Modern.az

Qafqazlardan əsən yellər - Qafqaz İslam Ordusu

Qafqazlardan əsən yellər - Qafqaz İslam Ordusu

28 Avqust 2013, 11:18

Qalib jurnalistlər Türkiyəyə tətilə göndəriləcəklər
Onlar:
Qar-boran demədən,
Toroslardan, Palantökənlərdən
Qatar-qatar qopub gəldilər.
Qartallar kimi
Qanad çalıb Qafqazlara,
Hiddətlə düşmənin başına
endilər

Qafqaz İslam Ordusunun fəaliyyət hərəkatı Azərbaycanın istiqlal tarixində və bunun kimi də milli müqəddəratının həllində mühüm rolu olan bir hadisədir. I Dünya müharibəsinin başlanması və müharibənin məhrumiyyətləri, həm də Rusiyadakı hakimiyyət çevrilişləri Qafqazlarda, о cümlədən Azərbaycanda öz dərin təsirini göstərməkdə idi. Bir yandan da Osmanlı - Rusiya qoşunlarının üz-üzə dayandıqları Qafqaz cəbhəsi çox yaxında idi. Buna görə də öz milli taleyi uğrunda  mübarizə meydanına girən Azərbaycandan istər Osmanlı türk cəbhəsi  komandanlığına, istərsə də dövlətə tez-tez müraciətlər olurdu.

1918-ci ilin əvvəlindən Azərbaycanın daxili və xarici vəziyyəti olduqca mürəkkəb idi. Bir tərəfdən bolşeviklər və onların əlaltıları olan erməni daşnakları, digər tərəfdən isə ingilislər Azərbaycan üzərində öz maraqlarını təmin etmək uğrunda mübarizə aparırdılar. Azərbaycan xalqının mövcudluğu sual altına qoyulmuşdur. Belə bir şəraitdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyi və müstəqilliyi qorumalı, ölkənin hərbi qüdrətini möhkəmləndirməli idi. Yalnız milli silahlı qüvvələrin yaradılması Azərbaycan xalqını məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Azərbaycan hökuməti Osmanlı hökumətinə dərhal müraciət edərək hərbi köməyin göstərilməsi barədə xahiş etmişdir. Azərbaycan Ordusunun yaradılması müxtəlif subyektiv və obyektiv səbəblərdən yubanırdı. 1918-ci ilin ortalarında ən böhranlı çağını yaşayan Osmanlı dövləti öz ərazisinə və paytaxtına sahib çıxmağa çalışan, yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləməkdən çəkinməmişdir.

1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərməyi öz boynuna götürmüşdü. Müqavilənin giriş hisəsində deyilirdi.”Bir tərəfdən Türkiyə  və digər tərəfdən suverenliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və mədəni əsasda səmimi dostluq münasibətlərinin təsbit edilməsi üzrə qarşılıqlı sazişə gəlir”

Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında 1918-ci il iyunun 4-də Batumidə Dostluq və Əməkdaşlıq müqaviləsi imzalanmışdı. Və bununla da Türkiyə Azərbaycanın müstəqilliyini rəsmən ilk dövlət kimi tanımışdı. Lakin siyasi vəziyyət və ölkənin işğal qorxusu böyük olduğundan, hələ bu saziş imzalanmazdan öncə Azərbaycana hərbi dəstəyin verilməsi məsələsi qarşıya çıxmışdı.

Osmanlı dövlətinin görkəmli sərkərdələrindən olan Nuru paşanın komandanlığı ilə Azərbaycana gəlmiş türk qoşunları azərbaycanlı sərkərdə Əliağa Şıxlinskinin başçılıq etdiyi Azərbaycan hərbi hissələri ilə birləşdirilmiş və beləliklə Qafqaz İslam Ordusunun əsası qoyulmuşdu. Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində orduda azərbaycanlı çağırışçıların sayı artmaqda idi. Osmanlı dövlətinin Hərbi naziri Ənvər paşa Əlimərdan bəy Topçubaşovla görüşündə demişdir:...mənə məlumdur ki, çağırışla bağlı böyük çətinlik olmayıb, adamlar həvəslə gəlirlər. Belə də olmalıdır. Qafqaz müsəlmanları əsgəri mükəlləfiyyətə cəlb olunmamışlar. Onlar əsgəri tələbkarlıqla tanış deyillər. Ancaq görünür ki, əsgəri ruh hələ qalmaqdadır. Bu isə zəruri şərtdir".

Nuru Paşanın Mosuldan hərəkətə başlaması ərəfəsində, yəni 1918-ci il aprelin 5-də Ənvər Paşa Qafqaz islam Ordusunun təşkili və vəzifələrinə aid Təlimatnaməni təsdiq etdi. Bu Təlimatnamə Qafqaz İslam Ordusunun qarşısında dayanan vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirən bir rəsmi sənəd idi. Həmin sənəddə deyilirdi:

"l.Qafqaz ordusunun yaradılmasında məqsəd qafqazlıların təşkil edəcəyi ordunun əsasını vücuda gətirmək və bu əsası tədricən genişləndirmək və qafqazlı əsgərlərə təlim vermək və Qafqazda islamın yüksək mənfəətlərini və müqəddəs xilafət və Dövləti-Osmaniyyə ilə siyasi və əsgəri əlaqələri təsis etməkdir.”

İyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında hərbi kömək göstərilməsi barədə imzalanan müqavilə birbaşa hərbi qüvvələrin göndərilməsinə imkan yaratdı. İyunun əvvəllərindən Azərbaycana 3-сü Osmanlı ordusunun hissələri gəlməyə başladı. Maqalovun dəstəsi Kürdəmir-Ucar istiqamətində olub 900 nəfərdən ibarət idi. Dəstə QİOnun avanqardı rolunu oynayırdı. Qafqaz İslam Ordusu tərkibində Osmanlı qoşunları 5-ci Qafqaz firqəsi (diviziya) ilə təmsil olunmuşdular. Əvvəllər 3-cü Ordunun (komandan Vehib paşa) tərkibində olan firqə aşağıdakı quruluşa malik idi: üç piyada alay (9-cu,  10-cu, 13-cü alaylar), bir süvari alayı (mürəttəb 2-ci süvari alayı), bir topçu alayı (5-ci Qafqaz səhra topçu alayı) və əlavə hissələr

Osmanlı hərbi hissələri Azərbaycana daxil olarkən əhaliyə müraciət qəbul edilmişdi. Müraciətdə QİO-nun məqsədləri göstərilmişdi: ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək, Bakıda müsəlmanlar və bolşeviklər arasındakı müharibəyə müdaxilə etmək, Bakı ilə bağlı "almanların ehtiraslarına mane olmaq", Araşdırmalar göstərmişdir ki, artıq 1918-ci ilin iyun-iyul döyüşlərində ümumi sayı 10 min nəfər olan Qafqaz İslam Ordusunun 6 min döyüşçüsü osmanlı,

4 mini isə azəri türkü idi. Bakı üzərinə son hücumda (14-15 sentyabr 1918-ci il) 8 min osmanlı, 6 min nəfərdən artıq azəri döyüşçüsü iştirak edirdi. Azərbaycanın о dövrdə öz təltif nişanlarının olmaması səbəbindən Qafqaz islam Ordusu tərkibində vuruşmuş Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. 03 sentyabr 1918-ci il təltif siyahısında göstərilir ki, 18 azərbaycanlı zabit iki təltif nişanına - Məcidi nişanına və Hərbi medala layiq görülmüşdülər.

 Bolşevik-erməni, sonra isə ingilis-erməni qoşunlarına qarşı vuruşmuş Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin rəşadəti Azərbaycanın müstəqilliyini təmin etmək üçün əsas amil olmuşdu. 1918-ci ilin iyununda yaranan Qafqaz İslam Ordusu Gəncəyə, oradan isə Bakı istiqamətində hərəkətə başlamışdı. Bir çox yerdə saysız şəhidlər vermişdi.

Bakının xilasının uzanması şəhərdə yaşayan Anadolu türklərini ciddi narahat edirdi. Odur ki, əsgərlərin döyüş ruhunu yüksəltmək üçün onlar 10 avqust 1918-ci ildə Türk Ordusuna müraciət hazırlamış və yaymışlar. Müraciətin mətnində diqqətimizi çəkən sözlər aşağıdakı kimidir:

Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt edə bilməsəniz, Qafqaz Türkləri və Türküstan Müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə «Heyif ki, Türk bizə köməyə gəlmədi» cümləsi yazılacaq . Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini zəbt edə bilməsəniz, Allah deyənləri aradan qaldırmaq istpəyən düşmənlər qabaqdan və arxadan sizi əhatə edəcək və qıcanmış dişlər yeni zülümlər üçün alovlanmış olacaqdır.

Fəqət, sən ey Türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada darmadarın etpdin. Ən böyük döyüş gəmilərinin ən böyük mərmilərinə sinə gəldin. Qutquləmmarədə 14000 əsir götürdün. Qarşındakı düşmənin çoxunu, erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri qarşına qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəkliklərə qaldıran canaqqala, Qutquləmmarə, Kaliçiya, Ruminiyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərmağan et

1918-ci il sentyabrın 15-də Nuru paşanın son hücum əmri ilə Bakı erməni-daşnak və onları dəstəkləyən ingilis birləşmələrindən təmizlənmişdir.

Bakının ələ keçirilməsi üçün aparılan 36 saatlıq ikinci müharibələrdə 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə, 1,151 erməni, 383 rus, 4 ingilis və müxtəlif  millətlərdən 113 əsgər əsir alınmışdı. İngilis əsirlərin sayının az olmasının başlıca səbəbi, 14 sentyabr 1918-ci il gecəsi onların gəmilərlə Bakını tərk etmələridir. Ələ keçirilən hərbi mühümmat arasında top, silah və bunlara aid mərmi ilə yanaşı, 5 təyyarə və ba.qa materiallar də var idi.

Azərbaycan-Osmanlı silahlı qüvvələrinin birgə mücadiləsi nəticəsində Bakı xilas olmuş, milli hökumət paytaxta köçmüşdü. Tezliklə Bakıda asayiş bərpa olunmuş, ermənilərin və bolşeviklərin əlindən canını qurtarıb qaçmış adamlar öz evlərinə dönməyə başlamışdılar. Bu dövrdə baş verən hadisələr Azərbaycan Ordusunun yaranmasına böyük təkan vermişdi.

Azərbaycan istiqlaliyyətinin elan olunduğu tarixi şərait,onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyini qoruyacaq ordunun formalaşdırılmasını tələb edirdi. Azərbaycan Ordusunun yaradılması ilə bağlı 1918-ci il iyunun 16-da fərman verildi. Müsəlman Korpusu “Əlahiddə Azərbaycan Korpusu ” adlandırıldı.İyulun 11-də hökumətin fərmanı ilə hərbi səfərbərlık élan edildi. Noyabrın 1-də Hərbi Nazirlik yaradıldı. Hərbi kadrlar hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb təşkil edildi. O, sonradan Bakıya köçürüldü. Şuşada hərbi feldşer məktəbi açıldı. Hökumət 1919-cu ildə 25 minlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Bu məqsəd üçün dövlət büdcəsinin 24% i sərf edildi. Dəniz sərhədlərimizin qorunması üçün hərbi donanmanın yaradılması vacib idi. Buna görə də, 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı. Milli Ordunun və Xəzər Hərbi Donanmasının formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün, əsasən, başa çatdırıldı. 30 mini piyada, 10 mini süvari qoşun olmaqla 40 min nəfərlik nizami ordu yaradıldı.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan- Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan hadisəyə çevrildi. 70 illik sovet hakimiyyəti dövründə bu hadisə yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını unutmadı, onu qəlbində yaşatdı. Respublikamız ötən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, digər rayonlarda da Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş türk əsgərlərinin məzarları ziyarət olunur.

Bir çox çətinliklərə sinə gərərək və son damla qanını axıdaraq, bu parlaq  nəticəni əldə edən qəhrəman türk əsgəri, barışığın ağır şərtləri nəticəsində, özündən  asılı olmayaraq bu torpaqları boşaltmaq məcburiyyətində qaldı. Dağıstanda və Azərbaycanda arxasınca gözü yaşlı qardaşlarını, həqiqi türkləri qoyaraq, yenə Qara dəniz sahilinə və buradan da evinə döndü. Anadolu türkləri ilə Qafqaz türklərinin, Azərbaycanın və Dağıstanın müstəqilliyi və gələcəyi üçün etdikləri çətin və qanlı müharibələr, mübarizələr, nəsildən-nəslə yadda.lara ötürüləcək, unudulmaz bir dastan halında yaşadılacaqdır.

İradə CƏLİL

“Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?