Azərbaycan Tələbələr Birliyi (ATB) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə “Tələbələr üçün məşğulluq xidmətinin yaradılması” layihəsinin icrasına başlayıb.
Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi ali təhsil alan tələbələrin gələcəkdə işsizlik probleminin həllinə kömək etməkdir. Tələbələrin öz asudə vaxtlarını və tətillərini hər hansı biznes qurmaqla təcrübələr əldə etməsinin təşkili layihənin əsas məqsədlərinə daxildir. Bu, tələbələrin gələcəkdə iş fəaliyyətində daha da peşəkar olmasına kömək edəcək.
Layihə özündə tələbələr üçün müxtəlif mövzularda təlimlərin keçirilməsini və xüsusi internet səhifənin yaradılmasını nəzərdə tutur. Təlimlər müvafiq olaraq müxtəlif universitetlərdə təşkil ediləcək. İnternet səhifəsi isə tələbələrlə biznes qurumları arasında vasitəçi rolu oynayacaq. Tələbələr bu internet səhifə vasitəsilə özləri haqqında məlumatları müxtəlif biznes qurumlarına çatdıra biləcəklər.
ATB bu baxımdan tələbələrə təcrübəli mütəxəssis kimi formalaşmasında öz köməyini göstərməkdə və bu səviyyədə silsiləli tədbirləri həyata keçirməkdə davam edəcək.