Modern.az

İdman yazarlarından “Aytraxtla” oyuna proqnoz: “Qarabağ” şanssız deyil”

İdman yazarlarından “Aytraxtla” oyuna proqnoz: “Qarabağ” şanssız deyil”

22 Avqust 2013, 13:10

Avroliqanın “pley-off” mərhələsində Bakıda Almaniyanın “Aynraxt” klubu ilə çətin oyuna çıxacaq “Qarabağ”ın qalib gəlmə şansı varmı?

Modern.az bu oyun barədə idman jurnalistlərinin fikrini öyrənib.

Natiq Muxtarlı (“Komanda” qəzetinin baş redaktoru):
“Bu oyunda çoxları “Qarabağı”ı şansız sayır. Amma müasir futbolda zəif rəqib anlayışı çoxdan aradan çıxıb. İstənilən hazırlıqlı komanda rəqibinə qalib gəlmək iqtidarındadır. Bunu Çempionlar Liqasının “pley-off” mərhələsində “Şaxtyor” klubu sübut etdi, ”Seltik” kimi adlı-sanlı rəqiblə oyunda. Ona görə mən düşünürəm ki, “Qarabağın” şansları heç də az deyil. Çünki “Qarabağ” müasir Avropa futbolu nümayiş etdirir. Məncə, öz oyununu diktə edə bilsə, yaxşı nəticə əldə edə bilər. Oyunun əvvəlində ağdamlılar topu özündə saxlamaqla, rəqibi sıxışdırmaqla, atletik futbol nümayiş etdirsələr asan olacaq. Mən bu oyunun nəticəsinə nikbin yanaşıram və güman edirəm ki, “Qarabağ” bu oyunda qalib gələcək. Ən azı da iki top fərqi ilə”.

Fərid Ədalət (idman yazarı): “Ayntraxt” Bakıya sırf qələbə üçün gəlir. Bunu mətbuata açıqlamasında oyunçuları və məşqçiləri də söyləyib. Fikrimcə, “Qarabağ” ilk dəqiqələrdən etibarən rəqibə boş sahə buraxmalı, komanda olaraq pressinq etməlidir. Daha əvvəlki oyunlarda izlədiyimiz kimi, topu daha çox ayağında saxlayaraq rəqibi daim təzyiq altında saxlamalıdır. Belə olan halda rəqibi çəkinməyə məcbur etmək, onların rahatlamağına şərait yaratmamaq olar. Bu axşam azarkeşlərin üzərinə də böyük məsuliyyət düşür. Stadionu lərzəyə gətirmək, milli ruhu orada nümayiş etdirmək lazımdır. Bu gecə hamının qəlbi “Qarabağ”la bir atmalıdır”.

İlqar Vəliyev (idman yazarı): “Ayntraxt” bu gün Almaniyanın top-klub komandalarından deyil. Lakin nəzərə almaq lazımdır ki, bu, alman klubudur. Hər halda bu gün bizim futbolla Almaniya futbolunu müqayisə etmək olmaz. Bu oyunda komandanın aparıcı futbolçularından olan Reynaldonun zədəli olmasını da nəzərə almaq lazımdır, özü də Almaniya təmsilçisi ilə oyunda. Amma favoritə gəlincə, “Qarabağ” doğma meydanda oynamasına baxmayaraq ağdamlıları favorit hesab etmək olmaz. Hər halda oyundan heç-heçə gözləyirəm”.

Elçin Cəlilov (“Futbolpress”in baş redaktoru): “Bu mərhələyə qədər “Qarabağ” rəqiblərinə öz gücünü göstərə bildi, çox əzmkar oynadı. Lakin “Ayntraxt” başqa səviyyədə olan bir klubdur. Klub elə bir liqada oynayır ki, orda “Bayer”, “Borussiya” kimi güclülər var. Bu da onların daha təcrübəli olmalarına dəlalət edir. Bu cür səviyyəli komandalar əvvəl öz çempionatını, sonra Avroliqanı düşünürlər. Hesab edirəm ki, “Ayntraxt”ı məğlub etmək mümkünsüz deyil. Çünki “Ayntraxt”ın oyununu izləmişik, ən azından “Bavariya” ilə oyunda gördük ki, onların müdafiə xətti o qədər güclü deyil. Hücumda isə bir futbolçu sərrastdır. Əsas orta xətləri güclüdür. “Qarabağ” zənnimcə, ikiqat güc sərf edəcək. Bu oyunda ağdamlılar rəqibin oyun qurmağına mane olmaqla yanaşı, həm də onlara orta xətdə daha çox təzyiq etməklə öz hücumlarını qurmalıdırlar. Belə olacağı halda nəticə əldə edə bilərik”.

Abbas Qəmli  

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub