Modern.az

Yadigar Məmmədlidən təkzib: “O sorğunun bizim təşkilatla heç bir əlaqəsi yoxdur”

Yadigar Məmmədlidən təkzib: “O sorğunun bizim təşkilatla heç bir əlaqəsi yoxdur”

20 Avqust 2013, 17:59

“ADAM” sosioloji xidməti tərəfindən keçirilmiş “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” mövzusunda sosioloji sorğunun nəticələri ictimaiyyətə açıqlanıb. Sorğunun nəticələri avqustun 19-da keçirilən tədbirdə açıqlanarkən, qeyd olunub ki, sorğu Demokratik Jurnalistlər Liqasının (DJL) həyata keçirdiyi “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” layihəsi çərçivəsində keçirilib. 

Lakin DJL rəhbəri Yadigar Məmmədli bunu təkzib edir və dünən bəyanat verib. Məsələ barədə Modern.az-a danışan DJL sədri sorğudan özünün xəbəri olması ilə bağlı iddialara yenidən aydınlıq gətirib.

“Ayın 13-dən Ukraynada böyrəklərimdə yaranan problemlə əlaqədar müalicə alıram. Mən bir jurnalist kimi sorğunun nəticələri ilə maraqlanmışam. Xahiş etdim ki, nəticələri mənə göndərsinlər. Lakin elektron ünvanımda problem olduğundan mənə göndərilən məlumatı oxuya bilmədim. Mən bilsəydim ki, bu sorğunun Demokratik Jurnalistlər Liqasının layihəsi çərçivəsində həyata keçirildiyi orda yazılıb, buna etiraz edərdim və o hissəni çıxartdırardım. Bizim təşkilatın bu işlə heç bir əlaqəsi olmayıb”.

Y. Məmmədli sorğunun nəticələri rlan olunandan sonra ona təzyiqlər edilməsi ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, ona qarşı heç bir təzyiq olmayıb və bu barədə yayılan informasiyalar yanlışdır.

  Xatırladaq ki, DJL  rəhbəri Yadigar Məmmədli dünən bəyanatla çıxış edərək bildirib ki, onun təşkilatı oktyabrda keçiriləcək prezident seçkiləri ilə  əlaqədar sosioloji sorğu keçirməyib. Qeyd edək ki, “ADAM”ın sorğusunun nəticələrində İsa Qəmbər 1-ci, İlham Əliyev 2-ci göstərilmişdi.  

Aqşin Kərimov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər