Modern.az

«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir»

«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir»

10 Sentyabr 2013, 18:49

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

S?kil:Mirz? ?li Mocuz.jpgTarixi-coğrafi Azərbaycanın hüdudları içində yaşayan Azərbaycan-türk mütəfəkkirləri arasında Türklüyə və İslama münasibətdə xüsusilə fərqlənlərdən biri də Mirzə Əli Möcüz Şəbüstəri (1873-1934) olmuşdur. Güney Azərbaycanın Şəbüstər şəhərində anadan olan Mirzə Əlinin dünyagörüşünün formalaşmasında 16 il Türkiyənin İstanbul şəhərində yaşaması mühüm rol oynamışdır. 20-ci əsrin əvvəllərində, təxminən 1904-1905-ci illərdə İstanbuldan Güney Azərbaycana dönən Möcüz Vətənindəki cəhaləti və nadanlığa dözməyərək, bu dövrdən etibarən yalançı ruhanilərə, axundlara və mollalara qarşı mübarizə aparmış, öz dili ilə desək növhəxanlığa başlamışdır: «Mənim bu növhəxanlığım axundların xoşuna gəlmədi, mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat verdilər - məni çağırmadılar, toy oldu - mən iştirak etmədim. Bununla belə axıradək vuruşdum, yəni yazdım, özü də ana dilimdə yazdım».

Mirzə Əlinin ana dilində-Azərbaycan türkcəsində yazdığı şeirləri vasitəsilə soydaşlarını dini xurafat və dini mövhumatdan uzaqlaşdırması uğrunda mübarizə apraması təsadüfi deyildir. O, hər şeydən əvvəl anlayırdı ki, İranı türksoylu Qacarlar sülaləsi idarə etsə də, faktiki olaraq burada ən çox əzilənlər və cəhalətin qurbanı olanlar Güney Azərbaycan türkləridir. Üstəlik, Qacarlar özləri də türklüyü cəhalət kimi qələmə verir və türk dilində danışmağı belə, eyib hesab edirlər. Bu baxımdan Mirzə Əli üzünü Qacarlar sülaləsinin hökmdarlarına tutaraq yazırdı:

Özü türk oğlu türk, amma deyir türki cəhalətdir,
Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacari!
Ümidin kəsmə, Möcüz, yaz anan təlim edən dildə,
Gəzər bir ərmağantək dəftərin, bil, Çinü Tatari!

Möcüzün «Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» sözləri bu günümüzdə nəinki aktuallığını itirmiş, əksinə bir qədər də üst səviyyəyə yüksəlmişdir. Buna səbəb bir tərəfdən kənar ideologiyaların (bolşevizmin, panslavyanizmin, paniranizmin və s.) təsiridirsə, digər tərəfdən özümüzə dönə bilməməyimizdir (Ey Türk özünə dön! Sən özünə dönəndə böyük olursan-Bilgə Kağan). Bir sözlə, hələ də sıralarmızda  türk olduqları halda, türklüyünü anlamayan və yaxud da anlaya-anlayan ona qarşı çıxanlar vardır. Hətta, elələri də vardır ki, lazım gələndə türk, lazım gəlməyəndə də antitürk olur.

Möcüz də vaxtilə bunu, Qacarlar sülaləsinin tmsalında görmüş və buna etirazını açıq şəkildə ifadə etmişdir. O, İranı idarə edən türksyolu Qacarlar sülaləsinin hökmdarlarını türklüyə - türk kimliyinə, türk dilinə, türk mədəniyyətinə arxa çevirməkdənsə, ona dayaq olmağa, Azərbaycanı bərbad haldan abad hala gətirməyə çağırmışdı:

O zaman xalq şadiman olacaq
Ki, vətən madəri-zəban olacaq.
Onda tehranlı nagiran olacaq
Əhli-Azərbaycanə, inşallah!

Qeyd edək ki, Mirzə Əlinin yaradıcılığına daha çox təsir göstərənlər arasında Azərbaycanın milli şair-mütəfəkiri Mirzə Ələkbər Sabir mühüm yer tutur. Bu mənada deyə bilərik ki, Mözüc də Sabir kimi, millətin oyanması və tərəqqi etməsi məsələsinə daha çox diqqət yetirmiş, «mən xalqımı Sabir kimi oyadacağam» demişdir. Ancaq millətin oyanması və tərrəqi etməsini Sabir daha çox satirik mənada ifadə etdiyi halda, Möcüz bütün şeirlərində soydaşlarını və dindaşlarını istismar edən ruhani hakimiyyətinə və despotizmə qarşı çıxmışdır. Mözücün fikrincə, Qərb millətlərinin oyandığı bir zamanda Şərq əhlinin hələ də xabi-qəflətdən oyanmamasının günahkarı da, məhz ruhanilər və despotik hökmdarlardır:

Quruldu tazə aləm, aç gözün, eylə nəzər, millət!
O hansı elmdir - elmi ki, icad etdi telfuni,
Soruş hər yerdən istərsən, sənə versin xəbər, millət,
O elmin qüvvəsilə xəlq olundu çap maşini,
Basar səatdə öfraq üstünə min cür əsər, millət.

Möcüz hesab edirdi ki, əgər müsəlmanlar da Allaha təmanassız etiqad olmasa vətən sevgisi, yaxud əksinə vətən sevgisi olmasa Allah eşqi də olmaycaqdır. Çünki Allah kimi, Vətəni də sevmək imandandır. Bu baxımdan şair-mütəfəkkir yazırdı ki, Vətənini, Millətini və Allahını-dinini sevən müsəlmanlar elm öyrənməli və cəhalətə son qoymalıdırlar. Əks təqdirdə müsəlmanın sözdə Allah və Vətənə sevgisinin heç bir mənası yoxdur:

Niyə, ya rəb, belə xar oldu əzizani-vətən?
Düşmən el milə bizi eylədi həmmal özünə,
Kim zəlil etdi bizi? - Cəhl! A müsəlmani-vətən!
Vətənsiz cismidi, siz də vətənə can kimisiz,
Razı olmun qala cançıh vətən, ey cani-vətən!

Möcüz hesab edirdi ki, Qərb millətlərinin oyanması və tərəqqi etməsinin əsasında isə din ilə elmi, o cümlədən dini elmlərlə dünyəvi elmləri bir-birindən ayırması, xüsusilə dünyəvi elmlərin öyrənilməsinə  mühüm yer verməsi həlledici rol oynamışdır. Belə ki, dünyəvi elmləri öyrənməklə Qərb millətləri bir çox sahələrdə kəşflər və ixtiralar etmiş, bununla da cəhalət və nadanlıqdan birdəfəlik qurtulumuşlar. Ancaq bütün bunlara baxmayaraq, Şərq millətləri, xüsusilə İslam Şərqi ölkələri bundan nəinki nəticə çıxarmış, üstəlik elmi kəşfləri və ixtiraları şeytan əməli adlandıraraq, cəhalət və nadanlığı, dini xurafat və dini mövhumatı bir az da artırmışlar:

Həram etdi sizə təhsili-elmi alimi-cahil,
Binayi-elmi yıxdı, eylədi zirü zəbər, millət.
Cəhalət eylədi İranı viran, milləti fəhlə,
Nəçün məzlumdur, yarəb, bizim bu dərabədər millət!

Göründüyü kimi, Möcüzün dünyagörüşünün əsasında islam, müsəlman dünyasının yeniləşməsi, müasirləşməsi əsas yollardan biridir. Onun fikrincə, bir millət o vaxt tərəqqi edər ki, mədəniyyətini, etiqadını, adət-ənənlərini və s. düzgün qavrasın. Ancaq müsəlmanlar bütün bunları dərk etməklə kifayətlənməmli, eyni zamanda zamanın tləbələri ilə ayaqlaşmalıdır. Əks təqdirdə inkişaf etmiş millətlər, geridə qalan millətləri öz müstəmləkələrinə çevirəcəkdir. Bunun üçün müsəlmanlar yalançı ruhanilərin, laməzhəblərin, «millətpərəstlər»in deyil, Allahın buyurduğu yolla getməli, yəni Quranın qayda-qanunlarına əməl etməlidir. Bu baxımdan Möcüzün «Ey müsəlmanlar» şeiri çox ibrətamizdir:

Bu laməzhəblər, ey qardaş, gülüstan etdi dünyani,
Kəfənpüşani-qəbristanə - zindan, ey müsəlmanlar!
Nə meyittdən həya eylər, nə seyiddən, nə molladən,
Niyə qorxmur xudadən əhli-İran, ey müsəlmanlar?!

Deyirlər əl basıb bunlar - üzü qırxıq müsəlmanlar,
Təcəddüdxah olan xanlar bə Quran, ey müsəlmanlar!
Deyil agah bu zalimlər təriqətdən, şəriətdən,
Belə zülm etmədi xəlqə Küçükxan, ey müsəlmanlar!

Qeyd edək ki, Möcüz yaradıcılığında islamın bəzi dini ayin və mərasimlərinə də toxunmuş, bu məsələ də nöqsanları göstərəmyə çalışmışdı. Məsələn, o hesab edirdi ki, müsəlmanların orucluq bayramı heç də islamın ruhuna, qayda-qanunlarına uyğun həyata keçirimir. Onun fikrincə, buna səbəblərdən biri orucluğun əsl mahiyyəti və mənası barədə əksər müsəlmanların xəbərsizliyidirsə, digər  isə yalançı ruhanilərin və mollaların bu mərasimdən sui-istifadə etməsidir. Məhz bunun nəticəsidir ki, oruculuq müsəlmanların xeyir və bərəkətinə, ruhi və maddi cəhətdən sağlamlaşmağına xidmət etməli olduğu halda, yalançı ruhanimlərin və əksər müsəlmanların cahilliyi səbəbindən başqa mənalara yozulur. Möcüz «Mübarək ay» şeirində bu münasibətlə yazırdı:

Molla bir aydır deyir məsələyi-heyzidən,
Qan tökülür məscidə lətteyi-xurnizidən,
Heyf ki, aclıq bu gün qoydu məni feyzidən
Lal olasan, ey kişi, saldın ayaqdan məni.

Satdı dünən cənnəti saqqalı yovşanlara,
Hürilərin cümləsin kəlləsi üryanlara,
Qalmadı cənnətdə yer bəylər ilə xanlara,
Şükr xudavəndimə, eyləməyib xan məni.

Beləliklə, Möcüz müsəlmanların, soydaşlarının geriliyinə əsas günahkar kimi yalançı ruhaniləri və millətpərəstləri görürdü. Onun fikrincə, nə vaxta qədər ki, islamın adından çıxış edən ruhanilər, hacılar və mollalar var, islam ölkələrinin tərəqqi etməsi mümkün olmaycaqdır. Ona görə də ilk növbədə, onların iç üzünün açılmasını və işfa edilməsini əsas məsələlərdən biri hesab etmişdir. Ancaq bütün bunlarla yanaşı, o, haqlı olaraq yazırdı ki, müsəlmanların ruhanilər və mollalar tərəfindən aldadılmasının əsas səbəbkalarından biri də özləri, yəni əksər müsəlmanların cahil və nadan olmalarıdır. Əgər müsəlmanlar islamın əsl mahiyyətindən xəbər tutsalar, eyni zamanda dünyəvi elmləri öyrənsələr bu zaman Qərb millətləri kimi, tərəqqi edər və  duynada özlərinə layiq yeri tutarlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub