Modern.az

Kompüter qarşısında karıxan yazıçılar - qələmlə yazanlar...

Kompüter qarşısında karıxan yazıçılar - qələmlə yazanlar...

12 Sentyabr 2013, 10:35


Müasir texnologiyanın inkişaf etdiyi bir zamanda bəzi yazarlar hələ də köhnə vərdişlərdən qurtula bilmir. Hətta tanınmış imza sahibləri arasında elələri var ki, hələ də kompüter klaviaturasını döyəcləmək əvəzinə, əlyazma üsulundan istifadə edir.

Modern.az-a danışan millət vəkili, şair Sabir Rüstəmxanlı deyib ki, həm əllə, həm də bilgisayarda yazarkən xüsusi zövq alır.

“Müəyyən yazılarımı bilgisayarda yazıram- mənim lüğətimdə kompüter sözü yoxdur, bilgisayar sözü var. Hətta yanımda bilgisayar olanda da, bəzən cib telefonuma yazıram. Mənim üçün ən müasir texnologiya belə, problem deyil. Harasa səfərə gedəndə, özümlə bilgisayar götürməyəndə, kağız-qələmdən də istifadə edirəm. Köhnə vərdişi tərgitməmişəm. Buna baxmayaraq, bilgisayardan istifadə edəndə daha rahat oluram. Çünki yazılarıma göz gəzdirmək rahat olur. Bilgisayarda yazıları redaktə etməyə ehtiyac qalmır. Əl yazısında sürətlə yazırıq, redaktə eləmək olmur, bilgisayarda isə bütün cümlələr səliqə ilə yazılır. Təbii ki, bilgisayarın imkanları olduqca genişdir. İlhamla yazanda həm bilgisayar, həm də əl yazısı adama xüsusi zövq verir”.

Yazar Seymur Baycan isə hələ də müasir texnologiyanın qarşısında acizdir. “Bütün yazılarımı daha çox əllə yazmağa üstünlük verirəm. Maraqlıdır ki, ancaq əllə yazan mənəm. Dostlarımın hamısı kompüterlə yazır. Onu da deyim ki, bu vaxta qədər fərdi kompüterim olmayıb. Həyatımda ilk dəfə 1 həftə bundan qabaq bir dostum mənə kompüter hədiyyə edib. Söhbət ondan getmir ki, kompüter ala bilməmişəm. Sadəcə əllə yazmaq mənə daha rahat olub. Buna baxmayaraq, kompüterin üstünlükləri daha çoxdur. İstədiyin vaxt redaktə edirsən, istədiyin vaxt açıb-bağlayırsan. Hələ ki əllə yazmaq mənə daha rahatdır. Ümumiyyətlə, texniki inkişafım həddən artıq aşağı səviyyədədir. Texnikadan başım çıxmır. Texnikanın qarşısında çox acizəm”.

Şair Sayman Aruz isə telefonun səs yazısına danışaraq yazmağı daha rahat hesab edir. “Artıq bir neçə ildir ki, yazıları kompüterdə yazıram. Keçmiş zamanlarda bütün kağızları ortalığa tökürdük, ordan oxuyub burdan yazırdıq. İndi isə səhifəni açırsan, yazını köçürürsən. Avropada bir çox yazıçıların bu haqda fikirlərini oxumuşam. Demək olar, hamısı kompüterdə yazırlar. Hətta harasa gedəndə yanımda noutbook, o olmayanda telefona yazıram. Telefonda proqramlar çox genişdir. Yazmaq imkanım olmayanda, telefonun səs yazmasından istifadə edirəm. Sonra kompüterə köçürürəm. Əslində telefonun səsyazısına yazmaq daha rahat olur. Mən bir romanımın böyük hissəsini telefonun səsyazısına danışaraq yazıb redaktə etmişəm”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu isə kompüterdə yazı yazmağın səhhətə zərərli olduğunu düşünür. “Yazılarımı kompüterdə də yazıram, əllə də. İkinci üsula daha çox üstünlük verirəm. Xəstəliyimlə bağlı çalışıram kompüterin qabağında çox oturmayım. Əllə yazanda hər bir şeyi görə bilirəm. Kompüterdə yazanda isə cümlə quruluşuna fikir verə bilmirəm. Nədənsə karıxıram, diqqətli ola bilmirəm”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?