Modern.az

FHN-in təyyarəsi azərbaycanlıları Misirdən gətirdi - Yenilənib

FHN-in təyyarəsi azərbaycanlıları Misirdən gətirdi - Yenilənib

19 Avqust 2013, 14:31

 

Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, təyyarə ilə 48 Azərbaycan vətəndaşı gətirilib: “Biz 80 nəfəri gətirməyi planlaşdırırdıq. Lakin bəziləri gəlmək istəmədi. Misirdə qalan Azərbaycan vətəndaşları əsasən oranın vətəndaşları ilə nikahda olanlardır. Onlar orada qalmağa üstünlük verdilər”.
Misirdəki durum barədə danışan R. Bağırov komendant saatının tətbiq edildiyini, vəziyyətin ağır olduğunu bildirib: “Bununla belə, səfirlik işini davam etdirəcək. Hazırda səfir və daha bir diplomat Qahirədə işləyir”.

Təyyarədə olan vətəndaşlar isə jurnalistlərə bildiriblər ki, ölkədə vəziyyət 2011-ci ildən də ağır xarakter alıb. Onların sözlərinə görə, o vaxt iğtişaşlar müəyyən yerlərdə baş verirdisə, indi istənilən yer təhlükəlidir.
Misirdən təxliyə olunanlar qayğıya və görülən təhlükəsizlik tədbirlərinə görə prezidentə, FHN-ə və səfirliyə təşəkkürlərini bildiriblər.

***

Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyə edilməsi üçün göndərdiyi xüsusi təyyarə Bakıya qayıdıb.

Modern.az  bildirir ki, təyyarə bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 

Qeyd edək ki, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib. 

Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, dünən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb. 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir