Modern.az

«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!.

«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!.

6 Sentyabr 2013, 10:27

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində yaşamış Azərbaycan türk mütəfəkkiri, xalq şairi Mirzə Ələkbər Sabirin (1862-1911) yaradıcılığının ana xəttini Türklük və İslamlıq təşkil etmişdir. Bir çox çağdaşları kimi millətini bəzən «milləti-islam» olaraq göstərən Sabir bununla yanaşı, türk mənsubiyyətini də dəfələrlə ifadə etmişdir. Sadəcə olaraq, həmin dövrdə «türk milləti» anlayışı geniş istifadə olunmadığı üçün Sabir də, bir çox hallarda «İslam millət»indən və onun tərəqqsindən bəhs etmişdir.

Bu mənada Sabir hesab edirdi ki, Azərbaycanda islamiyyətin tərəqqisi eyni zamanda «İslam milləti»nin, yəni Azərbaycan türklərinin tərəqqisi deməkdir: «Hər halda adını tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni məğlub bir surətdə əncamə irişdirməkdən ötrü şüari-islamiyyəmizin intişarına qeyrət və qeyrəti-milliyyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqiyi-islam olmuş olsun...». Onun fikrincə, «islam milləti»nin tərəqqisi isə İslam irsini mühafizə etməklə bərabər, İslam elmini və onun zəminində dünyəvi elmləri mənimsəməklə mümkündür. Bu isə o deməkdir ki, Sovet ədəbiyyatında yazıldığının əksinə olaraq Sabir heç vaxt İslamın, Quranın əsaslarına qarşı çıxmamış, yalnız dini mövhumat və fanatizmi tənqid etmişdir. Xüsusilə, Sabirin tənqid hədəfi məktəbi, mətbuatı, dünyəvi elmləri İslama düşmən görən ikiüzlü ruhanilər, mollalar və hacılar idi:

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!

Dəng oldu qulağım!

Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan

İncəldi uşağım!

Əqlin aparıb bəs ki, baxır gündə qarəyə,

Ya rəb, nə həmaqət!

Söz etməz əsər, çarə qalıb imdi duayə,

Tədbir elə övrət!...

Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabə

Mail olub əqli…

Mən anlamıram elm nədir, ya ki sənaye,

Zarəm bu əməldən!

Sabir bu şeirlərində digər «molla nəsirəddinçi»lər (Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və b.) kimi satirik mənada millətin oyanışına və ayılmasına çalışmışdı. Yəni Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və başqaları məqalələrində müsəlmanların-türklərin artıq qəflət yuxusundan oyanmasını, inkişaf etmiş millətlərin sırasına qatılmağın vaxtını çatmasını elmi-fəlsəfi yollarla izah etməyə çalışdıqları halda, Sabir bunu, satirik mənada ifadə etmişdi:

Açsan gözünü, rəncü məşəqqət görəcəksən,

Millətdə qəm, ümmətdə küdurət görəcəksən,

Qıldıqca nəzər millətə heyrət görəcəksən,

Çək başına yorğanını, nikbətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qall dala, laylay.

Yaxud da başqa bir şeirində isə, Sabir yazırdı:

Hər millət edir səfheyi-dünyadə tərəqqi,

Eylər hərə bir mənzili-məvadə tərəqqi,

Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,

Biz də edərik aləmi-röyadə tərəqqi.

Bütün hallarda, yəni şeirlərini hansı üslubda yazmasından asılı olmayaraq  Sabirin XX əsrin əvvəllərindəki yaradıcılığı əsasən, müsəlmanların-türklərinin oyanışına, tərəqqisinə və vətən azadlığına yönəlmişdir. Ona görə də, Sabirin şeirləri nə qədər acı, ironiyalı, istehza ilə dolu və dözülməz olsa da, milli özünüdərk baxımdan dəyərləndirsək, onun yaradıcılığı Azərbaycan türklərinin milli azadlıq uğrunda mübarizəyə qalxmasında mühüm yerə malikdir. Əslində tənqidi xarakter daşıyan satirik şeirlərin mahiyyətində mütəfəkkirin vətəninə, millətinə, dilinə, dininə böyük və sonsuz sevgi bağlılığı var. Fikrimizcə, millətini və dinini bu dərəcədə sevən insan yalnız bu şeirləri yaza bilərdi:

Gör millətinin dərdini, axtarma dəvasın,

Əl çəkmə yetimin başına, kəsmə sədasın,

Zinhar qoyub dəhrdə bir xeyir binasın

Yad eyləmə, şad eyləmə millət füqərasın.

Sabir ümid edirdi ki, onun bu satirik şeirləri avamlıq, cəhalət, nadanlıq, dini fanatizm və s. girdabında olan soydaşlarına, dindaşlarına təsir edəcək, bu bəlalardan xilas olmağa çalışacaqlar. Məhz bu məqsədlə Sabir soydaşlarını və dindaşlarını, sözün həqiqi mənasında mömin müsəlman və millətsevər olmağa çağırırdı. Onun fikrinə görə, yalançı vətənpərvərlik, dindarlıq və sairədən uzaq qaçmalıyıq:

Əqrəb kimi neştər gücü var dırnağımızda,

İslam sussuz olsa, su yox bardağımızda,

Hər küncdə  min tülkü yatıb çardağımızda,

Min hiylə qurub, rütbəvi ikram alarız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alarız biz! (59, 113).

Sabir hesab edirdi ki, məhərrəmliyə münasibətdə də müsəlmanlar arasında anlaşılmazlıqlar var. Belə ki, bir çox müsəlmanlar məhərrəmliyin, Aşura gününün əsil mahiyyətindən uzaq hərəkət və davranışlara yol verirlər. Sabirin fikrincə, İmam Hüseyn (ə) apardığı mübarizənin mahiyyətini və məqsədini bildiyi üçün, onu bu yoldan heç bir kimsə döndərə bilməmişdir. Yəni İmam Hüseyn (ə) kufəlilərin onu Kufəyə hansı məqsədlə dəvət etdiyini də, sonralar onların əksəriyyətinin öz dəvətlərinə sona qədər sadiq qalmaycaqlarından da xəbərdar olmuşdur. Ancaq bütün bunlara baxmayaraq, İmam Hüseyn (ə) islam və dünya tarixinə bir nümunə göstərərək şəhadət yoluna davam etmişdir:

Ay açılan səbahi-qəm, şam ol, açılma bir zəman!

Yəsribü Məkkə sərəvərin salma bəlayə ələman!

Gərçi İraqə cəlb edir miri-hicazi kufiyan,

Leyk  bu yolda onların özgə xəyali görsənir!

Şair-mütəfəkikrin fikrincə, şəhadət yoluna davam edən İmam Hüseyn (ə) və onun məsləkdaşları yalnız din deyil, həm də vətən və millət şəhidləridir. Ona görə də, millət, vətən və islam imanını daxillərində, mənəviyyatlarında bütövləşdirən İmam Hüseyn (ə) və onun məsləkdaşları şəhadət yolundan geri dönməmişlər. «Növheyi-milli» şerində də Sabir millət, vətən və islam imanının bütövlüyündən çıxış etmişdir. O, bu şeirində yazırdı ki, Quran müsəlman xalqaları arasında bir ittihad olurkan, əksəriyyətimiz buna əməl etmirik. Halbuki islam yarandığı gündən insanlar arasında qardaşlığa, barışa, müasirləşməyə, elmə və təhsilə xidmət etmişdir. Ancaq çox keçmədi ki, Yezid ibn Müaviyə kimiləri tapıldı ki, müsəlman xalqları arasında nifaqa səbəb oldular. İmam Hüseyn (ə) isə islam birliyi, müsəlman qardaşlığı naminə ona qarşı çıxaraq, onu parçalayanalara qarşı mübarizə aprmağa başladı. Buna dözə bilməyən ikiüzlü müsəlmanlar və onların başçısı Yezid heç bir günahı olmayan peyğəmbər nəvəsinin qətlinə fərman verdilər. Sabir yazırdı:

Kim xidmət etdi, ey dil, islamə, ittihadə?

Kim keçdi başü candan bu məsləki-vəfadə?

Məzlumi-Kərbalanı gör, dəşti-Neynavədə,

Xiyuşi təbarın etdi bəzli-tifaqi-millət!

 

Sabir! Hüseynə pyerəv olmaq gərək və illa,

Mən müsliməm deməklə, yetməz sübutə dəva,

Bax, gör nə şövqilə baş verdi əzizi-Zəhra,

Olsa, nolur bu yolda həm iştiyaqi-millət!

Sabirin yaradıclığında türkçülük məsələsinə gəlincə, milli şair-mütəfəkkirin fikrinə görə, türk millətinin daxilindəki nifaqlar bu günün işi deyil, ötən zamanlarda da bu cür hallar baş vermişdir. Belə ki, Çingizlərlə Xarəzmşahların, Teymurlarla İldırımların, Teymurlarla Toxtamışların, Şah İsmayılılarla Sultan Səlimlərin və başqalarının bir-birilə mübarizə nəticəsində itirən turanlılar - türk milləti və islam dini, qazanan isə farslar, ruslar və başqa millətlər olmuşlar. Xüsusilə, Teymurun Toxtamışı məğlub etməsi rusların işinə yaramış, bununla da ruslaşmağa və dinimizdən uzaqlaşmağa başlamışıq. Şah İsmayılla Sultan Səlim arasındakı müharibə isə ona gətirib çıxarıb ki, tək qədim dinimizə iki təzə ad qoymuşuq: sünni və şiə. Yalnız Nadir şahın türk millətinin birliyinə çalışdığını, ancaq bunun da nəticəsiz qaldığını deyən, Sabir yazırdı:

            İndi yenə var tazə xəbər, yaxşı təmaşa,

            İranlılıq, osmanlılıq ismi olub ehya,

            Bir qitə yer üstündə qopub bir yekə dəva,

           Meydan ki, qızışdı olarıq məhv sərapa.

Sabirin şeirlərindən hiss etmək olur ki, o, şiəlik və sünilik, osmanlılıq və iranlılıq adları altında türk millətinin parçalanmasının əleyhinə olmuş, türk-müsəlman xalqları arasında ən azı mənəvi birliyin olmasına çalışmışdı. Buna ən bariz nümunələrdən biri də Sabirin ortaq türk dili ideyasını müdafiə etməsidir. Belə ki, Sabir Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə bir şeir tərcümə etdiyini iddia edən Ə.Qəmküsarı bu sözlərinə görə tənqid etmişdir. Sabirin fikrincə, Türkiyə və Azərbaycan türklərinin bir dili var:

«Omanlıcadan türkə tərcümə» - bunu bilməm

Gerçək yazıyor gəncəli, yainki hənəkdir;

Mümkün iki dil bir-birinə tərcümə, amma

«Omanlıcadan türkə tərcümə» nə deməkdir?!.

Bizə elə gəlir ki, Həsən bəy Zərdabini «mənəvi atamız» adlandıran Sabirin tutduğu milli-dini birlik yolu «Səttarxana» şeirində isə özünü daha açıq büruzə vermişdir. O, bu şeirində yazır ki, türklər Səttarxanla əhdü-peyman bağlayıb istibdada qarşı islamın, vətənin və millətin namusu uğrunda ayağa qalxmışlar:

Həq mədədkar oldu Azərbaycan ətrakına (Azərbaycan türklərinə),

Ali-Qacarın protes etdilər Zöhakkına,

Ol şəhidanın səlam olsun rəvani-pakına

Kim, tökülmüş qanları Təbrizü Tehran xakına,

Onların cənnət deyildir mənzili, aya nədir?

Afərinim himməti-valayi-Səttarxanədir.

Göründüyü kimi, Sabirin yaradıcılığında islam və türklük bir vəhdət təşkil etmişdir. Eyni zamanda, o, türklüyün və türk dilinin bütövlüyündən çıxış edərək Azərbaycan və Türkiyə türklərinin dilinin və milli kimliyinin bir olması vurğusunu yapmışdır. Sabir əsrlər boyu türkü türkə qarşı qoyanların olmasını xatırladaraq, artıq buna son qoyulmasını və türklüyün bir yumruq kimi birləşməsinin vacib olmasını bəyan etmişdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?