Modern.az

Gürcüstanda nazir postuna namizəd azərbaycanlı xanım: “Biz buranın tarixi sakinləriyik” - MÜSAHİBƏ

Gürcüstanda nazir postuna namizəd azərbaycanlı xanım: “Biz buranın tarixi sakinləriyik” - MÜSAHİBƏ

Müsahibə

21 Avqust 2013, 10:15


Bir müddət əvvəl Gürcüstanın baş naziri Bidzina İvanişvili Gürcüstanın energetika və təbii resurslar naziri vəzifəsinə milliyətcə azərbaycanlı olan Ramilə Əliyevanı təyin etməyi planlaşdırdığını dilə gətirmişdi. Ramilə Əliyeva Gürcüstan Polis Akademiyasında insan hüquqları üzrə mühazirələr oxuyub və son iki ildə müxtəlif hüquq-müdafiə təşkilatlarında çalışıb. Hazırda R.Əliyeva Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının üzvüdür. Son iş yeri Gürcüstanın İctimai Televiziyası olub.
Ramilə Əliyevanın Modern.az-a müsahibəsini təqdim edirik.

- Sizin Gürcüstanın energetika naziri təyin oluna biləcəyinizlə bağlı yayılan məlumatlara dair fikiriniz necədir? Sizcə bu real olacaqmı?

- İlk növbədə oxucularınızı salamlayıram. Düşünürəm ki, insan savadına, biliyinə arxalanaraq hər bir vəzifəyə layiq ola bilər. Gürcüstanın baş nazirinin mənim adımı gələcəyin naziri kimi adlandırması əlbəttə xoş haldır və bütün işlərdə ciddi stimul vericidir. Lakin ən əsas yaxşı vətəndaş olmağı bacarmaqdır. Dövlətin və xalqın üçün gərəkli, lazımi işlər görməkdir.

- Gürcüstanda icimai-siyasi fəaliyyətlə məşğul olan azərbaycanlıların hökumətə təsir imkanları hansı səviyyədədir?

- Demokratik qurumlu dövlətdə vətəndaşların, onların etnik mənsubiyyətndən asılı olmayaraq dövlətə təsir imkanları güclü olmalıdır. Gürcüstanda yaşayan azərbaycanlılar bu dövlətin vətəndaşlarıdır. Onların hüquqlarının müdafiəsi və qanunauyğun olan tələblərinin yerinə yetirilməsi Gürcüstan dövlətinin borcudur. Burada yaşayan azərbaycanlılara gəldikdə isə düşünürəm ki, bizim cəmiyyət dövlətin ictimai-siyasi, mədəni həyatına daha fəal şəkildə inteqrasiya olmalıdır.

- Azərbaycanlıların kompakt halda yaşadıqları ərazilərdə vəziyyət necədir? Sizin fikrinizcə, əsasən hansı problemləri həll etmək lazımdır?

- Gürcüstanda azərbaycanlılar kompakt şəkildə Kvemo-Kartli (Borçalı), Kaxeti və Şida-Kartli regionlarında, Tbilisi və Batumi şəhərlərində yaşayırlar. Gürcüstanın digər regionlarında olduğu kimi, azərbaycanlıların yaşadıqları regionlarda əsas problem sosial vəziyyətin aşağı olmasıdır, kənd təsərrüfatı ilə bağlı problemlərdir. Digər məsələlərə gəldikdə isə vəziyyət bütün Gürcüstan ərazisində olduğu kimidir. Əlbəttə, milli azlıqların yaşadığı regionlarda spesifik məsələlər, vəziyyət ola bilər. Lakin Gürcüstanın digər regionları ilə müqayisə etsək, azərbaycanlıların yaşadığı regionlarda da vəziyyət ümumi ölkə ərazisində olduğu kimidir. Bir çox sahələrdə həll ediləsi problemlər var. Amma ən əsası təhsil sahəsinə aid problemləri həll etmək lazımdır. Təhsilli gəncliyimiz olmadan digər problemlərin həlli asan olmaz. Hələ də dövlət dilinin bilinməməyi məsələsi ciddi problem olaraq qalır. Təhsillə əlaqəli digər sahələrdə də problemlər var. Məsələn, Azərbaycan dilli məktəblərdə pedaqoqların çatışmazlığı var, bir çox müəllimlər artıq təqaüd yaşındadırlar və onları əvəz edəcək kadrlar yoxdur. Azərbaycan dilli məktəblərdə gürcü dilinin təhsil səviyyəsinə gəldikdə isə, son illərdə dövlət dilinin tədrisinə dair proqramlarının yaxşılaşmasına baxmayaraq, hələ də məktəblərimizdə gürcü dilini tədris edən kadrlar problemi mövcuddur. Ümid edirəm ki, yeni hakimiyyət müstəvisində bu məsələ öz həllini tapacaq. Soydaşlarımızı narahat edən məsələlərdən biri də torpaq sahələrinə aiddir. Qeyri-qanuni torpaq bölgüləri nəticəsində soydaşlarımızın hüquqları pozulub. Hazırda soydaşlarımız ədalətin bərpasını gözləyirlər.

- Gürcüstanda mədəniyyətimizi təbliği sizcə, lazımi səviyyədə aparılırmı?

- Gürcüstanda mədəniyyətimizin təbliği ilə əlaqədar bir çox tədbirlər görülür. Burada qeydiyyatdan keçən bir çox təşkilatlarımız mədəni tədbirlərə böyük yer verirlər. İl ərzində bir çox tədbirlər keçirirlər. Gürcüstanda keçirilən, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə dair tədbirlərdə bizlərə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi (SOCAR Georgiya) yüksək səviyyəli dəstək göstərir, bu baxımdan öz adımdan SOCAR Georgiya şirkətinə təşəkkür edirəm. Eksklüziv olaraq sizə demək istəyirəm ki, bu il Azərbaycan mədəniyyətinə aid Gürcüstan dövlət səviyyəsində möhtəşəm bir tədbir keçiriləcək. Mənim Gürcüstanın mədəniyyət naziri Quram Odişariya ilə bir neçə gün əvvəl görüşüm oldu və bu məsələni müzakirə etdik. Azərbaycan xalqı kimsəni neytrallaşdırmağa zaman və güc sərf etməməlidir. Bizim çox böyük və zəngin tariximiz, mədəniyyətimiz var. Biz daim özümüzün olana sahib çıxmalı və qorumalıyıq. Bu bizlərə qarşı bədxah fikirləri neytrallaşdırmağın ən gözəl yoludur. Biz mədəniyyətimizi, tariximizi, bu günümüzü təbliğ etməliyik. Xüsusilə də Azərbaycandan kənarda yaşayan Azərbaycanlılar üçün bu çox önəmli məsələ olmalıdır.

- Soydaşlarımızın Gürcüstanda hüquqları kifayət qədər qorunurmu?

- Gürcüstanda yaşayan, bu ölkənin vətəndaşları olan azərbaycanlıların hüquqlarının qorunmasına gəldikdə isə, bu sahədə Gürcüstan Ombudsman Aparatı müsbət işlər aparır. Qeyd etmək istəyirəm ki, Gürcüstan Ədliyyə Nazirliyinin təşəbbüsü ilə yeni, antidiskrimanasiya haqqında qanun layihəsi hazırlanıb. Bu qanun layihəsinə əsasən, azlıqların hüquqlarını müdafiə edəcək yeni institut yaradılır. Bu qurum azlıqların müdafiəsi üzrə tam yeni və işlək bir sistem olacaq. Düşünürəm bu yeni institut da Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinin yeni bir zəmanət qurumu olacaq.

- Azərbaycanlıların əksəriyyətinin gürcü dilini bilməməyi inteqrasiya prosesin sizcə zəiflətmirmi?

- Vətəndaşın yaşadığı dövlətin dilini bilməsi mütləq amildir. Dövlət dilini bilmək dövlətin ictimai-siyasi, mədəni həyatında iştirak etmək üçün gərək olan ən böyük amildir. Bu gün Gürcüstan vətəndaşı olan azərbaycanlıların əsas hissəsi dövlət dilini bilmir. Bu problemdə azərbaycanlıları günahlandırmaq düzgü deyil. Sovet dövründən başlayaraq, sovet ittifaqının dağılmasından sonra da Gürcüstanda milli azlıqlara dövlət dilinin tədris edilməsi aşağı səviyyədə olub, bu nəticədə azərbaycanlıların, eləcə də digər xalqları gürcü dilini bilməməyinə gətirib çıxarıb. Son illərdə dövlət dilinin tədrisinə dair bir çox proqramlar həyata keçirilir. Gənclər arasında dövlət dilini bilənlərin sayı artır və bu sevindiricidir.
İnteqrasiya məsələsinə gəldikdə isə, dil inteqrasiyaya təkan verən amildir. Lakin tam inteqrasiya üçün digər amillər də mütləqdir. Məsələn, gürcü cəmiyyətinə bizim kim olduğumuzu, mədəniyyətimizi və tarix adət ənənələrimizi təbliğ etməklə onları da inteqrasiya prosesinə qoşmaq mütləq lazımdır. İnteqrasiya bir tərəfli proses ola bilməz.

- Gürcüstandakı soydaşlarımızın gələcək nəslini öz dədə-baba yurdunda özünü yad kimi hiss etməməsi üçün hansı addımlar atılmalıdır?

- Biz bu torpağın tarixi sakinləriyik. Gürcüstan dövlətinin tamhüquqlu vətəndaşlarıyıq. Bu faktorlar artıq gələcək nəsillərimizin də özünü bu torpaqlarda doğma hiss etməsi üçün yetərlidir.

- Gürcüstan hakimiyyətinin Azərbaycana qarşı münasibəti hansı səviyyədədir?

- Gürcüstan və Azərbaycan coğrafi və siyasi baxımından bir-biri ilə strateji əhəmiyyət daşıyan əlaqədə olublar. Gürcüstan üçün Azərbaycan Respublikası ilə müsbət, strateji əlaqələr mütləqdir. Gürcüstanda həyata keçirilən bir çox mühüm iqtisadi layihələr də Azərbaycanın adı ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, artıq bir neçə ildir Gürcüstanın iqtisadi əməkdaşları siyahısında Azərbaycan, Türkiyədən sonra ikinci yerdədir. Son bir ildə isə Azərbaycandan Gürcüstana gələn sərmayələr digər ölkələri geridə qoyub. Gürcüstanın yeni hakimiyyətinin də Azərbaycana qarşı yanaşması ancaq müsbətdir və bu əlaqələr gələcəkdə də inkişaf etdiriləcək.

- Sizcə Gürcüstandakı soydaşlarımızın Qarabağ barədə məlumatları yetərincədirmi?

- Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyətinin Qarabağ haqqında məlumatları əlbəttə var. Lakin, yeni nəsil arasında Qarabağa dair məlumatverici layihələrin həyata keçirilməsi yaxşı olardı.
Bir daha qeyd etmək istəyirəm ki, Gürcüstanla Azərbaycanın münasibətləri ancaq müsbətdir. Gürcüstan üçün Azərbaycan dövləti ilə dost olmaq çox önəmlidir. Bu iki dövlət tarixən dost dövlətlər olublar və bu dostluq, strateji partnyorluq və gələcək iqtisadi əlaqələr əminəm ki, gələcəkdə davam etdiriləcək.







İradə CƏLİL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu