Modern.az

Fırtışqulu boşanmaq istədi... amma vaz keçdi

Fırtışqulu boşanmaq istədi... amma vaz keçdi

4 Sentyabr 2013, 23:31

Fırtışqulu arvadı Tükəzbanın rəhmətlik, cənnətməkan bibisi demişkən “qıraqda dimdikləşir, səhərlər isə evindən “banlayırdı””. Hər şey də axarıyla gedirdi. Amma  hiss edirdi ki, məşuqəsi Vilyura arvadı üstələməyə başlayır. Artıq bir neçə dəfə “işdə gecə növbəsi”nə də qalmışdı. “Dimdikləşəndən” sonra, “banlayacağı” məkanı səhv salmışdı. Bilirdi ki, düz etmir. Xəcalət də çəkirdi. Amma nə etsin ki, artıq özüylə bacara bilmirdi.

Günlərin bir günü qəti qərara gəldi: “Boşanacam!”. Sonra isə özü-özünə sual verdi: “Bəs sonra? Sonra isə Vilyurayla evlənəcəm. Bəs Tükəzban, üç uşaq necə olsun? Nə olacaq e... Mən uşaqlardan qaçmıram ki, Tükəzbanın zəhlətökən xasiyyətindən qurtuluram. Onsuz da mənə baxmır, qədrimi bilmir. Varam, yoxam... yerim görünmür. Bircə danlaq üçün lazımam. Uşaqlara isə görüm-baxım edəcəm. Tükəzbana ərlikdən imtina edirəm, atalıqdan ki, imtina etmirəm”.

Beləcə suallar Fırtışqulunun beynini qazırdı. Amma qəti qərara gələ bilmirdi.  Heç kimə də bir söz deyə bilmirdi. Kimdənsə məsləhət almağa da cürət etmirdi.

İkinci ər Vilyuranın ürəyindən olmalı idi. Amma o ərindən boşanmamışdı... dul qalmışdı. Uşağı da yox idi. Amma Fırtışqulu  boşanmaq istəyirdi, özü də üç uşaqla.

Dyadya Saşanın ikinci arvadı 

Fırtışqulunun işlədiyi sexdə yaşlı bir mexanik vardı. Rus idi. Sovet vaxtı qonaqlıqda yeyib-içib evə qayıtdıqdan sonra arvadını yaxşıça çırpmışdı. Ayılanda isə görmüşdü ki, milis bölməsindədir. Arvadı onu tutdurmuşdu. Mənzili də əlindən almışdı. Eşiyə çıxanda isə bilməmişdi hara getsin. O vaxtlar da mənzil qeydiyyatın olmasaydı heç bir zavod, fabrik fəhləyə belə, iş vermirdi. Dyadya Saşa isə mexanik idi. Əlləri də “qızıl”. Beləcə məcbur qalıb köhnə tanışlarından biriylə ailə qurmuşdu. Onun evinə sığınmışdı. Bu əhvalatı sexdəkilərə danışanda Fırtışqulu da eşitmişdi. Amma nəsə maraqlı gəlməmişdi.

Birdən Saşanın həyat yolu yadına düşdü. Fikirləşdi ki, azərbaycanlıdan nəsə soruşsa, ürəyini açsa “bütün Bakı biləcək”. Amma dyadya Saşa rusdur. Qeybətlə, söz gəzdirməklə arası yoxdur. Özü də yaxşı “vuran”dır.

Nahar fasiləsində ucuz “İvanovka” çaxırı aldı. Yan aldı dyadya Saşaya. Bir yerdə nahar etdilər. Saşa çaxırı işdi, rəngi açıldı, gözləri güldü. Əlini ərklə Fırtışqulunun çiyninə vurub “Nu spasibo, sınok” da dedi. Bu Fırtışqulunu bir az da ürəkləndirdi.

-   Dyadya Saşa, səndən bir söz soruşum. Bax, sən ikinci dəfə evlənmisən də. Məni başa sala bilərsənmi ki, birinci arvadla ikinci arvadın fərqi nədədir?

Dyadya Saşa dərindən köks ötürdü.

-  Fırtışqulu, gəl sənə bir əhvalat danışım, özün nəticə çıxart. Bir yaşlı, vəzifəli kişinin arvadı ölür. Uşaqları böyük imiş. Elə onların da təkidiylə onu evdar, səliqəli, özünə yaraşan bir qadınla evləndirirlər. Düzünü desək, ikinci arvad birincidən də səliqəli, evdar çıxır. Kişinin pal-paltarı həmişə ütülü, təmiz vəziyyətdə olur. Günorta, axşam da yemək-içməyi yüksək səviyyədə. Amma kişi həmişə gileylənir, narazılığını bildirir. “Sən nə vaxt yemək bişirməyi öyrənəcəksən?” deyir. İkinci arvad da nə qədər çalışır, yeni reseptlər öyrənir, dadlı yeməklər hazırlayırsa, nəticəsi olmur ki, olmur. Beləcə altı ay. Günlərin bir günü arvad yemək bişirərkən qonşu arvad qapını döyür. Onu söhbətə tutur. Bir də hiss edir ki, mətbəxdən nəsə yanıq iyi gəlir. Qonşuyla tez sağollaşıb mətbəxə qaçır. Amma gec olur. Kotletlər artıq yanıbmış. Ərinin günorta evə gəlməyinəsə 5-10 dəqiqə qalırmış. Pencərə-qapını taybatay açır. Tez-tələsik kotletlərin yanıq hissələrini bıçaqla qaşıyır. Boşqaba qoyur. Yanıq iyini ört-basdır etmək üçün üstünə göyərti doğrayıb tökür.

Əri  içəri girir. Süfrənin arxasına keçir.

Yeməyi yaxşı bişirəndə ərinin tənqidindən qurtula bilməyən arvad qulaqlarını tutur. Fikirləşir ki, əri kotletlərin yandığını bildikdən sonra görəsən onu nələr gözləyir? Əri bir kotleti yeyir... heç nə demir. İkinicini, üçüncünü, dördüncünü... Beləcə bütün kotletləri bəh-bəhlə, ləzzətlə ötürür. Cınqırı da çıxmır. Əksinə, qapıdan çıxanda arvadı tərifləyir də: “Ay arvad, axır ki, yemək bişirməyi öyrəndin”.

Qadın  yerində quruyub qalır. Bilmir nə desin. Yaxşı, dadlı, ləzzətli yemək bişirəndə tənbehlənir. Kotlet yananda isə tərif eşidir. Onu söhbətə tutan qonşunun qapısın döyür. Hal-qaziyyəni ona da nağıl edir.  Qonşu nə desə yaxşıdır?

-  Nə?

-  Deyir ki, “bu kişinin birinci arvadı bütün günü telefondan asılırdı, mənimlə qapının ağzında saatlarla söhbət edirdi. Mətbəxdə qazın üstünə yemək qoyduğunu isə yaddan çıxarırdı. Beləcə hər gün yeməkləri yandırırdı. Bu kişiylə də 30  il beləcə ömür sürdülər. Kişi də onun yanıqlı yeməklərinə vərdiş etdi. Buna görə də sən yaxşı, dadlı yeməklər bişirəndə bəyənmir, bircə dəfə yandırdın xoşuna gəldi”. İndi ay Fırtışqulu, birinci arvadla ikinci arvadın fərqi “yanmış kotlet”dədir.

Dyadya Saşa söhbətin qurtarıb işinin başına keçdi. Başqa bir izah vermədi. Fırtışqulu da çox şeyi anlamadı. İşin qurtarmasını da gözləmədi. Tezcə çıxıb Vilyurasız evə gəldi.

Yolda çoxdan görmədiyi bir dostuna rast gəldi:

-  Fırtışqulu, necəsən?

- Belə də...

-  Nə olub?

-  Heç... arvad yığıb məni boğaza. İstəyirəm boşayam.

-  Təzəsin tapmısan?

-  Hə.

-  Yəqin kişidir, hə?

Fırtışqulunu  bu sualdan sonra elə bil tok vurdu. Belə çıxır ki, köhnə dostu ona “qoluboy” deyir?

- Ağzıvun danışığın bil. Nə kişi? Qadındır. Adı da Vilyura.

-  Aaa.. Mən də elə bildim kişidir. Qadındırsa... day onda arvadı niyə boşayırsan? İkinci dəfə niyə evlənirsən? Bax, Fırtışqulu, sənin canınçun, düz üç dəfə evlənmişəm, üçü də eyni şeydir. Məndən sənə məsləhət. Kişiylə evlənəcəksənsə evlən. Yoxsa, nə boşanmağına, nə də ikinci dəfə qadınla evlənməyinə lüzum yoxdur. İndi “can” deyir. Evlənəndən sonra Vilyura da Tükəzbanın tayı olacaq.

Fırtışqulu dostundan ayrılıb evə gəlir. Tükəzban uşaqlarla babasıgilə getmişdilər. Evə girir. Sakitlik idi. İlk dəfəydi ki, o evə gələndə qarşılamırdılar. Oturur. Televizora baxmağa başlayır. Ürəyi darıxır. Eyvana çıxır. Təzədən evə girir. Qəribə baş ağrı gəlir. Bir ağrıkəsici həb atır. Xeyri olmur. Peysərində ağırlıq hiss edir. Bir saat, iki saat beləcə keçir. Amma ağrı kəsmir. Məcbur olub təcili yardım çağırır.  Həkimlər birinci təzyiqin ölçürlər, kardiaqramma edirlər.

-  Fırtışqulu müəllim, əvvəllər  təzyiqiniz olub?

-  Yox.

-  Kardiaqramma təmizdir. Amma nədənsə təzyiqiniz yüksəkdir. Evdə kim var?

-  Heç kim.

-  Tez gələcəklər?

-  Yəqin.

Elə bu zaman qapı açılır. Tükəzban, uşaqlar hövllü içəri girirlər.  Divanda rəngi avazımış şəkildə uzanan Fırtışqulunu görüb  arvadın səsi aləmi götürür:

- Ay kişi, nə olub? Səndən nə əcəb  tez gəlmisən evə? Bu gün deyəsən sülənməyə yer tapmamısan, həə... Nə olub yenə nə sərələnmisən divana? Heç olmasa qafadanın altını yandıraydın da. Özünə çay dəmləsəydin dünya dağılardı?

Həkim də, tibb bacısı da məəttəl-məəttəl arvadla ərin davasına  tamaşa edirdilər. Daha doğrusu Tükəzbanın monoloquna. Fırıtşqulunun da rəngi-rufu yavaş-yavaş  yerinə gəlir. Həkim təzyiqi bir də ölçür. Hər şey qaydasındaydı. Özü də heç bir dava-dərman eləmədən.

- Fırtışqulu müəllim, təzyiqiniz qaydaya düşdü.Dərmanınız demə  arvaddaymış. Vaxtında özünü yetirdi. Hər gün Sizi belə qarşılayır?

- Hə...

- Deyirəm də... mənimki də belədir. Bircə gün bu cür “xoş sözlər” eşitməsəm darıxıram. Artıq vərdiş eləmişəm. Xoş  söz söyləsə belə yenə  dava edirik. Elə bilirəm ki, dolayır məni.

Həkimlər çıxıb gedir. Tükəzban isə səsini kəsmirdi. Kəsəcəkdi... düz saat 10-da. Türkiyədən seriallar başlayanda. Fırtışqulu  isə -  artıq  ölümdən qayıdan biri dyadya Saşanın dediklərini anlamağa başlamışdı. 15 il idi ki, Tükəzbanla evliydi. Hər sözünə, hərəkətinə, hətta iyinə də alışmışdı. Vərdiş etmişdi. Elə dyadya Saşanın  “yanmış kotlet”i kimi.  Bütün bunları bir də göz önündən keçirdi. Son qərarın verdi:

“Yox! Arvadı boşamaqdan vaz keçdim. Mənim hər gün təcili yardım çağırmağa halım yoxdur. “Yanmış kotlet” yeməyin, hər gün “zəhirmar” eşitməyin də demə çana xeyri varmış. Xeyri yox e... mənim dərmanım budur. Bir də ki, dostum demişkən: “İndi “can-can” deyir. Evlənəndən sonra Vilyura da Tükəzbanın tayı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir