Modern.az

İranın «müsəlman qardaşlığı»ı illuziyası

İranın «müsəlman qardaşlığı»ı illuziyası

Dünya

23 Avqust 2013, 12:59

Baba TAĞIYEV
“İrəli Azərbaycan” İctimai Birliyinin sədri ,sabiq millət vəkili

Həsən Ruhaninin işğalçı Ermənistanın dövlət başçısı ilə səmimi münasibəti bunu bir daha sübuta yetirdi

Azərbaycan yaxın qonşusu olan İranın daxili işlərinə heç vaxt qarışmamış, bu ölkədə daim sabitliyin olmasını arzulamışdır. Təəssüflə qeyd etməliyik ki, rəsmi Bakının İranla iktərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini rəhbər tutmasına baxmayaraq, adıçəkilən ölkə Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə göstərmişdir. İran mətbuatında türk xalqları daim təhqir edilir, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı «mübarizə aparılır». İran rəsmiləri bunu ölkə mətbuatının güya müstəqil olması ilə əlaqləndirsələr də, əslində, İran mətbuatında bu «müstəqilliyin» haradan qaynaqlandığını hamı yaxşı bilir.

Prezident İlham Əliyev regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda tarazlı siyasət yürüdərək xarici siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Respublikamız ABŞ və bəzi Qərb dövlətlərinin İrana qarşı artan təzyiqləri fonunda geosiyasi rəqabət meydanına, hansısa dövlətin «platsdarm»ına çevrilmək niyyətindən uzaq olduğunu bəyan edərək qonşu dövlətlə mehriban münasibətlərin qorunub saxlanılmasının tərəfdarı kimi çıxış edib. Rəsmi Bakı İran-ABŞ münasibətlərindəki gərginliyin ilk gündən diplomatik danışıqlar vasitəsilə, dinc yolla həllinə tərəfdar olduğunu bəyan edib. ABŞ-ın «nüvə təhlükəsi» ilə bağlı narahatlığını başa düşən rəsmi Bakı, həmçinin, İranın uranın zənginləşdirilməsi proqramının dinc məqsədlərə - nüvə enerjisi əldə etmək niyyətinə hesablandığına ümidvar olduğunu vurğulayıb.

İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin dövlət başçısı kimi fəaliyyəti dövründə izləyəcəyi siyasət hazırda aktual məsələlərdən biri olarq qalır. Onun Azərbaycana, Ermənistana, Azərbaycanın torpaqlarının işğalı faktına yanaşmasının necə olacağı bizim üçün daha maraqlıdır. Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmiş Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə səsləndirilən bəyanatlar, İran dövlətinin işğalçı Ermənistana münasibətinin dəyişməyəcəyini deməyə əsas verir. İranın Azərbaycana, Ermənistana, Azərbaycanın torpaqlarının işğalı faktına münasibətini kiminsə prezident seçilməsi yox, bütövlükdə, qonşu ölkənin dövlət siyasəti müəyyənləşdiri.

Həsən Ruhani ilə Serj Sərkisyanın Tehranda keçirilən görüşündə ölkələrarası münasibətlər və eləcə də Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb. Ermənistanla İranın dostluq münasibətlərindən olduğu ifadə edilib. Onlar dostluğun, qardaşlığın yüksən səviyyədə davam etdirilməsi haqda fikirlər söyləyiblər. Bu görüşdə hətta ermənilərlə farsların eyni tarixi köklərə malik olduğunu səsləndiriblər. Sarkisyan farsların və ermənilərin qədim “ari” irqinə məxsus olduğuna işarə edərək deyib ki, bu gün İran və Ermənistan faktiki olaraq, həmin tarixi köklərə istinad edərək birlikdə eyni siyasəti və hədəfləri paylaşırlar. (Almaniyada vaxtilə hakimiyyətdə olan A.Hitler də almanları dünyanın ən ali «ari» irqinə mənsub olduğunu bildirmişdi. Bu siyasətlə başqa millətləri yer üzündən «silmək» kimi bir yol seçmişdilər. Dünyanı fəlakətə aparan II Dünya müharibəsinin acı nəticələri hələ də unudulmayıb). İranın yeni seçilmiş prezidenti də Serj Sərkisyanın bu açıqlaması ilə tamamilə razı qaldığını deyib. Bu onu göstərir ki, biz, İranın işğalçı Ermənistana münasibətinin dəyişəcəyini gözləyə bilmərik.

 İslam dəyərlərini daim önə çəkən İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ilə sıx münasibətlər qurması islam prinsipləri ilə bir araya sığmır. Dünyaya bəllidir ki, Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpağımız işğal edilmiş və 1 milyondan artıq müsəlman öz doğma yurdlarındann didərgin düşmüşdür. İran dövləti isə müsəlman qardaşlığından dəm vurduğu halda işğalçı dövlətlə bütün sahələrdə əməkdaşlıq edir. Aclıq və səfalət içərisində çabalayan Ermənistana hər cür yardımlar edərək bununla da  işğalçı dövlətin əməllərinə göz yumur. İran dövləti unudur ki, Ermənistanda bir nəfər də olsun müsəlman qalmayıb. Müqəddəs ziyarətgahlarımız, məscidlərimiz, ata-babalarımızın qəbir yerləri vəhşicəsinə dağıdılıb. Üzdə müsəlman həmrəyliyindən danışan İran Prezidentinin işğalçı Ermənistanın dövlət başçısı ilə görüşərək son dərəcə səmimi münasibət qurması (qucaqlaşıb öpüşmələri) «müsləman qardaşlığı»nın illüziyadan başqa bir şey olmadığını təsdiqləyir. İranın Ermənistana göstərdiyi isti münasibətdən fərqli olaraq müsəlman dünyasında xüsusi yeri olan qardaş Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı nəinki ölkəmizin haqlı mövqeyini birmənalı dəstəkləyirlər, təcavüzkar ölkə ilə hər hansı münasibət qurmurlar.

İranın üzərinə qara buludlar toplanmaqdadır. Amma Azərbaycanda çox az adam tapılar ki, İranın bombalanmasını, İraqın, Əfqanıstanın düşdüyü vəziyyətə qalmasını arzulasın. Axı, bu gün bir rejimə görə, milyonlarla soydaşımızın yaşadığı, tarixi şəhərlərimizə, mədəniyyətimizə, dövlətçiliyimizin mərkəzi olmuş torpaqların şumlanmasını kim istəyər? Bu mövqeni Azərbaycan rəsmiləri də dəfələrlə bəyan ediblər ki, İrana hərbi müdaxilə bizim maraqlarımıza cavab vermir.  Ancaq təəssüf ki, İran hökuməti nə Azərbaycanın bu səmimi niyyətini dəyərləndirə bilir, nə də onları gözləyən real təhlükəni.

İranda yeni prezidentin seçilməsindən sonra Azərbaycanla İran arasında münasibətlər, eyni zamanda, qonşu ölkədə öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların taleyi məsələsi hamımızın diqqətindədir. Bəzilərində Həsən Ruhaninin prezidentliyi dövründə bu yöndə hansı yeniliklərin olacağı ilə bağlı gözləntilər var. Ancaq indiyəqədərki təcrübəyə əsaslansaq, deyə bilərik ki, İranın Azərbaycana və ya bu ölkədə yaşayan soydaşlarımıza münasibəti, şəxslərin mövqeyindən asılı deyil, dövlət siyasətindən irəli gələn nəticələrdir. Əgər şəxsi münasibətlərə qalsaydı, Əhmədnejadın prezidentliyi dövründə İranın Azərbaycana qarşı siyasətində, Ermənistan-İran əlaqələrində fərqli yanaşmanın şahidi olardıq. Çünki Əhmədnejad Azərbaycan rəhbərliyi ilə şəxsi münasibətlərdə sələflərindən daha mehriban görünürdü. Ancaq onun prezidentliyi dövründə Azərbaycana qarşı siyasətdə müsbət irəliləyişlər görmədik, daxildə müəyyən təxribatçı qüvvələrin dəstəklənməsi, işğalçı Ermənistanla əlaqələrin daha da gücləndirilməsini gördük. İranda yaşayan azərbaycanlıların milli-mədəni haqları ilə bağlı heç bir addım atılmadı. Baxmayaraq ki, bir vaxtlar Əhmədnejad da Həsən Ruhani kimi Təbrizdə Azərbaycan dilində «Heydərbabaya salam» şeirini söyləmişdi. İranda prezidentliyə namizədlərin xüsusi seçim əsasında seçkiyə buraxılmasını nəzərə alsaq, seçilən prezidentin adı və kimliyi şərti xarakter daşıyır: Bu baxımdan, Həsən Ruhaninin prezidentliyinə xüsusi ümidlər bəsləmək, daha çox özünü aldatmağa xidmət edə bilər.

Düzdür, İran nüvə silahı əldə etməyə cəhd göstərir. Çünki, bölgədə Türkiyə, Misir kimi dövlətlərlə rəqabət aparmaq üçün İranın nüvə silahına sahib olması önəmlidir. Bununla belə, nəzərə almaq lazımdır ki, nüvə silahı əldə etmək asan məsələ deyil. Bunu Qərb dövlətləri də yaxşı bilir. Ona görə də mən yaxın gələcəkdə nüvə mövzusunda ABŞ-la konstruktiv dialoqu real hesab etmirəm.  Bu nüvə mövzusu az qala hər iki tərəfin ideoloji silahına çevrilib. Və tərəflər bu “silah”dan uzun illər istifadə etməyə çalışırlar.

Bütövlükdə, İran rəhbərliyinin apardığı uğursuz siyasət adı çəkilən dövlətin dünyada təklənməsinə gətirib çıxarıb. Yaxın və uzaq ölkələrlə ultimatum dilində danışan və dünyada gedən proseslərdən özünü təcrid edən İran artıq Qərbin iqtisadi və siyasi sanksiyaları məngənəsində sıxılıb qalıb. İran hazırkı şəraitdə Azərbaycanla münasibətləri normal məcrada inkişaf etdirməlidir. Münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi bugün və gələcək üçün son dərəcə vacibdir. Siyasi analitiklər müsəlman dövlətləri tərəfindən dəstəklənməyən İran barədə nikbin proqnozlar irəli sürmürlər. İran tərəfi yaranmış vəziyyətdən ən qısa zamanda  ciddi nəticə çıxarmalıdır.

www.babatagiyev.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?