Modern.az

İstiqlalçı deputatlar Milli Şura haqqında: “O Milli Şuradan indi bizdə yoxdur...”

İstiqlalçı deputatlar Milli Şura haqqında: “O Milli Şuradan indi bizdə yoxdur...”

20 Avqust 2013, 11:47


Müxalifətin ideoloqlarından hesab olunan keçmiş baş nazir Pənah Hüseyn mətbuata açıqlamasında Milli Şuraya eyham vuraraq bildirmişdi ki, ilk dəfədir rejissoru özləri olmayan bir ssenaridə yer alıblar. Düzdür, bu fikir birmənalı qarşılanmadı, ancaq görünən budur ki, həqiqətən də yeni yaradılmış Milli Şura özünü doğrulda bilmədi. Bunu demək üçün ən azından qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun ziddiyyətli bəyanatlar verməsini misal gətirmək kifayətdir. Bundan başqa  Milli Şuranın  xalqın sifarişi ilə yaradıldığını müxalifət düşərgəsi dilə gətirsə də, reallıq bu tezisin əksinə arqumentlər sürməyə imkan verir. Çünki 2013-cü ildə yaradılmış Milli Şura 1918 və 1991-ci ildəki sələflərindən fərqli olaraq öz missiyasını tamamilə fərqli məcraya yönəltdi. Düzdür, yeni yaranmış Milli Şurada kifayət qədər vətənpərvər şəxslər olsa da, aysberqin görünən tərəfi bu qurumu Rusiyaya işləməkdə ittiham etmək üçün stimul verir. Hər halda bəzi siyasi ekspertlər və hakim Yeni Azərbaycan Partiyası tez-tez bu cür ittihamlar səsləndirməklə Milli Şuranı xaricin layihəsi adlandırır. Paradoksallıq isə ondan ibarətdir ki, bir zamanlar müstəqillik aktına imza atmış və Azərbaycanın yaxın tarixinin istiqlalçı deputatları kimi tanınan bəzi şəxslər də Milli Şurada təmsil olunur və bu siyasi təsisat əleyhinə səslənən fikirlərdən həmin insanların ünvanına müəyyən pay düşür. Milli Şurada təmsil olunan istiqlalçı deputatların vətənpərvərliyini kölgə altına salmaq niyyətimiz yoxdur, ancaq hər halda real mənzərənin siyasi təhlilləri bu fikri söyləməyə əsas verir.
Maraqlıdır, görəsən Milli Şurada təmsil olunmayan istiqlalçı deputatlar öz həmkarlarının addımını necə dəyərləndirir? Ümumiyyətlə tarix dərsliklərinin arxivinə qovuşmuş Milli Şuraların 2013-cü ildəki xələfi ilə fərqli və oxşar cəhətləri varmı?

Modern.az bu suallarla istiqlalçı deputatlar arasında sorğu aparıb.

Keçmiş təhsil naziri Firidun Cəlilov yeni yaradılmış Milli Şura ilə əlaqəsinin olmadığını dilə gətirərək, bu qurumun fəaliyyətinə şərh verməyi etikadan kənar hesab edir.

Milli Şuranın yaradılması ilə bağlı məsələləri müqayisəli təhlil edən istiqlalçı deputat, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli yaxın tarixə nəzər salaraq Milli Şura ilə bağlı məsələni şərh edib. Vəhdət Partiyasının sədri  bildirib ki, indiki Milli Şura narazı qüvvələrin birliyi kimi ortaya çıxıb və burada heç bir parlamentari iştirak etmir. 
“Bunu qanunverici hakimiyyət yaratmır. Digər tərəfdən “Siyasi partiyalar haqqında” Qanunda ictimai təşkilatlara siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilir. Məsələ ondadır ki, Milli Şura partiya bloku və birliyi deyil. Bu, ayrı-ayrı insan və ictimaiyyət nümayəndələrinin birliyidir. Deməli Milli Şura ictimai təşkilatdır. Onun siyasi fəaliyyətlə məşğul olması Konstitusiyaya ziddir. Bundan başqa, Milli Şuranın qarşısına qoyduğu vəzifələr də mövcud Konstitusiya ilə uyğun deyil. Belə olan təqdirdə açıq görmək olar ki, Milli Şuranın hüquqi legitimliyi yoxdur”-deyə T.Kərimli vurğulayıb. Onun fikrincə, Milli Şura yalnız dövlət böhranı zamanı keçid müddəalar nəzərə alınmaqla yaradılır. 
“Bu zaman həm iqtidar, həm də müxalifət burada təmsil oluna bilər. 90-cı illərdə Milli Şurada 25 iqtidar və eyni sayda müxalifət nümayəndəsi var idi. İndi isə ancaq narazı qüvvələrdən təşkil olunur”. 

Bir zamanların aktiv siyasətçisi, AMİP lideri Etibar Məmmədov isə məsələyə münasibət bildirməkdən imtina etdi.  

Aqşin KƏRİMOV  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir