Modern.az

Xalq artisti: “Hacı Məmmədov mənim idealımdır” - MÜSAHİBƏ

Xalq artisti: “Hacı Məmmədov mənim idealımdır” - MÜSAHİBƏ

Mədəni̇yyət

28 Avqust 2013, 13:42


Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov Modern.az saytının suallarını cavablandırıb.

- Xeyli yeniliklərim var. Hazırda solo disklərimin üzərində iş gedir. Bu disklərdən birinə heç vaxt tarda ifa olunmamış klassik mahnılar daxil edilib. Yəni bu mahnılar tarda çox çətinliklə alınır. Ümumiyyətlə, tar elə alətdir ki, bu mahnıları orda “aldırmaq” çətindir, kamançada ifa eləmək nisbətən asandır. Həm də bu bəstələri camaat müğənnilərin ifasında eşidib. İndi elə ifa etmək lazımdır ki, pis qarşılanmasın, şirin çıxsın.

- Söhbət konkret hansı mahnılardan gedir?

- Akif İslamzadənin oxuduğu “Təkcə səndən xoşum gəlir”, Zeynəb Xanlarovanın repertuarından “Qalmaz belə, qalmaz dünya”,  Cahangir Cahangirovun “Qara gözlər” əsərini, “Dərələr “i, Elmira Rəhimovanın ifa etdiyi “Kaş ki gözəl olmayaydım” mahnısı çalmışam. Bu mahnılar bizim qanımıza, ruhumuza hopub. Bir dəfə Vasif Adıgözəlova dedim ki, “filan mahnını çalmaq istəyirəm”. Dedi ki, “mən inanıram ki, sən bu mahnını çox gözəl çalarsan”.

- Sizcə bu işlər bir qədər ləngiməyibmi?

- Ləngiməyib. Çünki bu bəstələri 20 il əvvəl “yazsaydım”, indi yenə də yazardım.

- Niyə?

- Çünki bir il əvvəl çaldığım ifamı bəyənə bilmirəm.

- Yəni hər gün üzərinizdə çalışırsınız?

- Əlbəttə çalışıram. Açıq deyirəm ki, indiki hissiyatım beş il əvvəlki hissiyatımdan çox fərqlidir. Fikirləşirəm ki, 90 yaşında əlim tar tutsa, bu mahnıları necə çalardım? Yalandan deyə bilmərəm ki, “mən bu dəryada gözəl üzgüçüyəm”. Musiqini, muğamı öyrənməyə bir insan ömrü kifayət etmir. Muğam dəryadır e...

- Sizcə gəlmiş keçmiş sənətkarlar da daxil olmaqla tar dəryasının ən gözəl üzgüçüsü kimdir?

- Saysam, çox adlar olar.

- Buyurun.

- Sadıqcan, Qurban Pirimov, Bəhram Mansurov, Mirzə Mənsur, Məmmədağa Muradov tarın korifeyləridir. Hacı Məmmədov və Əhsən Dadaşov mənim ideallarımdır. Həbib Bayramov, Əhməd Bakıxanov, Əliağa Quliyev də böyük tar ifaçıları olublar. Məndən yaşca bir az böyük olan sənətkarlardan isə Ağasəlim Abdullayevi, Firuz Əliyevi, Vamiq Məmmədəliyevi dinləyirəm.

- Bir məqam diqqətim çəkdi. Ramiz Quliyevin adını çəkmədiniz.

- O gözəl sənətkardı. Ölkə ölkəni tanımayan kimi, o da məni tanımır. O heç yerdə mənim adımı çəkmir. Mən onun tələbəsi yerindəyəm. Mənə kiçiklik edənin kiçiyiyəm, böyük aparandan isə özümü daha yüksək sayıram. O çox böyük sənətkardır. Sənət xalqın sənətidir. Xalq səni qaldırdığı kimi göydən yerə də endirə bilər. Mən xalqa qaynayıb qarışan adamam. Kəndli ilə kəndçilik edirəm,  akademiklə akademik kimi danışıram.

- İstərdim bir az da muğam müsabiqəsindən danışaq. İlk müsabiqədə siz də münsiflər heyətində idiniz. Amma bu dəfə yeddi münsifdən heç biri musiqiçi deyil.

- Mən bunu desəm, elə bilərlər ki, orda özüm olmaq istəyirəm. İlk müsabiqədə Ramiz Quliyev də var idi, mən də. Amma ömrü boyu müsabiqələrdə birinci instrumental ifaçıları münsiflər heyətində oturdublar. Çünki müsabiqə bitəndən sonra ifaçının xaric oxumağı və digər problemləri ilə xanəndə yox, musiqiçi məşğul olur. Musiqiçinin qulağı ilə oxuyanın qulağı bir deyil. Elə münsif var ki, mənim rəhbərlik elədiyim ansamblda xaric oxuyurdu. Hələ ordakı uşaqlardan da yaşda böyük idi. Onları zülmlə oxutdurmuşam. İndi müsabiqədəki uşaqların ilk addımıdır. Deyirlər ki, “sən artıq şeylər edirsən, xaric oxuyursan”. Təsəvvür edin ki, evdə mən o müsabiqəyə baxanda nə zülmlər çəkirəm. O bu dəqiqə mənim məşqimə gəlsə, bu sözləri üzünə deyərəm. O necə münsifdir ki, milyonların qarşısında uşağı danlayır? Uşağın ağlı kəsib ona desə ki, “sənin öz oxumaqların xaricdir, artıq şeylər eliyirsən də”. Cavan vaxtı da demişəm ki, “xaric oxuyursan”. Bağırır, zəngulə yoxdur, sözləri düz demir. Sonra da deyir ki, “mənim məktəbim var”. Məktəbi olanlar utanırlar desinlər ki, “mənim məktəbim var”. Amma halbuki, bütün tarçalanlar mənim çalğımı çalırlar.

- Söhbət kimdən gedir?

- Ad çəkməkdən qorxmuram. Amma yersiz söhbətin yaranması da xoşagələn deyil.

- Bildiyimə görə, hələ 23-24 yaşınız olanda Asəf Zeynallı adına musiqi texnikumunun qəbul komissiyasında təmsil olunmusunuz.

- 23-24 yaşım oland qəbul imtahanında həm komissiya üzvü idim, həm də ifaçıları müşayiət edirdim. 1977-78-ci illlərdə rəhmətlik Vasif Adıgözəlov Asəf Zeynallı adına texnikumun direktoru idi. Orda Əlibaba Məmmədov, Sahib Şükürov, Hacıbaba Hüseynov kimi ağsaqqallar olurdu. Görürdün ki, ifaçının qəşəng səsi var. Amma 22 pərdənin 18-i var, 4-ü çatışmır. Vasif Adıgözəlova deyirdik ki, “nə edək”. Deyirdi ki, “bu dəstgahları necə öyrənib qurtarar?”.

- Bayaq dediniz ki, həmin xaric oxuyan ifaçı ilə illərdir işləmisiniz. Səhv etmirəmsə müşayiət elədikləriniz arasında ən uzunmüddətlilərdən biri də Mələkxanım Əyyubovadır...

- Mələkxanım çoxlarından güclüdür. O, mikrofonsuz salonlarda çoxlarını yıxıb-sürüyər. İndiki xanəndələr gedib dəstgah “zapis” edirlər. Xaric oxuduqlarını da aparatla düzəldirlər. Dinləyici də qulaq asanda deyir ki, “düz oxuyub da”. 30 ildir Mələkxanımla işləyirəm. Onunla 20 il əvvəl də dəstgahlar yazmışam. O illərə görə öhdəsindən gəlib. Özümüz keçmiş ifalarımızı dinlədik, gördük ki, xaric yazılmayıb, amma həmin dəstgahları yenidən yazmışıq.

- Yenidən qayıdaq muğam müsabiqəsinə. Bu müsabiqədəki iştirakçıların əksəriyyəti ordakı münsiflərin tələbələridir. Yəqin ki, dünya təcrübəsində belə şeylərə az-az rast gəlinir ki, müəllim münsif qismində tələbəsinə qiymət versin.

- Mən də belə bir şey xatırlamıram doğrusu. O müsabiqədə instrumentalçı lazımdır. Çünki musiqiçi polifoniya, harmoniya bilir, dünya musiqisi keçib. Onlar sabah yenə də musiqiçinin üstünə gələcəklər. Vaxt var idi belə müsabiqələrdə Adil Gəray, Səid Rüstəmov, Əhməd Bakıxanov kimi nəhənglər otururdu. Amma etiraf etmək lazımdır ki, bu müsabiqənin analoqu yoxdur. Allah Mehriban Əliyevanın canını sağ eləsin ki, muğamımızın yenidən ortaya çıxmasında bu qədər əziyyət çəkdi. Muğama heç vaxt belə qiymət olmayıb.

- Ordakı ifaçılardan şəxsən tanıdığınız var?

- Yox, tanımıram. Amma əvvəlkilərlə fərq çoxdur.

- Yəni bu ifaçılar zəifdirlər?

- Belə müsabiqələr adətən 3-4 ildən bir keçirilir ki, yeni ifaçı nəsli yetişsin. Amma elə bil uşaqlar yetişməyiblər. İndikilər əvvəlki uşaqlardan bir az zəif gəlirlər mənə. Bəlkə də 1-2 aya irəliləyiş olacaq. Amma nəzərə almaq lazımdır ki, bir ifaçının yetişməyinə illər lazımdır.

- Bu müsabiqədə konkret fərqlənən ifaçı varmı?

- Axıra kimi heç birinə baxmamışam. Amma eşitdiklərimdən əvvəlki müsabiqələrdəki uşaqları görmürəm.

 - Müsabiqənin SMS-siz keçirilməyini necə dəyərləndirirsiniz?

- Yaxşı. SMS-lə olan müsabiqə müsabiqə deyil.

- Amma burda da münsiflər ifaçıların öz müəllimləridir.

- Nəsə düşünmək olar məncə.

- Sizcə son on ilin muğam tapıntıları kimlərdir?

- İlkin Əhmodov, Babək Nifətliyev, Təyyar Bayramov, Vəfa Orucova, Bəyimxanım, Güllü Muradova, Abgül, Ehtiram çox güclü ifaçılardır. Bunları tapıntı hesab edirəm. Amma bu ifaçıların bəzilərini efirdə az görünməyinin sənətlərinə aidiyyəti yoxdur ha. Hansısa yollarla efirə yol tapmaq sənətkarlıq deyil.

- Bu günlərdə fəxri adlar üçün verilən təqaüdün məbləği artırıldı...

- Ümumiyətlə, fəxri ad sənətkar üçün stimuldur. Təqaüdün artırılması isə sənətkarı daha da həvəsləndirir.

- Möhlət  müəllim, 20-30 il əvvəl də sənət adamlarının həyatı bu qədər müzakirə olunurdu?

- Sənətlə gündəmə gəlmək lazımdır. O vaxt bir telekanal var idi və hər adamı da efirə buraxmırdılar. Görürdün ki, toyda yazılan bir kasetlə üzünü görmədikləri ifaçını axtarıb tapırdırlar. Toy kasetləri camaatın əlindən düşmürdü.

- Solo konsert vermək planınız yoxdur ki?

- Noyabr ayında Mələkxanım Əyyubova ilə konsertimiz olacaq.

- Mən sırf solo konsert nəzərdə tuturam.

- Solo konsertimin televiziya variantı olub. Amma buna güclü maliyyə lazımdır. Doğrusu mənim solo konsert verməyimə ehtiyac da yoxdur. Çünki indi hamısı mən çalan yolu çalır da (gülür).

- Oğlunuz Rüstəmin ifasını bəyənirsiniz?

- Rüstəm gəncdir, 28 yaşı var. Amma oğlum olduğuna görə yox, bir müəllim kimi deyirəm ki, tar ifçaçısı kimi lazımi göstəriciləri var. Ümumiyyətlə, indi çox gözəl tar, kamança, balaban ifaçılarımız yetişir. Sadəcə, ad çəkmək istəmirm ki, kiminsə adını unudaram, xətrinə dəyər. Amma doğrudan da istedadlı uşaqlarımız çoxdur. Muğam müsabiqəsinin ən müsbət cəhəti o oldu ki, indi bu sənətə axın yarandı. Əvvəl valideynlər uşaqlarını bu sahəyə qoymurdular. Son vaxtlar muğama axın oldu. İndi rusca danışanlar da muğama qulaq asırlar. Görürsən məclislərinə çağırırlar ki, heç olmasa beş dəqiqə də olsa, muğam ifa edilsin. Doğrudan da bu dövlətin gördüyü böyük işlərdir. Mehriban xanım tarı UNESCO-da şah alət elan elətdirdi. Bu dəqiqə kimsə deyə bilməz ki, “tar mənimdir”. Tar Azərbaycanındır, qurtardı getdi.

İntiqam Valehoğlu 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır