Modern.az

Arif Rəhimzadə hesabat verdi

Arif Rəhimzadə hesabat verdi

Təhsil

13 Sentyabr 2013, 12:44


Bu gün Milli Məclisin Regional Komitəsi öz işinə başlayıb. Modern.az xəbər verir ki, komitənin iclasını açıq elan edən sədr Arif Rəhimzadə ilk olaraq 2013-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. O qeyd edib ki, bu müddət ərzində komitənin 6 iclası keçirilib və 14 məsələ müzakirə edilib ki, onlardan 11-i qanun layihələridir.

“Sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub. Hesabat dövründə komitənin ünvanına daxil olan 200 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 99-u araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən 512 nəfər vətəndaş qəbul edilib. Komitə üzvləri beynəlxalq təşkilatlarda fəal iştirak ediblər. Azərbaycanın mövqeyini orada nümayiş etdiriblər”.

Deputat Fəttah Heydərov isə bildirib ki, komitənin məqsədyönlü fəaliyyəti sahəsində bələdiyyələrin fəaliyyətində irəliləyişlər olub. “Komitə üzvləri yayda nəinki istirahət ediblər, çox vaxtlarını seçiciləri ilə görüşlərdə olublar. Bu müddət ərzində respublikanın çoxlu rayonlarda apardığımız müşahidələr göstərir ki, ölkədə sürətli inkişaf edir. Bölgələrdə gedən abadlıq işləri, insanların ehtiyaclarını ödəmək, həyat şəraitinin yaxşılaşdırılması üçün gedən işlər ürək açandır. Elə bölgə tanımıram ki, orada durğunluq olsun. Rayon mərkəzlərində paytaxt səviyyəli işlər görülür. Bu işlərin gedişində bələdiyyələrin fəaliyyəti xüsusilə gözə çarpır. Bələdiyyələr icra hakimiyyətləri ilə birlikdə faydalı iş aparırlar, gedən işlərdə öz faydalarını verə bilirlər. Bələdiyyələrlə bağlı Milli Məclisdə aparılan iş müntəzam, daimi olub”.

Millət vəkili Fəzail İbrahimli bildirib ki, bələdiyyələrin söz və nüfuz sahibinə çevrilməsinin vaxtı çatıb. O qeyd edib ki, komitənin fəaliyyəti sahəsində bələdiyyələrin fəaliyyəti genişlənmiş, onlara ayrılan büdcə artırılıb. Komitənin digər üzvləri çıxışlarında hesabatı məqbul hesab etdiklərini bildiriblər.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı