Modern.az

«Dəli Kür» filmi - maarifçilik ideyasının çiçəklənməsi...

«Dəli Kür» filmi - maarifçilik ideyasının  çiçəklənməsi...

Mədəni̇yyət

26 Avqust 2013, 12:10

Modern.az saytı bədii əsərlər ekranlaşdırılarkən uğradığı dəyişikləri, qazandığı və itirdiyi məqamları gündəmə gətirir. Bu dəfə də kino mütəxəssisi Aydın Dadaşov mövzu barədə çıxış edən yazarların və rejissorların fikirlərinə, həm də ekranlaşdırılma prosesinə öz münasibətini bildirib.

Aydın Dadaşov

İsmayıl Şıxlının «Dəli Kür» romanı əsasında yazdığı ssenari üzrə Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film (1969) nəsrin ekranlaşdırılması sahəsində uğurlu addım oldu. Sıldırım qayanın üstündəki atlı Cahandar ağanın Kürdə paltar yuyan Mə­ləyin çırmanmış baldırlarına vurulması və su içmək adı ilə yaxın­laş­dı­ğı gəlini götürüb qaçmasının  ildırım çaxması, Allahyarın atlı dost­ları ilə onları qovması ilə müşaiyət olunması hadisələri qızışdırır. Nov­ruz bayramı günü Qori seminariyasının Azərbaycan şöbəsinin inspektoru  Aleksey Osipoviç Çernyayevin (1840-1897) tələbə yığmaq üçün faytonla Kür qırağındakı bu kəndə gəlişi tari­xi hadisələri dramaturji struktura qoşur. Atəşfəşanlığın  fonunda əli məşəlli oğlanların tonqal üstündən tullanmaları, qızların üzük falı­na baxmaları, uşaqların yumurta döyüşdürmələri folklor ənə­nə­lə­rini üzə çıxarmaqla bayram əhval-ruhiyyəsi yaradır.

Romandakı epizodların əksəriyyətinin, o cümlədən Cahandar ağanın ikinci oğlu Əşrəfin Mola Sadıqın qızı Pakizə ilə məhəbbət macərası, atası ilə qarşıdurmadan sonra evə qayıtmayan Şamxalın kəndin kənarında özünə ev tikməsi, gəmiçi Qoca dayının qızı, öz dostu Çərkəzin bacısı Güləsəri qaçırması, bibisinin onlara gəlişi, oğlunu öldürüb, gəlininin tikə-tikə doğramaq fikrinə düşən Caha­n­dar ağaya mane olduqda bir sillə ilə yerə sərilib huşunu itirən Mələ­yin açıq-saçıq səhnələrlə könlünün alınması, meyxana məc­lisinə getdiyinə görə qardaşı tərəfindən məhv edilən Şahnigarın yas mərasimi, sevdiyi rus Əhmədin papiros qutusuna ətir çiləyən, bulaq­dan gələrkən çiynindəki səhəngi düşmən gülləsindən deşilən Salatının, ot tayasına od vurarkən nökər Tapdığın yaraladığı Allahyarın adamlarının qaçırması, Həsən ağanın onu xilas etməsi, qızını da yox etmək istəyən atanın gözünə bacısının görünməsi, köçdəki maralın güllələnməsi, yalı-quyruğu qırxılan Qəmərin uçurum dərəyə yuvarlanması, pristavın kənd camaatına Kürün o üzündəki meşənin padşahın ov yeri (qoruq) olacağını açıqlaması, se­minariyanın direktoru Dmitri Dmitriyeviç Semyonovun qu­bern­atorla görüşünün, işdən qovulmasının və sairin ixtisarı çoxşaxəli süjet əvəzinə fabulanı qabardır. Epizodlarla birgə çoxsaylı personajların da ixtisarı, o cümlədən Əşrəfin Şamxalla, faytonçu İvan Filipiçin, yetim Osmanın atasına çevrilən kəndli Məmmədəli, Gülə­sərin Pakizə ilə əvəzlənməsi dramaturji strukturu səfərbər edir. Məsələn, filmdə qızların bacadan torba sallayan oğlanlara pişik­lə kərpic göndərməsindən yaranan karnaval estetikası fonun­da Şamxalla Pakizənin və ya təpədəki evində  tənha yaşayan Rus Əh­mədin pəncərəsini döyərək  ürkə-ürkə qaçan Salatının plas­ti­ka­la­rı gözönü hadisələrin məna həllini verir.

Orman ?liyev

Özünü Allah qonağı kimi təqdim edən Çernyayevin Rus Əh­mə­din oxuduğu Radişşevin «Peterburqdan Moskvaya səyahət» kita­bını vərəqləməsi sosrealizm ictimai üslubun siyasi diktəsini yerinə yetirir. Rus Əhmədin uşaqların mollaxanadan ayrılmasının çətin məsələ olduğunu bildirdiyi məqamda evə doluşan oğlanların qonaqla ünsiyyəti, Zərnigarın sillələdiyi Mələyə Şamxalın qaldırdığı xəncəri, atdığı güllə ilə deşərək: «Ona bu evdə heç kəs güldən ağır bir söz deməməlidir. Eşitdinizmi!» deyən Cahandar ağanın söz sahibi olduğunu təsdiqləməsi attraksionların montajı hesabına həyata keçirilir. Evində edən Cahandar ağanın alıb gətirdiyi parçadan, dərziliyi yaxşı bacaran bacısı Şahnigarın Mələyə paltar tik­məsi ailəyə daxil olan yeni qadının statusunu təsdiqləyir. Məm­məd­əlinin faytonunda gəzdirdiyi  xırda uşaqlarına alma paylayan Çernyayevin qızlar seminariyasının açılması arzusunu dilə gətir­mə­si, güllədən deşilmiş xəncərini Kürə ataraq Qoriyə getmək istə­məyən Şamxalın yola gətirilməsi isə maarifçilik strategiyasını bə­yan etməklə filmin miqyasını genişləndirir. Mollaxanada şagirdlərin ayaqlarını falaqqaya saldırıb döydürən Molla Sadığın iş metodu, Rus Əhmədin maarifçi çağırışına məsciddəki qocaların etinasızlığı, cəhalət mühitini açmaqla Qori seminariyasını işıqlı gələcəyin sim­vo­luna çevirməklə ideyanı vizuallaşdırır. Cahandar ağanın atdığı gül­lə ilə Qori seminariyasında şəriət dərslərinin də keçiriləcəyinə əh­əmiyyət verməyən Molla Sadığın xəncərli əlaltılarının sus­d­urul­ması kəndində də əsas söz sahibinin kim olduğunu aydınlaşdırır.

23 aprel 1970-ci ildə çıxan «Azərbaycan gəncləri» qəzetindəki «Dəli Kürün ekran taleyi» məqaləsində: «Filmdə Molla Sadığın fitvası ilə maarifpərvər adamlara edilən hücum səhnəsi bir qədər baya­ğıdır. Gərək maarifpərvər adamlara ümumi rəy, münasibət film­də yaxşı veriləydi. Bu həm də xalqımızın qonaqpərvərliyi, həs­saslığı, yaxşı işi qiymətləndirə bilməyi ilə əlaqələnər, filmdə heç də pis baxılmazdı»[1] yazan  Nəriman Süleymanov isə əslində ziddiy­yət­sizlik dövrünün düşüncəsinə söykəndiyini üzə çıxarır.

İnqilabi ideyaları yaymaqla əslində haqq-ədaləti bərqərar etməyə çalışan Rus Əhməd Qoriyə yollanan Şamxalla Osmana Raddişşevin «Peterburqdan Moskvaya səyahət» kitabını ba­ğış­la­maq­la siyasi liderə çevrilir və romanda bu missiyanı yerinə yetirən Ki­pianinin də dramaturji yükünü əlindən alaraq personaj daha da dolğunlaşır. Tikdiyi paltarı geyindirmək üçün Mələyin əynindəki donun yaxasını cırmaqla gözəlliyini üzə çıxaran Şahnigar romandakı: «Keçən il ərini ilan vurandan sonra damın altında tək qalmışdı. Kişinin ölümündən sonra arıqlamaq əvəzinə, kökəlmiş, buxaq sallayıb, buğum-buğum ət tökmüşdü. Qardaşı ona «çıx, gəl evimizə»-demişdisə də, Şahnigar xanım razı olmamışdı. Ərimin var-dövləti təkcə mənə qalıb, oturub sağa-sola xərcləyəcəm. Yengə əlinə baxıb, minnətlə qardaş çörəyi yeməkdənsə, damın altında tək qalmaq yaxşıdır»-deyə fikirləşmişdi. Şahnigar xanım dediyindən dönmədi. Geyinib-keçindi, hətta Kürə suya gedəndə də özünü daş-qaşla bəzədi. Bir toy, bir nişan onsuz keçmədi. Oynamaqdan doymur, şaqqıldayıb gülməkdən usanmırdı. Onu danlayıb bir söz deyəndə də hirslənirdi. «Məndən nə istəyirsiz, eşitməyibsinizmi ərsiz arvad yüyənsiz at kimi şeydir, haraya istəsə, oraya da gedəcək? indi mən də haraya istəsəm çapacam. Əl-ayağıma dolaşmayın»[2] kimi təfsilatın qısa, parlaq ekran ifadəsini yaradır. Lakin filmdə Molla Sadığın təhrikilə qumardan ayrılaraq namus üstündə Cahandar ağayla haqq-hesab çəkməyə gələn Allahyarı şər qüvvələr sırasına daxil etmək çətinləşir. Halbuki romandakı: «Deyilənlərə görə, kəndin varlı adamlarından olan Allahyar 7 dəfə evlənmişdi. «Nə olsun, dövləti varsa da, arvad saxlayan deyil. Bəlkə heç kişiliyi də yoxdur»-deyə onun arxasınca ağız əyirdilər. O aldığı arvadla 6-7 aydan artıq yaşamırdı. Hərəsində bir eyib tapır və evdən qovurdu. Onsuz da taleyindən küskün olan Mələk elə ilk gündən ərinə boyun əymiş, onun dediyi ilə oturub durmuşdu. Ancaq 1 il sonra o, yenə kürlüyə başlamış, Mələyin yediyini-içdiyini burnundan tökmüşdü. Hər gün bir bəhanə ilə onu danlayıb söymüş, evdə dava-dalaş salmışdı. (səh 26) O, Mələyi də bezikdirib evdən qovmaq istəyirdi. Hətta, özünə yeni arvad da axtarırdı (səh 45) kimi fikirlər mülahizələr Cahandar ağaya bəraət qazandırır. Filmdə isə oğlunun dalınca Rus Əhmədin təpənin üstündəki evinə gələrkən Allahyarın at belində fırlanan  dəstəsinin hücumuna məruz qalan, güllə ilə papağı başından salınan Cahandar ağanın düşmənini gözündən vurması sadəcə audiovizuallığı artırır.

17 may 1970-ci ildə çıxan «Kommunist» qəzetindəki «Dəli Kür» məqaləsində:: «Filmdə bəzi az əhəmiyyətli epizodlar həddindən artıq uzadılmış, romanın bir sıra maraqlı parçaları isə ixtisar edilmişdir. Lap başlanğıcdakı Novruz bayramı ilə əlaqədar şənliklər öz-özlüyündə çox cazibədar və maraqlıdır. Lakin, xeyli uzadılmış bu səhnələrin hesabına filmdə heç olmasa Cahandar bəylə əlaqədar daha bir zəruri epizod göstərilə bilərdi» iradlarında tamamilə haqlı olan Təhsin Mütəllimovun: «Film «Dəli Kür» adlansa da, Kürün heç bir «dəliliyini», şıltaqlığını, daşqınlı–təlatümlü mənzərəsini görmürük. Halbuki bütün film boyu hadisələrin daha canlı və  təsirli ifadəsi üçün Kürün müxtəlif xarakterli mənzərələrindən effektli bir vasitə kimi istifadə etmək olardı» qeydi isə zahiri əlamətlərlə bağlılığından əsassız görünür. Qoriyə  gedərək oğlunu kəndə qaytaracağına qərar verdiyi məqamda pristavın qubernatorun görüşünə çağırdığı Cahandar ağanın yaylağa qalxan köçü nizamlayarkən yeni doğulmuş dayçanı qoruya bilməyən mehtərə qapaz vurması onun söz sahibi olduğunu təkrarlasa da, oğlu Şamxaldan qızı Pakizənin sevinclə gətirdiyi məktubu oxuya bilməməsi zəifliyini üzə çıxarır. Cahandar ağanın bacısı Şahnigarın Molla Sadığın qurduğu Seyid Nigari məclisinə gətirilməsi qisasçılığın tərkib hissəsinə çevrilməklə dramatizmi artırsa da, portretlər qalereyasının açılışına imkan verən mərasimə aludəçilik epizodun ümumi strukturunda əriməsinə, yəni bədii həllinə mane olur. Lakin dini təriqətlə bağlı şərhi dəfələrlə mübahisə obyektinə çevrilən bu epizodun uğurlu musiqi-rəqs həllində attraksionların montajı prinsipi özünü doğruldur. Ekstaza gələn Molla Sadıqın donunu cıraraq sinəsini açdığı Şahnigarın silləsi ilə Cahandarın gülləsinin eyni vaxtda açılması keyfiyyət sıçrayışı yaratmaqla kinematoqrafikliyi artırır. Ay işığında məzlum-məzlum yeriyən Şahnigarın pərişan saçları ilə Cahandarın atının yalının bir-birinə toxunması bacı-qardaş vidalaşmasının təzahürünə çevrilsə də kəlmeyi-şəhadətini deyən qadının Kürdə boğulması çayı günahların yuyulmasının simvoluna çevirir.

«Qori-1980» titrlərindən sonra aralarında Şamxalla Osmanın da olduğu seminariya tələbələrinin lələyi soğan suyuna batırmaqla Quranın vərəqlərindəki ağ yerlərə Radişşevin «Peterburqdan Mosk­va­ya səyahət» əsərini köçürmələri müqəddəs kitaba etina­sız­lıq, inqilabi ideyalara çağırış kimi səslənir. Gecə qapının döyül­mə­si, başda direktor Dmitri Dmitriyeviç Semyonov olmaqla semi­na­riya müəllimlərinin gəlişi ilə xristianların belə islamı öyrənməsi ehti­malı ya­ransa da, cənab Petrovun müqaviməti, inqilabi fəaliyyətinə görə si­bir sürgünü çəkmiş müəllim Kipianinin izlənməsi barədə Qube­r­na­tordan gələn məktub xeyir-şər  qarşıdurmasını səciyyələndirir. At belində seminariyanın həyətinə girən Cahandar ağanın oğlu Şam­xalı kəndə qaytarmasına direktor Semyonovun mane olması, ata-oğulun söhbətində qubernatorun əraziləri almaq məsələsinin üzə çıxması, Quran kitabının təhqiqat üçün götürülməsi, romandan fərqli olaraq ölməyib bir gözündən məhrum olan Allahyarın Mələyi ge­riyə aparması müxtəlif süjetləri attraksionların montajında qa­pa­yır. Və nəhayət ərazilərinin zorla əlindən alınmasına dözməyən Ca­handar ağanın rus kazakları tərəfindən öldürülməsi  işğalçılara qarşı üsyan kimi səslənir. Uzun illər məhz bu final Moskvada filmin qəbulu zamanı dəyişdirilərək Cahandar ağanın Allahyar tərəfindən öldürülməsi ilə əvəzlənsə də filmin ikinci operatoru Yuri Varnovskinin qoruyub saxladığı ilkin variantın üzə çıxması iyirmi yeddi il ekran həyatını yaşamış filmin bütövlüyünün heç olmasa gələcək nəsillərə çatdırılmasını təmin edə bildi.

Romanda dərs zamanı Puşkinin şerini oxusa da, filmdə Xürrəmilər hərəkatını işğalçılara qarşı üsyan kimi qələmə verən Kipianinin həbsinə seminariya tələbələrinin etirazı, başı üzərindəki möhtəşəm zəngi fasiləsiz olaraq səsləndirən Osmanın kazaklar tərəfindən durdurulması, uzun müddətdən bəri axtarılan Rus Əhmədin fotoşəklinin üzə çıxması ilə, bəlaların səbəbkarı olduğuna işarə vurulan çarın divardan asılmış portretinin birləşdirilməsi attraksionların montajını davam etdirir. Peterburqdakı inqilabi fəaliyyətinə, Sibir sürgünündən qaçdığına görə yenidən həbs olunan Rus Əhmədlə vidalaşan kənd əhli arasından  çıxaraq təpənin üstünə qalxan Salatının yaylığını dodaqlarına sıxması faciəvi sevginin təzahırünə çevrilir. Və Kür çayının sahilində məxsusi geyimli müəllimlərin-Şamxalla Osmanın  seminaristlərlə ünsiyyəti maarifçilik ideyasının çiçəkləndiyini bəyan edir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi