Modern.az

Tülkü həccə gedir

Tülkü həccə gedir

Aktual

13 Sentyabr 2013, 13:06

Şəfa Quliyeva

Yəqin məşhur cizgi filmini bir çoxlarınız izləyib. İzləməyənlər üçün qısa özət verim. Qoca tülkü artıq əvvəlki kimi ova çıxa bilmir, libasını dəyişib, əlinə təsbeh alıb kəndə gəlir. Toyuq-cücənin başını aldadıb, indiyədək tutduğu əməllərdən peşman olduğunu, həcc ziyarətinə hazırlaşdığını deyir. Onu ötürməyə gələn toyuq-cücə ilə birlikdə namaz qılarkən vəziyyətdən istifadə edib elə ordaca onları torbasına doldurur. Göydən üç almanın düşməsini gözləməyin, çünki belə getsə, başımıza alma əvəzi daş yağa bilər. Səbəb isə Allahın bir müsəlman bəndəsindən tələb etdiyi ən vacib şərtlərindən biri olan həcc ziyarətindən istifadə edib hələ də tülkülük eləyən saxta möminlərin günü-gündən artmasıdır. Saxta möminlərin çıxdıqları başqa hoqqaları demirəm, hələ ki, həcc ziyarəti ilə bağlı qurduqları fırıldağa diqqət çəkmək fikrindəyəm. Bu tülkülər özləri quyruqsuz olsalar da, yalanlarının quyruğu durmadan uzanır. Amma ən acınacaqlısı odur ki, çoxumuz toyuq-cücə kimi hələ də belə tülkülərə aldanırıq, hətta aldandığımızı bilə-bilə buna bəraət qazandırıb “Allah yolunda” etdiyimiz hərəkəti, “balıq bilməsə də xalıq bilər” şüarı ilə möhkəmləndiririk.

Sual yarana bilər ki, “quyruqlu” hacılar və “lələkli” camaat neyləyiblər ki, belə bir yazı yaranıb?!

Məsələ belədir ki, hər il həcc ziyarəti yaxınlaşdıqca, xüsusən də əhalinin daha dindar olduğu Bakı kəndlərində qapılara ianə toplayanlar tökülüşməyə başlayırlar. Bu adamlar (əsasən gənc qızlar) həcc ərəfəsində aztəminatlı ailələr və ya valideyn himayəsindən məhrum olan uşaqlara ianə topladıqlarını bildirirlər. Ümumiyyətlə götürsək, həcc zamanı deyil, başqa aylarda bu xeyriyyə aksiyası alqışlanandır, təbii ki, o pullar deyilən ünvanlara çatırsa. Amma həcc məqsədilə xeyriyyəçiliklə yalnız ziyarət niyyəti olanlar məşğul olmalıdır, başqasının sayəsində özünə savab qazanmamalıdır. Dini mənbələrdə aydın şəkildə göstərilir ki, zəvvar yalnız öz şəxsi imkanları hesabına ziyarəti həyata keçirməli, bunun üçün qonum-qonşunu, tanış-bilişi əziyyətə, xərcə salmamalıdır.

Yaşadığım Bakı kəndlərindən birinin üçillik sakini olduğum üçün birinci il belə xeyriyyə addımı üçün hətta qapıya gələnlərə təşəkkür belə, etmişdim. Sonra buraların çoxdankı sakinləri məni başa saldılar ki, bu ianələr adları çəkilən ünvanlara deyil, həcc ziyarətinə getməyə hazırlaşan və bununçün də cibindən bir qəpik ödəmək istəməyən bir qrup insanların ciblərinə gedir. Deyilənə görə əvvəllər bu hal qapılara nəzir-niyaz adı ilə gələn dilənçilər vasitəsilə həyata keçirilirdi. Yəqin sonra görüblər ki, qəpik-quruşla iş aşmır, ona görə də uşaq evlərinin adı ilə kağız pullara daraşıblar. Jurnalist peşəm hər eşitdiyimə inanmamağı tələb etdiyinə görə düzü, bu deyilənlərə bir az şişirtmə kimi baxdım, hətta düşündüm ki, köməklik göstərmək istəməyən insanların uydurmasıdır.

Bu il həcc ziyarətinin ərəfəsinə girən kimi, qapılar yenidən tıqqıldamağa başladı. Maraqlıdır ki, çoxlarının duyuq düşdüyünü bildiklərindən gənc ianə toplayan xanımlar (xüsusən binalarda) ev sahibinin qapını açmayacağını düşünüb yeni köçmüş qonşu olduqlarını bildirirlər. Adam da istər-istəməz yeni qonşuya yardım məqsədilə qapını açmalı olur. Bu, düşünülmüş plandır, çünki yeni yaşayış massivində qonşular hələ bir-birilərini tanımadıqları üçün belə deyirlər. Köhnə binalarda hamı bir-birini tanıdığından əlbəttə ki, bu fənd işləməyəcək.


Bu günlərdə qapım yenidən döyüldü, həmin “aşağı mərtəbəyə köçmüş qonşuyam” izahatından sonra qapını açdım (kim olduqlarını bilsəm də jurnalist marağı üstün gəldi). Üzügülər, suyuşirin, cavan bir qız əlində haqq-hesab dəftəri ağzımı açmağa imkan vermədən əzbərlədiyi yarım səhifəlik nitqini birnəfəsə söyləyəndən sonra mən ona pul əvəzinə bir neçə sual verdim. Kimin adından pul yığdıqlarını, öz adını, yığılan pulların hansı uşaq evlərinə göndəriləcəyini və s. Belə suallarla rastlaşmayacaqlarını güman etdiklərindən hazırlıqsız və gülünc vəziyyətə düşən xanım “yardım etmirsinizsə gedim” deyərək demək olar ki, götürüldü. Blokdakı digər qapıları döymədən tələsik ərazidən uzaqlaşdığını gördüm. Suallarım onun tərəfindən cavabsız qalsa da əslində cavabı mənə də, sizə də məlumdur.    

Həcc müsəlmanlara vacib olan əməllərdəndir. Bu ziyarəti fiziki və maddi vəziyyəti yerində olan hər bir müsəlman etməlidir, amma iş bundan da “pul tumağa” gələndə insanı dəhşət bürüyür. Cəmiyyətdə baş verən və bundan sonra da baş verəcək imansız, nalayiq hərəkətlərin qarşısını tamamilə almaq mümkün deyil. Amma Allahın dərgahına da pul məqsədilə əl atmaqla belə insanlar təkcə özlərini deyil, bütövlükdə İslamı ləkələyirlər.

Həccin mənası “niyyət”, “məqsəd” deməkdir. Niyyəti, məqsədi, nəfsi təmiz olanlar bu ziyarətə hazır hesab olunurlar. Həccə gedən adam dost-tanışlarından, qonum-qonşusundan halallıq almalı, bütün borclarını ödəməlidir. Allah yolunda öz var-dovlətini xərcləməli, qurban kəsib ehtiyac içində olanlara paylamalıdır. Həm də bunu “qonşu” hesabına deyil, öz maddi imkanları daxilində etməlidir. Amma təəssüf ki, həccə gedən “tülkülər” qonşuları hesabına ziyarət edib, varlanıb, camaat arasında “hacı” qılafina girib min cür əməllərdən çıxaraq həqiqi möminləri də gözdən salır, onların imanlarını şübhə altında qoyurlar.

Qurani Kərimin “Ali-İmran” surəsi, 97-ci ayəsində deyilir: “Onun (Allahın) yolunda gücü çatan hər bir kəs Həcc ziyarətinə gedib o evi ziyarət etməyə borcludur. Kim bunu inkar edərsə, özunə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə möhtac deyildir”. Amma biz – aləmlərdən birinin insanları Allahın hidayətinə, mərhəmətinə və köməyinə möhtacıq. Şeytan dəbdəsinə, haram pullara meyl edib Allahın qəzəbinə səbəb olmayaq!


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi