Modern.az

Əməkdar artist Ələsgər Məmmədoğlu: “Alen Delonla eyni filmə çəkilmişik” - MÜSAHİBƏ

Əməkdar artist Ələsgər Məmmədoğlu: “Alen Delonla eyni filmə çəkilmişik” - MÜSAHİBƏ

6 Sentyabr 2013, 12:03

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əsgər Məmmədoğlu tipaj baxımından Azərbaycan səhnəsinin ən yaddaqalan 4-5 simasından biridir. Amma bu gün aktyor nə filmlərə dəvət alır, nə də seriallara. Hətta söhbət əsnasında məlum oldu ki, onun çəkildiyi sonuncu film ötən əsrin 80-ci illərinə təsadüf edir. Modern.az saytı əməkdar artistlə müsahibəni təqdim edir.

– Sentyabrın 8-də Belarusa festivala yola düşürük. Festivalda Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasını oynayacağıq. Bəhram Osmanovun quruluş verdiyi tamaşada məndən başqa Nurəddin Mehdixanlı, Ramiz Novruz, Sənubər İsgəndərli, Əlvida Cəfərov oynayır. Ayın 12-də Bakıya qayıdırıq.

– Xeyli vaxtdır efirdə-ekranda yoxsunuz. Sanki yaradıcılığınız ancaq teatrla məhdudlaşır. 

– Kinoda, serialda yoxuq. Ancaq maraqlı verilişlərdə, efirlərdə oluruq. Məni seriallara çağırmırlar.

– Filmlərə, seriallara çəkilmirsiniz. Təkcə teatrla necə dolanırsınız?

190 manat yaş təqaüdümü alıram, 60 manat “əməkdar artist” fəxri adına görə verirlər, 350 manat da teatrdakı maaşımdır. 600 manata yaxın puldur, az deyil ki. Naşükür deyiləm.

– Eviniz var?

Bəli.

–Son dəfə hansı filmə çəkilmisiniz?

– 1985-ci ildə “Bəyin oğurlanması” filminə çəkilmişəm. Ondan sonra heç bir filmim olmayıb. Bir də Ramiz Həsənoğlunun quruluş verdiyi “Evləri köndələn yar”ın “Evləri göydələn yar” adlı yeni versiyası olub ki, AzTV çəkib.

– Niyə 28 ildir filmə çəkilmirsiniz?

Nə onlar çağırır, nə də mən gedirəm.

– Ondan əvvəl hansı filmə çəkilmisiniz?

“Qəm pəncərəsi”, “Xoşbəxtlik qayğıları”, “Qəribə adam” “Tehran 43”, “Qərib cinlər diyarında”, “Şir evdən getdi”, “Ömrün səhifələri” kimi filmlərim olub. “Mozalan”ın 10 nömrəsində varam. AzTV-nin fondunda 10-a yaxın tamaşamız var.

– Bu barədə düşünmüsünüzmü ki, sizə niyə müraciət olunmur?

–İradə İsaq “Evləri köndələn yarı”ın 30 illiyini çəkdi, “Space”də ad günüm oldu, düz 3 saat. Yəni lazım olan qədər efirdəyəm. Bu mənə bəs edir.

– Övladlarınız hansı peşənin sahibidir?

Oğlum maliyyəçidir, qızım isə tibb bacısı... Fikir verin, Hacı İsmayılov məndən çox çəkilib və böyük rollar oynayıb. O gün söhbət edirik, heç kim çağırmır bizi. Heç elə bil biz yoxuq. Yenə nə yaxşı ki, telekanallar var. 

– 68 yaşınız var. Maşallah yaxşı qalmısınız. 

Hə, pis qalmamışam.

– Fəxri adı nə vaxt almısınız?

– 10 il əvvəl.

– Düşünmürsünüz ki, “xalq artisti” fəxri adının vaxtı keçib?

Gərək yaxşı işləyən vaxtlarda alaydıq. Mənə elə gəlir ki, bu adların əhəmiyyəti qalmayıb e. Neçə ölkədə olmuşam, heç birində fəxri ad yoxdur. Amma yaxşı maaşları, təqaüdləri var.

– Məsələn?

– Gürcüstanda aktyor bizim pulla təxminən 1000 manat alır. Türkiyənin əyalətlərində, tutalım Trabzonda isə 1500-2500 dollar.

– Teatrda ştatda varsınız?

Ştatdayam. 65 yaş məsələsində müdir bizə əl vurmadı. Deyir, nə qədər mən burdayam çıxartmayacağam. 

– Teatrda nə yenilik var?

Saqarelinin “Xanuma” əsərində Timateni oynayıram. “Gəncə qapıları”, “Xəcalət” tamaşalarında, “Oliqarx”da oynayıram. 

– Yeni tamaşada varsınız?

Dedilər, olacaq.

– Sırf sizin üzərinizdə hansısa tamaşa qurulub?

Yox.

– Qeyri-adi tipajınız var. Özü də çox vaxt epizoda çəkilmisiniz.

Məsələn, Filipov SSRİ xalq artisti idi, amma epizod aktyoruydu. Yəni epizod oynamaqla deyil ki. O rolları da kimsə oynamalıdır da. Əlbəttə, teatr, yaxud rejissorlar istəsəydi, mənim üzərimdə hansısa tamaşa qurula bilərdi. İstəsəydilər Çelentano, Şaban kimi ssenari yazardılar.

– Sizi bu hansısa aktyorla müqayisə edəndə acığınız tutmur ki?

Yox, niyə ki? Əksinə xoşuma gəlir, niyə gəlməsin. Mənə ləzzət edir onlara baxanda. Hər ikisi böyük artistlərdir.

– Hansını daha çox bəyənirsiniz?

Çelentanonu, əlbəttə. O, bütün dünyada məşhur idi, Şaban isə Türkiyə səviyyəsində tanınırdı.

– Onların hansı biriyləsə ünsiyyətiniz olub?

Heç biriylə. Amma “Tehran 43 “ filmində Alen Delonla birgə çəkilmişik.

– İndiki gəncləri bəyənirsiniz?

– “
Azdrama”da gənclər azdır Anar Heybətov, Rövşən Kərimduxt istedadlıdır.

– Kərimduxtun 45, Anarın 38 yaşı var.

– Bizim teatra o yaşda cavan lazımdır.

– Niyə 25 yaşlı cavan lazım deyil?

“Azdrama”da Hikmət adlı bir cavan aktyor var. Onu da çox bəyənirəm.

–Hansı yerli seriala baxırsınız?

“Pərvanələrin rəqsi”nə baxdım, yaxşı çəkiblər.

– Bəlkə həmkarınız Ramiz Novruza görə baxmısınız?

– Orda Fidan Axundova, Ramiz Novruz, Anar Heybətov kimi yaxşı artistlər çəkilmişdilər.

– Bu yaşda teatrda işləmək maddi istəkdən irəli gəlir, yoxsa?

Düzünü deyim də. Mən də istərdim ki, bir az istirahət edim. Amma yaxşı təqaüdüm olsa. İndi teatrda işləməyim də maddi çətinlikdən irəli gəlir.

– Övladlarınız niyə kömək etmirlər?

Hər ikisi ailəlidir, 300 manat pul alır, mən ondan nə pul alım?

– Son vaxtlar “Azdrama”nın direktoru İsrafil İsrafilovun verdiyi qərarlar, eləcə də teatrın repertuarı birmənalı qarşılanmır.

İsrafil müəllim gələndən həmişə dünya klassikasına müraciət edib. Bu adamın yolu odur. Ay yarımda da bir dənə yaxşı tamaşa olur. Orta tamaşa da olur, əla da. Hamısı yaxşı tamaşa olmaz ki? Bizi dünya teatrlarına aparır, görürük. Hər halda bizi Azərbaycandan çıxarır. Onu xeyri çox dəyib teatra.

– “Bəyin oğurlanması”ndakı rolunuz ikinci dərəcəli idi…

Yox, üçüncü dərəcəli. Roldur o? O rol deyil ki.

– Amma o sizi o rol tanıtdı.

Çox göstərirlər, reklam edirlər ona görə ...

– Özünüz o rolu bəyənmirsiniz?

– O rol deyil axı. Nə roldur o? Nə bilim camaat qəbul edir. Mən də deyirəm “yaxşı”.

İndiyə kimi çoxlarına sirdir ki, sizin adınız Əsgərdir, yoxsa Ələsgər.

– Əsgər Məmmədoğlu.

– Müsahibəyə hazırlaşanda bir dostum dedi ki, sizə “Ələsgər kimi müraciət edəndə xoşunuza gəlmir.

– Əksinə xoşuma gəlir. Hansını deyirlər desinlər. Onsuz da bilirlər ki, mənəm də.

– Amma deyirsiniz ki, o rolu bəyənmirəm.

Niyə bəyənmirəm ki? Böyük rejissor çəkib o filmi. Bəyənirəm. Amma daha böyük və maraqlı ola bilərdi. Mənim özü rolumu gərək bir az “krupnı” çəkəydilər bir-iki səhnə yazaydılar. 

– Eşitidiyimə görə orda stuldan yıxılmağınız rejissorun “tələsi” olub.

– Vaqif müəllim bunu əvvəldən stulun ayağını kəsibmiş. Ona görə də yıxılmaq çox təbii alındı.


İntiqam Valehoğlu 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir