Modern.az

İşğal olunmuş rayonlara qarşı niyə biganəyik?

İşğal olunmuş rayonlara qarşı niyə biganəyik?

23 Avqust 2013, 11:49


İşğal olunmuş rayonlarımız... 23 avqust 1993-cü il Füzuli və Cəbrayıl rayonlarının işğalı günüdür. 31 avqust isə Qubadlının düşmən tapdağı altına düşdüyü gündür. Bu tarixlər təkcə  rayonlarımızın işğal günlərində deyil, adi vaxtlarda da xatırlanmalıdır. Bununla əlaqədar şəhərimizdə gənclər arasında belə bir sorğu apardım:
“İşğal olunmuş bütün rayonlarımızın adlarını saya bilərsiniz?”.
Araşdırmamın nəticəsi isə heç də ürəkaçan olmadı. Bəs görəsən, gənclərimiz niyə işğal olunmuş bölgələrimizin hamısını asanlıqla sadalaya bilmir?

“İşğal olunmuş rayonlarımızın hamısını saya bilərsinizmi?”. Əvvəl üzdə təbəssüm. Amma bilmədim, bu təbəssüm nəyə görə idi? Deyəsən, müsahiblərim birinci dəfə idi ki, belə bir sualla üz-üzə qalırdılar. İşğal olunmuş torpaqlarımıza bu qədər laqeydlik çox təəssüf doğurur. Düzdür, gündəliklərdə, dərs vəsaitlərində işğal olunmuş rayonlarımızın adı və işğal tarixləri qeyd olunsa da, görünür ki, heç bir nəticəsi yoxdur. Bütün bunlar onu göstərir ki, təhsil müəssisələrində bu mövzuya biganə yanaşılır. Müsahiblərim deyəndə ki, “bu sualla birinci dəfədir ki, qarşılaşıram”, bu onu göstərir ki, gündəliklərdə, kitabların sərlövhəsində işğal olunmuş torpaqlarımız haqqında yazılsa da, mövzu məktəbli və gənclərimizə kifayət qədər aşılanmır. Deməzdim ki, müsahiblərim işğal olunmuş torpaqlarımızın adını bilmirlər, sadəcə bu mövzu o qədər kölgədə qalıb ki, paslanmış beyinlə xatırlamaq çox böyük vaxt alır. Bütün bunlar onu göstərir ki, bizim ən böyük problemimiz şablonçuluq, əzbərçilik hadisələrə doğru-düzgün qiymət verməyə, tarixi hadisələrimizi daxilən yaşamağa, hiss etməyə imkan vermir. Bu məsələdə təkcə gəncləri qınamaq düzgün olmazdı. İşğal olunmuş 11 rayonumuz var, düşünmürəm ki, ali təhsilli gənclərimiz bu rayonlarımızı tanımır və ya bilmir. Sadəcə, bu mövzuda onlardan soruşan, diskussiyalar, müzakirələr aparan demək olar ki yoxdur.

Mütəxəssis rəyi

Atamoğlan Məmmədli: BDU-nun tarix üzrə fəlsəfə doktoru: “İnsanlarda, xüsusilə, gənclərdə ən mənfi keyfiyyət biganəlikdir. Ancaq bir şeyi deyim ki, gənclərin bir hissəsi bu tarixi hadisələrə sadə və lal baxışlarla baxır, halbuki onun daxilində, ürəyində böyük od parçası var, bax, onu alışdırmaq lazımdır ki, vətən uğrunda öz sözünü desin”.

Məruz qaldığımız təcavüz elan olunmamış müharibədir və bu, böyükdən balacayadək bütün vətəndaşlarımıza birbaşa və dolayısı yolla təsir edir. Son dövrlər nəşr olunan orta məktəb dərsliklərində, gündəliklərdə, qeydiyyat dəftərçələrində işğal altındakı rayonlarımızın siyahısı verilir. Bu, yaxşı cəhətdir. Və biz orta məktəblərdə də çox oluruq, mərasimlərə gedirik, işğal, anım günlərində iştirak edirik. Pessimistliyə qapılmaq düzgün düyil. Gənclərimizin xeyli hissəsinin məlumatı, ürəyində yanğı var, vətən eşqi var. Sadəcə olaraq, biz təbliğatımızı kampaniya xarakterli qurmamalıyıq. Təbliğatımız gecə-gündüz getməlidir. Musiqi də yaxşı şeydir, musiqi təhsili də lazımdı insanlarımıza. Tam kədərin içində boğulmamalıdı insan. Ancaq həddindən çox da musiqi ilə, əyləncəli proqramlarla önəmli məsələlər ikinci plana atılır. Bu gün televiziya verilişləri bütün məişətimizə daxil olub, əksər ailələr televiziya proqramlarını izləyirlər. Ona görə də, deyərdim, televiziyanın imkanlarından tam istifadə edə bilmirik. Bir televiziya kanalı bəsdir ki, bir neçə ayın içərisində böyük bir bölgənin əhalisini müəyyən istiqamətə kökləsin. Halbuki, bizim 10-a yaxın televiziya kanalımız var. Hələ digər təsir vasitələrin demirəm. Bir şey deyim ki, şəhər məktəblərində də, rayon məktəblərində də tarixi günlərimiz, tarixi hadisələr qeyd olunur. Bu tarixi hadisələr qulağımızda “sırğa” olmalıdır. Bu yaxınlarda Milli Qəhrəman Mübariz İbrahimov haqqında dram əsəri yazmışam. Adı belədir: “Şəhidlərimizə kəfən lazım deyil”. 6 pərdəli 2 hissəli dramdır. Artıq çap olunmaq üzrədir. İnşallah, bunun da gənclərimizə bir təsiri olar. Bu olaydan, hadisədən istifadə edərək yetişən gəncliyi hərbi-vətənpərvərlik ruhunda tərbiyə edək. Başqa xalqlarda görürsən ki, belə qəhrəmanlar çox az olur. Ancaq biz əsrin böyük dövlətlərinin cəza aparatının ət maşınından keçən bir xalq olmuşuq. Azərbaycan xalqını təqib ediblər, nə qədər soydaşlarımızı qırıblar, “qaymaqlarımızı” yığıblar. Ancaq buna baxmayaraq, xalqımız çox güclü köklərə söykənir.

Qarabağ döyüşləri haqqında, Azərbaycan oğlanlarının, qızlarının igidlikləri haqqında 70-dən çox hadisə bilirəm ki, bunları ayrı-ayrı 70 hekayəyə çevirmək olar. Yazarlarımız da var, sadəcə olaraq, sosial –iqtisadi vəziyyət, müəyyən problemlər ucbatından bu faktlar işıq üzü görmür.
Çox istərdim televiziya verilişlərimizdə işğal olunmuş bölgələrimizin adları tez-tez hallansın. Məsələn, tutaq ki, televiziyada botanikaya aid bir  veriliş gedir, kəklikotunun faydalarından danışılır. İnformasiya verilərkən deyilsə ki, bu kəklikotudan işğal altında olan Kəlbəcərimizdə  daha boldur, bu da bir təbliğat olar. Deyirlər ki, qızıl ehtiyatı getdikcə artır, bir cümlə də deyilsin ki, 3 qızıl mədənimiz də işğal altındadır. Hamısı bu cür əlqələndirilməlidir. Bu kimi incə təbliğatdan istifadə etmək lazımdır. Müəllim də, şagird də, tələbə də öz üzərinə düşən vəzifəni görməlidir.

Bu mövzuya gənclərimizin fərqli yanaşması:

Elmar Hüseynov - Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi: “Gənclərimizə lazımınca vətənpərvərlik aşılanmayıb. Onların bu məsələlərə laqeydliyinin müxtəlif səbəbləri var. Eləsi var ki, ailəsi, valideynləri öyrətmir, vətənpərvərliyi lazımınca aşılamır. Məsələn, mən özüm Ağdamlıyam. Uşaqlıqda babam, atam həmişə mənə deyiblər ki, Ağdam nə vaxt, necə işğal olunub, həm də gündəliyi açanda birinci işğal olunmuş ərazilərimizi əzbərləyirdim. Biri onu əzbərləmir, gedib siqaret çəkən uşaqlara qoşulursa, onlardan biz işğal olunmuş rayonlarımızı bilmələrini gözləyəsi deyilik ki. Bu sadə bir səbəbdir.
Napoleonun belə bir sözü var, deyir ki, öz ordusunu yemləməyi xoşlamayan xalq vaxt gələr başqasının ordusunu yemləməyi xoşlayar. Bu bir faktdır. Ona görə də, hamı ölkə üçün çalışmalıdır. İndi bizim valideynlərimiz işğal olunmuş bölgələrimizi bilir, tutaq ki, 5 min gənc bilir. Bəs bu gənclərdən sonrakı nəsillərdə nə qədər adam biləcək?
Televiziyada hər gün bəzi reklamların əvəzinə, işğal olunmuş rayonlarımızla bağlı məlumat  verilməlidir ki, qan yaddaşımız unudulmasın”.

Nicat Quliyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi: “Deməzdim ki, gənclərimizdə vətənpərvərlik hissi yoxdur. Amma istənilən səviyyədə deyil. Gənclər, yeniyetmələr arasında təbliğat çox aşağı səviyyədədir. Ümumiyyətlə, bizdə milli qınaq söhbəti var. Qınaq obyektinə çevrilərkən istər-istəməz qorxub, çəkinirsən. Tutaq ki, sırf gəncin bildiyi bir mövzu olsaydı, məsələn, vətənpərvərlik mövzusu deyil, digər bir mövzu olsa - idman, əyləncə mövzusu - gənclər istənilən qədər danışar. Çünki bu sahədə kifayət qədər təbliğat var. Ümumiyyətlə, vətənpərvərlik hissi kiçik yaşlarından başlanmalıdır. Bu da birinci növbədə valideynlərin üzərinə düşür. Bundan sonra isə bu iş məktəbəqədər və orta təhsil müəssisələrində davam etdirilməlidir”.

Elmira Manaflı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi