Modern.az

Dünyanın ən çoxuşaqlı BİRİNCİ LEDİSİ - prezidentin xanımı 30 uşağın anasıdır

Dünyanın ən çoxuşaqlı BİRİNCİ LEDİSİ - prezidentin xanımı 30 uşağın anasıdır

Ölkə

6 Sentyabr 2013, 12:43

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Monqolustanın birinci ledisi Hacidsurenqiyn Bolormaanın həyatından bəhs olunacaq.

Hacidsurenqiyn Bolormaa 1965-ci il yanvarın 18-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərində anadan olub. Orta məktəbi doğma şəhərində bitirən xanım Bolormaa ali təhsilini SSRİ-dəki institutların birində davam etmək qərarı verir. 1983-cü ildən 1988-ci ildə qədər Ukraynada Lvov Dövlət Universitetinin Geologiya fakultəsində təhsil alır. Məhz Ukraynada tələbə olarkən o, Monqolustandan olan gənc Saxiaqiyn Elbeqdorjla tanış olur. Monqolustanın gələcək prezidenti Elbeqdorj o zaman müddətli hərbi xidmət keçərkən fərqləndiyinə görə onu Lvov Ali Hərbi-Siyasi Məktəbinə göndərmişdilər. “Hərbi Jurnalistika” ixtisası üzrə təhsil alan Elbeqdorj qərib ölkədə rastlaşdığı həmvətəni Hacidsurenqiyn Bolormaa ilə tanış olduqdan sonra onların arasında isti münasibət yaranır. Və bir müddət sonra onlar evlənmək qərarına gəlirlər. Cütlüyün hazırda 25 yaşı olan ilk övladı da Lvov şəhərində doğulub.

1988-ci ildə təhsillərini başa vurduqdan sonra onlar Monqolustana geri dönürlər. 2009-cu il mayın 24-də Saxiaqiyn Elbeqdorj Monqolustan Demokratik Partiyasının nümayəndəsi kimi Monqolustanın yeni prezidenti seçilir. O, seçicilərin 51,24%-nin səsini toplayaraq prezident səlahiyyətlərini icra edən Nambarın Enhyabaranı məğlub edir.

Buna qədər üç dəfə Monqolustanın baş naziri səlahiyyətlərini icra edən Elbeqdorjun prezidentliyi dövründə Monqolustan liberal və dinamik iqtisadiyyata malik ölkəyə çevirilir. Saxiaqiyn Elbeqdorjun islahatları sayəsində ölkədə müstəqil mətbuat formalaşıb.

2002-ci ildə Con Kennedi adına Harvard Dövlət İdarəetmə məktəbini bitirən prezident Elbeqdorj 2010-cu il iyulun 16-da “Mir-1” batiskafında monqollar üçün müqəddəs sayılan Baykal gölünün dibinə enir.

Ölkənin müsbətə doğru dəyişməsində birinci xanım Hacidsurenqiyn Bolormaanın da öz rolu var. Birinci ledi kimi Bolormaa ölkədə geniş yayılan xərçəng xəstəliyinə qarşı mübarizəyə başlayıb. “Ümid-Monqolustan Xərçəngdən Azad” milli fondunu təsis edən xanım Bolormaa onkoloji xəstələrə hərtərəfli yadım ayırır. Xüsusən Monqolustanda geniş yayılan ağciyər və mədə xərçəngi xəstəliklərinə yoluxanların sayı azalır. Qeyri-sağlam qidalanma, alkoqol və stressdən əziyyət çəkən monqol əhaliyə yardım məqsədilə profilaktik yardımlar edilir.

Hacidsurenqiyn Bolormaa xüsusən monqol uşaqlarının sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Şəxsən özü nümunə olaraq qayğısız böyüyən bir neçə uşağı övladlığa götürüb.

Qeyd etmək yerinə düşər ki, hazırda Monqolustan prezidentinin ailəsində 30 uşaq böyüyür. Onların 5-ni birinci xanım dünyaya gətirib, 25-ni isə prezident və həyat yoldaşı tərəfindən övladlığa götürülən monqol uşaqlardır.

Bolormaa rəhbəri olduğu fondların köməyi ilə daha 300 uşağın da ehtiyaclarını ödəyir. Bundan əlavə, 1999-cu ildən başalyaraq Amerikanın Monqolustandakı səfiri Con La Portanın təşəbbüsü ilə kimsəsiz monqol uşaqlarının amerikalı ailələrə övladlığa verilməsi proqramı başlayıb.

Prezident ailəsinin böyük övladı Eleqdorj elm sahəsini özünə prioritet seçib. O, Amerikanın Virciniya Universitetini bitirərək kimyəvi tibb üzrə elmlər doktoru adını qazanıb. Sonra isə Monqolustana geri dönüb. Hazırda o, ölkəsində fəaliyyət göstərən özəl Farmasevtik kompaniyasına rəhbərlik edir.

Ailənin ikinci oğlu Erden isə Monqolustan Silahlı Qüvvələrində hərbi xidmət keçir. 2013-cü ilin martından o, Birləşmiş Millətlər Təşkilatının Sudandakı sülhməramlı kontingentində xidmət aparır.

Tanış olub evləndikdən illər sonra - 2011-ci ilin iyununda Saxiaqiyn Elbeqdorj artıq Monqolustan prezidenti kimi həyat yoldaşı ilə birlikdə Ukraynaya rəsmi səfərə gəlir. Ukrayna prezidenti Viktor Yanukoviçlə və digər ukraynalı rəsmilərlə görüşlər keçirilsə də, monqol cütlüyün tələbəlik illərini keçirdikləri Lvov şəhərinə səfərləri daha davamlı olur.

Monqolustan prezidenti vaxtilə təhsil aldığı Lvov Quru Qoşunları Akademiyasında mətbuat konfransı keçirərək Ukraynadakı tələbəlik illəri, xüsusən xanımı Bolormaa ilə tanış olmaları barədə ətraflı danışıb.

“Mən gələcək həyat yoldaşımı ilk dəfə “Danko” klubunda gördüm. Cəmi üç il sonra bizim oğlumuz doğuldu. Mənim yadıma gəlir necə mən gecə vaxtı dostlarım yatarkən, 2 nömrəli tramvayla onun qaldığı yataqxanaya gedərdim. Səhər çağı isə ordan birbaşa dərslərə gedirdim”.

Lvov şəhərini həmişə sevgi ilə xatırladığını bildirən monqol prezident və xanımı illər əvvəl təhsil aldıqları ali məktəblərdə qrup yoldaşları ilə də görüşlər keçiriblər. Daim sadəliyi ilə monqol mətbuatının və cəmiyyətinin hörmətini qazanan birinci ledi Hacidsurenqiyn Bolormaa geoloq təhsili ilə kifayətlənməyərək 2005-ci ildə Virciniyadakı Milli Biznes və Texnologiya kollecində təhsil alıb.

Qeyd edək ki, 2013-cü ilin iyun ayında Saxiaqiyn Elbeqdorj ikinci dəfə Monqolustan prezidenti seçilib. Nəticədə Hacidsurenqiyn Bolormaa da ikinci dəfə - daha 4 il ölkənin birinci ledisi titulunu daşıyacaq.
 


Vüqar İsmayılov

   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub