Modern.az

Ədəbiyyatda turançılıq ideyasını davam etdirənlər varmı? - Sorğu

Ədəbiyyatda turançılıq ideyasını davam etdirənlər varmı? - Sorğu

Ədəbi̇yyat

22 Avqust 2013, 14:29


XX əsrin əvvəlləri Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatında ana mövzu turançılıq, azərbaycançılıq ülküsü idi. Məmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində istər nəzm, istər nəsr, istərsə də dramaturgiyada milli birlik məfkurəsinin daha dərindən qabardılması xüsusi vurğulanır və bu yöndə Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı, Davud, Gültəkin, Almas Yıldırım, Abbas Səhhət, Məhəmməd Hadi və digərlərinin adlarını xüsusi qeyd edir. İkinci müstəqilliyimizin əvvəllərində də bu məfkurəyə sadiq qalan yazar qrupu yetişməkdə idi. Lakin keçid dövrü və siyasi pərakəndəlik ədəbiyyatda inkişafın qarşısını aldı. Buna baxmayaraq ülküyə bağlı olan Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Məmməd Aslan, Vaqif Bayatlı Odər kimi şairlərimiz qələmlərini yerə qoymadılar. Bəs görəsən indi, modern ədəbiyyatdakı gənclər necə bu məsələlərə toxunurlarmı? Modern.az haqqında danışdığımız məsələ ilə bağlı şeirlərində həmin ideyaların daşıyıcıları olan şairlərin fikirlərini sizlərə təqdim edir.

Vaqif Bayatlı Odər: “Vaxtikən Elçibəy də siz deyəni deyirdi. Bu haqda bəylə çox danışmışıq. Bu mövzuya yanaşmada  indi nisbətən irəliləyiş var. Türk dünyasının birliyini əks etdirmək çox vacib məsələdir. Hər hansı türk dünyası şairinin, fərqi yoxdur,  istər qazax, istər qırğız, türkmən , özbək, yaxud qeyri-ölkədən olsun tərcümə etmək belə mədəni turançılıq deməkdir. Son illərdə yaradılan TRT Avaz telekanalı bu sahədə çox böyük müsbət bir irəliləyişdir. Amma istərdim ki, onun yayımı türk dövlətlərində daha uzun müddətli olsun. Ədəbiyyata gəldikdə isə mədəni turançılıq düzdü, istədiyimiz şəkildə olmasa da nisbətən inkişaf etməkdədir. Ortaq ədəbi əlaqələrin yaranması, gediş-gəlişin çoxalması bu işə əlavə rəng qatır. Heç bir yazıçıya əsərində turançlığı necə əks etdirməyi demək olmaz. Çünki yazıçılıq içdən gələn peşədir. Daxildən nə gəlirsə onu da yazır. Əvvəllər adi türk sözünu dilinə gətirmək olmurdu. Düzdü, mən onlara baxmamışam, həmişə işlətmişəm amma indi irəliləyiş göz qabağındadır”.

Əkbər Qoşalı: “AYB-də 2011-ci ildə bu haqda (-konkret adı ilə desək, Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da türk Dünysaı...) xüsusi məruzə ilə çıxış etmişəm. Üstündən iki il keçib. - Çox şadam ki, məruzə.... necə deyərlər, olduğu yerdə qalmadı. Ondan sonra mən mümkün olduğu qədər bu mövzunu genişləndirməyə çalışdım. Qarşı günlərdə uyğun adda kitab ictimaiyyətə təqdim olunacaq. Dəyərli türkiyəli aydınlar Ridvan Canım, Mehmet Doğan, şair-araşdırmaçı Abdullah Satoğlu və başqalarının bu mövzulara aid və yaxın məruzələri ilə tanış oldum. Belə qənaətə gəldim ki, sizin dediyiniz mövzu bu gün türk dünyasında bir xeyli yazar kəsimi üçün güncəldi. Bu güncəllik bir yazar və Dünya Gənc Türk Yazarlar Birliyinin təsisçisi kimi mənimçün çox vacibdir. Çünki bu öz növbəsində türk yazarları arasında milli-mənəvi bağlılığın artmasına, qarşılıqlı əlaqələrin genişlənməsinə gətirib çıxarır. Praktiki olaraq bu istiqamətdə yazılar və kitablar meydana gəlir. Dünya Gənc Türk Yazarları Birliyinə üzv olan yazarların əsərləri ordakı ana xətt, "ortaq keçmişdən ortaq gələcəyə" boylanmaq... məhz sizinlə barəsində danışdığımız məsələləri ehtiva edir. Ortaq dəyərlər, türk birliyi ideyası, sözün yaxşı anlamında, təqib edilir. Eyni zamanda Azərbaycandan qıraqda da bu işlərə könül vermiş yazarların adlarını çəkmək olar. Ədəbiyyatda, belə deyək, müsbət emosiya ötürən tendensiyalardan biri də türkçülükdür. Hesab edirəm, bu ideyanı ədəbiyyatın nə olduğunu bilən insanlar təqdirlə qarşılayırlar. Ədəbiyyat ideyalı deyilsə, onun oturuşmuş halı, perspektivi də olmaz. Ədəbiyyatın ideyası olmalıdır. Mən bu platformanı dəstəkləyən insanlardanam. Əminəm ki, mövzuya yanaşan gənclərimiz pafosla ideyanın estetik ifadəsini (estetikanı!) qarışdırmayacaq”.  

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!