Modern.az

ABŞ-ın Azərbaycandakı səfirliyi 10 QHT-yə qrant ayırdı

ABŞ-ın Azərbaycandakı səfirliyi 10 QHT-yə qrant ayırdı

13 Sentyabr 2013, 12:17

ABŞ-ın Azərbaycandakı Səfirliyi, Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının 2013-cü il yay çağırışı üçün qrant müqavilələrinin imzalanması mərasimini keçirib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, müsabiqədə qalib gələn 10 yerli qeyri-hökumət təşkilatı və təşəbbüs qrupu proqram çərçivəsində  qrant alıb. Həmin təşkilatlar insan alverinə qarşı mübarizə, gənclərin inkişafı, regionlarda vətəndaş nəzarəti mexanizmlərinin yaradılması, sabiq məhbusların hüquqlarının müdafiəsi, regionlarda erkən və məcburi nikahlar barədə məlumatlılığın artırılması və qadın hüquqlarının qorunması kimi vətəndaş cəmiyyəti və demokratik təsisatların inkişafına yönəlmiş layihələri həyata keçirəcəklər.

Səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqan və ictimayyətlə əlaqələr şöbəsinin müdiri Stefan Qays müsabiqə qaliblərinə uğurlar arzulayıblar. Təşkilatların nümayəndələri, öz növbələrində, fəaliyyətlərindən və gələcək planlarından danışıblar.

Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı kiçik qrantlar əsasında Azərbaycanda demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafına təkan verməyi qarşısına məqsəd qoyub. Qrantlar (məbləği $24,000-dən çox olmamaq şərtilə) müsabiqə əsasında Azərbaycanda gəlir güdməyən qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar və digər  gəlir güdməyən assosiasiya və birliklərə, eyni zamanda müstəqil yerli media təşkilatlarına ayrılır.  Müsabiqədə açıq və demokratik cəmiyyətin yaradılmasına, plüralizmi dəstəkləyən icmaların inkişafına, sosial məsuliyyətin artmasına yönəldilmiş yeni və təfərrüatlı təkliflər iştirak edə bilər. Azərbaycan cəmiyyətində mövcud olan son tendensiyalarla ayaqlaşmaq məqsədiylə proqram mövzuları hər çağırış dövründə yenilənir.

Proqramın gələcək çağırışlarında söz azadlıqı, gənclərin inkişafı, qadın məsələləri və Bakı və regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsi  kimi dörd istiqamət prioritet sayılacaq.

Modern.az
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?