Modern.az-ın bədii əsərlərin ekranlaşdırılarkən uğradığı dəyişikləri, qazandığı və itirdiyi məqamları gündəmə gətirir. Bu dəfə kino mütəxəssisi Aydın Dadaşov mövzu barədə çıxış edən yazarların və rejissorların fikirlərinə, həm də ekranlaşdırılrma prosesinə öz münasibətini bildirib. Özü də birbaşa “Ssenari yaradıcılığı “ və “Kinoşünaslıq” dərsliklərinə istinad etməklə məsələyə qiymət verib:
- Yaranışından dünya ədəbiyyatını ekranlaşdıran kino sənəti özünün maarifçilik kimi vacib funksiyasını yerinə yetirməklə həmin əsərlərinin tirajını artırır. Sonrakı tarixi mərhələdə yaranan televiziyanın maarifçilik funksiyasında da, teletamaşaya, telefilmə, seriallar çevrilən ədəbi əsərlərə geniş meydan verildi. Bununla belə hekayədən, povestdən, pyesdən fərqli olaraq müəllifin fəal müdaxiləsinin, münasibətinin, dəyərləndirməsinin önə keçdiyi roman janrının kino, yaxud televiziya variantı ilkin ədəbi mənbənin solğun nüsxəsinə çevrilməklə ekran sənətinin nəzəri əsaslarının təzahürünə imkan verilmədi. Odur ki, kino və televiziya sənətinin texniki baxımdan lent, disk, yaxud kaset kimi, öz dəyərini hazır mala ötürən dövriyyə vəsaitlərinin önündə ekran sənətinin eskizi, layihəsi sayılan ssenari dayanır. Ssenarinin kinohekayə-telehekayə, kinopovest-telepovest, kinopyes-telepyes tipləri mövcud olsa da, kinoroman-teleroman anlayışı yoxdur. Kinonun klassiklərindən Sergey Eyzenşteyn çiy ətə bənzətdiyi ssenarinin bədii dəyərinin mütaliədə deyil baxışda üzə çıxdığını, təzahürünü ekranda tapdığını vurğulayır.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının əlli illiyi çoxdan tamamlansa da, mərkəz bayram dalğasını yaşadan əyalətin inqilabi mövzudakı təkliflərinə biganə qalmırdı. Digər tərəfdən əlindən alınan «Yeddi oğul istərəm» filmində Gəray bəy roluna kinostudiyanın direktoru Adil İsgəndərovu çəkmək istəyən Kamil Rüstəmbəyovun yazıçı Fərman Kərimzadənin «Qarlı aşırım» romanı əsasında yazdığı ssenarini ekranlaşdırmaq istəyi həvəslə qarşılandı. Kamil Rüstəmbəyovun quruluş verdiyi «Axırıncı aşırım» (1972) filmi otuzuncu illərdə Azərbaycanda kolxoz quruculuğu ilə bağlı mövzunu Naxçıvanda, Zəngəzurda, Dərələyəzdə erməni daşnak dəstələri ilə vuruşsa da, «Qırmızı tabor» dəstəsi toplayıb Şura hökumətinin qurulmasında yaxından iştirak edən Abbasqulu bəy Şadlinski (Həsən Məmmədov) Kərbəlayı İsmayıl (Adil İsgəndərov), onun əlaltısı Qəmlo (Məlik Dadaşov) kimi real həyatdan götürülmüş sənədli personajlarla mürəkkəb dramaturji strukturda əks etdirir.
Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığıncaqda kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutarlılığı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya gerçəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara göndərilməsinə etiraz edən Kərbəlayı İsmayılın yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (T. Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.
Adamları ilə Qarabağlara çəkilən Kərbəlayı İsmayıla qarşı silahlı dəstənin deyil, Abbasqulu ağa Şadlinskinin başçılığı Xəlil (Həsənağa Turabov) və Talıbovla (Hamlet Xanızadə) birgə üç nəfərlik silahsız heyətin danışığa göndərilməsi hadisələri psixoloji müstəviyə gətirir. Abbasqulu bəygilin gəlişinə sərt reaksiya verən Qəmlonun müqabilində milli mentaliteti önə çəkən Kərbəlayi İsmayılın qonaqların üzünə çıxmadığını təmkinlə izahı əksliklərin ziddiyyətini yaratmaqla epizodu dolğunlaşdırır.
Abbasqulu ağanın gəlişindən sonra Kərbəlayi İsmayılı gözləyən məclisə çökən sakitlik psixoloji gərginliyi artırmaqla fabulanı zinətləndirir. Axır ki, Kərbəlayı İsmayılın əvəzinə üzə çıxan oğlu Vəlinin gəlişindən sonra Abbasqulu ağanın əlini süfrəyə uzatması ilə başlanan söhbətdə kolxoz quruluşu haqqında müzakirəsi yeni mətn çalarları ilə davam etməsi təkrarçılıq yaratsa da, gözönü hadisəni uzada bilir. Qonaqlar getdikdən sonra guya Nikolayın top gülləsi ilə Kərbəla ziyarətgahından düşən üç kərpicin kafir toxunuşu səbəbindən yenidən yerinə hörülə bilməməsinə Fazil Salayevin oynadığı avam Rəşidin: «Qurban olum belə hökumətə ki, Kərbəlanın heyfini Nikolay köpək oğlundan yaman ala bildi» deməsi ilə yaranan gülüşü Kərbəlayı İsmayılın susdurması yaranan komizmi həmən durdurmaqla janr təyinatını qoruyur.
Həbs olunan İmandan azad olunmaq müqabilində kolxozun möhürünü, ştampını gətirib təhvil verməsini istəyən Kərbəlayının: «Şura hökumətinin topu var, topxanası var» cavabından hiddətlənməsi Qəmlonun bir şapalaqla yerə sərdiyi sədrin köməksizliyi gözönü ziddiyyəti artırır. Bolşeviklərə müqavimət göstərməkdən imtina edən ikinci dustağın – Bəylərin (Əbdül Mahmudov) də, döyülməsindən sonra Kərbəlayının: «Sabah mən kənddən çıxandan sonra ikisini də o söz» deyib əlini boğazına çəkməklə tutulanların ölümünə qərar verməsi xeyir-şər qarşıdurmasında kimin kim olduğunu təsdiqləyir.
Yolüstü qonaq olduğu Səməddən Qəmlonun törətdiyi cinayətlərin təfərrüatlarını öyrənərək Kərbəlayını görmədən geri qayıtmayacağını bildirən Abbasqulu bəy əhalini qırğından yayındırmaq məqsədini bəyan edir. Gecə yarı Səmədin evində İmanın arvadını axtaran Qəmlonun gözlənilmədən rast gəldiyi Abbasqulu bəyin: «Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar. Bu biqeyrətlikdir, binamusluqdur» tənələrindən sonra psixoloji qarşıdurmaya davam gətirməyib geriyə dönməsi şərin ifşasının təcəssümünə çevrilir. Səmədin evindən İmanın arvadını da özləri ilə götürüb qonşu kənddə Xəlilin qaynı Şirəligildə gizlətməyi qərarlaşdıran üçlüyün kənd sovetinin möhürü ilə İmanın partiya biletinin etibarlı yerdə gizlədilməsini tapşırması siyasi motivi qabardır. Qəbiristanlıqda Kərbəlayinin vəhşi düşmənçiliyinin qurbanı olan oğlu Yədullanın türbəsini ziyarət edərkən mərhumun meyitinin alınmasında Abbasqulu bəyin yardımının üzə çıxması, burada Qəmlodan gizlənən Xudayarın qardaşının Kərbəlayının Kolannıda, karvansarada olduğunu bildirməsi nümayəndə heyətini məqsədə yönəldir.
Qonaqların qarşısına çıxan Qəmlonun: «Kimi istəyirsiz» sualına: «Evin kişisini soruşarlar!» cavabını verən Abbasqulu ağaya Kərbəlayının adından: «O sizi görmək istəmir» deyilsə də, nəhayət ki, iki bəyin dialoqunda zadəganlıq elementləri önə keçir. Kərbəlayi ilə Abbasqulu bəyin söhbətini pusan Qəmlonun cavanlara çəmkirməsi, həyətdə at belində gözləyən Xəlillə, Talıbovu güllələmək istəməsi, darvazaları bağlatdırması gərginliyi artırır. Nahaq qan tökülməsini istəməyən Abbasqulu bəyin bərabərçiliyə çağırdığı Kərbəlayinin əlini qaldıraraq: «Beş barmağın beşi də bir ola bilməz!» deməsi dialektikaya söykənir. Abbasqulu bəyin: «Topxanan yox, cəbbəxanan yox!» xitabına təmkinlə: «Namusumuz, qeyrətimiz var!» cavabını verən Kərbəlayi milli mentalitetinə söykəndiyi xalqın mənəvi gücünü önə çəkir. Qadınların dul, uşaqların yetim qalacağına diqqət çəkən Abbasqulu bəy isə dövrün reallığının daşıyıcısına çevrilir. Üç gündən sonra qayıdacağını söyləyib gedən Abbasqulu bəyin arxasınca eyvana çıxıb, özünə əziyyət verib geriyə qayıtmamağı məsləhət görən Kərbəlayi qarşıdurmanı qızışdırır. Atlanaraq başının dəstəsi ilə Abbasqulu bəygilin ardınca çapan Qəmlonun doğulacaq uşağın adını qoymağı Abbasqulu bəydən xahiş etməsi gələcəyə inamı səciyyələndirir. Talıbovun ölümündən sonra yaralanıb can verən Abbasqulu bəyi güllələyən Qəmlonun, mərkəzin diktəsi ilə Kərbəlayının deyil, Xudayarın qardaşı tərəfindən məhv edilməsi finala tam uyuşmasa da, az qurban hesabına əhalinin qırğından xilası sosializmin bərqərar olması ilə bağlı təbliği ideyanı təsdiqləyir. Abbasqulu bəyi rəiyyətdən alıb layiqincə dəfn etmək istəyən Kərbəlayinin meydanda tək qalması milli ideyanın iflasını göstərir.
30 aprel 1972-ci il tarixli «Bakinskiy raboçiy» qəzetindəki «Əqidənin gücü» məqaləsində iki müxtəlif ideya daşıyıcılarının qarşılaşma səhnəsinin birinci hissəsinin ciddiliyinə, taktına, daxili közərtisinə; baxışların qarşılaşdırılmasına, detalların oynamasına, təbəssümləri, çaşqınlıqları gecikdirilməklə gərgin ritmi artıran montaja diqqət çəkən: «Tələsmədən nüfuz edən aktyor oyununun manerası dramatizmin dərkinə, qəhrəmanların daxili fikrinin psixoloji dərinliyə varmağa imkan verir. Hər dayanma, hər pauza mənən dolğunlaşır. Müəlliflərin son dövrdəki buna bənzər filmlərin «məcburi» süvari çapışmaları, hoqqaları kimi zahiri effektlərə uymamaları sevindiricidir» dəyərləndirməsindən sonra: «Film dialoqların hədsiz informativliyindən əziyyət çəkir. Hərdən çoxsaylı başqa filmlərdə, ədəbiyyatda kolxozun adamların torpağını, heyvanlarını, arvadlarını və sairə alması barədə, düşmən tərəflərin çoxdan tanış, vərdişə çevrilən söhbətlər aparılır»[1] iradını yazan Həsən Seyidbəyli Kərbəlayı İsmayılla Abasqulu bəyin dostluğunun sözdə deyil, obrazlı vasitələrlə həllini tapmadığını, ikinci planın yoxluğunu, İmanın arvadı ilə Qəmlo xəttinin zəifliyini bildirməsi haqlı görünür. Xüsusən yerli auditoriyanın geniş marağına səbəb olan bu filmdə rejissor Kamil Rüstəmbəyovun vaxtilə çalışdığı televiziyanın, analitik informasiyasının söhbət janrında üzə çıxması dar macalda Abbasqulu bəy Şadlinskinin odladığı siqareti fısqırtmağa üstünlük verməsi istisna olmaqla özünü doğrultdu. İdeyası uğrunda ölümə gedərək xarakterə çevrilən Kərbəlayı İsmayıl kimi Adil İsgəndərovun, mahiyyəti önə çəkməklə obrazlaşan Qəmlo kimi Məlik Dadaşovun ifalarının tamaşaçı yaddaşına həkk olunması rejissor Kamil Rüstəmbəyovun aktyorla işləmək bacarığını da təsdiqlədi.
8 iyul 1972-ci il tarixli «Ədəbiyyat və incəsənət» qəzetində jurnalist Camal Yusifzadənin «Qəmlo kimdir?» məqaləsində aktyor Məlik Dadaşovun: «Düzdür Qəmlo Kərbəlayıdan bir az ehtiyat edir, çəkinir. Məncə bu elə belə də olmalıdır. Öz aramızdır Kərbəlayının da zəhmi və mövqeyi var axı! Lakin ehtiyat, çəkinmək hələ mütilik deyil. Bu olsa-olsa təbii instinkdir, özünü qorumadır, özünü müdafiədir. Bir də axı, kimin kimdən asılı olmasını gəlin bir az diqqətlə araşdıraq. Məncə Qəmlo Kərbəlayıdan nə qədər çəkinirsə, elə Kərbəlayı da Qəmlodan bir o qədər çəkinir. Mən hələ deyərdim ki, Qəmlodan qorxur»[2] fikirləri sənətkarın oynadığı rolu yaşamasında müstəsna əhəmiyyətli daxili monoloqunu necə dərindən duyduğunu səciyyələndirir.
Hazırladı: Elmin Nuri