Modern.az

Yazıçılar Birliyinin filial rəhbəri: “800 səhifəlik antologiyam var”

Yazıçılar Birliyinin filial rəhbəri: “800 səhifəlik antologiyam var”

24 Avqust 2013, 10:40


Modern.az Yazıçılar Birliyinin 14 filialından daha ikisini – Qarabağ və Qazax bölmələrindəki durumu öyrənib.

Bu gün işğal olunmuş bölgənin ­ Qarabağ filialına rəhbərlik edən sədri, qocaman yazıçı Ənvər Əhməd: ““Qarabağ filialı böyük bir ərazini əhatə edir. Yevlaxdan Qubadlıya, Beyləqandan Kəlbəcərə, Ağdamdan Laçına qədər olan ərazi. Ayda bir-iki dəfə üzvləri yığıb iclaslar keçirirəm. Müasir ədəbiyyatın inkişaf perspektivlərini, düşmənə qarşı ədəbi mübarizəni aparma üsullarını müzakirə edir və bu fonda işlər aparırıq. Filialda 50-yə yaxın üzv var. Eləsi var ki, 5 kitabı işıq üzü görüb. Mən də bacardığım qədər tövsiyələrimi verməyə, kitablara ön söz yazmağa çalışıram. Qarabağdakı ədəbiyyatın bir ana xətti var – olum, ya ölüm. AYB rəhbərliyi ilə Qarabağa yaxın ərazidəki hərbi hissələrdə görüşlər keçiririk. Hiss edirik ki, insanlarda 1992-ci ilin mübarizliyi yenidən qayıtmaqdadır. Biz də bu gün Qayıdış ədəbiyyatı yaratmalıyıq. Bu vaxta kimi ağlama ədəbiyyatı yaratdıq. Ağladıq, sızladıq, pis vəziyyətə düşdük. Elə bir qeyrətli şair yox idi ki, yaradıcılığını o istiqamətə söykəsin.

Sizin vasitənizlə Yazıçılar Birliyinə müraciət edirəm. Filialın oturmağa yeri yoxdur. Halbuki planımızda İbrahim Kəbirlinin, Məmməd Aranlının, Nurəddin Qəmbərin yaradıcılıq gecələrini keçirmək var.  Doğrudur, gərək gəzəsən, görəsən, camaatın içində olasan. Biz bunu edirik. Amma yaxşı olar ki, bütün bunlara diqqətlə yanaşılsın. Mən AYB-dən onu arzu edərdim ki, son 40 ildən bu bölgədən heç kimə fəxri ad verilməyib. Bilirsənmi bu nə deməkdir? Çox nəhəng şairlərimiz var. Arzumuz bundan ibarətdir ki, bu bölgənin ədəbiyyatına daha diqqətlə yanaşılsın”.

Qazax filialının rəhbəri Barat Vüsal: “Filial 1991-ci ildə yaradılıb. İk sədri yazıçı Saday Budaqlı olub. Mən bura 1993-cü ildən rəhbərlik edirəm. Ağstafa, Tovuz, Gədəbəy, Qazax bölgələrini əhatə edir. Mərkəzi Qazax rayonundandır. Hazırda filialın 100-ə yaxın üzvi var. Vaxtilə filialın “Sınıqkörpü” jurnalı olub. İndi o jurnal çıxmır . Biz daha çox gənclərə yer ayırırıq. Onlarla bağlı xüsusi buraxılışlar edirik. Filialın həyatında ən önəmli məsələlərdən biri də burda ədəbiyyat muzeyinin açılması oldu. Belə ki, Azərbaycan bölgələrində ilk dəfə məhz Qazaxda ədəbiyyat muzeyi yaradıldı. Cənab prezident də onun açılışında iştirak etdi. Muzeyin tikintisi ilə bağlı təklifi prezidentlə görüşdə mən etmişdim. Muzey artıq istifadəyə verilib və bizim filialımız da orda yerləşəcək. Yeni antologiyalar tərtib etmişik. Özüm 800 səhifəlik “Bizim tərəflər antologiyası”nın müəllifiyəm. Bizim yeganə problemimiz yaxşı yazı problemidir. Fəal üzvlərdən də bunu xahiş edirik“.  

 

Elmin Nuri

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub