Modern.az

Deputatdan təklif: “Nərimanovun məzarı Azərbaycana gətirilsin, Fəxri Xiyabanda dəfn edilsin”

Deputatdan təklif: “Nərimanovun məzarı Azərbaycana gətirilsin, Fəxri Xiyabanda dəfn edilsin”

2 Sentyabr 2013, 14:54

“Nəriman Nərimanovun nəşinin Azərbaycana gətirilməsi məqsədəuyğundur”. Bunu Modern.az saytına  açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

“Azərbaycanın bir çox görkəmli dövlət, siyasət, mədəniyyət, ədəbiyyat  adamlarının məzarı xarici ölkələrdədir. Mirzə Fətəli Axundovun, Fətəli Xan Xoyskninin, Həsən bəy Ağayevin məzarı – Tiflisdə, Məhəmməd Əmin Rəsulzadənin məzarı – Ankarada, Əlimərdan bəy Topçubaşovun, habelə Toğrul Nərimanbəyovun məzarı – Parisdədir”.

Nərimanovun Moskvadakı məzarı köçürülə bilər. Moskvadakı Qızıl Meydanda, Kremlin divarları yaxınlığındakı qəbirlər Mıtışi Federal Hərbi Memorial qəbiristanlığa köçürüləcək. Ümumən Lenin mavzoleyinin arxasında yerləşən nekropolda 116 nəfər dəfn olunub. Məzarı başqa məkana daşınacaq şəxslər arasında sovet Azərbaycanının ilk rəhbərlərindən biri olmuş Nəriman Nərimanov da var.

Tarixçi-deputat Musa Qasımlı deyib ki, N. Nərimanov Qızıl meydanda dəfn olunmuş ilk və yeganə azərbaycanlı dövlət və siyasət adamıdır.

“Onun məzarının Azərbaycana gətirilməsinə tərəfdaram. Çünki sovet Azərbaycanın ilk baş naziri və xarici işlər naziri olub. Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yerlərdən birini tutub. Nəriman Nərimanov təkcə dövlət və siyasət deyil, eyni zamanda ədəbiyyat adamıdır, maarifçidir. Azərbaycanda ilk ictimai qiraətxananı o açıb. Əsərləri uzun illər boyu dərsliklərə salınıb. Lakin Nəriman Nərimanovun həyatının son illəri Mərkəzi hökumət tərəfindən daim gözdən salınıb. Sanki Azərbaycan xalqına deyilib ki, “Sən böyük dövlət və siyasət adamı yetişdirə bilməzsən”. Sonrakı dövrlərdə Nəriman Nərimanov yalnız yazıçı kimi təqdim edilib. Yalnız 50-ci illərin ortalarından etibarən Nəriman Nərimanov haqqında dövlət və siyasət adamı kimi ilk əsərlər yazılmağa başlanıb. Nəriman Nərimanovun haqlı olan adını Heydər Əliyev qaytarıb. 1970-ci ildə anadan olmasının 100 illiyi münasibəti ilə Nərimanova Bakıda abidə qoyulub. Bakının rayonlarından birinə onun adı verilib. Paytaxtımızda Nərimanovun adına prospekt və küçə var. Azərbaycanın rayonlarında adına qəsəbə var. Biz tariximizə varisliklə baxmalıyıq. Sovet dövrü tariximizin bir hissəsidir. Azərbaycan SSR müstəqil olmasa da, formal olaraq SSRİ-ni təşkil edən müttəfiq respublikalardan biri idi. Biz öz tariximizə sahib çıxmalıyıq və Nərimanovun məzarının Azərbaycana gətirilməsində və Fəxri Xiyabanda dəfn edilməsində heç bir qəbahət görmürəm”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü