Modern.az

Elçibəyin ölümündən 13 il ötür...

Elçibəyin ölümündən 13 il ötür...

22 Avqust 2013, 09:52


Bu gün - 22 avqust tarixi Azərbaycan Milli Azadlıq hərəkatının lideri, mərhum eks-prezident  Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. Elçibəy 22 avqust 2000-ci ildə Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Rəsmi məlumatlara görə, eks-prezident kəskin prostat xərçəngindən vəfat edib.
Ancaq həm Azərbaycanda, həm də Türkiyədə Elçibəyin ölümünə birmənalı yanaşılmır və qeyri-rəsmi olaraq ona sui-qəsd olunduğu, zəhərləndikdən sonra sağalmaz xəstəliyə tutularaq dünyasını dəyişdiyi iddia olunmaqdadır.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957 -ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra tərcüməçi işləyib.
1975-ci ilin yanvarında Azərbaycan DTK onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq həbsdə qalıb. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdi.
Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. 

Elçibəyin prezidentliyi dövründə keçmiş Sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılması başa çatdırıldı. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü.

Azərbaycanın milli valyutası – manat dövriyyəyə buraxıldı. Bu, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir göstərdi.

Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsinin əsası da Elçibəyin prezidentliyi dövründə qoyuldu.

Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə də nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı...

63 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşan Əbülfəz Elçibəyin yenidən Azərbaycan prezidenti olmaq arzusunun qarşısını ölüm kəsdi... 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir