Modern.az

Həmid Herisçi: Ədəbiyyat özü sehrdir, yazar isə sehrbaz - MÜSAHİBƏ

Həmid Herisçi: Ədəbiyyat özü sehrdir, yazar isə sehrbaz - MÜSAHİBƏ

3 Sentyabr 2013, 15:07

Azərbaycan ədəbiyyatı özünün minillik tarixində formalaşdığı zaman və məkanda əsaslı təfəkkür dəyişikliyinə səsəb olub. Müsbət mənada anlaşılan bu dəyişikliklər ədəbiyyatın qayəsindən, ana mövzusundan və toxunduğu problematikalardan bəhrələnib. Klassik Azərbaycan ədəbiyyatının ən ciddi mövzularından biri də mistika və ruhun dərinliyinə səyahət olub. İstər orta əsr ədəbiyyat tariximizdə təsəvvüf, mistika qatı o qədər qabarıqdır ki, o elementləri ədəbiyyatdan ayırsaq, həmin dövrü birbaşa məhv etmiş olarıq. XII əsr Şərq mədəniyyəti məhz Azərbaycan mistizmi , fəlsəfəsi fonunda inkişaf edə bildi. Ruha, mahiyyətə qayıdış insanı daha dərinliklərə aparıb üzünə yeni-yeni üfüqlər açdı.
Heç kimin şübhəsi yoxdur ki, bu ədəbiyyat hələ neçə əsr bundan sonra da yaşayacaq. Bəs indi modern Azərbaycan ədəbiyyatında mistik elementlər öz əksini tapırmı? Bu janr nəyə görə bizim üçün vacibdir? Bu gün bizə Axundovun, Mirzə Cəlilin realizmi daha lazımlıdır, yoxsa həmin dövrün mistismi?
Modern.az yazıçı Həmid Herisçi ilə müsahibəni təqdim edir:

- Mistik ədəbiyyatı qəbul etməyən insanlara sözünüz nə olardı?

- Hər bir yazara, öz şəxsi həyət təcrübəsindən əlavə, şəxsi mistika təcrübəsinin mövcudluğu da vacibdir... Məndə də bu təcrübə var - nəsrimdə, şeirimdə, publisistikamda, teleefir fəaliyyətimdə bu təcrübədən lazımı qədər faydalanmışam... Məncə, yaradıcılığımın məhz elə bu cəhəti məni  digərlərindən  ayırır...
Təssüf ki, çağdaş yazarlarımız, ədəbiyyatımızın bu vacib cəhətini demək olar ki, tam unudublar... Heyf...
Azərbaycanın ən hündür yaşayış məntəqsi  sayılan Xınalıqda xüsusi, tam qapalı, qaranlıq  çiləxanalar, təcridxanalar var -  ora 40 xurmayla girən qədim dərvişlər, 40 gündən sonra üzə  çıxar, telepatik istedad sahibinə çevrilərmişlər... Yəni, mistik  istedad da elə-belə, göydəndüşmə  olmur, onun da öz tədris ocaqları, mərkəzləri, üsulları var... Minillik Azərbaycan ədəbiyyatının  aparıcı xətti də həmişə mistisizmə söykənib. Lakin Axundov, Cəlil Məmmədquluzadə kimi  maarifçilər milli mistisizmizi lağa qoydular, onu lazımı dərəcədə tədqiq  etməyə mane oldular. Sonrakı ziyalı, yazıçı nəsli də onların bu yanaşmasına  sadiq qaldı. Bu “xəstəlik” bizim köşə yazarlarının simasında hələ də davam edir...

- Nəyə görə mistik ədəbiyyatı ən ciddi ədəbiyyat hesab edirsiniz? 

- Ədəbiyyat özü sehrdir, yazar isə sehrbaz... Bəlkə ən ciddi siyasi xadimlər də bu istedaddan, yəni sehrbazlıqdan kənarda qalmayıblar. Məsələn, fransız alimi Antuan Lefevr məşhur Napaleonun kəllə sümüyünü tədqiq edərkən ordan yadplanetlilərə məxsus xüsusi çip tapıb. Sonra iddia irəli sürüb ki, bəs Napaleon vaxtilə yadplanetlilər tərəfindən  qaçırılıb, beyninə çip  yerləşdirilib və s. Guya, Napaleonun dahiliyi məhz  bu fenomenlə əlaqəliymiş, zaman keçdikcə həmin əlaqə, çip zəifləyib, nəticədə, Fransa cahangiri ömrünün sonunda məğlubiyyətlərə  düçar  olub... Burda bir başqa oxşar fərziyyə də irəli  sürərdim... Bilirsiniz ki, bizim dahi yazar Nizami Gəncəvinin kəllə sümüyü 30-cu illərdə məşhur alim-paleontoloq Gerasimova verilib ki, o bunu tədqiq edərək şairimizin həqiqi simasını bərpa etsin... Bax bu kəllə sümüyü deyilənə görə Azərbaycana qaytarılmayıb. Şairin canlı, həqiqi siması da ictimaiyyətdən  gizlədilib...

- Niyə?

- Ola bilsin ki, dahi Nizaminin kəllə sümüyündən də oxşar stimulyator, çip aşkarlanıbmış... Ola bilsin ki, məhz bu çip vasitəsiylə o vaxtkı sovet rəhbərliyi,  Stalin yadplanetlilərlə əlaqə qurmağı  bacarıblar, nəticədə müharibədə dönüş yaradaraq qələbə əldə  ediblər... Bilirsiz, indiyə qədər bunu Teymurləngin kəlləsi ilə əlaqələndirirdilər...

- Deyilənə görə, 21-22 iyun 1941-ci ildə onun məzarı açılarkən bir çox sirli hadisələr qeydə  alınıb...

- Bax bunu mən deyil, siz deyirsiz... Digər tədqiqatçı-yazarlar da sizin mülahizəni təkrarlayar bəlkə də... Şəxsən mən bu mövzu ətrafında tədqiqatlarımı davam etdirmək, şəkk-şübhələrə nöqtə qoymaq  üçün Moskvaya getmək, Gerasimovun  arxivini araşdırmaq istərdim.. Məsələ  ətrafında  yaxşı film də çəkmək mümkündü... Mövzu tam yetişib... Ədəbiyyat  belə mövzulardan  qaynaqlanır...  

- Paolo Koelye və Den Braun kimi yazarlara münasibətiniz?

- Bu qələm sahibləri elə yuxarıda qeyd etdiyim məsələləri izləri azca bədiiləşdirərək, nəsrə gətiriblər..  Ümumiyyətlə, bestsellerlərin müəllifləri günün trendində olan insanlardır. Əlbəttə ki, mistisizmə olan kütləvi marağı nəzərə alaraq, əsərlərinə mistik  bir qat  əlavə  ediblər.  Bu normaldır, əgər sonucda  ortaya  maraqlı  bir  əsər  çıxacaqsa, demək  ki, bu, düz  addımdır.  Bizim köşə  yazarlarının  əksəriyyəti  də  məhz  bu  yolla  gedib, koşədən  çıxmaq,  yazar  olmaq  istəyirlər. Epotaj  mövzularla  diqqəti  cəlb  etməyə  çalışırlar.  Buna nail  də  olurlar. Lakin  diqqəti  cəlb  etməklə  iş  bitmir, ədəbiyyatda  əsas  olan  tək  mövzunu  tapmaq  deyil, onun  bədii  həllini  verə   bilməkdir.

- Ədəbiyyat  naminə  kim  daha  yaxşı  işlər   görür: Paolo Koelye, yoxsa Cəlil  Məmmədquluzadə…

- Bəlkə, bu  sualın  cavabını  oxucu  versin? Biz öyrəşmişik hazır cavablar qoymağa  ortalığa, hazır cavablardan yarımçıq insanlar gördükdə necə istifadə elədilər.  Oxucu  auditoriya nəinki  suallar,  həm  də cavablar  verməyə  qadir  olmalıdır.  Bunu  bacarmalıdır. Mən heç kimə ağıl  öyrətmək, hazır cavablar göstərmək  istəmirəm. Məni düşündürən  mövzuları  araşdırıram.  Doğrusu, bu, ilk növbədə  mənim  özümçün  maraqlıdır. Ona  görə də  araşdırıram, uzun  zaman bu  mövzuları  işləyirəm.  Bəzən  hətta o qədər  dərinə  gedirəm  ki, sonra  ordan  çıxmaq  asan   olmur.  Məni  təqib  edən  oxucum da məcbur  olur  mənimlə  bərabər  həmin  dərinliklərə   düşsün, mən  çəkənləri o da çəksin.Yəni  mən  onlara asan yol  göstərmirəm. Adlarını çəkdiyiniz  müəlliflər  isə, əksinə, oxucularına  məhz  onların eşitmək və oxumaq istədiklərini  verirlər.  Özü də çox asan və anlaşılan bir  tərzdə. Bu mənada,  ilk  baxışdan tam fərqli olan bu müəllifləri eyniləşdirmək də olar. Mənimsə yolum  ayrıdır

- Çapdan çıxacaq "Portretlər" kitabı barədə bir neçə  söz…

- Qələmə aldığım 28 portretin həllini mistik üsullarla həyata keçirmişəm... Çalışmışam portret  sahiblərinin  həyatında, söylədiklərində  nəsə  mistik  bir  tel  aşkarlayım, sonra  onun  nüvəsi   üzərində  portreti  yaradım... Hər kəsin  tanıdığı bu məşhurların mistik baxımdan necə gördüyümü təsvir  etmişəm. Şükür, deyəsən  buna nail olmuşam...
Təklif  edirəm,  çoxdan  “tanıdığınız”  bu  insanları  daha  yaxşı  tanıyın, onlara  bir  daha  baxın, bu dəfə  mənim  gözümlə... Hələliksə bu kitabı oxumamış “mən onu  tanıyıram” deməyin...


Elmin Nuri  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır