təslim olmağın.

Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi