Modern.az

“Azərbaycan” qəzetinin “araşdırması”na CAVAB

“Azərbaycan” qəzetinin “araşdırması”na CAVAB

Aktual

22 Avqust 2013, 17:04


Azərbaycan jurnalistikasında xeyli ciddi problem var. Məsələn “reket jurnalistika”nın meydan sulamağı hər kəsi narahat edir. Narahat olanlar xüsusilə “reket jurnalistlər”lərin hədəfinə tuş gələnlərdir.
Jurnalistikada ciddi araşdırmaların az olması da bu sahənin çatışmayan cəhətlərindəndir. İşin digər bir pis tərəfi qələmi ilə jurnalistikanı nüfuzdan salan bəzi “jurnalistlər”in rəsmi qurumlarda da özlərinə yer tapa bilmələridir. Belələri özlərini yaxşı kamuflyaj edirlər.
Rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc edilən və araşdırma adı ilə oxucuya ünvanlanan, əslində isə kəsərsiz bir qələmin yoxsul materialı ilə ictimaiyyəti tamamilə səhv məlumatlanmağa yönləndirmək istəyiblər. (//www.azerbaijan-news.az/index.php?mod=3&id=27692).

Bu “araşdırma”da qarşı tərəfin mövqeyi haqqında söhbət belə, açılmayıb. Əvvəla yazıdakı texniki səhvlər haqqında: Jurnalist araşdırdığını iddia etdiyi şirkətin adını səhv yazır. “Academy group” dediyi şirkətin adı əslində “Akademi Group”dur. Mətnin əvvəlindəki şirkət adı ilə sonundakı şirkət adı bir-birini tutmur. Bu şirkət isə Atatürk Universitetinin qiyabi təhsilini həyata keçirmir. Atatürk Universitetinin qiyabi təhsili haqqında konsultasiyalar Delta Education şirkəti tərəfindən verilir və həmin şirkət də “Qarabağ 22” ünvanında yerləşir. Şirkəti ziyarət edənlər görəcək ki, orda heç kimlə “razılaşılmır”. Əlavə olaraq, bu jurnalist heç bir “Akademi Group” nümayəndəsi ilə görüşməyib. Jurnalistlə söhbətimizdə məlum oldu ki, məqalə stol başında yazılıb.

Xaricdə təhsil barədə əgər jurnalist araşdırma aparsa, görəcək ki, xaricdə təhsil hər zaman daha asandır. Xarici tələbənin qəbulu hər zaman universitetlər üçün daha cəlbedici olub. Azərbaycan universitetləri yerli abituriyentin 600 ballla girə bilmədiyi yerlərə xarici vətəndaşları sadəcə orta məktəbi bitirdiyinə dair sənədlə (attestatla) qəbul edir.
Jurnalist xüsusilə Türkiyə universitetlərinə qəbul barədə araşdır aparsaydı, görəcəkdi ki, Türkiyə universitetləri 2010-cu ildən etibarən xarici tələbələri aşağıdakı formalarda qəbul edir.
1. Beynəlxalq imtahanlarla
2. Universitetin birbaşa keçirəcəyi imtahanla
3. Abituriyentin vətəndaşı olduğu ölkənin universitetlərə keçirdiyi qəbul imtahanı ilə (məs: Azərbaycanda TQDK)
4. Abituriyentin orta təhsili bitirdiyinə dair sənədlə (attestatla)
5. Beynəlxalq olimpiadaların medalları ilə.

Bu qəbul yöntəmlərindən hər hansı biri və ya bir neçəsi xarici universitetlər tərəfindən sərbəst seçilə bilər. Və jurnalist araşdırsaydı, görəcəkdi ki, attestatla qəbul edən bu universitetlərdən bir çoxunun adı Azərbaycan Respublikası "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" (DP) siyahısında yer almaqdadır. Bu universitetlərdən bir çoxunun fəxri doktorları siyahısında isə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Bilkent Universiteti, Süleyman Demirel Universiteti və s. ) və cənab prezident İlham Əliyevin (İzmir Ekonomi Universiteti, DP siyahısında yoxdur amma attestatla xarici tələbə qəbul edir) adları var.
Bunları “universitet” deyərək ləkələmək və diplomlarının tanınmayacağını iddia etmək isə bilgisizliyin göstəricisidir.
Jurnalist araşdırsaydı bunu da görəcəkdi ki, Dövlət Proqramı ilə tələbə göndərişi zamanı əsas şərt tələbənin fərdi şəkildə siyahıda yer alan unviversitetlərdən birinə qəbul olmasıdır. Dövlət Proqramı tələbə qəbulu deyil, maliyyələşdirməni həyata keçirir. Əlavə olaraq, Dövlət Proqramının maksimum kvotası cəmi 5000 nəfərdir. Halbuki, hər il Azərbaycan orta məktəbləri 120 min nəfərə yaxın məzun verir. Azərbaycan universitetlərinin kvotası isə ildə 35 min civarında dəyişir. Geri qalan 85 minlik abituriyent nə şəkildə və harada gələcəyinə yön verməlidir?
Xarici tələbənin qəbulu hər zaman yerli tələbəyə görə daha asandır. “Attestatla xaricdə təhsil olmaz” deyənlərin məntiqinin almadığı bir məsələ var: onlar elə zənn edir ki, TOEFL, ya da IELTS akademik imtahanlardır. Avropa və Amerikanın bir çox universitetinə bu imtahanlarla qəbul mümkündür. Bunun da məntiqi budur ki, abituriyent universitetin təhsil verdiyi dili bilirsə,  həmin universitetdə oxuya bilər. Eyni zamanda Türkiyə universitetlərində də qəbul eyni formadadır. Türk dilini bilən abituriyentlər türk universitetlərində təhsil ala bilərlər.
“Akademi Group” Türkiyə universitetlərinə qəbulu universitetlərin qəbul proseslərinə uyğun şəkildə həyata keçirir.

Razi Vəliyev,
“Akademi Group”un layihə rəhbəri, xaricdə təhsil üzrə ekspert
 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır