Modern.az

İsmayil Ömərov, 8 yaşın mübarək!

İsmayil Ömərov, 8 yaşın mübarək!

29 Avqust 2013, 09:40

1996-cı ildə AzTV-nin sədri Nizami Xudiyev məni işə götürdü. Maraqlı bir aləmə düşmüşdüm. Bəziləri üzümə deyirdilər ki, “nahaq gəlmisən bura. AzTV sanki bir bataqlıqdır. Düşdün, qurtula bilmirsən. Çıxa bilsən də “ərə gedən qızın gözü ömrü boyu necə ki, ata evində qalır”, bax sən də elə olacaqsan”.

Hətta bir dəfə AzTV-də sədr müavini işləmiş Nəbi Xəzri də atama amiranə şəkildə “çıxart uşağı işdən. Qoyma ora getsin” demişdi. Bu sözləri anlamırdım. Televiziya mənim maraq dünyam idi. Təzə idim. Nizami müəllim məni əvvəlcə Baş Proqram direktoru Məmmədəli Zülfüqarovun qanadının altına verdi ki, öyrənim. Televiziyadan təsəvvürüm olsun. Bir buraxılış redaktoru kimi. Narazı qaldığımı görüb hələ ürək-dirək də verirdilər ki, “bax... Elşad Quliyev də sədrliyə burdan ucalıb. Sakit Ocaqlı da burda işləyib. Nə bilmək olar?!”.

Üstündən 6-7 ay ötməmiş artıq “Xəbərlər”in redaktoru idim. Amma hələ də öyrənirdim. Öyrənmək üçün də gözəl baza var idi. Nizami Xudiyev rektorluqdan, müəllimlikdən sədrliyə gəlməsinə baxmayaraq, yaradıcı mühitə dəyməmişdi. Onların hər sözünə, şıltaqlığına dözürdü. Bununla da naşı yox, professionallığını sübut etmişdi. Dövlət Televiziya modeli fonunda nəsə bir yenilik etmək istəyirdi. Bacardı da.

AzTV-ni digər televiziyalardan fərqləndirən bircə cəhət var. Burda işləmək üçün gərək balıq kimi axına qarşı üzməyi bacarasan. Bacardınsa, sonacan bu kollektivdəsən. Bacarmadınsa...

Televiziyada çoxdan işləyən və atamı tanıyanlardan bir çoxu “nə əcəb, “İctimai”yə keçmədin... ora yaxşıdır ki...” deyirdilər. AzTV-də “İctimai” deyəndə İctimai-siyasi proqramlar redaksiyası başa düşülürdü. Rəhbəri də İsmayıl Ömərov idi.  Dostları “İsmeyil” deyə çağırırdılar onu.

1997-ci ildə AzTV-də xüsusi proqramlar bumu yarandı. Aparıcısı və yaradıcısı da İsmayıl Ömərov idi. İndiki dildə desək, reytinqləri qırmışdı. Televiziyamızın da hörmətin daha da qaldırmışdı. Yeni bir nəfəs yaranmışdı. Heydər Əliyev kimi bir prezidentin siyasi rəhbərliyi dövründə yeni sədr Nizami Xudiyev üçün bu vacib idi. Verilişdə keçmişdən çoxlarına qaranlıq qalan mətləblər açıqlanırdı - şahid, eyni zamanda bu hadisələrə taqsırkar olanların dilindən. Dindirən isə İsmayıl Ömərov idi. İctimai proqramlar daha çox siyasi xarakter almışdı. Və demək olar ki, efiri zəbt eləmişdi. Müxalif fikirli insanlar İsmayıl Ömərova yeni ad da tapmışdılar: “AzTV-nin müstəntiqi”. Hətta  tanınmış ziyalılar da bəzən zarafatla onu “müstəntiq” çağırırdılar. Biri elə mənim atam.

Vaxt keçdi. İsmayıl müəllim deputat seçildi. Növbəti addım isə bizim üçün çox da gözlənilməz deyildi. Yeni yaradılan İctimai Televiziya sədrinin İsmayıl Ömərovun olacağına inanırdıq. Bəs sonra?

İsmayıl Ömərov baş redaktor kimi özün təsdiq etdi. “Müstəntiq” kimi gözəl verilişlər silsiləsi yaratdı. Deputat kimi siyasi xadim olmağını da göstərdi. Bəs İctimai Televiziyanın sədri kimi necə olacaq?

Çox çətin bir dilemma idi. AzTV-də axına qarşı üzməyi bacaranlar işləyə bilərdi. Burda isə axınlar müxtəlif idi. Televiziya Avropa Şurasının tövsiyəsi deməzdim, təzyiqi altında yaradılmışdı. Amma maliyyə Azərbaycanın dövlət büdcəsindən ayrılacaqdı. Üstə də gəl Cahangir Məmmədlinin başçılıq etdiyi Şura ona nəzarət edəcəkdi. Həm  də daxildə Direktorlar Şurasının yekdil qərarı əsas idi. Kənar müdaxilələr, “kreslo”ya digər namizədlərin dikdiyi gözlər də öz yerində. Bir də ki, uçulub dağılmış zavod və onun həyəti. Sıfırdan televiziya və radionun yaradılması.  

Görünən dağa nə bələdçi? Yazıb başınızı ağrıtmaq istəmirəm. İsmayıl Ömərov bütün bunların öhdəsindən gəldi. Televiziyanı, onun studiyalarını, maddi-texniki bazasını yaratdı. Öz komandasını qurdu. Və son günəcən bu vahid komandaya sadiq qaldı. Ən əsası isə televiziyanın ictimai-siyasi baxışlarında ortaq məxrəc yarada bildi. Düzdür, bu dəfə də “ad”sız ötüşmədi. “İctimai”ni bəziləri ciddi, bəziləri zarafatyana “İsmayıl TV” adlandırmağa başladılar. Neyləsin ki, “İctimai” sözünün də baş hərfi onun adının baş hərfiylə eynidir. Amma mənə ləzzət edirdi. Belə deyirdilərsə, deməli İsmayıl Ömərov öz televiziyasını yaratmağa nail olmuşdu. Burda da özünü qısa müddət ərzində təsdiq etmişdi.

“Avroviziya” yarışmasında uğurlar və digər nailiyyətləri saymaq istəməzdim. Hamımız bilirik. Amma bir şeyi hökmən qeyd etməliyəm.

Günlərin bir günü bir padşah əlini oğlunun çiyninə qoyub soruşur:

- Kim güclüdür? Sən, yoxsa mən?

- Mən, - deyə oğul cavab verir.

Padşah bir də:

- Səndən bir də soruşuram: Kim güclüdür? Sən, yoxsa mən?

- Ata, əlbəttə ki, mən.

Padşah bu dəfə əsəbi şəkildə ayağa durub, oğlundan aralanaraq bir də soruşur:

-  Kim güclüdür? Sən, yoxsa mən?

-  Əlbəttə ki, sən. Sən güclüsən, ata, sən.

Padşah sakitləşir. Yenidən taxtına oturur. Bir az keçdikdən sonra soruşur ki, “ay oğul, niyə sən mənim üç sualımdan ikisində özünü güclü saydın, sonda isə məni güclü adlandırdın?”.
Oğlu:

- Ata, çünki birinci iki sualı verəndə sənin əlin mənim çiynimdəydi. Üçüncü sualı verəndə ayağa durdun, əlini çiynimdən götürüb kənara çəkildin. Mən özümü çox gücsüz və zəif hiss elədim.

Heç kimə sirr deyil ki, bu televiziyanın yaradılması ən birinci dövlətimizin, prezident İlham Əliyevin uğurlarından biridir. “Avroviziya”da dalbadal uğurlar və qələbə qazanmağımızda Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Məhz İctimai Televiziyanın qısa zamanda təşəkkül tapması və inkişafında dövlətimizin və İsmayıl Ömərova göstərilən etimadın böyük rolu oldu. Bir daha sübut olundu ki, yaradıcı insanların çiynində güclü əl olsa, böyük xarüqələr yarana bilər. İctimai Televiziya bu dövr ərzində müxtəlif dövlət təltiflərinə layiq görüldü. İsmayıl Ömərovsa Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeniylə təltif olundu.

Bu gün İctimai Televiziyanın 8 yaşı tamam olur. Bilirəm qulaqları səsdədir. Təbriklər gözləyirlər, AzTV-nin “şinel”indən çıxıb quru yerdə televiziya yaradan mənim köhnə həmkarlarım.  
İlk növbədə isə İsmayıl Ömərov. Çünki buna layiqdir. Hamınızı təbrik edirəm, İTV-çilər!

Mahir Qabiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi