Modern.az

İşığı könlündə daşıyan... Zeynəb

İşığı könlündə daşıyan... Zeynəb

20 Avqust 2013, 11:25

Qənirə Paşayeva

Ən böyük arzumdu dünyanı görmək.
“Əlil”, “kor” sözünü kitabdan silmək...
Sonra da vətəndə şəhid tək ölmək...
Mənim gözlərimə işıq ver, Allah!

Ondan yazmaq istəyirəm – Zeynəbdən –adı gözəl, özü gözəl, ürəyi gözəl Zeynəbdən. Çünki Zeynəb, onun həyat fəlsəfəsi, həyata bağlılığlı yüzlərlə görmə qabiliyyətini itirmiş uşaq, gənc üçün gözəl örnəkdir.

Mingəçevirdə yaşayır Zeynəb. Sadə bir ailənin övladıdır. Artıq neçə illərdir görmə qabiliyyətini itirib. Amma buna baxmayaraq, şükrlə, təvəkküllə yaşayır. Allahın ona verdiyi günlərə, aylara, illərə şükr edərək onları anlamlı yaşamağa çalışır və nə zamansa Allahın yardımı ilə gözlərinin (müalicələr və əməliyyatlar sonucunda) görəcəyinə inanır. Həyatdan küsmür Zeynəb, tam əksinə, ona daha da güclü sarılıb, öyrənmək, çalışmaq, insanlıq üçün yararlı olmaq istəyir... Onun haqqında mənə (özü də görmə qabiliyyətini itirmiş) istedadlı müğənnimiz və gözəl gəncimiz Murad Sadıq danışmışdı. Böyük ürəyi var Muradın. Hər zaman özündən daha çox onun kimi görmə qabiliyyətini itirmiş gənclərdən, onların üzüntülərindən danışar və onlara dəstək göstərməyi xahiş edər. Bir görüşümüzdə Mingəçevirdə yaşayan Zeynəbdən danışdı Murad. Çox istedadlı bir qız olduğunu və çətin günlər yaşadığını bildirdi, ona dəstəyin vacibliyindən danışdı. Həmən telefon nömrəsini aldım və zəng etdim Zeynəbə. Dəstəyin o biri ucundakı səsdən... bu səs yiyəsinin zərifliyini, kövrəkliyini, kədərini hiss etmək çətin deyildi. – “İnana bilmirəm ki, siz mənə zəng edibsiniz. Çox şad oldum. Ürəkdən ürəyə yollar var, deyiblər. Hardan bildiniz ki, neçə gündü özümü daxilən çox yorğun, küskün hiss edirəm...” dedi Zeynəb.

Dedim, Zeynəb, “mən bilmirdim amma bilən bilir axı… Yaradan səni sevir… Mənim sənə zəngim də təsadüfü deyil…”

“Bilirəm” dedi… Sonra da əlavə etdi:

- Yaradanın məni sevdiyini bilirəm…

- Eşitmişəm gözəl şeirlər yazırsan, onları oxumaq, dinləmək istərdim. Bu yaxınlarda sözləri mənə aid olan musiqi albomlarının təqdimatını edəcəyik. Aksiya kimi olacaq, səni dəvət etmək istəyirəm. Şərəf qonağımız olarsan, gözəl şeirlərini ifa edərsən. İstəyirəm səni hər kəs tanısın, sən öz dəyanətin, səbrin, abrınla gözəl bir örnəksən bir çox gənclərə, bunu unutma…

Gəldi… Tədbirdən öncə bəlkə 1 saatdan çox söhbət etdik. Doymaq olmur Zeynəbin söhbətlərinə. Utancaq, təvazökar, içərisi Yaradana və yaradılana sevgi dolu, zərif, bilmək, öyrənmək ,çalışmaq həvəsi ilə aşıb daşan Zeynəb..! Tədbirin ən gözəl qonağı oldu o. Onun yazdığı şeirləri özündən gözəl söyləyən az olar. Çox gözəl şeir demək, aparıcılıq qabiliyyəti varmış… Tanıyan hər kəsin  sevimlisi oldu Zeynəb. Sağ olsun, mətbuat və televiziyadakı dostlar, xahişimizi nəzərə aldılar və tədbirlə bağlı reportajlarda Zeynəbə özəl yer ayırdılar. Qısa zamanda o nəinki özü kimi görmə qabiliyyətini itirmiş uşaqlar və gənclər, yüzlərlə tam sağlam gənclər üçün də gözəl örnəyə çevrildi. Dağlıq Qarabağı, işğal olunmuş torpaqlarımızı heç bir zaman görməyən Zeynəbin yazdığı Qarabağ şeirini ancaq millətini, Vətənini, torpağını dəlilər kimi sevən bir könül yaza bilərdi…  

Açıram, gözlərim görmək istəyir,
Laçına, Şuşaya getmək istəyir.
Nə halda qalıblar görmək istəyir,
Nə deyim, bu qanlı tarixə, Allah?!.

Allahım, duy mənim bu fəryadımı,
Tökülən qanları, gözyaşlarımı...
Nə olar, geri ver, sən, Qarabağı,
Nə deyim, bu qanlı tarixə, Allah?..

Onun insanlıqla bağlı, Yaradana və yaradılana sevgi ilə bağlı gözəl şeirləri var… Sözükeçən tədbirdə albomlardan gələn bütün gəliri Zeynəbə və sağlamlığını itirmiş daha bir istedadlı gəncimizə hədiyyə etdik ki, onların yaradıcılıqlarına kiçik bir dəstək olsun. Amma Zeynəblə o gündən dost olduq. Zeynəb getdikcə həyata daha da çox sarılır. Şeirlər kitabını çıxardı, şeirlərindən ibarət bir albom da dinləyicilərin ixtiyarına verildi. Dəstək gösrətən bütün dostlara təşəkkür edirəm. Bir neçə gün öncə yenə görüşdük. “Sən yazmağa davam etməlisən” dedim: “Nə qədər çətin olsa da, davam etməlisən. Ailə üzvlərinin, dostların köməyi ilə etməlisən. Ruhdan düşmə, sən bacaracaqsan!” dedim və çox sevindim ki, Zeynəb işləmək istəyir. O artıq Yevlax televiziyasında proqram aparmaq, Yevlaxda ve yaşadığı Mingəçevir rayonunda yerli radiolarda çalışmaq istəyir. Bütün sınaq-yoxlamalardan uğurla keçib Zeynəb. Televiziya-radio əməkdaşları da təsdiq edib ki, istedadı, gözəl səsi var. Səsində qəribə bir huzur var və onu dinləmək istəyən mütləq dinləmək istəyir. Çox sevindim. Dostları aradım, inanıram ki, Zeynəbin televiziya, radioda proqram hazırlayıb, aparmaq arzusu onların dəstəyi və bizim də dualarımızla öz həllini tapacaq. Çünki onun aparacağı proqramlar təkcə Zeynəbin özü və gələcəyi üçün deyil, görmə qabiliyyətini itirmiş yüzlərlə uşaq, gənc üçün önəmli bir stimuldur, onların həyata daha sıx bağlanmaları üçün önəm kəsb edir. Zeynəb özü də bunu təkcə özü üçün deyil, görmə qabiliyyətini itirmiş bütün gənclərə, uşaqlara böyük mənəvi stimul olacağı üçün etmək istədiyini deyir.

Əziz dostlar! Bu cür gənclərə, uşaqlara harada yaşamasından asılı olmayaraq daha çox dəstək olmalıyıq. Onlara dəstək Allaha xoş getməklə yanaşı, toplumumuzun bu günü və gələcəyi üçün çox vacibdir. Bizi, ailə üzvlərimizi, doğmalarımızı, övladlarımızı sabah nə gözlədiyi bəlli deyil amma onlar bu kimi məsələlərdə duyarlı bir toplumun vətəndaşları olsalar çox gözəl olar.

***

Bu həyat yolumu yazıb yaradan,
Neçə il, neçə gün keçdi aradan,
Qaranlıq dünyaya düşdüm sonradan,
Mənim də gözümə işıq ver, Allah!

Ürəyim dərdlidir deyə bilmirəm,
Köməksiz dolanıb gəzə bilmirəm,
Güzgüdə özümü görə bilmirəm,
Mənim gözlərimə işıq ver Allah!

Allahım, tək sənə ümid bağladım,
Bu cavan yaşımda hər gün ağladım.
Yazdığım şeirlə ürək dağladım,
Mənim də gözümə işıq ver, Allah!

***

Biz inanırıq ki, Yaradan bir gün Zeynəbin gözlərinə işıq verəcək. Amma Yaradan ona ən önəmlisini verib. – Könlünə, qəlbinə işıq verib. Könül işığı! – O işıqdan məhrum insanların sayı... görmə qabiliyyətini itirənlərdən qat-qat çoxdur.

Əziz Zeynəb, sənə bütün dualarına çatmanı diləyirik. Səni sevirik!

İŞIĞIN ƏSKİLMƏSİN!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir