Modern.az

Nakam taleli şairlər

Nakam taleli şairlər

17 Avqust 2013, 10:58

90-cı illər, eləcə də ən yeni dövr Azərbaycan ədəbiyyatı həm öz durğunluğu, həm də müəyyən müddətdən sonra aktiv fəaliyyəti ilə diqqət çəkib. Bu dönəm ədəbiyyatında bir sıra imzalar var ki, onlar yaradıcılığının ilk addımlarında, təzə-təzə püxtələşən zaman dünyalarını dəyişdilər. Modern.az sizi onların bir neçəsi ilə tanış edir:

Ülvi Bünyadzadə (21 yaş)

Ülvi Yusif oğlu Bünyadzadə  23 sentyabr 1969-cu ildə Göyçə mahalının Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazır. 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış edir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddiillik musiqi təhsili alır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı.

O, ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. Milli azadlıq hərəkatının iştirakçısı, Azadlıq Meydanındakı dekabr mitinqlərinin fəallarından idi. 1990-cı ilin 20 yanvar faciəsi zamanı şəhid oldu. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Ü. Bünyadzadənin yaradıcılığına 200-dən çox şeir, "Ömür yolu" poeması və "Qansızlar" povesti, 40-a yaxın hekayə, 5 pyes, yaxın dünya ədəbiyyatından 20-yə orijinal tərcümə, 7 ədəbi və ictimai məzmunda məqalə daxildir.

Nizami Aydın (31 yaş)

Dünyadan tez köçən şairlərdən biri də mərhum Nizami Aydındır. Gəncədə anadan olan və orta məktəbi də orda bitirən N. Aydını Ülvi Bünyadzadə ilə birləşdirən digər məqam onun da şəhid olmasıdır. O, Qarabağ savaşında həlak olub. “Tərlan” adını verdiyi tankında yanıb kül olmaq bahasına olsa da, 40-a yaxın əsgəri düşmən əsirliyindən xilas edib. Publisist Qərib Mehdi Nizami Aydının 50 illik yubileyi ilə əlaqədar “Nizami Aydın şəhidliyi adlı kitab-poemanı çap etdirib. Onu da qeyd edək ki, mərhum Nizami Aydın 31 yaşında dünyasını dəyişib. Hazırda Gəncə şəhərində 18 nömrəli məktəb mərhumun adını daşıyır.

Hamlet Kazımoğlu (31 yaş)

1970-ci ildə Borçalı mahalının Faxralı kəndində doğulub, 2001-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.

Mərhumdan bir şeir:

Sahilə çıx, su pərisi

Daha səbrim də daralıb,

Yarpaq ümidim saralıb,

Kimin üzü gözəl qalıb,

Dilimdə onun adı var.

Keçən ömür haya gəlməz,

Yaşım günə, aya gəlməz.

Bax, içimdə saya gəlməz

Sevgimin neçə qatı var.

Hələ mənəm gözgörəsi,

Adamların ən dirisi,

Sahilə çıx, su pərisi,

Sularda meyit dadı var.

Fərhad Mete (24 yaş)

İstedadlı şair yaradıcılığa qədəm qoyduğu ilk illərdə qəfil ölümlə üzləşdi. Gənc ədiblər məktəbi-1-in ən fəal üzvlərindən olan Fərhad Mete 2010-cu ildə 24 yaşında avtomobil qəzasında öldü. Mərhumun bir şeirini diqqətinizə çatdırırıq:

Dünyaya gəlmək

Dünyaya gəlmək-azad və qorxusuz…

Sonra qorxmaq və dua etmək-yəni sığınmaq…

Biz Allaha belə tapınırıq.

Mən də sənə bunlardan danışacaqdım,

amma hər şeyi olduğu kimi deyə bilmədim əslində-

olduğu kimi, yəni necə görmüşdümsə,

tank tırtılları altında torpağa qarışan 18 yaşlı gənclərdən-

bütün savaşların boz-bulanıq səbəbi torpaqdan,

bir də üstündə zeytunu, ənciri və narı bitirən torpaqdan….

Olduğu kimi danışacaqdım, necə görmüşdümsə

ölmüş zabitin cibindəki məktubdan,

ağ vərəqin üstündə uşaq əlinin cizgisindən,

içində portağal rəngində günəş şəklindən,

bir də altında səliqəsiz yazılmış “Zuzudan atasına” sözlərindən,

sənə belə tapınacaqdım gördüklərimdən sonra….

Amma sən inanmadın,

inanmadın ki, zaman içində gəzdirir ayrılıq saatını,

və tərk edilmiş insan hər şeyə alışır-

məsələn, alışır günəşin portağal rəngində olmasına,

bir də hər gecə qulaqlarında səslənən

qan ləkəli tank tırtıllarının səsinə…

Zərdüşt Şəfi (26 yaş)

Zərdüşt Şəfi 1986-cı ilin  19 noyabr tarixində Qəbələ rayonunda ziyalı ailəsində dünyaya gəlib. Xəzər Universitetinin  jurnalistika fakültəsini bitirib. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlayır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin 2008-2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub.

2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunub, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülüb. 2012-ci ildə Bakı şəhərində qan xərçəngi xəstəliyindən vəfat edib. 2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Z. Şəfizadə hekayə və essələrindən əlavə, həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir.

Zərdüşt Şəfinin özü barədə olan fikirləri:

1986-cı ildə (özümdən asılı olmayan səbəblərlə) doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu, yüküm ağırdı! Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı - bir tək onu tanıyıram bu dünyada qalan hər kəs və nəsnə şərtidi. Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm. Ən pis xüsusiyyətim ən yaxşı xüsusiyyətimlə bağlıdı: pisliyi də yaxşılıq kimi qətiyyən unutmuram!

 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir