Modern.az

Xuraman Şuşalı: “Məclislərə oriental rəqqasə də aparıram” - MÜSAHİBƏ

Xuraman Şuşalı: “Məclislərə oriental rəqqasə də aparıram” - MÜSAHİBƏ

5 Sentyabr 2013, 10:24


Tanınmış estrada ifaçısı Xuraman Şuşalının birdən-birə səhnəni tərk edərək hicablanması istər sənət adamları, istərsə də tamaşaçılar arasında birmənalı qarşılanmadı. Amma istənilən halda bir insanın haqq yoluna qədəm basması müsbət haldır. Elə sənətçi ilə Modern.az üçün müsahibəmizdə də bu barədə danışmışıq.

– Nə vaxt qərara aldınız ki, ibadət edəsiniz?

Uşaqlıqdan bilirəm ki, ibadət Allahın bizə buyurduğu vacib əməllərdən biridir. 2005-ci ildən ibadət edirəm. Amma indi qıldığım namaz daha ürəyimcədir. O vaxt namaz qılsam da, şou-biznesdə idim.

– Bir neçə il öncə geyimləriniz qısa, açıq-saçıq idi. Həmin vaxt dərk edirdinizmi ki, bu cür ibadət doğru deyil?

–  Allah şeytana lənət eləsin. Dərk edirdim. Amma elə bil imkan olmurdu. Allah eyibləri örtəndir. İstəmərəm ki, kiminsə eyiblərini açam. Sizdən də çox xahiş edərdim ki, sizdə hicabsız görüntülərim varsa, verməyin.

Modern.az-da belə fotolar verilmir.

– Sizin vasitənizlə digər saytlara da müraciət edirəm. Mən o şəkillərə haram qoymuşam. Yenə də istəmərəm ki, elə şəkillərim yayımlansın. Bəzən görürsən ki, həmin şəkillərimi facebooka-a qoyub müzakirə edirlər. Səhvsiz insan yoxdur. Amma bu İslamı alçaltmaq deməkdir. Allah tövbə qapısını hər kəsə açıq edibsə, biz kimik kimisə müzakirə, təhqir edək.

Həmin fotolarınız müzakirə olunanda içinizdə peşmançılıq hissi olurmu?

Peşmançılıq olub ki, dinə-imana gəlmişəm. Allah hidayət edəndən sonra bəndə kimdir axı?!

– Ailə qurandan ibadət edirdiniz?

Bəli. Mən onda kəbleyi xanım idim, artıq Kərbəlaya gedib qayıtmışdım. Bu adın məsuliyyəti var üzərimdə. Söhbət dini tituldan getmir. Ümumiyyətlə, zərrə qədər təkəbbürü olan insan cənnətə daxil ola bilməz.

– Siz ailə quranda səhnədə idiniz. Həyat yoldaşınızın ailəsi bunu necə qarşıladı?

Normal. Əgər ailə qurmuşamsa, deməli qəbul olunmuşam.

– Ailə qurmağınız qəbul olunmaq deyil. Onun ailəsinə qarşı çıxaraq sizinlə evlənməsi də mümkündür.

Həyat yoldaşım da ibadət əhlidir. İslamda isə valideynin razılığı vacibdir. Onların razılığı yoxdursa, o insan ailə qurmamalıdır.

– Sənət yoldaşlarınızdan kimlərisə İslama dəvət etmisiniz?

Mən kiməm ki?! Allah özü hidayət eləsin.

– Amma siz bir vasitəçi ola bilərsiniz. Dində bu da savab sayılır.

Başa düşürəm. Allah kimisə hidayət etməyəcəksə, nə qədər çalışsan da, onu hidayət edə bilməzsən.

– Bir bəndə kimi borcumuz kimisə dəvət etmək, vasitəçi olmaqdır.

Maşallah ətrafımdakıların hamısı bilirlər ki, namaz, hicab, ibadət vacibdir. Mənim deməyim artıqdır. Bu insanın içindən gəlməli və Allah istəməlidir.

– Bilirsinizmi ki, bu gün də sizin örtünməyinizə kinayə ilə yanaşanlar var?

Bu cılız insanların düşüncəsidir. İnsanın dərrakəsi, düşüncəsi yerində olsa, belə hərəkət etməz. Onlar başa düşmürlər ki, Allah bunu qəbul edəndən sonra onlar heç kimdirlər. Bilirsiniz ki, mən rayonlara xınayaxdılara, paltarbiçdilərə gedirəm. Məni daha çox hicabda olduğuma görə məclislərə dəvət edirlər. Çox ailələr bununla fəxr edirlər. 

– Yəni hicablı olduğunuza görə dəvət olunursunuz?

Hacı xanımların məclislərinə çox dəvət alıram. Həm də qiyməti aşağı etmişəm. Əvvəl “qonşudan qalma geri” prinsipi ilə gedirdim. Hətta olduğum məclislərin ofisiantları da xanımlardan olur. İndiki işimdə günah yoxdur.

– Ofisiantların da xanımlardan ibarət olması sizin ev sahibinin qarşısına qoyduğunuz şərtdir?

Bəli.

– İndi məclislərə neçəyə gedirsiniz?

4000 manata.

– Bəs əvvəl?

5000.

– Cəmi min manat fərq var.

Xanımlardan ibarət ofisiantlar, kəcavə, bəzək-düzək, musiqiçilər, kamera, foto, dizayn, rəqqasələr. İndi keyfiyyətli xanım musiqiçi tapmaq müşkül məsələdir. 

– Konkret heyətiniz neçə nəfərdən ibarətdir?

Çoxdur, saymamışam. 

– Rəqqasələriniz milli geyimdə olurlar?

Şamlarla rəqsimiz var, oriental rəqslər olur. Yəni məclislərə oriental rəqqasə də aparıram. Burda günah axtarmaq lazım deyil. Çünki məclisdə hər kəs xanımdır. Amma oriental rəqqasə olmaya da bilər.

– Sənətçi həmkarlarınız arasında ibadət edib içki məclislərinə gedən sənətçilərimiz var. Bu nə dərəcədə doğrudur?

İçki olan yerə Allah lənət yağdırır və bəla gələndə həmin o insana da gələcək. Mən də ibadət edən vaxt elə məclislərə getmişəm. Əsas odur ki, sən Allaha bir addım atasan. Bu imanımızdan asılıdır. Güclü olub elə məclislərə getməməliyik. İnsan qarşısına məqsəd qoymalıdır. Mənim toyumda süfrədə içki yox idi. Amma sonradan xəbər tutdum ki, kimlərsə ofisiantlara pul verib içki aldırıblar. Deməli düzəlməyən insan düzəlmir. 

– Evinizdə də hicablı olursunuz?

Naməhrəm yanında hicablı oluram. Amma evdə ürəyim necə istəyir, elə də geyinirəm. Əksinə dində buyurulur ki, ailən üçün gözəl geyin, bəzən.

 

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi