Modern.az

Müsavat Milli Şuradan çıxacaq, bu addımı AXCP də atacaq” - ŞƏRH

Müsavat Milli Şuradan çıxacaq, bu addımı AXCP də atacaq” - ŞƏRH

19 Avqust 2013, 13:36



Azərbaycan müxalifəti bir zamanlar Qərbyönlü mövqeyi ilə siyasi proseslərə rəng verirdisə, bu gün ideya müəllifi Rüstəm İbrahimbəyov olan və yeni yaranan Milli Şura sayəsində Rusiyanın maraqlarını güdməkdə ittihamlanır.

Mövzunu Modern.az-a şərh edən politoloq Zərdüşt Əlizadəyə görə, məsələnin çox sadə izahı var.

“Əslində, Rusiyanın Azərbaycan hakimiyyətinə güclü dəstəyi var. Heç nəyi olmayan Azərbaycan müxalifəti Rusiyanın nəyinə lazımdır?!”.

Z. Əlizadə əlavə edib ki, müxalifətə qarşı təbliğat kampaniyasında Azərbaycan hakimiyyəti Rusiyanın dəstəyindən istifadə edir.

Politoloq Qabil Hüseynli isə bildirir ki, Milli Şuraya daxil olan partiyaların hamısını Rusiyaya işləməkdə ittiham etmək düzgün deyil. Siyasi ekspert hesab edir ki, əvvəldən Rusiyameylli siyasət yürüdən bəzi siyasi düşərgə nümayəndələri müxalifətin əsas hissəsini ələ alsa da, Müsavat və AXCP-nin ideologiyasına elə də ciddi təsir etmir.

“Bu gün həmin partiyalar demokratik dəyərlərə üstünlük verirlər. Müsavat və AXCP siyasi oriyentasiya etibarilə Qərbyönlü hesab etmək olar. Bu partiyaların siyasi cizgisində müəyyən tərəddüdlər olsa da, onlar öz xəttinə sadiq qalıblar. Amma bu dəfə Rüstəm İbrahimbəyov başda olmaqla bir qrup şəxs Müsavat və AXCP-ni yağlı vədlər və şirnikləndirici bəyanatlarla Rusiyaya yönəldə bildilər”.
  Siyasi şərhçi qeyd edib ki, Müsavat Partiyası əvvəldən mövqeyini ortaya qoymaqla öz siyasi dəst-xəttini bəyan edib.
“Müsavat Partiyası əvvəlcədən bəyan etdi ki, onlar üçün qırmızı cizgilər var. Bu siyasi partiya bildirdi ki, Azərbaycan dövlətçiliyi, müstəqillik məsələsində prinsipial olacaqlar”-deyən politoloqun sözlərinə görə, bu cür bəyanatlar digər partiya liderləri tərəfindən səslənmədi.

“Əksinə, həmin insanlar Qərbi tənqid etmək yolunu tutdular”.

Q. Hüseynli bildirib ki, artıq siyasi partiyalar dəqiq oriyentasiyasını müəyyən etməlidir. “Bu vaxt gəlib çatıb. Prinsipial qərarlar qəbul olunmalıdır”. Politoloq Milli Şuranın vahid namizədlə bağlı səngimək bilməyən müzakirələrinə münasibət bildirərkən deyib ki, Müsavat Partiyası bu qurumdan çıxa bilər və bu addımı AXCP də atacaq.  

Aqşin Kərimov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir