Modern.az

Müxalifətə hörülən qalın tor

Müxalifətə hörülən qalın tor

Aktual

21 Avqust 2013, 10:45

Hakimiyyət iddiaçıları labrintdən çıxmaq üçün mücadilə verir

Müxalifətin böyük birlik konsepsiyasının başına keçdiyi gündən onu qara günlərə qoyan Rüstəm İbrahimbəyov bu cinaha elə bir qalın tor hörüb ki, neçə sessiyadır çabalayıb həmin tordan çıxa bilmirlər. Onun əlindəki siyasi girovların buraxılması, başqa sözlə, siyasi məqsədlər üçün vasitəyə çevrilən siyasi əsirlik müddəti Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gəlib-getməsi ilə tamamlanmış məsələ idi. İbrahimbəyovun Milli Şura ilə bağlı missiyası Rusiya birincisinin səfərindən sonra, əslində başa çatdı. Diqqətli olsaq, görəcəyik: o, indi bu formatdakı mövcudluğundan geri çəkilməyə başlayır. Müxalifətə “pul verməyəcəm”, “nə qərar versəniz dəstəkləyəcəm” kimi ardı-ardına verilən mesajlar, üstəlik, seçkinin heyrətamiz statistikası, coşğusu olmayan ilk mitinqi onu göstərirdi ki, Rüstəm İbrahimbəyov və himayədarları bu məsələlərə nöqtə qoyublar, öz davranışları ilə siyasi proseslərdə Rusiya izinin itirilməsinə başlayıblar. Şuranın son sessiyasının gedişində İbrahimbəyovun ortaya qoyduğu biganəlik, “hansı qərarı verirsiniz, verin” sözləri müxalifətin bundan sonrakı taleyinə laqeydliyinin, Milli Şuraya bağlı iplərinin kəsilməsinin aydın ifadəsi idi. Lakin azalan Rüstəm İbrahimbəyovun siyasi ehtiraslarıdır, müxalifətin siyasi hakimiyyət coşqunluğu yoxuşdan enişə düşməyib. Əsas fiqur hər şeydən əlini çəkə bilər, yerdə qalanlar üçün geriyə çəkilmək siyasi ölümdür, odur ki, Milli Şura ilə baş-başa qalan ənənəvi müxalifət xətalarını düzəltmək mücadiləsi verir.

Milli Şuranın axırıncı sessiyada ehtiyat namizəd məsələsində razılığa gəlməsi müxalifəti düşdüyü quyudan hələ xilas etmir. Çünki başlanğıcda bu formatın əsas söz sahibinə çevrilmək, əgər böyük uğur sayılırdısa da, hazırda bu status üçün adları kecən insanların hamısı vahid namizəd olmaqdan qaçır. Nəyə görə? Çünki Rüstəm İbrahimbəyov adı gurultulu səslənən Milli Şuranı komediya vəziyyətinə saldı. Burada təmsil olunan siyasi partiyalarla, həm də xalqın narazı kəsimi ilə uşaq kimi oynadı. Rüstəm İbrahimbəyov və onun siyasi ağası müxalifəti öz istədiyi kimi idarə etdi, istifadə etdi və indi də özbaşına buraxdı. Təbii ki, Mehman Əliyev, Cəmil Həsənli, Rafiq Əliyev kimi ciddi isimlər ciddi dramaturji əsərdə rol almaq istəyərdilər. Milli Şura ciddi əməkdaşlıq modeli ola bilmədiyindən, ikinci vahid namizədi müəyyənləşdirib meydana çıxarmaq uğursuzluğa rast gəlir. Bu baxımdan növbəti sessiyanın hansı ab-havada keçəcəyini təsəvvür etmək çətin deyil. Çarə gülünc vəziyyətdən çıxmaq üçün Müsavat başqanı ilə AXCP sədrinin arasında razılığın əldə edilməsinə qalacaqsa, indidən demək olar ki, onlar bu hakimiyyətin yerində dayanmasını bir-birlərinə güzəştə getməkdən daha çox istəyirlər.

Əslində Rüstəm İbrahimbəyovla Milli Şuranın əlaqəsinin itməsi anından başlayaraq, bu formatı buraxmaq, seçki mübarizəsi məsələsinin partiyalara daşınması ən doğru yol idi. Sonuncu sessiyanın tarixi belə, geç deyildi. Qeyri-müəyyənliyin qalmasına yenidən xeyir-dua vermək, prosesləri namizəd axtarışı nöqtəsindən hələ də tərpədə bilməmək hakimiyyətin xeyrinə, müxalifətin zərərinə işləyir. Bütün bunlar Moskvada oturub məsuliyyəti üzərinə almayan İbrahimbəyovun “qabiliyyət”inin nəticəsidir. İyirmi il siyasətlə məşğul olan insanları necə labrintə saldısa, müxalifət bu labrintdən çıxış yollarını tapmaqda zorluq çəkir. Təsəvvür edək: İbrahimbəyov Milli Şura ilə bağlantılarını faktiki kəsib, amma müxalifət kəsə bilmir. Bu insanın bu model çərçivəsində missiyası bitib, bəlkə də seçkidən sonraya qədər ertələnib, amma ənənəvi müxalifət özünün yox, hələ də onun məsələsi ilə məşğuldur. Hansı ki, Rusiya rəhbərinin Azərbaycan rəhbəri ilə sirr olaraq saxlanılan danışıqlarından sonra onun artıq buna ehtiyacı qalmayıb. Hakimiyyətin opponentləri xətalarını dərk etməsəydi, Milli Şuranın perspektivinə inamlı yanaşsaydı, ilk mitinq ciddi, prinsipial təşkilatçılıqdan ortaya qoyulan aksiya olardı. Digər tərəfdən, bir sual var: Rəsul Quliyev kütləvi aksiyaları pul hesabına iri aksiyalara çevirə bilirdi. Müxalifətə pul tənəsi vuran Ibrahimbəyov, onun arxasındakı qüvvələr niyə sonuncu mitinqin təşkilinə maddi vəsait xərcləmədilər? Təbii ki, Milli Şuranın gücünün enən xəttə düşməsi marağı ilə burada yer alan əsas müxalifətin güclü görünmək mövqeyi arasında bir çarpaşlaşma var.

Milli Şurada məchulluq içərisində qalan hakimiyyət iddiaçıları tam süst vəziyyətində də deyillər. Vahid namizəd variantından əsas namizəd, vahid birlik konsepsiyasından vahid hərəkat konsepsiyasına keçmək kimi zahirən maraqlı təkliflər də ortaya atılır. Di gəl ki, Milli Şuranın rus epidemiyasından tamamən təmizlənməsi mümkün olmayınca, bu təkliflər ətrafında müzakirələr ciddi xarakter almayacaq. Həm ciddiləşməsi üçün zaman da çox dardır, həm də təkliflər özü çox mürəkkəbdir. Çünki hər hansı namizədin seçkinin gedişində özünün üstünlüyünü digərlərinə qəbul etdirməsi, başqalarının təbliğatda axsadığını etiraf edib, kimisə irəli buraxması güzəşt məsələsində hər zamankı tablonu meydana çıxaracaq. Vahid hərəkat konsepsiyası sonunda bir nəfərin zəfərini meydana qoymalıdır ki, o bir nəfərin kimliyinin özü amili yetərincə ziddiyyətlər içərisindədir. Namizədliyi MSK-da qeydiyyatdan kecən bir-iki namizəd var ki, müxalifət libasına bürünsə də, deyəsən bu gedişlə, seçki marafonunda başını itirmiş müxalifətdən pis yarışmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı